Məhkəmə qərarları › İş №2(106)-371/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-371/2024

15.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-371/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X7 ibarət məhkəmə tərkibində, X18 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş ziyana görə pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(022)-770/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X5 və X6 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş ziyana görə 6500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(022)-770/2023 saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2023cü il tarixli 2(022)-770/2023 saylı qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İİ qrup əlildir, imtiyazlı xəstədir, aztəminatlı ailədir. Özünə və ailəsinə məxsus olan ümumi sahəsi 2.16 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olur. Həmin torpaq sahəsi ona və ailəsinə, mərhum atasına və bacılarına məxsusdur. Onlar həmin sahədən əldə etdikləri gəlirlə dolanırlar. 2022-ci ilin payızında həmin torpaq sahəsinə arpa məhsulu əkmişdir və çox gözəl çıxış da əldə etmişdir. Həmin sahədə məhsuldarlığı artırmaq üçün gübrələmə və peyin verilməsi işlərini də həyata keçirmişdir. 2023-cü ilin yanvar ayında əkin sahəsinə baxmağa gedən zaman həmin sahədə sahibsiz otlayan iribuynuzlu mal-qara görmüşdür. Əkin sahəsi mal-qara tərəfindən o dərəcədə otarılmış və tapdalanmışdır ki, gördüyündən dəhşətə gəlmişdir. Belə ki, özünün və ailə üzvlərinin dolanışığı həmin əkinlə bağlı idi. O, polisə zəng vurmuş və Səmədabad polis bölməsinin əməkdaşları oraya gəlmişlər və malqaranın otlamasını telefonla da çəkmişlər. Müəyyən olunmuşdur ki, həmin mal-qara cavabdehlərə məxsusdur və kənd sakinlərindən öyrənmişdir ki, bu mal-qara orada üç ay müddətində mütəmadi olaraq otarılmışdır. O, həmin əkin sahəsinin hər hektarından 55-60 sentner arpa məhsulu əldə etməyi planlaşdırmışdır. Həmin sahəyə çıxış əldə edildikdən sonra baxmış mütəxəssislər də həmin sahədən yüksək məhsuldarlıq əldə ediləcəyini bildirmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarından görünür ki, cavabdehlərin iribuynuzlu mal-qarası ona məxsus əkin sahəsində otarılmışdır. Ərizəyə əlavə etdiyi polis şöbəsinin məktublarından və videodiskdə olan çəkilişlərdən görünür ki, ona məxsus olan əkin sahəsi cavabdehlərə məxsus olan mal-qara tərəfindən otarılmışdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən sahənin cavabdehlərə məxsus mal-qara tərəfindən otarılması faktı üzrə işdə olan videodisk və polis şöbəsinin məktublarına düzgün qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə əkin sahəsinin cavabdehlərə məxsus mal-qara ilə otarılmasına dair, əkin sahəsindən əvvəlki illərdə nə qədər məhsul əldə etməyinə dair və əkin sahəsinə nə qədər ziyan dəydiyinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Birinci hal üzrə bildirir ki, ərizəyə əlavə etdiyi polis şöbəsindən verilmiş məktublardan görünür ki, o, cavabdehlərin əkin sahəsini otarması ilə bağlı Biləsuvar rayon polis şöbəsinə şikayətlər etmişdir. Əgər cavabdehlər onun əkin sahəsini otarmasaydı, o bu mövzuda polisə şikayət etməzdi. Videodiskdə olan görüntüdən də bəlli olur ki, ona məxsus əkin sahəsi cavabdehlərə məxsus mal-qaranın otarılması mübahisə predmeti deyildir. İkinci hal üzrə bildirir ki, məhkəmədə xahiş etmişdir ki, lazımi statistik məlumatları DAİM-dən əldə edilsin. Çünki DAİM bu iş üzrə sanki maraqlı mövqe nümayiş etdirmişdir. Bu DAİM-in cavabdehlərə verdiyi arayışdan özünü göstərir. O, məhkəmədə bildirmişdir ki, dəfələrlə Biləsuvar RİH-ə və Biləsuvar DAİM-ə müraciət edərək əkin sahəsinə vurulmuş ziyanla bağlı mütəxəssis rəyi verilməsini xahiş etsə də, ona müvafiq mütəxəssislərin olmaması bildirilərək imtina edilmişdir. Çox təəssüf olsun ki, mülki işin baxışı zamanı ona rəy verməkdən imtina edən Biləsuvar DAİM cavabdehlərə müvafiq sənəd vermişdir ki, əslində həmin sübut dolayısı yolla onun iddia tələbinin əsaslı olmasını sübut edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsaslılığını təsdiqləmək üçün Biləsuvar DAİM-in xx.xx.2023-cü il tarixli məktubuna istinad edir. Həmin məktubdan görünür ki, əraziyə baxış keçirilmiş və məhsuldarlığın 2-4 sentner olacağı proqnozlaşdırılmışdır. Bu sübut özü də onu təsdiq edir ki, onun əkin sahəsi mal-qara otarma nəticəsində ziyan vurulmuşdur. Ərizədən və əlavə edilmiş sənədlərdən görünür ki, əkin sahəsinə ziyan 2023-cü ilin yanvar ayında vurulmuşdur. Biləsuvar DAİM-in əkin sahəsinə baxışı 2023-cü ilin iyul ayında olmuşdur. Təbii ki, arpa sahəsinə yanvar ayında ziyan vurularsa, onda həmin əkin sahəsinin məhsuldarlığı da vurulmuş ziyana uyğun olaraq, azalacaqdır. Onun əkin sahəsinə vurulmuş ziyanın nəticəsidir ki, əkin sahəsinin məhsuldarlığı 2-4 sentner proqnozlaşdırılmışdır. Biləsuvar DAİM-in məktubunda əkin sahəsinə aqrotexniki qulluq göstərilmədiyi və ərazinin alaq otları ilə siraətləndiyi göstərilir. Məhkəmə öz qərarında bu halları da xüsusi qeyd etməklə əkin sahəsinin məhsuldarlığının aşağı olmasını əsas götürməklə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul etmişdir. Təbii ki, əkin sahəsi otarıldıqdan sonra artıq sahəyə aqrotexniki qulluq göstərilməsinin mənası yox idi. Zay olmuş sahəyə əlavə xərc qoyulmasının heç bir mənası ola bilməz. Məhz buna görə də, əkin sahəsini alaq otları basmışdı. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2.16 ha torpaq sahəsi ona və ailəsinə məxsusdur. Qızyetər adlı qadın onun bacısıdır və ailə qurmamışdır. Hazırda onunla bir evdə yaşayır. Sözügedən hər iki torpaq sahəsini isə özü əkib becərmişdir. 2022-ci ilin payızında həmin torpaq sahəsində arpa məhsulu əkmişdir. Cavabdehlər qardaş-əmi uşaqlarıdır. Birinci instansiya məhkəməsində iddia ərizəsinə əlavə edilmiş Videogörüntülərdəki iribuynuzlu mal-qara Cavabdeh1 məxsusdur. Sonuncuya məxsus mal-qara təxminən 3 aya yaxın müddətdə onun əkin sahəsində otarılmış, torpaq sahəsi məhv olmuş və ona maddi ziyan dəymişdir. Polisə zəng vurduqdan sonra Səmədabad polis bölməsinin əməkdaşları oraya gəlmiş və mal-qaranın otlamasını telefonla çəkmişlər. O, torpaq sahəsinin hər hektarından 55-60 sentner olmaqla, ümumilikdə 13000 kq arpa məhsulu əldə etməyi planlaşdırsa da, məlum səbəblərdən bu mümkün olmamışdır. Adətən 1 ha torpaq sahəsindən 6500-7000 ton məhsul götürür. Hazırda arpanın bazarda satış qiyməti 1 kq üçün 0.5 manat məbləğ təşkil etdiyindən, ona dəymiş maddi ziyanın 6500 manat məbləğində olduğunu düşünür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(022)-770/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(022)-770/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: İş materiallarında olan Biləsuvar RPŞ Səmədabad PB-in 14 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti araşdırılmış, yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Biləsuvar RİHB-nin Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 iyul 2023-cü il tarixli № 5-39-12/2-731/2023 saylı məktubundan görünür ki, İddiaçı Nəsimi kəndində adına 0.54 ha, bacısı X2 adına 1.62 ha pay torpaq sahəsi vardır. İddiaçı tərəfindən 2022-ci ilin payızlıq əkini ilində həmin sahələrdə arpa əkini aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X16 İnkişaf Mərkəzinin 21 iyul 2023-cü il tarixli 3-22-3-12/2-75/2023 saylı məktubundan görünür ki, müraciət əsasında araşdırma zamanı müəyyən olunmuşdur ki, müraciətdə adı qeyd edilən İddiaçı məxsus əkin sahəsi X12 İnformasiya Sisteminin (EKTİS) məlumatlarına əsasən 0.5393 hektardır və o torpaq sahəsində arpa bitkisi əkilərək 14 noyabr 2022-ci ildə bəyan edilmişdir. 2023-cü il biçin mövsümündə quraqlıqdan ziyan görmüş sahələr üzrə monitorinq aparılması zamanı İddiaçı məxsus əkin sahəsi kənd icra nümayəndəliyinin verdiyi məlumata əsasən siyahıya alınmışdır. Əlavə olaraq, müşahidələr nəticəsində məlum olmuşdur ki, sahədə tələb olunan səviyyədə aqrotexniki qulluq aparılmadığından əkin sahəsi yabanı alaq otları ilə siraətlənmiş, arpa bitkisi zəif inkişaf etmişdir. Sahədə hal-hazırda biçin işləri aparılmamışdır, məhsuldarlığın 2-4 sentner olacağı proqnozlaşdırılır. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar rayon polis şöbəsi Səmədabad polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Biləsuvar RPŞ-nin Səmədabad PB-yə etdiyi müraciət əsasında müvafiq araşdırma aparılaraq müəyyən olunmuşdur ki, əkin sahəsinə dəymiş maddi ziyanla bağlı yaranmış mübahisə mülki xarakterli olduğundan, araşdırılması məhkəmənin səlahiyyətinə aid olduğundan, ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarından olan xx.xx.1998-ci il tarixli JN – 399 KOD 80800078 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, İddiaçı İsa oğluna məxsus Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci ilin tarixli 30 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.54 hektar torpaq sahəsi verilmiş və iki nüsxədən ibarət Dövlət aktı tərtib edilmişdir. Onun bir nüsxəsi İddiaçı İsa oğluna verilmiş, ikinci nüsxəsi Biləsuvar rayon Torpaq şöbəsində saxlanılmışdır. Dövlət aktı qeydiyyat kitabında 4468 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarından olan xx.xx.1998-ci il tarixli JN – 398 KOD 80800078 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X13, X4, X3 məxsus Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci ilin 24 noyabr tarixli 30 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.62 hektar torpaq sahəsi üzrə iki nüsxədən ibarət Dövlət aktı tərtib edilmişdir. Onun bir nüsxəsi X8 verilmiş, ikinci nüsxəsi Biləsuvar rayon Torpaq Şöbəsində saxlanılmışdır. Dövlət aktı qeydiyyat kitabında 1967 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarından olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X16 İnkişaf Mərkəzinin 21 iyul 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus əkin sahəsi X12 İnformasiya Sisteminin (EKTİS) məlumatlarına əsasən 0,5393 hektardır və o torpaq sahəsində arpa bitkisi əkilərək 14 noyabr 2022-ci ildə bəyan edilmişdir. Həmin məktuba əsasən 2023-cü il biçin mövsümündə quraqlıqdan ziyan görmüş sahələr üzrə monitorinq aparılması zamanı İddiaçı məxsus əkin sahəsi kənd icra nümayəndəliyinin verdiyi məlumata əsasən siyahıya alınmışdır. Əlavə olaraq müşahidələr nəticəsində məlum olmuşdur ki, sahədə tələb olunan səviyyədə aqrotexniki qulluq işləri aparılmadığından əkin sahəsi yabanı alaq otları ilə siraətlənmiş, arpa bitkisi zəif inkişaf etmişdir. Sahədə hal-hazırda biçin işləri aparılmamışdır, məhsuldarlığın 2-4 sentner olacağı proqnozlaşdırılır. Biləsuvar rayon Statistika idarəsinin məlumatına əsasən Nəsimi kəndi üzrə 2023-cü il üzrə arpa bitkisinin orta məhsuldarlığı 32.6 sentner təşkil etmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar rayon polis şöbəsi Səmədabad polis bölməsinin İddiaçı müraciəti əsasında toplanmış materiallardan olan xx.xx.2023-cü il tarixli arayışdan və onun izahatından görünür ki, Cavabdeh1 izahatında bildirmişdir ki, ona məxsus 3 baş iribuynuzlu heyvanı kəndin örüş sahəsinə otarmaq üçün aparmış, heyvanları otlaq sahəsində qoyub yaxınlıqdakı qəbirstanlığa gedib yaxın qohumlarının qəbrini ziyarət etmiş, həmin vaxt heyvanlar sahibsiz qalaraq İddiaçı məxsus arpa əkin sahəsinə girmiş və qəsdən İddiaçı məxsus arpa əkin sahəsində heyvan otarmamışdır. Həmin materialda olan Cinayət haqqında şifahi məlumatın qəbulu barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı bildirmişdir ki, Cavabdeh1 ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini bir neçə ildir ki, mal-qarası ilə otararaq yarasız hala salmışdır. Həmin materiallardan olan İddiaçı ərizəsindən görünür ki, bu barədə sonuncu polis bölməsinə müraciət etmiş, müvafiq araşdırma aparılsa da, Cavabdeh1 yenə də onu hədələmədə davam etmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Nəsimi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 Videogörüntülərdə olan heyvanların ona məxsus olduğunu və həmin heyvanların 2020-ci ildən onun təsərrüfatında olmasını, heyvanların ehtiyatsızlıq səbəbindən taxıl sahəsinə girməsini bildirmişdir. Pərvin Mustafayevin təsərrüfatında 2023-2024-cü illərdə iri buynuzlu heyvan qeydə alınmamış, Cavabdeh2 isə Nəsimi kəndində qeydiyyatda olmasına baxmayaraq uzun illərdir ki, kənd ərazisində yaşamır. İş materiallarından olan “Aqrobazar” saytından çıxarışlardan görünür ki, 2013-cü ildə arpa məhsulunun orta bazar qiyməti təqribən 0,35-0.45 qəpik məbləğ təşkil edir. Apellyasiya instansiya məhkəməsində iddiaçının əsaslandırılmış vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, özü 2015-ci ildən Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin sahə rəisi vəzifəsində işləyir. İddiaçı şikayəti əsasında xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupunun tərkibində olmuşdur. O, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə sözügedən əraziyə getmişdir. Həmin torpaq sahəsində 3 iribuynuzlu mal-qaranın arpa bitkisinin əkildiyi yerdə otladığını müşahidə etmişdir. İddiaçının bildirdiyinə görə həmin torpaq sahəsinin təxminən 2-3 ha hissəsi ona məxsusdur. Daha sonra iddiaçı Cavabdeh1 mobil telefon nömrəsini onlara vermiş, onlar sonuncu ilə əlaqə saxlamış, telefon danışığı zamanı Cavabdeh1 evdə olduğunu və oğlunu həmin torpaq sahəsinə göndərəcəyini bildirmişdir. İddiaçının bildirdiyinə görə qeyd edilən hal dəfələrlə baş vermişdir. Həmin torpaq sahəsinin əvvəllər də mal-qara tərəfindən otarılması aydın müşahidə olunmuşdur. Belə ki, orada mal-qaranın ayaq izlərinə, onların quru olan nəcislərinə və dəfələrlə otarılmanı təsdiq edən digər sübutlara rast gəlinmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, iş materiallarından da görünür ki, iddiaçı həmin torpaq sahəsinə hər il taxıl bitkiləri əkməsini və məhsul əldə etməsini göstərsə də, əvvəlki illərdə hansı məhsuldarlığa nail olmaqla nə qədər gəlir əldə etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı cavabdehlərə məxsus mal-qaranının onun əkinə sahəsində otarılması səbəbindən 6500 zərərə məruz qaldığını göstərsə də, əkin sahəsinin cavabdehlərə məxsus mal-qara tərəfindən otarılmasına və nə də ona 6500 manat zərər dəyməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tətbiqedilənhüquq: MM-in 21-ci maddəsinə görə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmini istiqamətində iddiaçı tərəfindən məhkəməyə müvafiq sübutlar (videogörüntü, polis orqanında araşdırma materialının mövcudluğu barədə məlumat və s.) təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin sübutları ümumiyyətlə araşdırmamış və iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etməyə cəhd belə göstərməmişdir. Kollegiya diqqətə çatdırır ki, işdə olan mötəbər sübutlara əsasən müəyyən edilir ki, Biləsuvar rayonunun Nəsimi kəndində İddiaçı adına 0.54 ha, bacısı X2 adına isə 1.62 ha pay torpaq sahəsi vardır. İddiaçı və bacısı birlikdə yaşadığı üçün həmin (yəni 2.14 ha) torpaq sahələrində 2022-ci ilin payızlıq əkini ilində İddiaçı tərəfindən arpa əkini aparılmışdır. Hətta “X12 İnformasiya Sistemi”nin (EKTİS) rəsmi məlumatına əsasən İddiaçı arpa bitkisi əkdiyini 14 noyabr 2022-ci ildə bəyan etmişdir. Kənd Təsərrüfatı Nazirliyi X16 İnkişaf Mərkəzinin əməkdaşları 2023-cü il biçin mövsümündə monitorinq zamanı İddiaçı məxsus əkin sahəsinin zəif inkişaf etdiyini və məhsuldarlığın 2-4 sentner olacağı proqnozlaşdırılmışdır. İddiaçı həmin əkin sahəsinə cavabdehlərə məxsus mal-qara tərəfindən zərər yetirildiyini bildirmişdir. Bununla bağlı, iddiaçının Biləsuvar rayon polis şöbəsi Səmədabad polis bölməsinə müraciəti araşdırılmış, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Səmədabad polis bölməsinin İddiaçı müraciəti əsasında toplanmış materiallarda olan xx.xx.2023-cü il tarixli arayışdan və hazırkı iş üzrə Cavabdeh1 izahatından görünür ki, Rafət bildirmişdir ki, özünə məxsus 3 baş iribuynuzlu heyvanı kəndin örüş sahəsinə otarmaq üçün aparmış, heyvanları otlaq sahəsində qoyub yaxınlıqdakı qəbirstanlığa gedib yaxın qohumlarının qəbrini ziyarət etmiş, həmin vaxt heyvanlar sahibsiz qalaraq İddiaçı məxsus arpa əkin sahəsinə girmişdir. Bundan başqa, Cinayət haqqında şifahi məlumatın qəbulu barədə xx.xx.2023-cü il tarixli protokola əsasən Cavabdeh1 iddiaçıya və ailə üzvlərinə məxsus olan torpaq sahəsini bir neçə ildir ki, malqarası ilə otararaq yarasız hala salmış, Cavabdeh1 isə onu hədələməkdə davam edir. Bundan əlavə, Nəsimi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 09 aprel 2024-cü il tarixli məktubuna əsasən Mustafayev X1 (işdəki) olan heyvanların özünə məxsus olduğunu və həmin heyvanların 2020-ci ildən onun təsərrüfatında olmasını, heyvanların ehtiyatsızlıq səbəbindən İddiaçı aid arpa sahəsinə girməsini bildirmişdir. Habelə apellyasiya instansiya məhkəməsində iddiaçının əsaslandırılmış vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadəsində İddiaçı şikayəti əsasında xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradıldığını, qrupun digər üzvləri ilə birlikdə sözügedən əraziyə getdiyini, iddiaçıya məxsus 2-3 ha torpaq sahəsində - arpa bitkisinin əkildiyi yerdə 3 baş iribuynuzlu mal-qaranın otladığını müşahidə etmiş, həmin vaxt İddiaçı Cavabdeh1 mobil telefon nömrəsini onlara vermiş, onlar sonuncu ilə əlaqə saxlamış, telefon danışığı zamanı Cavabdeh1 evdə olduğunu və oğlunu həmin torpaq sahəsinə göndərəcəyini, həmin halın dəfələrlə baş verdiyini, həmin əkin sahəsinin əvvəllər də otarılmasının aydın müşahidə olunduğunu göstərmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları hazırkı mülki işin müəyyən edilmiş faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, İddiaçı iddia etdiyi mülki hüquq pozuntusunun baş verməsi və məhz Cavabdeh1 tərəfindən törədilməsi və nəticədə iddiaçıya zərərin vurulması təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, “Aqrobazar” saytından çıxarışlara əsasən 2013-cü ildə arpa məhsulunun orta bazar qiyməti təqribən 0,35-0.45 qəpik civarında təşkil etmişdir. Qeyd edilənlərə əsasən kollegiya iddiaçı tərəfindən arpa əkilmiş 2.14 ha torpaq sahəsinə Cavabdeh1 tərəfindən (mal-qaranın otlaması nəticəsində) dəymiş zərəri hesablayarkən Biləsuvar rayon Nəsimi kəndi üzrə 2023-cü il üzrə arpa bitkisinin orta məhsuldarlığının 32.6 sentner təşkil etməsini nəzərə alaraq hesab edir ki, həmin ölçüdə torpaq sahəsində əldə ediləcək məhsuldarlıq 70.4 sentner olduğu və arpanın dəyəri (orta qiymət) hər kq üçün 0,40 qəpik olaraq qiymətləndirildiyi təqdirdə İddiaçı Cavabdeh1 vurduğu zərərin həcmi 2816 manat məbləğində müəyyən edilir. Göstərilənlərlə yanaşı, iddiaçının torpağın əkilməsi, şumlanması, suvarılması, habelə həmin torpaq sahəsində əkilmiş arpanın məhsuldarlığının yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər olaraq əkin yerinə gübrə və peyinin verilməsi və s. barədə məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Bu baxımdan, kollegiya iddianın yalnız yuxarıda qeyd edilən hissədə təminini mümkün hesab edir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə həmin məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Hətta mülki prosessual qanunvericilikdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müvafiq məhkəmə aktlarının (qətnamə və qərardadın) ləğv edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Belə ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(022)-770/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 vurulmuş zərərin əvəzi qismində 2816 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 2(022)-770/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərin əvəzi qismində 2816 (iki min səkkiz yüz on altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar