Məhkəmə qərarları › İş №2(106)-375/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-375/2024

12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-375/2024 12.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-686/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən apellyasiyanın mümkünlüyünü məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-686/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Xaliq İmanov) iddia qismən təmin edilərək, "xxxx" ASCnin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 268046 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 495,96 manatın İddiaçı hesabından silinməsi, qalan hissədə iddianın təmin edilməməsi, 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı 16 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən olunmuşdur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-686/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətinə həm də həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir. Bununla yanaşı, apellyasiya şikayətində mübahisələndirilən qətnamənin alınma tarixi kimi 07 iyul 2023-cü il göstərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(041)-686/2023 saylı qərardadı ilə İddiaçı Kürdəmir Rayon Məhkəməsinin 2(041)-686/2023 saylı, 08 iyun 2023cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilmiş və iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadın məzmununda qeyd edilmişdir ki, prosessual müddətin buraxılması ilə bağlı məsələ müzakirə edilmədən şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Mülki Prosessual Məcəllənin tələblərindən də göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizələrə birinci instansiya məhkəməsi tərəfindən baxılır və bundan sonra, onun nəticəsinə uyğun olaraq sonrakı prosessual hərəkətlər həyata keçirilir. Lakin hazırkı iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxmadan, prosessual müddətin buraxılması ilə bağlı məsələni müzakirə etmədən apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının özü də apellyasiya şikayətində mübahisələndirilən qətnamənin 07 iyul 2023-cü ildə alındığını qeyd etmiş, lakin apellyasiya şikayətini 16 noyabr 2023-cü ildə vermişdir. Birinci instansiya məhkəməsi həmin halları müzakirə edərək, prosessual müddətin iddiaçı tərəfindən üzrlü səbəbdən ötürülüb-ötürülməməsi məsələsinə qiymət verməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası bildirir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-686/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı 2(106)-375/2024 saylı mülki iş apellyasiya baxışından çıxarılmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 133, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-686/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı 2(106)-375/2024 saylı mülki iş apellyasiya baxışından çıxarılsın və qanunvericiliyin tələblərinə uyğun olaraq, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar