Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-378/2023 22.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcu silinərək aliment öhdəliyinə xitam verilməsi və icra hərəkətlərinin dayandırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya icraatı qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aliment ödənişlərinə əməl etdiyindən 1000 manat məbləğində ödədiyi aliment pulunun və aliment ödənilməsi məqsədilə 3330 manat xərc etdiyi pulların aliment borcu hesabına silinməsinin məhkəmə qaydasında öyrənilməsi və araşdırılmasının təmin edilərək, aliment öhdəliyini icra etməklə, borclu olmadığından aliment öhdəliyinə xitam verib icra hərəkətlərinin icrasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, borclu tərəf olaraq 2020-ci ilin avqust ayından mütəmadi şəkildə Sumqayıt şəhərindən, Abşeron gənclər şəhərciyindən, Nərimanov rayonu ərazisindən, Biləsuvar şəhərindən, o cümlədən Bakı şəhərinin müxtəlif yerlərindən məhz aliment ödənişi məqsədilə cavabdehin adına, iş yoldaşı müəllimə bir xanımın adına, qardaşı Elbrus Quliyevin adına onun maaş kartına və pul kartına çoxsaylı məbləğdə aliment pulu ödənişlərini həyata keçirsə də, bunlar nəzərə alınmamışdır. Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər bu aliment ödənişlərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, son anda da cavabdehlə 2021-ci ilin mart ayında barışaraq, 4 aydan çox müddətdə formal barışıb onunla bir ailədə yaşadıqları müddətdə hər ay 1000 manat məbləğində maddi ziyanla üzləşmişdir. Bu xərclər 4000 manatdan çoxdur. İddiaçı bu xərcdən 1000 manatını alimentə tələb edir. Hal-hazırda mövcud reallığa diqqət yetirilərsə, cavabdeh tərəfin məhkəmə iclasına çağırılmaqla, dindirilməsinə nail olunarsa, iddiaçının hazırda alimentlə bağlı heç bir borcunun olmadığı məlum olar. Cavabdehin məhkəmə prosesinə dəvət edilərək dinlənilməsi yolu ilə alimentlə bağlı hansı qaydada, hansı məqamlarda, hansı məbləğlərdə, kimlərdən ona pul ödənişləri etməsi məsələsinə aydınlıq gətirilməlidir. Bundan öncə, 2021-ci ilin fevral ayından mart ayının 8dək çoxsaylı ödənişlərə yer verilməklə, əslində aliment ödənişinə qarşılıqlı razılaşmalarla aşağıdakı qaydada iddiaçı tərəfindən əməl edilmişdir: 25 manat dəyərində 1 ədəd jaket, 27 manat dəyərində 1 ədəd kofta, 20 manat dəyərində 1 ədəd saroşka, 30 manat dəyərində 1 ədəd sap, 20 manat dəyərində 1 cüt ayaqqabı, 30 manat dəyərində 1 ədəd şalvar, 20 manat dəyərində 1 ədəd şalvar, 20 manat dəyərində 1 ədəd köynək, 45 manat dəyərində şirniyyatla üstündə 50 manat nağd pul, 25 manat dəyərində 1 ədəd yubka, 20 manat dəyərində kofta, 18 manat dəyərində 1 ədəd şalvar, 8 mart 2021-ci il tarixə cavabdehə 75 manat dəyərində paltar, qızı Zərnişan üçün 25 manat dəyərində 1 ədəd paltar və üstündə 50 manat pulu bacısı Səidəyə vermişdir. Bacısı Səidəyə verdiyi 100 manat nağd pul aparılaraq cavabdehə verilmiş, 50 manatlıq 1 cüt sapaşki və 50 manat dəyərində papaq və kofta alınaraq, onlara verilmişdir. Daha sonra 2021-ci il üçün yolka şənliyinə 80 manat dəyərində 1 ədəd yolka, yanında 2 tort, hər biri 25 manatdan, cəmi 50 manat olmaqla, üstündə 50 manat pul verilmişdir. 2021-ci ilin fevral ayından başlayaraq, mart ayının 8-dək hər üç gündən bir onlara kifayət qədər, hər dəfə 70 manatdan az olmayaraq, bazarlıq edilmiş və göndərilməklə, bu hesaba da 10 dəfə xərc edilmiş, 700 manata yaxın cavabdeh tərəfə xərclənmişdir. Bunlar nəzərə alınmalıdır, çünki məhz alimentlə bağlı bu cür xərclər iddiaçı tərəfindən onların maddi və mənəvi sağlamlığı məqsədilə edilmişdir, həmin xərclərin məbləği 1530 manat təşkil edir. Bundan başqa, 2020-ci ilin oktyabr ayında cavabdehin əmək haqqı kartına 800 manat aliment ödənişləri edilmiş, bu məqsədlə də iş yoldaşı müəllimə Yeganə xanımın əmək haqqı kartına əlavə olaraq 200 manat aliment pulu göndərilmişdir. Daha sonra cavabdehin iş yerinə gedilməklə, bir dəfə 100 manat, digər səfərlərdə isə 50 manat olmaqla 2 dəfə aliment pulu verilmişdir. Amma bunların heç biri nəzərə alınmamışdır. Cavabdehin hərbçi qardaşı Elbrus Quliyevin kartına da 800 manat aliment ödənişi həyata keçirilməklə, cavabdehin tələbi təmin edilmişdir. Cavabdehin dediyindən aydın olurdu ki, qardaşı onlara pul köməkliyi edib və onun qardaşına borcu var. Buna görə də, cavabdehə ödənilməli alimentin bir qismini onun qardaşının kartına ödəməsini iddiaçıya bildirdiyindən 800 manatdan çox ona pul ödənişi həyata keçirilmişdir. Beləliklə, iddiaçı ən azı ödədiyi 1000 manat məbləğində aliment pulu və bu məqsədlə də xərc etdiyi 3330 manat digər ödənişlərin alimentin hesabına silinib, ümumilikdə 4330 manat aliment pulu ödəməsi məhkəmə qaydasında araşdırılıb, məhkəmə qaydasında müvafiq dindirmələrin həyata keçirilməsi ilə öyrənilərək həqiqətin özü məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də iddiaçı hesab edir ki, iddia ərizəsində göstərdiyi xüsusatlar məhkəmə qaydasında araşdırılıb "xxxx" ASC-yə məhkəmə sorğuları göndərilməklə, həqiqət ciddi öyrənilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı qaydada etiraz etmiş, etirazında iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, alimentlə bağlı məhkəmənin qətnaməsi 2011-ci ildə verilmişdir. Həmin tarixdən indiyədək iddiaçı alimenti ödəmədiyinə görə dəfələrlə məsuliyyətə cəlb edilmişdir. Hazırda 6500 manat məbləğində aliment borcu var. İddiaçı əgər bildirdiyi qədər pul xərcləmişsə və ya köçürmə etmişsə, çekləri təqdim etməlidir ki, ödənişlər məlum olsun. İddia ərizəsində göstərilənlər tamamilə yalandır. Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Pərviz Əhmədov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə aliment ödənişləri ilə bağlı iddiaçının bildirdiyi xüsusatlara diqqət yetirməmiş, çəkişmə prinsipinin tələblərinə əməl edərək, cavabdehin şəxsən çağırılaraq dindirilməsinə nail olmamış, mövcud reallıqlar baxımından həqiqətin məhkəmə qaydasında araşdırılıb öyrənilməsini təmin etməmiş, lazımi sübutların toplanılmasına şərait yaratmamışdır. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi. Həmçinin, o bildirdi ki, oğlu olan iddiaçı arvadı ilə ailə münasibətlərini bərpa etdikdən sonra yenidən münasibətləri pozulmuşdur. İddiaçı 4 ay müddətində ailəsinə baxmış və hər bir ehtiyaclarını ödəmişdir. O, iddiaçının aliment borcunun olmaması ilə bağlı hansı sübutlarının olmasına dair verilmiş suala cavab olaraq bildirmişdir ki, bu məsələni vaxtında icra orqanı araşdırmalı idi. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hazırda iddiaçının 1 may 2022-ci il tarixinə 6000 manatdan çox aliment borcu var və aliment borcunu ödəmir. Aliment öhdəliyini icra etmədiyinə görə iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin işin istintaqı aparılır. Lakin iddiaçı yenə də aliment öhdəliyini icra etmir və hazırkı iddianın verilməsi ilə öhdəliyin icrasını uzatmağa çalışır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Biləsuvar rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1155/2011 saylı, 01 fevral 2012-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı 25 noyabr 2011-ci il tarixindən başlayaraq hər uşağa görə hər ay 76 manat sabit pul məbləğində aliment tutularaq 21 avqust 2007-ci ildə anadan olmuş X2 və 02 yanvar 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh verilməlidir. İşdəki 2(022)-605/2022 saylı, 11 avqust 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Biləsuvar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X5 çıxış edərək, iddiaçı tərəfindən edilən bütün aliment ödənişlərinin şöbədə düzgün hesablanaraq qalıq borcdan çıxıldığını, başqa şəxslərin kartlarına və ya hesablarına olan ödənişlərin məhz tələbkara edilən ödəniş olması təsdiqini tapdığı təqdirdə həmin ödəniş məbləğinin mütləq şəkildə borclunun aliment borcundan silindiyini, hazırkı iddia tələbində öz əksini tapan halların əsassız olduğunu, bunları təsdiq edən hər hansı sübutun nə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə, nə də məhkəməyə təqdim edilmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı tələb üzrə iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı silinməsini tələb etdiyi məbləğdə aliment öhdəliyini icra etməsini, xərclərin çəkilməsini və həmin xərclərin məbləğini sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı sübutetmə vəzifəsini öz üzərindən məhkəmənin üzərinə keçirməyə çalışaraq, cavabdehin dindirilməsini tələb etmiş, özü hər hansı sübut təqdim etmədiyi halda, çəkdiyi xərclərin məhkəmə qaydasında öyrənilməsi və araşdırılmasının təmin edilməsini tələb etmişdir. İddiaçının həmin tələbi mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsinin icrası ilə bağlı olan normalarına uyğun olmadığından əsaslı deyil. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsinin izahatından da göründüyü kimi, iddiaçının iddia etdiyi kimi başqa şəxslərin kartlarına və hesablarına etdiyi ödənişlərin məhz tələbkara edilən ödəniş olması təsdiqini tapdığı halda, həmin ödəniş alimentin borcundan silinir. Lakin iddiaçı tərəfindən bu cür sübutlar Biləsuvar rayon İcra və Probasiya şöbəsinə də təqdim edilmədiyindən, aliment borcundan silinmə aparılmamışdır. İddiaçı aliment ödənişi kimi ödədiyini iddia etdiyi 1000 manat məbləğində aliment ödənişi və aliment ödənilməsi məqsədilə çəkdiyi 3330 manat xərci təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdehin qardaşına, onun iş yoldaşına və özünə müxtəlif kartlar vasitəsilə, eləcə də, əlbəəl şəkildə ödənişlər etdiyini bildirsə də, həmin ödənişlərin həqiqətən həyata keçirilib-keçirilməməsi, ödənişlər həyata keçirildiyi təqdirdə, onların cavabdeh qarşısında olan aliment öhdəliyinin icrası məqsədilə baş tutması, həmin xərclərin məbləği kimi hallarla bağlı da bildirdiklərini təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, aliment öhdəliyinə xitam verilməsi və icra hərəkətlərinin icrasının dayandırılmasına dair hissələrdə iddia tələbi birbaşa olaraq aliment öhdəliyinin icra edilməsinin təsdiqini tapmasından asılı olduğundan və bu hal iş materialları ilə təsdiq olunmadığından, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi səbəbindən birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə düzgün olmuş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və pozulmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi aliment borcunun silinərək aliment öhdəliyinə xitam verilməsi və icra hərəkətlərinin icrasının dayandırılması ilə əlaqədar olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilər. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, cavabdehin iddia ərizəsinə etirazda bildirdiyinə görə iddiaçının xitam verilməsini tələb etdiyi aliment öhdəliyi üzrə borcun məbləği 6500 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(022)-605/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-378/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-378/2023
22.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver