Məhkəmə qərarları › İş №2(106)-38/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-38/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-38/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindəki payının naturada müəyyən edilib, naturada bölünməsi" tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(036)-400/2023 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindəki payının naturada müəyyən edilib, naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli 05 saylı qərarı əsasında JN-196 Kod 90716028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.41 ha torpaq sahəsindən payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, cavabdeh keçmiş həyat yoldaşıdır, nikahları pozulmuşdur. İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli 05 saylı qərarı əsasında JN-196 Kod 90716028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlə ümumi birgə mülkiyyətlərinə İmişli rayonunun Kürdmahmudlu kəndi ərazisindən 1.41 ha torpaq sahəsi verilmişdir. Hazırda torpaq sahəsi ilə bağlı cavabdehlə aralarından mübahisə yaranmışdır, beləki, torpaqdan öz payına düşən hissəni razılıqla ayırmaq istəsədə, cavabdeh buna imkan vermir, nəticədə torpaq payından istifadə edə bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddiasını müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onunla birlikdə İmişli rayonu Kürdmahmudlu kəndində yaşamışdır. Birgə nikahlarından uşaqları olmamış və boşanmışlar. Torpaq islahatı aparılarkən İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh ilə birlikdə onun ümumi mülkiyyətinə verilmiş və JN 0196 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən 196 saylı plan üzrə ümumi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Hazırda torpaq sahəsinin birgə istifadəsi ilə bağlı Cavabdeh ilə ümumi razılığa gələ bilmədiyindən, JN 0196 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən 196 saylı planda yeri göstərilmiş İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın naturada ayrılıb verilməsini xahiş edir. Cavabdehin vəkili X3 iddianın əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, İmişli rayonunda torpaq islahatı aparılan zaman İddiaçı Kürdmahmudlu kəndində yaşamadığından, ona torpaq payı verilməmişdir. JN 0196 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv nəticəsində İddiaçı adı yazılmışdır. İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(036)-400/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, JN 0196 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən 196 saylı planda yeri göstərilmiş İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin naturada ayrılıb İddiaçı şəxsi mülkiyyətinə verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə mülkiyyət hüququnu 2005-ci ildə əldə etmişdir. İddiaçı ilə 2 il əvvəl 2003-cü ildə nikahları pozulmuşdur. Torpaq sahəsi birgə nikah dövründə əldə edilmədiyindən iddiaçıya torpaq payı düşmür. Bundan əlavə, iddiaçı onların kəndində qeydiyyatda olmamışdır. Ona torpaq payı verilə bilməzdi. Digər tərəfdən 6 saylı Beyləqan Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli məktubuna əsasən mütəxəssislər tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma işlərinin aparılması üçün baxış keçirilmiş, Dövlət aktında göstərilən 1.41 ha torpaq sahəsinin X5 X11 ilə uyğunsuzluq təşkil etdiyi üçün ölçü işlərinin aparılması mümkün olmamışdır. Buna görə Şirvan İnzibati Məhkəməsinin icraatında inzibati iş vardır. İmişli Rayon Məhkəməsi işin həmin hallarını nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamənin icrası qeyri-mümkündür. Ona görə də hesab edirki, iddia tələbi rədd olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər üzürlü səbəblər olmadan məhkəmədə iştirak etməmişlər. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur. JN 0196 Kod 90716028 «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli 05 saylı qərarı ilə İmişli rayon Kürdmahmudlu kənd sakinləri X12 və X4 həmin kəndin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İmişli Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(036)-982/2021 saylı qətnaməsinə əsasən JN 0196 Kod «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında torpaq mülkiyyətçitləri sırasında qeyd olunmuş X1 Gülşən Yaqub qızına aid edilmiş və həmin sənədin müvafiq olaraq ona məxsus olması faktı müəyyən edilmişdir. Mülki işin yeni apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli 10/1390 nömrəli rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: "Torpağa mülkiyyət hüququna dair" JN:0196 KOD 90716028 saylı Dövlət Aktı əsasında tərəflərin ümumi birgə mülkiyyətində olmaqla İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün olmasını müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, "Torpağa mülkiyyət hüququna dair" JN:0196 KOD 90716028 saylı Dövlət Aktına əsasən X12 və İddiaçı ümumi birgə mülkiyyətində olan 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə faktiki olaraq istifadələrində olan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Ona görə də həm "Torpağa mülkiyyət hüququna dair" JN.0196 KOD 90716028 saylı Dövlət Aktına əsasən X12 və İddiaçı ümumi birgə mülkiyyətində olan 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə və həm də X5 Uçotu və İnformasiya Sistemində qeyd olunan və faktiki olaraq istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazinin hüdudları müəyyən edilmişdir. "Torpağa mülkiyyət hüququna dair" JN:0196 KOD 90716028 saylı Dövlət Aktına əsasında tərəflərin ümumi birgə mülkiyyətində olmaqla imişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün deyildir. Çünki, 1.41 ha torpaq sahəsinin 28.66 ha hissəsi kollektorla, 0.1902 ha hüssəsi bələdiyyə mülkiyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda qeyd olunan torpaq sahəsinin 81.42 ha hissəsi X9 və 0.1190 ha hissəsi isə Əmənov Cəlal T ofiq oğlunun özü tərəfindən istifadə olunur. "Torpağa mülkiyyət hüququna dair"JN:0196 KQDJ30716028 saylı Dövlət Aktı əsasında X12 və İddiaçı ümumi birgə mülkiyyətində olmaqla İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün olmadığına görə X5 Uçotu və İnformasiya Sistemində qeyd olunan 1.41 ha torpaq sahəsinə aid ümumi birgə mülkiyyət hüququna dair qanuna müvafiq olaraq hüquqmüəyyənedici sənədlər tərtib olunduqdan sonra ərazinin bərabər paylara uyğun şəkildə tərəflər arasında naturada bölgüsünün aparılması mümkün ola bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.1-213.2). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə: Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər; Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi); Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır; Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/2024 saylı qərardadında hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə məhkəmələ aşağıdakı formada izah verilmişdir: 39-cu bənd - Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi; 40-cı bənd - Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər; 41-ci bənd - Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir; 42-ci bənd - Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir; 43-cü bənd - Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır; 44-cü bənd - Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş naturada bölgünün qaydası ilə razı olmadıqda, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər; 45-ci bənd - Bununla yanaşı, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində payın naturada ayrılmasının mümkünlüyü halında ayrılmanı tələb edən mülkiyyətçinin razılığı ilə naturada bölgünün əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi imkanı da nəzərdə tutulmuşdur. Bu zaman məhkəmə yalnız kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında qarşılıqlı razılığın olduğu halda həmin məbləğin ödənilməsini qət edə bilər, əks halda isə müəyyən etdiyi qaydada naturada bölgü barədə qətnamə çıxarmalıdır; 46-cı bənd - İddiadan imtina edildiyi halda isə məhkəmə tərəfindən iddiaçıya yenidən eyni əşya barəsində eyni əsaslarla digər həmmülkiyyətçilərə qarşı payın naturada ayrılması, habelə payının dəyəri kimi kompensasiya ödənilməsi və ya əşyanın açıq hərracdan satılması barədə iddia qaldırmaq hüququnun olmadığı izah edilməlidir. İddiaçı qeyd edilən tələblərlə və ya onlardan biri ilə məhkəməyə müraciət edərsə, MPM-in 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.2- ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir; 47-ci bənd - Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil; 48-ci bənd - Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin hüdudları həm "Torpağa mülkiyyət hüququna dair" JN.0196 KOD 90716028 saylı Dövlət Aktına əsasən, həmdə X5 Uçotu və İnformasiya Sistemində qeyd olunan və faktiki istifadə üzrə müəyyən edilmişdir. Tərəflərin ümumi birgə mülkiyyətində olmaqla İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı mübahisəli torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Kollegiya hesab edir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı üzrə istifadəsinə xələl gəlmədən tərəflərin bərabər paylarına mütənasib şəkildə situasiya planına uyğun olaraq naturada bölgüsünün aparılması mümkün olmadığından, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməlidir. Eyni zamanda iddiaçıya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 6 dekabr 2024-cü il tarixli 02/2024 saylı qərardadının 48-ci bəndinə müvafiq olaraq gələcəkdə ikinci mərhələdən (kompensasiya (payın dəyəri) ödənilməsi) başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(036)-400/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindəki payının naturada müəyyən edilib, naturada bölünməsi" tələbinə dair iddiası rədd edilsin. İddiaçı gələcəkdə ikinci mərhələdən (kompensasiya (payın dəyəri) ödənilməsi) başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar