Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-391/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “akt əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəmsinin 18 noyabr 2024-cü il tarixli, 2(041)-2037/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları “Azəriqaz” İB-nin X3 istismarı idarəsi ilə istehlakçı arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bənddə qeyd edilmişdir ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən paylayıcının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etmək (2.1.4); İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq (2.1.5); İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) (2.1.7); İstehlakçının tələbi ilə ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək (2.1.8); təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində İstehlakçıya dəymiş zərərin əvəzini ödəmək (2.1.9); İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək (2.1.10); “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq (2.1.11) Paylayıcının vəzifələrinə daxil edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan İstehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən İstehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 3.4. X1 tərəfindən təqdim edildikdən sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3.5. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 3.6. İstehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən barəsində hesablanmış 498 manat cərimənin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Karrar qəsəbəsində özünə məxsus fərdi yaşayış evində yaşayır. İstifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəyir. Qaza görə borcu olmayıb. Bu yaxınlarda ona məlum olub ki, onun hesabına 498 manat əlavə sərfiyyat borcu vurulub. Bundan sonra “Azəriqaz” İB-nin əməkdaşları o evdə olmayan vaxt onun qaz xəttini ayırmış və qazın verilməsini dayandırmışlar. Hazırda həmin borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən onun barəsində hesablanmış 498 manat cərimə hesabından silinməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı X3 İstismar İdarəsinin Kürdəmir XS-də **********01840 nömrəli hesabla qeydiyyatdadır. Hesabında yaranmış 498 manart borc sayğac göstəricisi əsasında hesablanmış borcudur. Belə ki, xx.xx.2020-ci il tarixdə İddiaçı mənzilin qaz xətti üzərində olan qaz sayğacı yeni Elster markalı G-4 markalı, ******* nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Mənzildən çıxarılmış qaz sayğacının üzəri yandırıldığı üçün yerində qaz sayğacının göstəricisinin oxunması mümkün olmamışdır. Labatoriyada baxış zamanı həmin sayğacın yaddaşında qaz qaldığı və bazaya işlənilmədiyi müəyyən edilmişdir. Həmin qaz 2537 m3 dəyəri 498.80 manat iddiçıya məxsus abonent hesabına əlavə edilmişdir. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 498 manat borcun silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim Rahid Mehdiyev) 2(041)-2037/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “Azəriqaz” istehsalat birliyi X3 İstismari İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 498 (dörd yüz doxsan səkkiz) manat İddiaçı hesabından (abonent kodu: **********01840) silinməsi, 30 (otuz) manat dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1, 5.2, 1.6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış və sadə bir araşdırma əsasında iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmışdır. Belə iddiaçının hesabında yaranmış borc təbii qazın dəyərinin tam şəkildə ödəniş aparılmamasının nəticəsində yaranmışdır. Bununla bağlı Birliyin nümayəndəsi tərəfindən Məhkəməyə abonent hesabı təqdim olunmuşdur. Məhz həmin abonent hesabından görünür ki, iddiaçının hesabında yaranan borc real debitor borcudur. Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqımüqaviləsinə əsasən həyata keçirilir. İstehlakçı hazırkı vəziyyətdə sayğac üzrə hesablanmış qaz sərfinin dəyərini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Göründüyü kimi istehlakçı bu müqavilənin və “Qazdan İstifadə qaydalarının” tələblərini pozmuşdur. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İstehlakı hazırda mübahisələndirdiyi sayğac üzrə aparılmış hesabata əsasən hesablanmış borcu ödəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Delikt öhdəlik münasibətləri zərər vurmaq nəticəsində əmələ gəlir. Zərərin əvəzinin ödənilməsi mülki hüququn əsas prinsiplərindən biridir və bu, hüquq pozuntularının nəticələrinin aradan qaldırılması və zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası üçün nəzərdə tutulur. Mülki hüquqda zərərin ödənilməsi üçün dörd əsas ünsür mövcud olmalıdır:
1. Zərərin mövcudluğu Birinci və əsas şərt zərərin faktiki olaraq mövcud olmasıdır. Zərər əgər real olaraq baş verməyibsə, onun kompensasiyası da tələb edilə bilməz.
2. Hüquqazidd hərəkət və ya hərəkətsizlik Zərərin yaranmasına səbəb olan hərəkət və ya hərəkətsizlik hüquqazidd olmalıdır. Bu o deməkdir ki, zərər üçün cavabdeh olan şəxs qanunu, müqavilə öhdəliklərini və ya digər hüquqi normaları pozmuş olmalıdır. Məsələn, əmək müqaviləsi əsasında işləyən bir şəxs qanunsuz olaraq işdən çıxarılarsa, bu, hüquqazidd hərəkət sayılır və ya bir şəxs təhlükəli şərait yaratdığı halda bunun qarşısını almaq üçün heç bir tədbir görmürsə, bu, hüquqazidd hərəkətsizlik hesab edilir. 3.Səbəb-nəticə əlaqəsi Zərərin yaranması ilə hüquqazidd hərəkət arasında birbaşa əlaqə olmalıdır. Başqa sözlə, əgər hüquq pozuntusu baş verməsəydi, zərər də yaranmazdı. Məsələn, tikinti şirkəti təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün binanın uçması nəticəsində insanların əmlakına ziyan dəyirsə, burada səbəb-nəticə əlaqəsi açıq-aşkardır. 4.Zərər vuran şəxsin təqsirli olması Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, hesabında yaranmış 498 manart borc sayğac göstəricisi əsasında hesablanmış borcudur. Belə ki, xx.xx.2020-ci il tarixdə iddiaçı HəsənovBöyükağa Mehbalı oğlunun mənzilin qaz xətti üzərində olan qaz sayğacı yeni Elster markalı G-4 markalı, ******* nömrəli qaz sayğacı ilə əvəz edilmişdir.Mənzildən çıxarılmış qaz sayğacının üzəri yandırıldığı üçün yerində qaz sayğacının göstəricisinin oxunması mümkün olmamışdır. Labatoriyada baxış zamanı həmin sayğacın yaddaşında qaz qaldığı və bazaya işlənilmədiyi müəyyən edilmişdir.Həmin qaz 2537 m3 dəyəri 498.80 manat iddiaçıya məxsus abonent hesabına əlavə edilmişdir. İddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 498.80 manat ziyan hesablamışdır. İddiaçının sayğaca müdaxilə etməsi sübut olunmadığı halda, ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar qazdan istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.
2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Kollegiya qeyd edir ki, cavabdeh tərəf yalnız formal mülahizələr irəli sürmüş, əsaslandığı halları, o cümlədən iddiaçının borcunun yaranmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi:
Cavabdeh “Azəriqaz" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-2037/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.