Məhkəmə qərarları › İş №2(106)-397/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-397/2025

06.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-397/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə haqqının və itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz hesablanmış cərimənin silinməsi tələbi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə haqqının və itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/2024 saylı qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyanın, 493,50 manat məbləğində cari borcun (debitor), 56,03 manat dövlət rüsumunun, cəmi 3659,93 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı istehsalat BiriiyiCavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təhciz edir. Həmin ünvana İddiaçı İB-nin X2 İstismarı İdarəsi tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir.Lakin cavabdeh “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma ) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayı evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə hal aşkar olunaraq aktlaşdırılmiş və bu halı təsbitləyən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Tət qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat dəymiş ziyan hesablanmışdır. Eyni zamanda Cavabdeh mənzilində təbii qazdan sayğac vasitəsilə istifadəyə görə xx.xx.2024-ci tarixə 493,50 manat məbləğində debitor borcu yaranmışdır. Borcun yaranmasına səbəb Cavabdeh sayğac vasitəsik istehlak etdiyi təbii qazın pulunu ödəməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 3603,90 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsini tələblərini pozmuşdur. Bu iddia X2 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilir “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023cü il tarixli, ******* saylı aktla və onun tələbnaməsi ik AGİS bazasından çıxarılmış Cavabdeh məxsus **********20000 saylı abonent hesabından çıxarış (saldo) ilə, Lənkəra Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən aparılmış video çəkilişlərlə, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”sübuta yetirilir. Cavabdeh mənzilində xx.xx.2024-cü il tarixə qaz sayğacı vasitəsilə istifadə etdiyi 493,50 mane məbləğində təbii qazın dəyərinin və 3110,40 manat məbləğində isə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyanın ümumilikdə 3603,90 manat debitor borcla bağlı ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/20244 saylı qətnaməsi ilə (hakim M.Qasımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 493.50 manat debitor borc və 07.28 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında 21 dekabr 2023- cü il tarixli, ******* saylı aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadəsi göstərilməklə qaz təminatını dayandırılması və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Cavabdeh 2023-cü ilin dekabr ayı üçün 3110.40 manat qalıq və 491.10 manat istifadə edilmiş qaza görə borc, 2024-cü ilin sentyabr ayına isə 15 kub qazdan istifadəyə görə cəmi 3603.90 hesablanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, sayğacdan kənar xəttin aşkar edilməsi sübuta yetirilmiş, lakin iddiaçı şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda sayğacdan kənar qoşulma halı qeyd edilsə də, bu fakt digər sübutlarla təsdiqini tapmamış, əksinə fakt təkzib edilmişdir. İddiaçı şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda (abonentin) iddiaçının imzası yoxdur. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının 1-ci tələbi sübuta yetirilmir və təmin edilməməlidir . İddiaçının 2-ci tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, abonentin saldosundan görünür ki, 2023-cü ilin dekabr ayına 3110.40 manat qalıq və 491.10 manat borc yaranmış, 2024-cü ilin sentyabr ayında 15 kub qazdan istifadəyə görə cəmi 3603.90 hesablanmışdır. Cəmi borc olan 3603.90 manatdan 3110.40 manat qalıq borcu çıxıldıqda, yerdə 493.50 manat qazdan istifadəyə görə borc qalmış olur. iddia tələbinin cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 493.50 manat borc məbləği tutulmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci, 8- 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 78.1, 119-cu maddələri və “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.5-1, 6.5-2, 6.5-3, 6.5-2, 6.5-3, 6.5-4 bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1-ci maddələri, “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndi, “Qazdan istifadə Qaydaları”na 3 nömrəli Əlavənin 2.2.2-ci bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni cavabdeh tərəfindən sayğacdankənar istifadə etməsi faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən itirilmiş qazın bərpası üzrə cavabdehin abonent bazasında 25920 kub metr olmaqla 3110,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi faktı aşkar edilmiş (məhkəməyə video disk təqdim edilmişdir) və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnaməyə istinad etməmiş,(Qaz təchizatı haqqında qanunun 8.1 maddəsinə uyğun) hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Məhkəməyə təqdim etdiyimiz video disk sübut kimi qəbul edilməmişdir. Məhkəmə cavabdehin 2022-ci ilin avqust ayından 2024-cü ilin may ayına qədər həbsdə olduğunu, ailəsinin isə ondan küsərək Türkiyəyə getdiyini, həmçinin,həmin müddət ərzində qaynanasının həmin evi Sabirabaddan olan bir şəxsəb kirayə verdiyini bildirmişdir.Lakin məhkəmə Sabirabad rayonundan olan həmin şəxsin tapılıb məhkəməyə çağırılması və tərəf kimi dindirilməsi barədə qərar qəbul etməmişdir. Beləliklə birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salsaq görərik ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı yoxdur. İddiaçı onunla əsaslandırmışdır ki, evdə yaşayış olmadığından qazdan istifadə etməmişdir. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirdiyimiz qətnamədə də öz əksini tapan və 1-ci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə Əsasdır.Ona görə də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/2024 saylıqətnaməsi apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3773/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı İB Lənkəran RQİİ tərəfindən Cavabdeh adına xx.xx.2023-cü il tarixli ******* saylı akt və həmin akt əsasında itirilmiş qazın bərpasına görə hesablanmış 25920 kub. metr qaza görə hesablanmış 3110,40 manat kimi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı İB məhkəmə iclasında təmsil edilməmiş və məhkəməyə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/20244 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı İB Lənkəran RQİ tərəfindən Cavabdeh adına xx.xx.2023-cü il tarixli ******* saylı akt və həmin akt əsasında itirilmiş qazın bərpasına görə hesablanmış 25925 kub. metr qaza görə hesablanmış 3110,40 manat kimi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da məhkəməyə ərizə ilə müraciət edərək səhhəti və maddi durumu ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/2024 saylıqətnaməsinin ləğv edilərək, İddiaçı İB Lənkəran RQİİ tərəfindən Cavabdeh adına xx.xx.2023-cü il tarixli ******* saylı akt və həmin akt əsasında itirilmiş qazın bərpasına görə hesablanmış 25920 kub. metr qaza görə hesablanmış 3110,40 manat kimi müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/2024saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında 21 dekabr 2023- cü il tarixli, ******* saylı aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadəsi göstərilməklə qaz təminatını dayandırılması və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Cavabdeh 2023-cü ilin dekabr ayı üçün 3110.40 manat qalıq və 491.10 manat istifadə edilmiş qaza görə borc, 2024-cü ilin sentyabr ayına isə 15 kub qazdan istifadəyə görə cəmi 3603.90 hesablanmışdır. Debitor borcun ödənilməsi tələbi barədə xəbərdarlıqdan görünür ki, abonentin 3603.90 manat borcu yaranmışdır. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni cavabdeh tərəfindən sayğacdankənar istifadə etməsi faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən itirilmiş qazın bərpası üzrə cavabdehin abonent bazasında 25920 kub metr olmaqla 3110,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə iddiaçıya ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi əsaslı, apelyasiya şikayəti isə əsassızdır. Hazırki iş üzrə isə təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi, o cümlədən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akta əsasən hesablanan cərimənin həmin Qaydaların 6.5-1 və 6.5-3-cü bəndlərinə uyğun hesablanması barədə iş materiallarında heç bir sübut mövcud deyildir. İddiaçı tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırkı halda iddiaçı iddia tələbini sübut etmiş, cavabdeh isə öz etirazını sübut edə bilməmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3773/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar