Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-40/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Mahir Abdulla oğlu Əsədlidən ibarət tərkibdə, katib X2 iştirakı ilə, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sexin bağlanması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Astara şəhəri, H.Aslanov küçəsində yerləşən və ağır yük maşınları və traktorların təkərlərinin təmir edilməsi ilə məşğul olan, cavabdehlərə məxsus sexin bağlanması, cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması və ödənilmiş 100,4 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Mülkiyyət hüququ ilə özünə məxsus olan, ünvan 1 ünvanda 0.28 hektar torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 90.8 kv.m. yaşayış sahəsi, 122.2 kv.m. yardımçı sahəsi, 213 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır. Yaşayış evinin qabağında olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara mağazaların tikilməsinə icazə verilmişdir. Sonradan orada yerləşən obyekt cavabdehlərə satılmışdır. Lakin cavabdehlər həmin obyekti təyinatı üzrə işlətməyərək orada ağır yük maşınlarının və traktorların təmir edilməsi ilə məşğul olurlar. Ağır yük maşınları və traktorların təkərlərinin təmiri zamanı ayrı-ayrı hissələrin sökülməsi və quraşdırılması prosesində güclü səs-küy yaranır. Təmir sexi onun yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşdiyindən onun və ailə üzvlərinin istirahəti, dincliyi pozulur. Sex texniki təhlükəsizlik qaydalarına əməl edilmədən inşa edilmişdir. Cavabdehlərə və aidiyyəti orqanlara sexin oradan yığışdırılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq bir nəticə əldə edə bilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməmiş və onu əsassız saymış, izahatında bildirmişdir ki, maşın və təkər təmiri sexi onun mülkiyyətindədir. O, təkərlərin təmiri xidmətlərinin göstərilməsi üçün dövlət qeydiyyatından keçmiş və müvafiq dövlət orqanları tərəfindən bu fəaliyyətlə məşğul olunmasına icazə verilmişdir. Birinci instansiya məhkəməsində digər Cavabdeh1 iddianı qəbul etməmiş, eyni məzmunlu izahat vermişdir. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sexin bağlanması, cavabdehlərin özbaşına hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilərək Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən, cavabdehlər tərəfindən istifadə edilən təkər təmiri sexinin fəaliyyətinin dayandırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edərkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, bu isə nəticədə cavabdehin maraqlarını müdafiə edən qeyri-obyektiv və qərəzli qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, məhkəmə iddia tələbini rədd edərkən yalnız ona əsaslanmışdır ki, fəaliyyətinin dayandırılması tələb edilən obyekti cavabdeh alqı-satqı yolu ilə əldə etmiş və hazırda həmin təkər təmiri sexi İddiaçı deyil, Cavabdeh2 mülkiyyətindədir və o, təkərlərin təmir xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmənin “cavabdehin təkərlərin təmiri xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyata alınması”na istinad edərək, obyektin təyinatı üzrə fəaliyyət göstərməsi qənaətinə gəlməsi də qanunsuz və əsassızdır. Şikayətdə deyilir ki, birinci instansiya məhkəməsi cavabdehlərin ağır tonnajlı maşınların və traktorların təkərlərinin söklməsi işlərini onlara məxsus olan sahədən kənarda, yəni obyektin daxilində deyil, qarşısındakı səkidə və ya yolda apardıqları, yaranan güclü səs-küyün ətrafa yayılması, təmir sexi mülkiyyətində olan evin yaxınlığında yerləşdiyindən normadan artıq desibelə malik güclü səsin və titrəyişin təsirindən evdə yaşamağın mümkünsüz olduğunu, vibrasiya və səs-küy çirklənmələrinin insan sağlamlığına mənfi təsir göstərdiyi kimi bu faktları, konstitusiya ilə müəyyən olunmuş istirahət etmək və sağlam ətraf mühitdə yaşamaq hüququnu pozması kimi halları aydınlaşdırmamışdır. Qeyd olunanların aydınlaşdırılmaması işə baxılarkən tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq edilməməsi və bununla da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Prosessual məsələlər İş üzrə tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı vəkili və nümayəndəsi Vəkil işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və əlavə məhkəmə kompleks ekpertizasının təyin edilməsi barədə vəsatət göndərmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası izahatları dinləyib iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, İddiaçı ünvan 2 ünvanda 0.28 hektar torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, beş otaqlı fərdi yaşayış evinin mülkiyyətçisidir və həmin evdə ailəsi ilə yaşayır. Bundan başqa, müəyyən edilir ki, Astara şəhəri, H.Aslanov küçəsində, mülkiyyətdə olan 0.026 hektar torpaq sahəsində yerləşən 1 girişli, 22.3 kvadrat metr ümumi sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış binasını Cavabdeh2, Astara rayon Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə satın almış və oradan avto-təkər təmiri sexi kimi istifadə edir. Cavabdeh2 adına, sonuncunun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh2 məxsus avto-təkər təmiri sexinin elektrik işlədicilərinin istismara buraxılması üçün Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi dövlət enerji nəzarət idarəsi tərəfindən 01 iyul 2013-cü il tarixli, 170176-07-01-128 nömrəli akt tərtib edilmişdir. Cavabdehlərin hər ikisi vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və onların VÖEN-i vardır. Cavabdehlər 0.026 hektar torpaq sahəsində yerləşən 1 girişli, 22.3 kvadrat metr ümumi sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış binasından təkər təmiri sexi kimi istifadə edirlər. İddiaçı tələbində cavabdehlərə məxsus sexin bağlanması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmasını tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin sexdə fəaliyyəti nəticəsində güclü səs-küy yaranır. Təmir sexi onun yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşdiyindən onun və ailə üzvlərinin istirahəti, dincliyi pozulur. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məcəllənin 171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1098.1-ci maddəsinə əsasən, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün iddiaçı mülkiyyətçi (qanuni sahib) olmalı, onun mülkiyyətinə qəsd və ya digər maneələr ortada olmalı, bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, sahiblik, müəyyən hallarda əmlaka dair sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmalıdır. Həmin Məcəllənin 171.1-ci maddəsinin tələblərinə görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə qonşu mülkiyyətçiyə hər-hansı maneçilik yaranmırsa və ya bu zaman onun hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Cavabdehlərə məxsus qeyri-yaşayış binasının tikinti-texniki normalarının tələblərinə uyğun olub-olmamasını, eləcə də cavabdehlərin fəaliyyəti nəticəsində ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələrinin normalara uyğun olubolmamasını müəyyən etmək üçün apellyasiya baxışında müvafiq ekspertizalar keçirilmişdir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, 25 iyun 2023-cü il tarixli 10/2010 nömrəli tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının rəyinə görə, ünvan 3 ünvanda Cavabdeh1 və Cavabdeh2 məxsus qeyri-yaşayış binasının Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********77-06301 reyestr nömrəli Çıxarışa əsasən qeydiyyata alınması, həmin qeyri-yaşayış binasının texniki parametrlərinin **********77-06301 reyestr nömrəli texniki pasporta uyğun olmasını nəzərə alaraq, qeyri -yaşayış binasının tikinti-texniki normalarının tələblərinə uyğun olması müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 İdarəsi tərəfindən aparılmış monitorinqin nəticələrinə dair rəy 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin rəyə görə, səs-küyün səviyyəsinin 50-59 dBA (norma 60 dBA) təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili vəsatətlə müraciət edərək, hazırki iş üzrə təkrar məhkəmə kompleks mühəndis-ekoloji və mühəndis-texniki ekspertizanın keçirilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmənin əsaslı nəticəyə gəlməsi üçün ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələrinin sexdə istifadə olunan cihazların işlək vəziyyətdə olduğu vaxtda ölçmə işlərinin aparılması və normalara uyğun olub-olmamasını müəyyən etmək zəruridir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə ekoloji ekspertiza təyin edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsinin xx.xx.2024-cü il tarixli 25/125/d nömrəli məktubundan görünür ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan xx.xx.2024-cü il tarixli, 99/42/d nömrəli Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən təkərlərin təmiri sexində səs-küyün yaratdığı narahatçılıq barədə müraciət məktubuna əsasən xx.xx.2024-cü il tarixdə, saat 12.00-13.00-də şikayətçi İddiaçı həyat yoldaşı Əhmədağa Məmmədov, təkər təmiri sexinin nümayəndəsi Cavabdeh2 və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə monitorinq keçirilmişdir. Monitorinq zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə sex fəaliyyətdə olan müddətdə şikayətçinin evinin qarşısından təqribən 3-5 metr məsafədə PCE- 322A cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticələrə əsasən səs-küy səviyyəsinin 50.8 dBa (norma -60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə ekoloji ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/450 nömrəli məktubu ilə mülki iş üzrə təyin edilmiş məhkəmə-texniki (səs-küyün səviyyəsi) ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli ekspert məlumatı məhkəməyə göndərilmişdir. Ekspertizası aparılmasından imtina edilməsi barədə məlumatda xx.xx.2024-cü il tarixli qərardadla ekspert qarşısında qoyulmuş suallara uyğun olaraq tədqiqat obyektində səs-küyün standartlara uyğun olub-olmamasının müəyyən edilməsi üçün ölçü işlərinin aparılması məqsədilə tədqiqat obyektlərinə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi xahiş olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə yenidən əlavə məhkəmə ekoloji ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş, iş üzrə 27 sentyabr 2024-cü il tarixli, 4/1105 nömrəli ekspert rəyinə görə, Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən təkər təmiri sexi fəaliyyətində olarkən yaranan səs-küy səviyyəsi ölçmələrin aparıldığı tədqiqatı tələb olunan məsafədə ətraf mühit üçün yol verilən hədd daxilindədir. Kollegiya ekspert rəylərini sübut olaraq qəbul edir. İddiaçı tərəf yenidən kompleks ekspertiza keçirilməsini xahiş etsə də, Kollegiya yenidən təkrarən ekspertizanın keçirilməsi üçün əsas tapmamışdır. Kollegiya qeyd edir ki, qanunun tələbinə görə, daşınmaz əmlakın mülkiyyətçisi öz sahəsindən istifadə edərkən qonşu mülkiyyətçiyə maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu mülkiyyətçinin öz sahəsinə təsirini qadağan edə bilməz. Eyni zamanda, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqdim edilmiş sübutlara, o cümlədən iş üzrə ekspert rəylərinə görə iddiaçının hüquqlarının pozulması müəyyən edilmir. Kollegiya hesab edir ki, təqdim edilmiş sübutlar iddianın təmin edilməsinə əsas vermir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(018)-994/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-40/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-40/2024
05.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver