Məhkəmə qərarları › İş №2(106)-404/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-404/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-404/2023 22.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin, dövlət rüsumunun ödənilməsi və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1214/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsirli, hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş 1500 manat məbləğində maddi ziyanın, 3000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi, habelə cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 91 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Cavabdeh onunla qonşuluqda yaşayır və ona qarşı qərəzlidir. Belə ki, cavabdeh iddiaçıya məxsus çoxillik meyvə ağaclarını qəsdən yandırmış, ona maddi və mənəvi zərər vurmuşdur. Bununla bağlı, iddiaçı mütəxəssis rəyi almışdır. Cavabdehin hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 91 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə verilmiş 0,51 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsində təyinatı üzrə istifadə etdiyi çoxillik meyvə ağaclarından xeyli miqdarda gəlir əldə edərdi. Cavabdeh ümumilikdə iddiaçıya 1500 manat məbləğində maddi zərər vurmuşdur. Bununla yanaşı, uzun illər ərzində iddiaçı əziyyət çəkərək meyvə ağaclarını əkib becərmişdir. Lakin cavabdeh buna son qoymuş, bunun nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmışdır. O, özünə dəymiş mənəvi zərəri 3000 manat məbləğində qiymətləndirir. Astara Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(018)-1214/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş ziyana görə 1500 manat və ödənilmiş dövlət rüsumuna görə isə 20 manat məbləğindəki pulun alınaraq İddiaçı verilməsi, iddianın mənəvi ziyanın ödənilməsinə görə 3000 manat hissəsində, ödənilmiş rüsumunun 45 manat hissəsində və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair hissəsində isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(018)-1214/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbində Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 91 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun və ailə üzvlərinin mülkiyyətinə 0,51 hektar torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsini cavabdehin onun baldızından aldığını, onun qonşuluğunda yaşadığını, cavabdehin onunla qərəzli münasibətdə olduğunu, ona məxsus çoxillik meyvə ağaclarını qəsdən yandırdığını, bunun nəticəsində ona maddi və mənəvi zərər dəydiyini göstərmişdir. Cavabdeh, arıçılıqla məşğul olduğunu, aldığı 0,19 ha torpaq sahəsindən arıçılıq məqsədi ilə istifadə etmək istədiyini, arı yeşiklərini həmin torpaq sahəsində qoymaq istədiyini qeyd etmişdir. Bundan başqa, torpaq sahəsini ona satan X1 bu mülki iş üzrə iddiaçının baldızıdır. Cavabdeh qeyd etmişdir ki, iddiaçı onun baldızından torpaq sahəsi almasından narazı qalmış, buna görə qərəzli münasibət bəsləmiş və aldığı torpaq sahəsindən onu imtina etdirməyə çalışmışdır. Cavabdeh 2022-ci ilin iyul ayında arı yeşiklərini həmin sahəyə gətirmək istəmiş, bunun üçün sahədəki kol-kosları, alaqları, çörçöpü təmizləyib yandırarkən təsadüfən sərhəd çəpər hissədə olan qurumuş qanqallara qığılcım düşmüş, baş vermiş yanğını özü söndürmüşdür. Cavabdeh ağacları qəsdən yandırmamışdır. Həmin ağaclar iddiaçıya məxsus olmamaqla onun mülkiyyətində olmayan torpaq sahəsində yerləşmişdir. Digər tərəfdən, yanğın baş verən torpaq sahəsində, əsasən, yabanı, özü bitən ağaclar olmuş, məhsuldar mandarin ağaclarının olması və ziyan düzgün olmayaraq göstərilmişdir. Cavabdeh şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Astara Rayon Məhkəməsi bu mülki işə baxarkən AR Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarının tələblərini pozmuşdur. Həmin qərarın tələbinə uyğun olaraq məhkəmə ilk növbədə iddiaçının belə bir iddia qaldırmaq hüququnun olub-olmamasını yoxlamalı idi. İddiaçının belə məzmunlu iddia qaldırmaq hüququ olmamışdır. Belə ki, cavabdehin alğı-satqı yolu ilə mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsinin qonşuluğunda yandırıldığı iddia edilən ağacların olduğu torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ mövcud deyildir. İddiaçının bu tələblə iddia qaldırmaq hüququ olmamışdır, başqa sözlə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Yanğının baş verdiyi ərazi və onun ətrafında iddiaçının mülkiyyətində olan torpaq sahəsi olmadığına görə iddiaçının hər hansı bir hüququ pozulmamışdır. İddiaçı iddia tələbində göstərdiyi kimi ona maddi ziyan dəydiyini, yanmış ağac və kolların onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, yanğının cavabdeh tərəfindən qəsdən törədildiyini sübut edə bilməmişdir. Məhkəmə sübutlara hərtərəfli, tam və obyektiv baxılmasını təmin etməmiş, işdə çox az olan sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməyərək iddiaçının iddia tələbini tamamilə sübut edə bilmədiyi halda iddia tələbinin qismən sübut edilməsi kimi düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iddia tələbini maddi ziyan hissəsində təmin edərkən Astara rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi rəisinin 30 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Həmin mütəxəssis rəyi sübut kimi qəbul edilə bilməzdi. Çünki kənd təsərrüfatı sahəsində bir xidmət sahəsi olan Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin funksiyası və göstərdiyi xidmətlər sırasında ağac və bitkilərin yanması və ya yandırılmasını, ağacların yanması nəticəsində dəyən ziyanı müəyyən etmək səlahiyyəti yoxdur. Bu halları müəyyən etmək üçün məhkəmə öz təşəbbüsü ilə müvafiq ekspertiza təyin etməli idi. Məhkəmə iddiaçıya məxsus pay torpaq sahəsi ilə qonşuluqda cavabdehə məxsus pay torpaq sahəsinin olduğu iki torpaq sahəsi arasında 12 metr çəpər boyu ağac bitkiləri və meyvə ağaclarının yandırma yolu ilə məhv edildiyinin müəyyən edildiyini göstərmişdir. Cavabdeh çör-çöp yandırarkən qonşuluqda yerləşən iki mandarin ağacının budaqlarının yandığını və hazırda həmin budaqların yetişdiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini göstərmişdir. İddianın qismən təmin edilməsi üçün əsas olan bu hal məhkəmə tərəfindən sübut olunmamışdır. Həmçinin, cavabdeh tərəfindən apellyasiya şikayətinə “ekspertizanın keçirilməsi barədə” vəsatət əlavə olunmuş, torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, həqiqətən də, 2022-ci ilin iyul ayında torpaq sahəsindəki kolkosları, alaqları, çör-çöpü təmizləyib yandırarkən təsadüfən sərhəd çəpər hissədə olan qurumuş qanqallara qığılcım düşmüş və yanğın baş verərək qonşu çəpərdə əkilmiş ağaclara ziyan dəymişdir. Lakin məhkəmə ekspertiza təyin edərək həmin sahənin həqiqətən də iddiaçıya məxsus olub-olmamasını müəyyən etməmişdir. Əslində həmin torpaq tamamilə başqa bir şəxsə məxsus olsa da, iddiaçı sahəni zəbt edərək, orada ağac əkib, torpağın əsl sahibi isə iddiaçıdan qorxduğu üçün heç yerə şikayət etmir. Həmçinin mütəxəssis rəyinin düzgün verilmədiyini, ağacların qiymətinin təxminən 20-30 manat məbləğində olduğunu, həmçinin qurumuş söyüd ağacının da dəymiş ziyanın məbləği hesablanarkən nəzərə alındığını qeyd etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-1214/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq sahəsi və onun ərazisindəki ağaclar ona və ailə üzvlərinə məxsusdur. Cavabdeh tərəfindən 2022-ci ilin iyul ayında yanğın törədilərək iddiaçının əkmiş olduğu ağaclara ziyan dəymişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Astara Rayon Məhkəməsinin 2(018)-1214/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)-1214/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən və mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsindən narazı qalmış və qətnaməni həmin hissədə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 2(018)-1214/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan JN-0061 nömrəli, 80110028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 91 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,51 hektar torpaq sahəsi Astara rayonunun Maşxan kənd sakinləri X3, X6, X7 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi X8 tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Astara RPŞ-nin əməkdaşlarının dəvəti əsasında Astara rayonunun Maşxan kənd sakini İddiaçı məxsus pay torpaq sahəsi ilə qonşu olan və sahibi Cavabdeh məxsus pay torpaq sahəsinin aralarında olan təxminən 12 metrlik çəpərin və çəpər dibində və yaxınlığında olan bir çox ağac bitkilərinin, eləcə də meyvə ağaclarının yandırılma yolu ilə məhv edilməsi aşkar olunmuşdur. Belə ki, İddiaçı məxsus pay torpaq sahəsində çəpərə yaxın olan ağac bitkilərindən qızılgöz ağacının 2 ədədi tamamilə, 3 ədədinin isə bir hissəsi, eləcə də 3 ədəd alça ağacı, 1 ədəd qaragilə ağacı, 3 ədəd naringi ağacı yandırılma yolu ilə quruyub məhv edilmişdir. Yandırılmış ağacların çoxillik və məhsuldar olmasını və verdikləri məhsulun hazırkı bazar qiymətini nəzərə almaqla, İddiaçı məxsus pay torpaq sahəsində ona dəymiş ziyanın təxminən 1500 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarında olan AR DİN Astara RPŞ-nin təhqiqat bölməsi tərəfindən İddiaçı müraciəti əsasında toplanmış materiallardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Əsabəli adlı qonşusunun ona məxsus pay torpağını yandırdığını və sahədəki meyvə ağaclarının yanaraq məhv olduğunu bildirmişdir. Həmin materiallarda olan 23 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi protokoluna əsasən, yanğının baş verdiyi torpaq sahəsinə baxış keçirilmiş və yanğın nəticəsində məhv olmuş ağac və bitkilərin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Həmin materiallarda olan Astara RPŞ-nin 31 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Astara RPŞ-nin 31 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda aparılmış təhqiqatla 23 iyul 2022-ci ildə Astara rayonu, Maşxan kənd sakini Cavabdeh özünə məxsus torpaq sahəsində olan kol-kosu və zibilləri yandıran zaman alovun küləyin təsirindən qonşuluğunda İddiaçı məxsus olan torpaq sahəsinə keçməsinin, çəpər dibində və yaxınlığında olan ağac bitkiləri və meyvə ağaclarının yanmasının, nəticədə İddiaçı 1500 manat dəyərində ziyan dəyməsinin müəyyən edildiyi göstərilmişdir. Cavabdeh 26 iyul 2022-ci il tarixində Astara RPŞ-yə verdiyi izahatında bildirmişdir ki, o, 23 iyul 2022-ci il tarixində saat 12 radələrində həyətində olan kolluqları və zibilləri yandırarkən külək yanğının qığılcımlarını İddiaçı bağında olan qurumuş böyürtkən kollarının üzərinə salmış və orada kiçik yanğın baş vermişdir. Cavabdeh çənlərdə su gətirərək vedrə ilə su səpib yanğının qarşısını almış və təxminən 1 saat orada gözləmişdir ki, birdən yanğın baş verər. Sonra isə çıxıb getmişdir. O, həmin vaxt hansısa ağaca ziyan dəydiyini görməmiş, lakin orada bir neçə çürümüş ağac gövdəsi tüstülədiyi üçün onların gövdəsini ayağı ilə əzib içinə su səpərək yanğın olmasının qarşısını almışdır. Cavabdeh verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin ərazidə kol-kosu yandıran zaman yanğın təhlükəsizliyi qaydalarına riayət edərək bu barədə hər hansı aidiyyəti quruma müraciət etməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Astara filialının 4133 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, hazırkı iddianın verilməsinə görə İddiaçı tərəfindən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 91 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0,51 hektar torpaq sahəsi Astara rayonunun Maşxan kənd sakinləri X3, X6, X7 və X4 mülkiyyətinə verilmişdir. İddiaçı Astara RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixində qonşusu cavabdehin ona məxsus pay torpağını yandırdığını və sahədəki meyvə ağaclarını məhv etdiyini bildirmişdir. Polis Şöbəsi tərəfindən həmin tarixdə hadisə yerinə baxış keçirilərkən yanğının baş verdiyi torpaq sahəsində yanğın nəticəsində məhv olmuş ağac və bitkilərin fotoşəkilləri çəkilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə polis şöbəsinə verdiyi izahatında xx.xx.2022-ci il tarixində, saat 12 radələrində həyətindəki kolluqları və zibillikləri yandırdığını, külək nəticəsində yanğının qığılcımlarının qonşusu iddiaçının sahəsində olan kollara düşərək kiçik yanğın hadisəsinin baş verdiyini və həmin yanğını söndürdüyünü qeyd etmişdir. Astara rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi X8 tərəfindən 30 iyul 2022-ci il tarixində tərtib olunmuş mütəxəssis rəyindən göründüyü kimi, həmin tarixdə iddiaçıya məxsus pay torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsi ilə qonşu olan cavabdehə məxsus pay torpaq sahəsinin aralarında olan təxminən 12 metrlik çəpərin və çəpər dibində və yaxınlığında olan bir çox ağac bitkilərinin, eləcə də meyvə ağaclarının yandırılma yolu ilə məhv edilməsi aşkar olunmuş, iddiaçıya məxsus pay torpaq sahəsində çəpərə yaxın olan ağac bitkilərindən qızılgöz ağacının 2 ədədinin tamamilə, 3 ədədinin isə bir hissəsinin, eləcə də 3 ədəd alça ağacının, 1 ədəd qaragilə ağacının, 3 ədəd naringi ağacının yandırılma yolu ilə quruyub məhv edildiyi müəyyən edilmiş və iddiaçıya dəymiş ziyanın məbləği təxminən 1500 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüuqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin iddiaçının hazırkı tələblə müraciət edə bilmək üçün subyektiv hüququnun olmamasına dair dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Hazırkı mübahisənin predmetini delikt (mülki hüquq pozuntusu), yəni ağacların məhv olması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. İddiaçı ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsində əkdiyi ağacların cavabdeh tərəfindən törədilmiş yanğın nəticəsində yanaraq məhv olduğunu bildirərək, ona vurulmuş maddi zərərin məbləğinin 1500 manat olduğunu qeyd etmişdir. İddiaçı maddi zərərin məbləğinin sübut edilməsi üçün Astara rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi X8 tərəfindən 30 iyul 2022-ci il tarixində tərtib olunmuş mütəxəssis rəyinə istinad etmişdir. Cavabdeh yanğın nəticəsində məhv olmuş ağacların və bitki kollarının iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində baş verməsi əsası ilə iddiaya etiraz etmişdir. İddiaçı ağacların ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsində əkildiyini bildirərək, həmin halı təsdiq etmək üçün JN-0061 nömrəli, 80110028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətini təqdim etmişdir. Cavabdeh isə ağacların əkildiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmamasına dair hər hansı sübut təqdim etmədən formal mülahizə irəli sürməklə yanaşı, həmin ağacların iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində və iddiaçı tərəfindən əkildiyini bildirmişdir. Həmçinin, cavabdeh həmin torpaq sahəsinin iddiaçının deyil, üçüncü bir şəxsin mülkiyyətində olduğunu, bunun müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsinin zəruri olduğunu, iddiaçının həmin torpaq sahəsini zəbt etdiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, həmin hal hazırkı iş üzrə mübahisə predmetinə aid olmamaqla yanaşı, əgər həqiqətən də torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmiş olsaydı belə, bu halı mübahisələndirməyə hazırkı iş üzrə cavabdehin subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh Astara RPŞ-yə verdiyi 26 iyul 2022-ci il tarixli izahatında məhz İddiaçı bağında olan qurumuş böyürtkən kollarının üzərinə yanğının qığılcımlarının düşməsini bildirmişdir. Bu isə onu göstərir ki, cavabdehin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı bildirdikləri əsaslı deyil. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının yanğın səbəbilə onun əkib-becərdiyi ağacların məhv olması nəticəsində ona vurulmuş 1500 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququ mövcuddur. İddiaçı həmin ziyanın cavabdeh tərəfindən vurulduğunu bildirərək, cavabdehin mülki hüquqi məsuliyyətinin olduğuna istinad etmişdir. Odur ki, məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdehin mülki hüquqi məsuliyyətinin yaranıb-yaranmamasının araşdırılmasını zəruri hesab edir. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - Ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindəki kol-kosu yandıran zaman bu hərəkəti nəticəsində qonşusu olan iddiaçının hüquqlarını pozmuş, törətdiyi yanğın nəticəsində qonşu torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş ağacları və bitkiləri yandıraraq məhv etmiş, bununla da Mülki Məcəllənin 152.5-ci maddəsi baxımından hüquqazidd hərəkət etmişdir. Bundan əlavə, Mülki Məcəllənin 170.2-ci maddəsi baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qonşuluq hüququ çərçivəsində öz mülkiyyət hüququnu həyata keçirən zaman qonşu torpaq sahəsinə qanunsuz təsirlərdən çəkinmək vəzifəsini pozmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş əməl hüquqa zidd olmuşdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə 23 iyul 2022-ci il tarixində mübahisəli ərazidə cavabdeh tərəfindən yanğının törədilməsi və bu yanğın nəticəsində iddiaçıya 1500 manat məbləğində maddi ziyanın vurulması müəyyən edilir. Belə ki, cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindəki kol-kosu yandıran zaman küləyin təsiri ilə alovun qığılcımlarının qonşu torpaq sahəsindəki kol-kosun üzərinə düşdüyünü, lakin özünün tezliklə orada baş vermiş kiçik yanğını söndürdüyünü, təxminən 1 saat gözlədikdən sonra getdiyini bildirmişdir. Astara RPŞ-nin 31 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə də 23 iyul 2022-ci ildə cavabdehin özünə məxsus torpaq sahəsində olan kol-kosu və zibilləri yandıran zaman alovun küləyin təsirindən qonşuluğunda iddiaçıya məxsus olan torpaq sahəsinə keçməsi, çəpər dibində və yaxınlığında olan ağac bitkiləri və meyvə ağaclarının yanması, nəticədə iddiaçıya 1500 manat dəyərində ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd edilənlər onu göstərir ki, cavabdehin yanğın törətməsi nəticəsində iddiaçıya maddi zərər vurulmuş və baş vermiş zərərlə cavabdehin hüquqa zidd əməli arasında səbəbli əlaqə mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında nəzərdə tutulmuş hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası bildirir ki, Qərarda göstərilmiş üç şərti məcmu halında özündə ehtiva etdiyindən, cavabdehin əməli mülki qanunvericiliyin normalarını pozan və mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh apellyasiya şikayətində yanğını qəsdən törətməməsini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirli olması onun həmin əməli qəsdən və ya ehtiyatsızlıqdan törətməsi ilə mümkündür. Hazırkı halda isə cavabdeh yanğın təhlükəsizliyi qaydalarına riayət etməyərək, ehtiyatsızlıqdan yanğının baş verməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin əməli mülki hüquq pozuntusu sayıldığından, bu pozuntu nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin əvəzi onun tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdeh apellyasiya məhkəməsinin iclasında mütəxəssis rəyinin düzgün verilmədiyini, ağacların qiymətinin təxminən 20-30 manat məbləğində olduğunu, həmçinin qurumuş söyüd ağacının da dəymiş ziyanın məbləği hesablanarkən nəzərə alındığını qeyd etsə də, istinad etdiyi həmin halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, zərərin daha az məbləğdə olmasını sübut edə bilməmişdir. İddiaçı isə maddi zərərin həcminin müəyyən edilməsi məqsədilə Astara rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi X8 tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası isə həmin rəyin 38 illik iş təcrübəsinə malik olan mütəxəssis tərəfindən verilməsini və Astara RPŞ-də aparılan araşdırma çərçivəsində alındığını nəzərə alaraq, mötəbər sübut olaraq qəbul edir. Beləliklə, iş materialları ilə cavabdehin iddiaçıya 1500 manat məbləğində maddi zərər vurması faktı və cavabdehin həmin zərərin əvəzini ödəməli olması vəzifəsi öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi iddia tələbini maddi zərərə aid olan hissədə təmin etməklə, vurulmuş ziyana görə 1500 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlməklə də prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr Astara Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(018)-1214/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(018)-1214/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(018)-1214/2022 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar