Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-407/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı3 ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı3 ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş Füzuli Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(064)-1647/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı3 ASC (əvvəllər Aqrolizinq) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 28.838 manat əsas borcun, 3.301,10 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı3 ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına müvafiq olaraq İddiaçı3 ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 may 2018-ci il tarixli, 687-L/18 saylı və xx.xx.2018-ci il tarixli, 1679-L/18 saylı müqaviləyə əsasən cavabdeh lizinq predmetlərini lizinqə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və nəticədə hər iki müqavilə üzrə 28.838 manat əsas borc, 3.301,10 manat cərimə borcu qalmışdır. İddiaçı sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdehdən 30 may 2018-ci il tarixli, 687-L/18 saylı müqavilə üzrə 45.500 manat əsas borc, 16.016 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 1679-L/18 saylı müqaviləyə əsasən 37.6459 manat əsas borc və 10.355,07 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(064)-1647/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı3 ASC-nin xeyrinə Cavabdeh1 30 may 2018-ci il tarixli, 687-L/18 saylı müqavilə üzrə 45.500 manat əsas borc və 1.000 manat cərimə borcu olmaqla, cəmi 46.500 manat və xx.xx.2018-ci il tarixli, 1679-L/18 saylı müqavilə üzrə 37.659 manat əsas borc və 1.000 manat cərimə borcu olmaqla, cəmi 38.659 manat olmaqla – ümumilikdə hər iki müqavilə üzrə 85.159 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə kənd təsərrüfatı texnikalarına güzəşt tətbiq edilmişdir. Lakin məhkəmə bu Fərmanı və onun əsasında təsdiq edilmiş qaydaları nəzərə almamış, hər iki texnikanın dəyərinin 20% ödəməsinə baxmayaraq ona güzəşt edilməmiş, məhkəmədə bu hala qiymət verməyərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-692/22 nömrəli iş üzrə 5 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Samir Mayılov və İlham Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən sübutlar səthi araşdırılmış, zərurətin olmasına baxmayaraq müvafiq prosessual tədbirlərin icrası təmin olunmamış, ödənilmiş vəsaitlərə və tələb məbləğinin həqiqiliyinə hüquqi qiymət verilməmiş və önəmli hallar qətnamədə öz əksini tapmamışdır. Borc məbləğinin konkretliyinin və cərimələr üzrə faiz dərəcələrin, ən əsası isə güzəştlərin tətbiqi ilə bağlı lizinq obyektinin dəyərinin hansı faiz dərəcəsinin cavabdeh tərəfindən ödənilməsinin müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olduğu halda, məhkəmə işin hər tərəfli, obyektiv və tam araşdırılmasını, o cümlədən iş üzrə qanuni və əsaslı yükün qərar qəbul olunması üçün müvafiq ekspertizanın təyin olunaraq keçirilməsini təmin etməmişdir. Məhkəmənin şikayət olunan qətnaməsi ilə müəyyən olunmuş borc məbləği və həmin məbləğlər üzrə hesablanmış cərimələr həqiqəti əks etdirmir və məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara ziddir. Məhkəmə iclasında tələb olunan məbləğin çox hissəsinin ödənilməsi müəyyən olunsa da, nədənsə nəzərə alınmamışdır. Bu əsaslara görə də məhkəmə qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2(102)-5465/2022 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-692/2022 nömrəli iş üzrə 5 may 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə hüquqi şəxs olan iddiaçı vergi ödəyici olan fərdi sahibkar kimi qeydiyyatdan keçmiş cavabdehə qarşı lizinq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmışdır. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən iddiaçı dəyəri 192.000 manat olan “Sambo Rosenlew SR 2065” markalı taxılyığan kombaynı və dəyəri 190.146 manat olan “New Holland TC 4.90” markalı taxılyığan kombaynı cavabdehə lizinqə vermişdir. MPM-in 24.2 və 26.2-cı maddələrinə əsasən həmin iddia həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə əsasən uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Eyni zamanda mübahisə tərəfi olan sahibkarlıq subyektinin vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırması onun sahibkarlıq subyekti kimi statusunu ləğv etmədiyindən mübahisənin aidiyyətini dəyişən hal kimi qəbul edilə bilməz. Buna baxmayaraq hazırkı iş üzrə Şirvan Kommersiya Məhkəməsi cavabdehin əsassız vəsatətini təmin edərək, işi aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərmiş və Füzuli Rayon Məhkəməsi işi icraatına qəbul edərək, mahiyyəti üzrə baxmışdır. Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi və izahatında əlavə olaraq göstərdi ki, İ Qarabağ müharibəsi veteranıdır. Hazırda iddiaçı təşkilata heç bir borcu yoxdur. Həmçinin göstərmişdir ki, vergi ödəyicisidir. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir, 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir, 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Hazırki mübahisənin subyekt tərkibi ilə yanaşı mübahisənin predmeti də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq fəaliyyətinin subyektləridir. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırki mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Füzuli Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(064)-1647/2021 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-407/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-407/2023
02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver