Məhkəmə qərarları › İş №2(106)-424/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-424/2025

17.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-424/2025 17.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı cavabdeh X1,Maraqlı şəxs1SC-nə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1013/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3, Maraqlı şəxs1 ASC-nə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Astara rayonu notariat ofisi tərəfindən vermiş-ondan və qeyrilərindən cavabdeh "xxxx" ASC xeyrinə 12YASEV166738101 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi 68618,65 manat tutmanın, ipoteka edilmiş ünvan 1 ünvanında olan 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli icra qeydini etibarsız hesab edilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1013/2024 saylı qətnaməsi (hakim İlqar Məmmədov) ilə, iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 14 yanvar 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)424/2025 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 17 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Astara Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)- 1013/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərkən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, apellyasiya şikayəti iddiaçının vəkili kimi Nümayəndə tərəfindən imzalansa da, “Elektron məhkəmə” informasiya sisteminə və iş materiallarına əlavə edilmiş vəkil orderinin hazırkı şikayət üzrə apellyasiya instansiya məhkəməsinə verildiyi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vəkillər X2 2018-ci il 27 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə əsasən, müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Qeyd edilənlər ona dəlalət edir ki, vəkil orderi yalnız bir məhkəmə instansiyasında bir prosessual hərəkətin edilməsi üçün verilən unikal sənəd olduğu halda, qanunvericiliyə uyğun qaydada tərtib edilmiş order şikayətə əlavə olunmamışdır. Hazırki işdə də iddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş order Şirvan Apellyasiya Məhkəməsi üçün deyil Astara Rayon Məhkəməsi üçün verilmişdir. Beləliklə, apellyasiya şikayəti iddiaçının vəkili kimi Nümayəndə tərəfindən imzalansa da, “Elektron məhkəmə” informasiya sisteminə və iş materiallarına vəkil orderi əlavə edilmədiyinə görə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxıla bilməz. Məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiyası məhkəməsi apellyasiya şikayəti daxil olduqda onu vermiş şəxsin apellyasiya şikayəti vermək hüququna malik olmasını, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda apellyasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmalıdır. Lakin hazırki iş üzrə birinci instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1013/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar