Məhkəmə qərarları › İş №2(106)-430/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-430/2023

28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-430/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 13584 (on üç min beş yüz qırx səkkiz) manat məbləğində borcun və ödənilmiş 107 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(017)-413/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(017)-413/2022 saylı qətnaməsi ilə (hakim Sulduz Ləzimov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(017)- 413/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o Ağcabədi rayonunun Avşar kəndində ailəsi ilə birlikdə yaşayır. İş üzrə Cavabdeh 20 noyabr 2010-cu il tarixdə onun yanına gələrək ondan ehtiyacı olduğu üçün 13748 manat məbləğində borc pul almış və bu barədə qəbz yazaraq ona vermiş, həmin borcu 2016-cı ilin yanvar ayının 1-nə kimi qaytaracağına söz vermişdir. Lakin Cavabdeh bu günə kimi həmin pulu ona qaytarmamışdır. O, cavabdehdən pulu qaytarmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. O, cavabdehin maddi vəziyyətini nəzərə alaraq borcun qaytarılması müddətini uzatmışdır. Cavabdeh 2019-cu ilin sonlarında ona 200 manat məbləğində pul qaytarmış, qalan 13548 manat məbləğində borcunu isə 2020-ci ilin yanvar ayında qaytaracağını vəd etmiş, lakin bu günədək borclu olduğu 13548 manat məbləğdə borc puldan heç bir məbləğ qaytarmamışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh onun xeyrinə 13584 (on üç min beş yüz qırx səkkiz) manat məbləğində borcun və ödənilmiş 107 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxanlmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərdiyi kimi Cavabdeh ondan borc pul almış və buna dair yazılı qəbz vermişdir. 2019-cu ilin sonlarında ona borcdan yalnız 200 manat məbləğdə pul qaytarmış, qalan borcu tezliklə ödəyəcəyinə söz vermişdir. Vədini yerinə yetirmədiyindən məcbur olub məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh məhkəməyə müraciətindən sonra ortaq tanışları vasitəsilə maddi vəziyyətinin ağır olması səbəbindən möhlət istəmişdir. O, tanışlarının təkidi ilə məhkəməyə verdiyi ərizənin baxılmamış saxlanmasını xahiş etmiş və bu barədə məhkəmə qərardadı vardır. Sonradan cavabdehim onu aldatdığını görüb hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh məhkəmədə pul aldığını təsdiqləsə də, ancaq həmin pulu qaytardığını bildirmişdir. O, isə məhkəmədə cavabdehdən pulu qaytarmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməsini tələb etdikdə, cavabdeh iddia müddətinin keçməsini əsas gətirmiş və məhkəmə onun bu dəlili ilə razılaşmışdır. Borcun ödənilməsinə dair sübut təqdim etmək cavabdehin öhdəliyidir, o 2019-cu ilin sonlarında ona 200 manat məbləğdə pul qaytardığını təsdiqləməklə iddianı etiraf etdiyindən məhkəmənin Mülki Məcəllənin 372-375-ci maddələrinə istinad edərək iddianı rədd etməkdə haqlı olmamışdır. Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçı iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(017)-413/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, özü müəllimdir. Yaxın qohumu xəstə olduğu üçün həqiqətən də İddiaçı 2008-2015-ci illərdə hissə-hissə olmaqla bir neçə dəfə müxtəlif məbləğlərdə pul alıb-qaytarmışdır. İşdə olan və pulun alınmasını nəzərdə tutan qəbzdəki imza və xətt ona məxsusdur. Hər dəfə pulu qaytaranda iddiaçıda olan jurnala imza etmişdir. Amma həmin jurnal hazırda iddiaçıdadır və məhkəməyə təqdim etməmişdir. O, iddiaçıdan aldığı pulları artıq 10 faiz ödəmək şərti ilə almışdır. Aldığı pullara görə onun maaş kartı və qızılları da həmin pullara görə zəmanət olaraq iddiaçıda olmuş, 2015-2016-cı illərdə bütün borcunu qaytarmış və maaş kartı ilə qızılları da geri qaytarılmışdır. Maaş kartını iddiaçıya versə də, karta maaş köçürüləndə özü alıb çıxarıb geri qaytarmışdır. Ümumiyyətlə 2016-cı ildən sonra - eləcə də 2019-cu il tarixdə iddiaçıya heç bir pul qaytarmamışdır. Çünki həmin dövrdə, yəni 2016-cı ildən sonrakı tarixə onun iddiaçıya borcu qalmamışdır. Məhkəmədə iddiaçının ona qarşı hər hansı işin olması barədə heç bir məlumatı olmamışdır. O, buna görə də, Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(017)-413/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(017)-413/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 01 senyabr 2015-ci il tarixdə dostu İddiaçı borc olaraq 13475 manat məbləğində borc pul almış və dörd ay müddətinə yəni 01 yanvar 2016-cı il tarixə qədər qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa, MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Habelə, MM-in 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, işdə olan 01 sentyabr 2015-ci il tarixli qəbzə əsasən Cavabdeh 01 senyabr 2015-ci il tarixdə İddiaçı borc olaraq 13475 manat məbləğində borc pul almış və dörd ay müddətinə, yəni 01 yanvar 2016-cı il tarixə qədər qaytaracağına söz vermişdir. İddiaçının etirafına görə həmin borcdan cavabdeh yalnız 200 manat qaytarmış, qalan 13548 manat məbləğində borcu qalmışdır. Ancaq qeyd edilməlidir ki, əslində qəbzdə 13475 manat məbləğ göstərilmişdir ki, ondan da 200 manat ödənildiyi halda qalıq 13275 manat borc qalır. Hazırkı iddia məhkəməyə yalnız 28 yanvar 2022-ci il tarixdə verilmişdir. Cavabdeh işdə olan borc müqaviləsi üzrə götürdüyü pul vəsaitini tamamilə ödədiyini və iddiaçıya heç bir borcunun olmamasını göstərsə də, həmin etirazının əsaslarını sübuta yetirə bilməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə də, cavabdeh tərəfindən öhdəliyin vaxtında və lazımınca tamamilə icra edilməsi sübuta yetirilmədiyi üçün kollegiya hesab edir ki, iddia qismən - 13275 manat borc hissədə əsaslıdır. Amma iddiaçı məhkəməyə qanunla müəyyən edilmiş iddia müddətini ötürdükdən sonra müraciət etmişdir. Müqavilə üzrə borcun qaytarılması müddəti 01 yanvar 2016-cı il tarix müəyyən edilmişdir ki, hətta 2019-cu ilin sonlarında cavabdeh tərəfindən ödəniş olsa da, artıq həmin zaman 3 illik iddia müddəti ötürülmüş olacaqdı. Bundan əlavə, adıçəkilən qəbzdə “Bu qəbzdən köhnə olan qəbzlər etibarsız sayılır” ifadəsi də cavabdehin izahatında qeyd etdiyi kimi tərəflər arasında əvvəllər də pulun alınıb-verilməsinə dair münasibətlər olmuş və müvafiq qəbzlər mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, işdə olan Ağcabədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(017)-107/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. MM-in 527.1-ci maddəsinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. MM-in 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı qanunvericilik normalarına dair qeyd edir ki, MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir ki, Məcəllənin 377.1-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarda eyni zamanda qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarına əsasən məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. İddia müddəti isə məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biridir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Bu hüquqi mövqe eyni zamanda Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 22 oktyabr 1996-cı il tarixli qərarında da ehtiva olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarlarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyan dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(017)-413/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Habelə, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(017)-413/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar