Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-437/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2798/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 mart 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ali oğlundan yaşadığı ünvana məktub göndərməklə ondan yazılı qaydada üzr istənilməsi, şərəf və ləyaqətinin alçaldılması və ləkələnməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10000 manat mənəvi ziyan və ödənilmiş 120 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkaran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla iki azyaşlı uşağı ilə birlikdə həmin kənddə yaşayır. Dolanışığı ata və anasının ona etdikləri maddi köməkliyi ilə keçir. Ana kimi iki azyaşlı uşağını dolandırmaq çətində olsa da, övladlarının qayğısına qalmaq və onları tərbiyə etmək bir valideyn olaraq onun borcudur. Bir qadin kimi onunda normal həyat tərzi sürmək üçün əxlaqı olan qarşi bir çinsin nümayəndəsinə şərəflə yanında olmasına ehtiyacı olub. Həyatında qarşına çıxacaq onu və övladlarını düşünə biləcək bir Azərbaycan oğlu ilə ailə kimi münasibət qurmağa ehtiyacı olub. Bir neçə müddət bundan əvvəl Lənkaran şəhərində Cavabdeh1 Müqabil oğlu adında birisi ilə təsadüfən tanışlığı olmuş, tanışlıqdan sonra doğmalaşmağa başlamış və Cavabdeh1 onu özünə bağlmaqla ona müəyyən vədlər verərək onu ikinci ailəsi kimi saxlamağına inandırıb bu münasibətlərini daha da dərinləşdirmişdir. Bir müddət Cavabdeh1la beləcə onun istəyinə görə gizli də olsa xoşbəxt yaşamağa davam etmişlər. Lakin bu xoşbəxtlik üzün sürmədi. Belə ki, Mirxəyalın ona qarşı göstərdiyi ailə qadını kimi münasibətinin saxta olduğu üzə çıxdı. Cavabdeh1 Lənkaran şəhərində DYP-nin rəisi işləyir və ona onunla birlikdə olduğu vaxtlarda rayon ərazisində qismən maddi imkanları normal olan insanlara zəng etməyini onlarla tanşlıq quraraq həmin şəxləri restoranlara dəvət etməyini, onlarla məclis qurmağını və həmin məclisdə şəxslərin spirtli içki qəbul etmələrinə onları məcbur etməyini, içki qəbul etdikdən sonra avtomaşınları ilə içkili halda onun təkidi ilə evinə aparmağına məcbur etməyini ondan tələb edirdi. O, Mirxəyalın bu təklifinə rədd cavabı verərək himayəsində iki azyaşlı uşağının olduğunu, gələcəkdə uşaqları üçün pis ana olmaq istəmədiyini, onların mənəvi əzab çəkmək istəmədiyini ona bildirmişdir. Lakin Cavabdeh1 onu buna məcbur etməyə davam etmişdir. O, Cavabdeh1 bildirmişdir ki, o bir qadın kimi onunla münasibət qurmaqda məqsədi saf olmuş, onun həyatında pis anında çiynini söykəmək üçün, ayaqda durmaqdan ötrü əsl Azərbaycan kişisi sanmış, o, isə onu əldə etməkdən ötrü anlıq hisslərinə çatmaq üçün həyatına girib ona mənəvi və psixoloji zərbə vurmuşdur. Cavabdeh1 onu məqsədli şəkildə dostu (həm də iş yoldaşı) Cavabdeh2 adlı şəxslə eyni bir məclisə apararaq orada onu insanları içki məclislərinə dəvət edib, spirtli içki qəbul etmələrini və sükan arxasına keçmələrinə məcbur etməyi, nəticədə barədə Şahinə məlumat vermək kimi tapşırqlar vermişdir. Cavabdehlərin məqsədi isə həmin sürücüləri saxlayıb onlardan küllü miqdarda riüsvət almaq idi. O, cavabdehlərə yenə bunu etməyəcəyini bildirdikdə Şahin də Mirxəyalın sözündən çıxmamağını, əks halda bunun ona baha başa gələcəyini demişdir. Cavabdehlərin ona qarşı psixolji təzyiqləri başlamış, hətta vəziyyət o yerə çatmışdırdı ki, dəfələrlə özünə qəsd etmək qərarına gəlmişdir. Lakin azyaşlı balaları gözünün önündə qalmış, güclə də olsa bu fikri birtəhər ağlından çıxarmağa qərar vermişdir. O, vəziyyətin belə olduğunu görüb yuxarı orqanlara və ali rütbəli məmurlara rəsmi müraciətlər etmişdir. Cavabdehlər ona qarşı təzyiqləri davam edirdi və onu hər gün hədəyə məruz qoymaqları nəticəsində onun səhhətində psoxoloji problemlərin yol açmasına zəmin yaranmışdır. Bir qadın olaraq Mirxəyalın təsəvvür etdiyi kimi şirin dilinə aldanmağı, bu şirin sevgi dolu nəvazişlərin saxta və məkirli niyyəti üçün hazırladığı aşkara çıxmiş, ona ciddi sarsıntı keçirməyinə, adının ləkələnməsinə səbəb olması onun üçün ən boyük zərbə olmuşdur. Eyni ilə Cavabdeh2 də Mirəxəyalla birgə üstünə gəlməsi, onu pis yollara çəkməsi, ona şərəf və ləyaqətinin açladılmasına səbəb olmuşdur. Bu təzyiqlər nəticəsində onun sarsıntılar keçirməyi nəticəsində cavabdehlər ona oyun quraraq onun bu saldıqları vəziyyətində ona ikinci zərbəni vurdular. Ona vurduqları zərbələrə görə yenə də yuxarı təşkilatlara etdiyi müraciətlərinə görə onu susdurmaqdan ötrü faktiki olaraq onların çirkin niyyətləri zəminində düşdüyü psixoloji durumdan istifadə edərək həqiqi mülicəyə ehtiyacı olduğu halda üstünə dəli adı qoyaraq atasını aldadıb guya ona yardım etmək məqsədi ilə müalicə olunmağı üçün Lənkəran psixatirya mərkəzinə yerləşdirilməyinə nail oldular. Bəli, onun müalicəyə sağlamlığı üçün ehtiyacı var idi. Cavabdehlər onun bu durumundan öz məkirli niyyətləri üçün istifadə edərək yuxarı təşkilatlara olan müraciətlərini xəstəxanada olduğunu üst-üstə salıb saxta əsaslandıraraq onu həqiqətən dəli kimi göstərərək özlərini bu şikayətdən xilas etməyə nail olmuşlar. Nəticədə ona maddi və mənəvi zərbələr vuruldu, şərəf və ləyaqəti alçaldıldı. Bundan əlavə Lənkəran şəhərində yerləşən “İrşad” mağazasında onun şəxsi vəsaiti hesabına ilkin olaraq 1000 manat və sonradan 500 manat ödənilməklə Cavabdeh2 adına “İphone” markalı telefon almışdır. Cavabdehlərin şərtləri ilə razılaşmadığına görə Cavabdeh2 telefonun onun adına olduğunu əsas götürərək mağazaya müraciət etmiş və həmin telefonu bağlatdıraraq ona 2500 manat maddi ziyan vurmuş, halbuki, həmin telefon üçün Cavabdeh2 heç bir ödəniş etməmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə şıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-2798/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Firdovsi Əliyev), İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşadığı ünvana məktub göndərməklə ondan yazılı qaydada üzr istənilməsi, şərəf və ləyaqətinin alçaldılması və ləkələnməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10000 manat mənəvi ziyan və ödənilmiş 120 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı İddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)-2798/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-2798/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-2798/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə müvafiq olaraq hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərd ətutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldənçıxmışfayda)başadüşülür. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslərin dairəsinə bildirildikdə, yayılmış hesab edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 2-ci hissəsində göstərilir ki, «….zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır..…» Həmin Qərarın 4-cü bəndində isə qeyd olunur ki, «şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir». Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2798/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2011/2024 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, X2 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbi barədə iddialarının təmin edilməməsi və iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 manatın iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçının iddia tələbinin mahiyyəti cavabdehlər tərəfindən onun şərəf və ləyaqətinə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 21.1,21.2,23.1,23.4,-ci maddələri təşkil edir. İş materiallarının tədqiqindən müəyyən edilir ki, iddiaçı ilə cavabdehlər səmimi münasibətlərdə olmuş, sonradan iddiaçının deməsinə görə cavabdehlər ona yaşadığı Lənkəran rayonunda müəyyən imkanlı şəxslərlə tanışlıq qurmağı, həmin şəxsləri restorana dəvət edərək onlarla məclis qurub spirtli içki qəbul etmələrinə onları məcbur etməyi, içki qəbul etdikdən sonra avtomaşınları ilə içkili halda onu evinə aparmağa məcbur etməyini ondan xahiş etmişlər. İddiaçı da könüllü olaraq bir neçə dəfə cavabdehlərin dediyini etmiş, sonradan isə bundan imtina etdiyi üçün münasibətləri pozulmuşdur. Bundan əlavə əqli cəhətdən sağlamlığında heç bir narahatçılıq olmadığı halda cavabdehlər onun Lənkəran Psixiatrik xəstəxanasına yerləşdirilməsinə nail olmuşlar. Bu səbəbdən də iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək cavabdehlərin onun yaşadığı ünvana məktub göndərməklə ondan yazılı qaydada üzr istəmələri, şərəf və ləyaqətinin alçaldılması və ləkələnməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10000 manat mənəvi ziyan və ödənilmiş 120 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslərin dairəsinə bildirildikdə, yayılmış hesab edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 2-ci hissəsində göstərilir ki, «….zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır..…» Həmin Qərarın 4-cü bəndində isə qeyd olunur ki, «şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir». Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlərlə aralarında olan münasibətlərin pozulmasından sonra cavabdehlərin onu psixiatriya xəstəxanasına yerləşdirmələri, onları hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsini bildirsə də, işin araşdırması zamanı cavabdehlərin iddiaçının şərəf və ləyaqətini alçaldan və ləkələyən hər hansı hərəkətlərə yol verməsi faktı öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı onun mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını göstərə bilməmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2(050)-2798/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2798/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-437/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-437/2025
03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver