Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-449/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "X3” publik hüquqi şəxsin Cavabdeh qarşı “20 baş qoyun və bir baş qoçun natura şəkilində qaytarılması və məhkəmə xərclərinin tutulması” tələbinə mülki işi üzrə Açar sözlər: özünəməşğulluq, mal-qara tələbi. X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin Tabeliyində "X3” publik hüquqi şəxsin Cavabdeh qarşı "20 baş qoyun və bir baş qoçun natura şəkilində qaytarılması və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(057)-752/2023 saylı qətnaməsindən (hakim Ənnağı Məmmədli) iddiaçı X3” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin Tabeliyində "X3” publik hüquqi şəxsi Cavabdeh qarşı "20 baş qoyun və bir baş qoçun natura şəkilində qaytarılması və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan "Özünəməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 12 avqust tarixli, ÖM/2021-107 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoçun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) 13 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan "Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 12 avqust tarixli ÖM/2021-107 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 14795, 14034, 14791, 14019, 14011, 14073, 14794, 14336, 14023, 27843, 14003, 14070, 14174, 14014, 14077, 14767, 14069, 14084, 14392 və 14051 birka nömrəli 20 (iyirmi) baş qoyun, 1 (bir) baş birka nömrəli 14792 qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 12 avqust tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”-nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 13 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 04 aprel aralıq və 15 noyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 14795, 14034, 14791, 14019, 14011, 14073, 14794, 14336, 14023, 27843, 14003, 14070, 14174, 14014, 14077, 14767, 14069, 14084, 14392 və 14051 birka nömrəli 20 (iyirmi) baş qoyun, 1 (bir) baş birka nömrəli 14792 qoç aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir.Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Qeyd edilməlidir ki, həm "Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özünüməşğulluğuntəşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə ve ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaylarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özünüməşğulluğun təşkili Qaydası”-nın 92-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3 və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı "X3” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz və mülahizə təqdim etmiş və izahatında göstərmişdir ki, ona təqdim olunmuş 20 baş ana qoyunun bir müddət sonra xəstə olduğunu görmüş, bu barədə baytara və Məşğulluq Mərkəzinə məlumat vermişdir. Mərkəzin işçiləri ona bildirmişlər ki, başqa qoyunlar yoxdur. Qoyunlar ona təqdim olunan zaman əməkdaşlar tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmış və ondan tələb olunmuşdur ki, onların dedikləri sözləri təkrar etsin. Faktiki olaraq onların dedikləri real vəziyyət olmamışdır. Ona qoç da verilməmişdir. Qoç olmadığı üçün onun əvəzinə bir baş ana qoyun verilmişdir. Onun istifadəsinə verilmiş 6 baş qoyun öldükdən sonra məcbur qalıb yerdə qalan qoyunları satmış və pulunun üstünü düzəldərək bir baş yanı balalı inək almışdır. Bu barədə Məşğuluq Mərkəzinə məlumat vermiş, mərkəzin nümayəndəsi gəlib baxmışdır. Akt tərtib olunarkən izahat verməkdən imtina edilməsi ilə bağlı deyilənlər doğru deyil, ondan nə suruşublar ona da cavab veribdir. 6 baş ölmüş qoyunları basdırdığı yer qalır, həmin qoyunların birkaları hazırda ondadır. Qoyunların ölməsinin səbəbini müəyyən etmək üçün baytara məlumat versə də heç bir tədbir görülməmişdir. Bir baş inək və balasını sataraq yenidən 22 baş qoyun və keçi almışdır. Məşğulluq Agentliyi ona qarşı haqsızlıq edir, hazırda o, mal-qaranın sayını artırmış və fərdi sahibkarlıqla məşğul olur. Dövlətin siyasətindən razıdır. Əslində Agentlik tərəfindən əsaslı monitorinq aparılmamışdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(057)-752/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etimşdir. İddiaçı tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh mal-qaranı təhvil-təslim aktına imza edərək qəbul etmişdir. Cavabdehə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 13 saylı Ərazi Məşğulluq Mərkəzi filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 04 aprel aralıq və 15 noyabr tarixli yekun monitorinqi aktlarına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər aşkar edilməmişdir. Cavabdehə ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. 2022-ci il 04 aprel aralıq və 15 noyabr tarixli yekun monitorinqi aktları və məhkəmə Qətnaməsi ilə də sübut olunur ki, 12 avqust 2021-ci il tarixli 107 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh verilmiş 14795, 14034, 14791, 14019, 14011, 14073, 14794, 14336, 14023, 27843, 14003, 14070, 14174, 14014, 14077, 14767, 14069, 14084, 14392 və 14051 birka nömrəli 20 (iyirmi) baş qoyun, 1 (bir) baş birka nömrəli 14792 qoç aşkar edilməmişdir. Bununla da cavabdeh 12 avqust 2021-ci il tarixli, 107 nömrəli müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh məhkəmə iclası zamanı qoyunlardan 6 başının tələf olduğunu və digərlərini satdığını bildirmişdir. Cavabdeh 6 baş qoyunun tələf olduğunu bildirsə də, həmin qoyunların Agentlik tərəfindən verilmiş qoyunlar olduğunu sübut edə bilməmişdir. Bundan başqa digər qoyunları satdığını etiraf etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, cavabdeh özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh verilmiş 14795, 14034, 14791, 14019, 14011, 14073, 14794, 14336, 14023, 27843, 14003, 14070, 14174, 14014, 14077, 14767, 14069, 14084, 14392 və 14051 birka nömrəli 20 (iyirmi) baş qoyun, 1 (bir) baş birka nömrəli 14792 qoç monitorinq aparılan zaman cavabdehə məxsus həyətdə aşkar edilməmişdir. Buna görə də iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermişlər. Apellyasiya şikayətlərinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qoyunları aldıqdan bir müddət sonra onlar ölməyə başlamışdır. Buna görə də məcbur olub qoyunları sataraq yanıbalalı inək almışdır. Hazırda da inəkləri sataraq 24-25 qoyun almışdır. Manitorinq zamanı sonradan almış olduğu qoyunların həyətdə olmamasının səbəbi həmin qoyunların örüşdə olmasıdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.10-cu maddəsinə əsasən, məşğulluq - Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - şəxslər) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti; Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməklə özünüməşğulluğa kömək göstərir. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.4-cü maddəsinə əsasən, Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.1, 3.2.2 və 3.3.3-cü bəndlərinə əsasən əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək, əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemləndirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu müqaviləyə əlavə 2-də göstərilən təlimata riayət etmək, əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələrindəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 avqust 2021-ci il tarixli 107 nömrəli "Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin və eyni tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair aktın surətlərindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 13 saylı Ərazi Məşğulluq filialı özünəməşğulluğa cəlb olunmuş Cavabdeh istifadə etməsi üçün 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem vermişdir. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinq aktının, 05 noyabr 2022-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinq aktının surətlərindən görünür ki, Salyan rayonu, Xocalı kəndində özünəməşğulluğa cəlb olunmuş Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış, bu zaman onun istifadəsinə verilmiş 20 baş qoyun və 1 baş qoç aşkar edilməmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh, Agentlik tərəfindən verilmiş əmlakı bu məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanmaqla Agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürməsi barədə xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdeh özünəməşğulluq proqramı çərçivəsində imzalanmış müqavilənin şərtlərini pozmuş, əmlakın monitorinqi zamanı aktivlər, yəni mal-qara aşkar edilməmişdir. Buna görə də, iddia tələbi təmin edilməmişdir. Apellyasiya baxışında müvafiq sorğu verilmiş, Sabirabad rayonu, Şəhriyar kəndi heyvan-qara, mal alqı-satqısı bazarının müdiri, fiziki şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarix üçün damazlıq qoçun dəyəri 250-300 manat, qoyunların dəyəri isə 180-280 manat təşkil edir. Apellyasiya baxışında da, apellyasiya şikayətində göstərilənlər öz təsdiqini tapmışdır. Bunlara əsasən də, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(057)-752/2023 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoçun natura şəklində “X3” publik hüquqi şəxsinə qaytarılmalı, onlar olmadıqda isə onların dəyəri 5880 (beş min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “X3” publik hüquqi şəxsinə ödənilməlidir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq 117 (bir yüz on yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş 5000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X3” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(057)-752/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoç natura şəklində, onlar olmadıqda isə onların dəyəri 5880 (beş min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “X3” publik hüquqi şəxsinə verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq 117 (bir yüz on yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-449/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-449/2024
24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver