Məhkəmə qərarları › İş №2(106)-458/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-458/2023

06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-458/2023 06.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Salyan Rayon Məhkəməsinin 2(057)2014/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2023-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh törətdiyi dələduzluq cinayəti nəticəsində ona vurmuş olduğu 90.000 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi ziyanın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390 manat məbləğində pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iddiaçı qismində izahat verən İddiaçı bildirmişdir ki, cavabdeh onun bacanağıdır. Özü xaricdə olduğu zaman bacanağı Nazim ona kənddə 50000 manata bir fermanın satıldığını demişdir. Ona gəlib ferma satan şəxslə özü danışacağını demiş, lakin Nazim satan adamın onu gördüyü halda baha deyəcəyini bildirmişdir. Ona görə də Nazimin dedikləri ilə razılaşmışdır. 2014-cü ildə Nazimə əvvəlcə Bakı şəhərində 35.000 manat, 2 gün sonra qardaşı X15 iş yerindən 15000 manat vermişdir. Fermanı qohumu X11 adına sənədləşdirmişlər. 2021-ci ilin sonunda ona məlum olmuşdur ki, Nazim fermanın alınması üçün 27000 manat pul vermiş, 23.000 manatı mənimsəmişdir. 2015-ci ildə Nazim ona fermadan bir qədər aralıda Şükür adlı şəxsin 5 hektar torpağı 20000 manata satdığını demişdir. Gedib torpağa özü baxmış, daha sonra qardaşı Faiq 20000 manat pulu aparıb Nazimə vermişdir. Sənədləşmə olmamış, bir-iki gün sonra torpaq sahəsinin yararsız olduğunu eşitmiş və torpağı almaqdan imtina edərək Nazimə verdiyi pulunu geri istəmişdir. Bu məqsədlə Şükürlə görüşmüş və pulunu istəmişdir. Lakin Şükur pulu ondan almadığını, hazırda pulu olmadığını, torpağı satdıqdan sonra verəcəyini demişdir. 2015-ci ildə Nazim fermanın yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ondan 19.000 manat pul almışdır. Daha doğrusu onun dediyi ilə Nazim gedib evdə arvadından həmin 19.000 manatı götürmüşdür. Daha sonra həmin il Nazim ondan fermaya kollektorun üzərindən keçid yolun düzəldilməsi üçün 5000 manat pul istəmiş, həmin pulu ona oğlu Nihad vermişdir. Fermaya kollektorun üzərindən keçid yolun düzəldilməsi üçün 5000 manat puldan 4500 manatı mənimsəmiş, yol üçün təqribən 450-500 manat pul xərcləmişdir. Eyni qaydada Nazim ondan Ələt-Astara yolunun 22-ci km-də yerləşən YDM-nin yerləşdiyi torpaq sahəsinin sənədlərini və tikintiyə icazənin verilməsi üçün nəzərdə tutulmuş sənədləri düzəltmək məqsədi ilə 26.500 manat pul almışdır. Lakin Nazim həmin puldan 3500 manat xərcləmiş, qalan 23.000 manat pulları isə mənimsəmişdir. Nazimin qeyd edilən hərəkətlərinə görə mənəvi əziyyət çəkmiş, stres keçirmiş, uzun müddət şikayətlər yazmağa və müxtəlif orqanlara gedib gəlmişdir. Sonda məcbur olub 2021-ci ildə Daxili İşlər Nazirliyinə müraciət etmiş, onun hərəkətləri barədə cinayət işi istintaq olunmuş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti tamamlandığı üçün onun barəsində olan cinayət işinə xitam verilmişdir. Lakin Cavabdeh hərəkətlərinə dələduzluq kimi qiymət verilmişdir. 19 mart 2014-cü il tarixli müqavilədən aydın olur ki, X7, X4,X12, X13, X6 məxsus Salyan rayonu Yenikənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli istifadə növü əkin olan 2,7851 ha torpaq sahəsi alıcı X16 5000 manata satmışlar. Həmin müqavilə əsasında Əliyev Nahidin adına alınmış torpaq sahəsi üçün 15000 manat Nazimə vermiş, Nazim həmin puldan 7000 manatı mənimsəyib, 8000 manatı torpaq sahibinə vermişdir.Lakin hazırki iddia ərizəsində həmin pul və torpaqla bağıl heç bir tələb irəli sürməmişdir. Nazim onu aldadaraq pulunu ələ keçirmiş və həmin səbəbdən uzun müddət hüquq mühafizə orqanlarına şikayətlər etmiş, həmin orqanlara getmiş, lakin cavabdeh ondan aldığı pulları qaytarmamışdır. Nəticədə uzun müddət stres keçirmiş, narahat olmuş və mənəvi sarsıntı keçirmişdir. Odur ki, verilmiş iddianın əsaslı olduğunu qeyd edərək təmin olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Mayıl onun bacanağıdır. 2013-2014-cü illərdə özü icra nümayəndəsi işləyərkən icra başçısı ona yerlərdə iş yerinin açılması üçün sahibkarlara köməklik etməsini və vətəndaşları işə cəlb etməkdə onlara köməklik olunması tapşırığını vermişdir. Həmin məqsədlə Mayıla Yenikənd kəndində yerləşən fermanın alınmasında, sənədləşməsində və abadlaşdırmasında köməklik etmişdir. Eyni zamanda Mayıl YDM-nın yerləşdiyi torpaq sahəsinin bələdiyyədən alınması üçün ona köməklik etməsini xahiş etmişdir. Özü Mayılı bələdiyyə sədri Fazillə tanış etmiş və özləri söhbət etmişlər. Özü vasitəçi olmuş, heç kimdən pul almamış və verməmişdir. Mayıl pulu Fazilə özü vermişdir. YDM-nın yerləşdiyi yerin doldurulması məqsədi ilə beton borular atmış və torpaq daşıtdırmışdır. Boruların dəyəri 39000 manat olmuşdur.Fermanın alınması barədə söhbəti Mayıl Ağayarın özü ilə etmiş, pulu isə YDMdə Mayılın qardaşı Faiq ona vermiş və aparıb Ağayara vermişdir. Pulun hansı məbləğdə olmasını deyə bilməyəcəkdir. Fermanın yerləşdiyi torpaq sahəsinin sənədələşdirilməsi məqsədi ilə Şirvan və Bakı şəhərlərinə getmişdir. Fermanın çıxarışının alınması üçün 50000 manat pul sərf etmişdir. Özü kreditə pul götürmüş və həmin 50000 manat özünün olmuşdur. Pulu kimə verməsini demək istəmədiyini və heç kimin üzünə qalmayacağını demişdir. Şükür adlı şəxsdən 4 hektar torpağı 20000 manata Mayıl özü almışdır. Özü Şükürə gedib 20000 manatı Mayılın YDM-də Faiqdən götürməsini demişdir. Mayıl torpağı bəyənmədiyi üçün pulu geri almışdır. Əvəzində Mayıl başqa şəxsdən 5 hektar torpaq sahəsi almışdır. Özü Mayıl üçün xərclədiyi pulu Mayıldan tələb etdikdə Mayıl pulu qaytarmamaq məqsədi ilə ona şər ataraq, əksinə ondan pul tələb etmişdir. Kollektorun üzərindən yol çəkmək üçün 5000 manat pul xərcləmişdir. Həmin pulu Mayılın arvadı ona vermişdir. Həmin pulu Mayılın oğlu ilə birlikdə işi görən şəxslərə vermişdir. Ona qarşı verilmiş iddia əsassız olduğundan rədd olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)2014/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi (Hakim: A.Səmədov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 65600 (altmış beş min altı yüz) manat və mənəvi ziyana görə 5.000 (beş min) manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 275,35 manat alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya bu qənaətə gələrkən Mülki Məcəllənin 1097.1, 1097.3-ci madddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Ağayev X10 Rayon Məhkəməsinin 2(057)2014/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Salyan Rayon Məhkəməsinin 2(057)2014/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi Salyan Rayon Məhkəməsinin 2(057)2014/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı qəbul edilmiş qətnamədən iddianın təmin olunmayan hissəsini mübahsiələndirməmiş, Cavabdeh isə iddianın təmin olunan hissəsində apellyasiya qaydasında mübahisə açmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin 2(057)2014/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixolojireaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridirvə hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə mənəvi zərərə görə təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparılmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qanunvericiliyin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər - insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndinə əsasən zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini, cinayət mühakimə icraatı zamanı verilmədikdə isə mülki iddia icraatı qaydasında mülki iddia verməklə tələb edə bilər. (CPM-nin 180,180.3,181.1,181.1.2,182.1,182.2,182.3,182.4-cü madələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, tələbin qismən əsaslı olması və qismən sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 66, mənzil 27-də yaşayan İddiaçı tərəfindən Vilayət Eyvazova ünvanlanmış elektron müraciətdə bildirmişdir ki, sahibkardır və işi ilə əlaqədar olaraq əsasən ölkədən kənarda olduğuna görə işlərinin görülməsini qohumu Salyan rayonu Yenikənd kənd sakini xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh (*** *** ** **) həvalə etmişdir. Lakin 2021-ci ilin sonlarında ona məlum olub ki, Cavabdeh onu aldadaraq, ona olan etibarından sui-istifadə etmək yolu ilə 2014-cü ilin əvvəllərində fermanın alınması ilə əlaqədar ondan 50000 manat almış, lakin fermanı satan adama 27000 manat ödəyərək ,23000 manat, habelə həmin ilin avqust ayında sözü gedən fermanın altındakı torpaq sahəsinin özəlləşdirilməsi adı altında 19000 manat olmaqla ümumilikdə 69000 manat pulunu ələ keçirərək, ona qarşı eyni niyyətlə təkrar olaraq dələduzluq cinayəti törətmişdir. Həmçinin, 2015-ci il may ayında Cavabdeh təkrar etibarından sui-istifadə etmək yolu ilə onu aldadaraq, Bakı-Astara yolunun 22-ci km-də yerləşən 1 ha torpaq sahəsinin alınması ilə əlaqədar 26500 manat pulunu almış, həmin məbləğin 3500 manatı torpaq sahəsinin sənədləşdirilməsinə xərcləmiş, qalan 23000 manat pulu ələ keçirmiş, həmin ilin may ayında torpaq sahəsi almaq adı altında 20000 manat pulunu eyni niyyətlə ələ keçirmiş, həmin ilin iyul ayında isə kollektorda keçid yaratmaq adı altında 5000 manat məbləğində pulunu eyni niyyətlə ələ keçirmişdir. Hazırkı şikayətinin nəzarətə götürülməsini və Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən verilmiş 25 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş Salyan rayonu, Yenikənd kəndində yerləşən fermanın keçid hissəsində görülmüş tikinti-abadlıq işlərinin işçilik və material xərci daxil olmaqla (su keçidi üçün borunun quraşdırılması və torpaqlanması) həcmi və dəyəri 2015-ci il üçün ədalətli bazar dəyəri 440 manat təşkil edir. 01 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərardan müəyyən olunur ki, Cavabdeh 21 aprel 2022-ci ildə Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 75.1.1,75.1.2 və CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş və Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərarı tərəflər mübahisələndirməmiş və qərar qanuni qüvvəsini almışdır. Qeyd olunan qərarın məzmunundan aydın olur ki, cavabdeh iddiaçının tələb etdiyi vəsaiti dələduzluq yolu ilə ələ keçirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində məhkəmədə ifadə verən X25 bildirmişdir ki, fermanın alınmasında iştirak etmişdir.Mayıla məxsus YDM-də baş operator işləyən zaman Mayılın göstərişi ilə Nazimə bir dəfə 15000 və bir dəfə 20000 manat vermişdir. Bundan başqa Nazimə verilməsi üçün Mayılın tapşırığı ilə 21000 manat pul aparıb Mayılın evində arvadına vermişdir. Sonradan Mayılın arvadı həmin puldan 19000 manatı Nazimə verdiyini, 2000 manatın isə artıq qaldığını deyərək gəlib həmin 2000 manatı geri aparmasını demişdir. Birinci instansiya məhkəməsində şahid qismində məhkəmədə ifadə verən X20 bildirmişdir ki, 2014-cü ildən YDM-də işləyir. Tarix yadında olmamışdır. YDM-də olarkən Nazim və Mayıl bir yerdə söhbət edərkən otağa çay aparmış və həmin vaxt Nazim Mayıla ferma üçün pul xərclədiyini demiş, lakin Mayıl fermanın əvvəlki mülkiyyətçisi Ağayara zəng edərək telefonu selektora qoyaraq danışılan səslər eşidilmişdir. Mayıl Ağayardan fermanın neçəyə satıldığını soruşduqda Ağayar isə 27000 manat pul aldığını demişdir. Ona görə də Mayılla Nazim arasında mübahisə düşmüş, Nazim stolun üzərində olan saatı götürüb Mayıla vurmaq istəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində məhkəmədə ifadə verən X18 bildirmişdir ki, atası bütün işlərini Nazimə həvalə etmişdir. Eşitdiyinə görə fermanın alınması üçün atası Nazimə 50000 manat pul vermişdir. Fermanın sənədləşdirilməsi üçün isə əlavə 19000 manat da pul verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Nazim Ağayara ferma üçün 23000 manat pul vermişdir. Anası 19000 manatı Nazimə vermişdir. Fermaya yol üçün Nazimə YDM-də 5000 manat pul vermişdir. Faiq əmisi Nazimə Şükür adlı şəxsdən torpaq almaq üçün 20000 manat pul vermişdir. Həmin torpaq geri qaytarılmış, lakin Nazim aldığı pulu qaytarmamışdır. Məhkəmədə elan olunmuş Salyan RPŞ-nin istintaq bölməsinin müstəntiqi X1 01 avqust 2022-ci il tarixli qərarından görünür ki, X8 istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, əri Mayıl 2015-ci ildə xaricdə olduğu vaxt ona telefonla zəng edərək Ağayardan aldığı fermanın torpaq sahəsini özəlləşdirmək məqsədi ilə evə gələcək bacısının əri Nazimə 19000 manat pul verəcəyini demişdir.Mayıla evdə həmin məbləğdə pul olmadığını dediyi üçün Mayıl qardaşı Faiqin yanacaq doldurma məntəqəsindən həmin məbləğdə pulu gətirib verəcəyini demişdir. Həmin gün Faiq pul gətirmiş və bir müddət sonra Nazim gələrək pulu ona vermişdir. Bundan başqa Nazimə fermanın kollektorunun üstündən keçid düzəltmək üçün Nazimin tapşırığı ilə 5000 manat pulu oğlu Nihada vermiş və Nihad həmin pulu Nazimə çatdırmışdır. Sonradan ona məlum olmuşdur ki, Nazim kollektorun üzərindən keçid düzəltmək üçün 400-500 manat pul xərcləyərək qalan pulları mənisəmişdir. X18 istintaq zamanı verdiyi ifadəsində anasından aldığı 5000 manat pulu kollektorun üzərindən keçid düzəltmək üçün Nazimə verdiyini qeyd etmişdir. X21 istintaq zamanı verdiyi ifadəsində Mayılın Ağayara zəng edərək, sonuncu telefonu selektora qoyduğunu, Ağayarın Nazimlə fermanın alınması üçün 30000 manata danışdıqlarını, lakin Nazimin ona 27000 manat pul verdiyini eşitmişdir. X20 istintaq zamanı X14 dediklərini təsdiq etmişdir. X9 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə fermasını satmaq istəmişdir. Cavabdeh ona Salyan rayonu Yenikənd kəndində satdığı torpaq sahəsinə müştəri tapa biləcəyini demişdir. O razılıq verdikdə Nazim həmin fermanı bacanağı İddiaçı ala biləcəyini bildirmişdir. 2014-cü ildə Nazim həmin fermanı 30000 manata almaq istədiyini dedikdə razılaşmışdır. Aralarında olan razılığa əsasən fermanı 30000 manata Mayıla satacaq, sənədləşmə xərclərini isə hər ikisi çəkəcəkmişlər. Nazim 2014-cü ilin may ayında ona 24000 manat pul vermiş və birlikdə Salyan Rayon İcra Hakimiyyətinə gedərək kadastr xidmətinə müraciət etmişlər. Daha sonra kadastr xidmətinin əməkdaşları fermanın yerləşdiyi əraziyə gələrək qiymətləndirmə işləri aparmışlar. Sənədləşmə ilə bağlı o, 2500 manat, Nazim isə 300 manat pul xərcləmişdir. Fermanın alqı-satqısı ilə bağlı Mayil ilə heç bir söhbəti olmamışdır. Fermanın müvafiq sənədlərini İcra hakimiyyətindən aldıqdan sonra Nazimə vermiş, Nazim də ona 3900 manat pul verərək, 2100 manat borclu qalmışdır. 2021-ci ilin noyabr ayınadək Nazimdən pulu istəsə də, Nazim müxtəlif bəhanələr gətirməklə pulu verməmişdir. 2021-ci ilin noyabr ayında Mayılla danışdığı vaxt məlum olmuşdur ki, Nazim Mayıldan fermanın alınması üçün 50000 manat pul almış, lakin ona 27900 manat pul vermişdir. X7 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə adlarına Yenikənd kəndində 5 hektar torpaq sahələri olmuşdur. 2015-ci ilin iyun ayının sonlarında tanışı Cavabdehlə görüşdüyü vaxt sonuncu ondan Yenikənd kəndində yerləşən 5 hektar torpaq sahəsini soruşduqda həmin torpaq sahəsini 20000 manata satdığını demişdir. Nazim həmin torpaq sahəsini bacanağı Mayılın almaq istədiyini dedikdə etiraz etməmiş, Nazim də bir nəfər şəxslə torpaq sahəsinə baxıb bəyənmişdir. 2015-ci ilin iyun ayında Nazim ona 20000 manat pul vermiş və torpaq sahəsini Nazimə satmışdır. Notariusda Nazimin torpağı kimin adına rəsmiləşdirdiyini bilməmişdir. Mayıl ona yerin xoşuna gəlmədiyini bildirərək, pulu geri qaytarmasını tələb etmişdir. O isə torpağı Nazimə satdığını bildirmişdir.Torpağı satmamışdan əvvəl Nazim torpağı geri qaytarmaq istəmiş və pulu xərclədiyini bildirmişdir. Sonra Nazim torpağı satmış və elə başa düşmüşdür ki, torpağı satdıqdan sonra pulu Mayıla verəcəkdir. İddiaçı şikayəti əsasında istintaq aparılan zaman Cavabdeh bildirmişdir ki, 2014-cü ildə bacanağı İddiaçılə söhbət edərkən ona Salyan rayonu Yenikənd kəndində yerləşən fermanı almaq barədə demiş, fermanın sahibi Ağayarın fermanı sənədləşmə ilə birlikdə 50000 manat satmaq istədiyini demişdir.Təxminən 2014-cü ilin may ayında Mayılın qardaşı Faiq fermanın alınması üçün 50000 manat pulu 3 dəfəyə vermişdir. Pulu aldıqdan sonra həmin pulun 27.000 manatını notariusda Ağayar Salahova vermiş, 3000 manat isə borclu qalmışdır. Pulun qalan hissəsini fermanın özəlləşməsi üçün saxlamışdır. Fermanın qeydiyyat vəsiqəsini almaq üçün Şirvan şəhərinə qeydiyyat idarəsinə dəfələrlə getmiş, lakin şəhadətnaməni almaq mümkün olmamışıdır.Həmin səbəbdən Mayıl verdiyi pulları geri istəmiş və buna görə aralarında narazılıq baş vermişdir. Mayıla pulu geri almağın mümkün olmadığını və sənədləşməni özü aparacağını bildirmişdir. 2014-cü ilin noyabrdekabr aylarında fermaya qeydiyyat vəsiqəsi almaq üçün tələbə yoldaşı olan keçmiş nazir Səlim Müslümovun yanına getmiş, sonuncu bununla bağlı əmlak komitəsində tanımadığı və adının yadında qalmadığı bir qadının yanına göndərmişdir. Həmin qadınla Nəsimi rayonu 3-cü mikrorayonda görüşmüş və sonuncu ondan 22000 manat pul almışdır. Bir müddət sonra həmin qadın ona sahənin böyük olduğunu əlavə olaraq 18000 manat da pul lazım olduğunu demişdir.Ona görə də adını çəkmək istəmədiyi tanışından 18.000 manat pulu alaraq həmin qadına vermişdir. Təxminən 10-15 gün sonra Şirvan Regional Əmlak Komitəsindən çıxarışı alaraq Mayıla vermişdir. Bundan başqa fermanın torpaq sahəsinin özəlləşdirilməsi üçün Mayıldan 19000 manat, Ələt Astara yolunun 22-ci km-də yerləşən 1 hektar torpaq sahəsinin alınması üçün 26500 manat, Yenikənd kəndində yerləşən 4 hektar torpaq sahəsi üçün 20000 manat, yermanın kollektorunda keçid yaratmaq üçün 5000 manat almamışdır. Mayıl Yenikənd kəndində yerləşən 4 hektar torpaq sahəsini almaq üçün torpaq sahibi ilə özü danışıqlar aparmış və pulunu ödəyərək həmin sahəni özü almışdır. Lakin Mayıl torpaqdan imtina etdiyi üçün həmin sahə başqa şəxsə satılmışdır.Real dəyəri 2500 manat olan dəmir beton boruları Mayılın işlətdiyi YDM-nın tikintisi üçün vermişdir.Mayıldan 32500 manat boruların pulunu və ona olan 38000 manat ümumi borcunu istədikdə Mayıl ona ödəməmək üçün ondan hayıf çıxmaq məqsədi ilə guya onun 89500 manat borcunun olmasını bildirmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçı Cavabdeh törətdiyi dələduzluq cinayəti nəticəsində ona vurmuş olduğu 90.000 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsini xahiş edir. Tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2, 21.3, 1096.1,1096.2,1097.1,1097.3-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası iddia tələbi üzrə araşdırma apararaq müəyyən edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi iki (xahişdən) hissədən ibarət olmuşdur. Birinci (xahişdə) hissədə İddiaçı 2014-cü ildən başlayaraq müxtəlif vaxtlarda qohumluq münasibətində olması zəminində Cavabdeh onun etibarından sui-istifadə edərək tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirərək dələduzluq etmiş və ona 90.000 manat məbləğində maddi ziyan vurmuşdur. Odur ki, onun aldadılaraq məhrum olduğu əmlakın yəni pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci (xahişdə) hissədə İddiaçı oğlunun yuxarıda qeyd edilən əsaslara görə Cavabdeh dələduzluq hərəkətləri nəticəsində məruz qaldığı 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə tərəflər arasında yaranan münasibətin xarakteri, cavabdehin hərəkətləri nəticəsində iddiaçının maddi və mənəvi ziyana məruz qalıb-qalmamsı, maddi və mənəvi ziyan dəydiyi halda isə onun ödənilməsinin araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədə uyğundur. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin birinci (xahişi) hissəsi yəni İddiaçı 2014-cü ildən başlayaraq müxtəlif vaxtlarda qohumluq münasibətində olması zəminində Cavabdeh onun etibarından sui-istifadə edərək tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirərək dələduzluq etmsəi nəticəsində mərhum olduğu 90.000 manat məbləğində maddi ziyan geri qaytarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddiaçının iddia tələbinin birinci xahişi ilə müəyyən edir ki, İddiaçı tələblərini Cavabdeh o əsaslarla yönəldir ki, o, 2015-ci ildə qohumu Cavabdeh Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən X5 məxsus fermanın alınması barədə razılığa gəlmişlər. Cavabdeh N. Ağayev fermanın Ağayar tərəfindən 50000 manata satdığını bildirmiş, o, da həmin məbləği Nazimə vermişdir. Nazim iddiaçıdan aldığı 50000 manat puldan fermanı satan şəxsə yəni Ağayara 27900 manat vermiş, qalan 22.100 manatı isə əsassız olaraq mənimsəmişdir. Bu halı Cavabdeh məhkəmə baxışı iclasında etiraf etmişdir. Tərəflər İddiaçının Şükur adlı şəxsdən 5 hektar torpaq sahəsinin alınması üçün 2015-ci ildə qardaşı Faiq vasitəsi ilə Nazimə verdiyi 20000 manat pul tələbi ilə bağlı qeyd olunmalıdır ki, bu xüsusatı iddiaçı özü əvvəldən həm istintaq və həmçinin sonradan verdiyi iddia ilə bağlı məhkəmədə verdiyi izahatlarında təsdiqləmişdir. Qeyd olunan xüsusatları torpağı satan X7 özü də təsdiqləmişdir. İddiaçının 2015-ci ildə fermanın yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə Nazimə 19.000 manat pul verməsi xüsusatını iddiaçı özü, arvadı X8, iddiaçının qardaşı X25 və məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa cavabdeh iddiaçıdan kollektorun çəkilməsi üçün aldığı 5000 manat almış, lakin aldığı puldan 500 manat həmin işlərin görülməsinə xərcləmiş, qalan 4500 manat pulu isə mənimsəmişdir. Ümumilikdə cavabdeh iddiaçının 65600 manat pulunu dələduzluq yolu ilə aldadaraq mənimsəmişdir. Bu hal Salyan Rayon Polis X3 müstəntiqi polis kapitanı Nahid Abbaslının “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərarı ilə də, tam sübuta yetirilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən barəsinə Azərbaycan Respublikası CM-nin 75.1.1,75.1.2 və CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş və Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Həmin qərarı tərəflər mübahisələndirməmiş və qərar qanuni qüvvəsini almışdır. Qeyd olunan qərarın məzmunundan aydın olur ki, cavabdeh iddiaçının tələb etdiyi vəsaiti dələduzluq yolu ilə ələ keçirməkə mənimsəmiş və iddiaçıya 65600 manat maddi ziyan vurmuşdur. Cavabdehin apellyasiya şikayətinə və iddia tələbinə etirazından müəyyən olunur ki, o iddianı qəbul etmir və hesab edir ki, ona qarşı qaldırılmış iddia onun Mayıl üçün gördüyü işlərlə bağlı borclu qaldığı pulun ondan tələb etməsi səbəb olmuşdur. Belə ki, Mayıl onun bacanağıdır və 2013-2014-cü illərdə icra nümayəndəsi işləyərkən icra başçısı ona yerlərdə iş yerinin açılması üçün sahibkarlara kömək etməsi tapşırığını vermişdir. Həmin məqsədlə o, bacanağı Mayıla Yenikənd kəndində yerləşən fermanın alınmasında, sənədləşdirilməsində və abadlaşdırmasında köməklik etmişdir. O, Mayılı aldatmamış, iddiaçının iddia etdiyi pul vəsaitləri özünün və qardaşının iştirakı ilə, əmlakların alınmasına, sənədləşdirilməsinə və alınan sahələrin abadlaşdırılmasına xərcləmişdir. Odur ki, iddia əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, cavabdeh iddianın ona qarşı yönəldilməsini iddiaçıdan borcunu tələb etməsi ilə əlaqələndirsə də, həqiqətən də iddiaçının ona borcunun olmasını sübut edə bilmir. Bununla yanaşı cavabdehin “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” 01 avqust 2022-ci il tarixli qərarı ilə razılaşaraq şikayət verməməsi də, hazırki iddianın əsasslılığını tam sübut edir. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən dindirilən şahid ifadələrini düzgün təfsir edərək iddia tələbinin təmininə yönələn hərəkət kimi qiymətləndirmişdir. Bu zaman məhkəmə həmçinin nəzərə almışdır ki, prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Məhkəmə haqlı olaraq cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı hazırkı iddiaya baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində iddia tələbinin təmininə yönələn hərəkət kimi qəbul etmişdir. Bütün bunlar iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddia tələbinin qismən təmin edilməsi üçün kifayət qədər əsaslar yaratmaqla iddiaçının iddia tələbində haqlı olmasının göstəricisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin birinci xahişi yəni 90.000 manat maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi qənaətinə gəlməsi qanuni və əsaslıdır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə idddianın maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. İddiaçı oğlunun yuxarıda qeyd edilən əsaslara görə Cavabdeh dələduzluq hərəkətləri nəticəsində məruz qaldığı 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq ona verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı iddia edir ki, Cavabdeh 2014-cü ildən başlayaraq müxtəlif vaxtlarda onun etibarından sui-istifadə edərək tamah niyyəti və aldatma yolu ilə, əmlakını ələ keçirərək dələduzluq etməsi nəticəsində o, həm də, mənəvi ziyana məruz qalmışdır. O, iddia edir ki, cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəymiş, o, müxtəlif instansiyalara şikayət etmiş, şikayəti əsasında cinayət işi üzrə istintaq aparılmış, bunun üçün o, uzun müddət hüquq mühafizə orqanlarına gəlib getmiş, nəticədə mənəvi sarsıntı və iztirablar keçirmişdir. Cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətlər nəticəsində iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, iztirab keçirmiş və mənəvi fiziki əzab çəkmişdir. Hazırkı işdə iddiaçının əmlakından məhrum olması, onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə aldadılaraq əmlakının mənimsənilməsi, cavabdehin təqsirli və qanunsuz hərəkətləri nəticəsində baş verməsi, həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İddiaçının baş vermiş hadisə nəticəsində əmlakından məhrum olması onun üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən hallar müəyyən olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə mənəvi zərərə görə təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparılmalıdır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mənəvi zərərin əvəzinin hansı həcmdə tutulması ilə bağlı qeyd edilməlidir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə görə, zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənşəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiq edərək belə qənaətə gəlir ki, birinci insttansiya məhkəməsi iddiaçının iddia tələbini mənəvi ziyanın ödənilməsi hissəsində qismən yəni 5.000 (beş min) manat təmin etməkdə haqlı olmuşdur. məhkəmə maddi zərərin ödənilməsi ilə bağlı iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, mənəvi zərərin 5000 manat məbləğdə müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qismən qarşılığı kimi dəyərləndirilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Salyan Rayon Məhkəməsinin 2(057)2014/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)2014/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar