Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-472/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Neftçala RİH Mənzil-Kommunal X1rşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs kimi cəlb edilməklə) “mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi (keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Neftçala şəhəri, 20 Yanvar küçəsi, ev 1, 9 saylı mənzilə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, faktiki olaraq təxminən 20 ildən artıqdır, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Mənzildə yaşadığı müddətdən bu vaxta qədər bütün kommunal xərcləri ödəmişdir. Lakin yaşadığı mənzil dövlət qeydiyyatına alınmamışdır. Dəfələrlə aidiyyəti dövlət idarələrinə mənzilin sənədləşdirilməsi ilə əlaqədar şifahi müraciətlər etmişdir. Lakin həmin orqanlarda mənzilin sənədləşdirilməsi mümkün olmamışdır. Onlar iddiaçıya bu barədə məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Mənzilin hüquqmüəyyənedici sənədlərinin olmaması iddiaçını bir çox çətinliklərlə qarşılaşdırır. İddiaçının həmin mənzildə yaşamasını orada onunla qonşuluqda yaşayan şəxslər də təsdiq edə bilərlər. Neftçala MKTİB İTİS-nin 26 sentyabr 2022-ci il tarixli aktından da görünür ki, iddiaçı həmin mənzildə uzun müddət, yəni 20 ildən artıq müddətdə yaşayır. Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Əli Tağıyev) iddia təmin edilmiş, Neftçala şəhəri, 20 Yanvar küçəsi, ev 1 ünvanında yerləşən 9 saylı mənzilə İddiaçı mülkiyyət hüququ tanınmış və mənzil İddiaçı adına qeydiyyata alınmaqla ona dövlət reyestrindən Çıxarışın verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı etibarnamə üzrə nümayəndəsi olduğu X4 adından Neftçala şəhəri, 20 Yanvar küçəsi, 1 saylı evin 9 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. X6 mənzil üzərində hüquqların qeydiyyata alınması üçün Neftçala şəhər İstehsalat Təmir İstismar sahəsinin xx.xx.2007-ci il tarixli müddətsiz kirayə müqaviləsini təqdim etmiş, lakin həmin müqavilədə hansı əsasla bağlanması qeyd edilməmişdir. Təqdim olunmuş sənədlər toplusuna baxış keçirilən zaman müqavilənin bağlanmasına dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının, qərarın və ya digər əsasın əlavə olunmaması müəyyən edilmişdir. Odur ki, xx.xx.2007-ci il tarixli müqavilənin hansı əsasla bağlanması haqqında məlumat verilməsi, eyni zamanda müqavilənin bağlanmasına dair sərəncam, qərar və ya digər əsas olduğu təqdirdə surətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə göndərilməsi məqsədilə Neftçala Rayon İcra Hakimiyyətinə məktub göndərilmiş, lakin hazırkı tarixə kimi məktuba cavab verilməmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 7E-1503 reyestr nömrəli etibarnamədən müəyyən olunur ki, iddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır. Neftçala Rayon Məhkəməsinin qətnaməsindən məlum olur ki, məhkəmə qeyd olunan mənzildə faktiki yaşayan şəxsləri müəyyən etməmiş və məhkəmə prosesinə cəlb etməmişdir. Bununla da, məhkəmə “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərini nəzərə almamaqla maddi hüquq normasını pozmuşdur. Həmçinin, məhkəmə qeyd olunan mənzilə mülkiyyət hüququ tanımaqla iddiaçının adına qeydiyyata alınaraq ona dövlət reyestrindən çıxarış verilməsi öhdəliyini ərazi idarəsinin üzərinə qoymuşdur. Bununla isə İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsinin 15 mart 2023-cü il tarixli iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1 aylıq iş rejimində dənizdə işlədiyini, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdəki 07 oktyabr 2022-ci il tarixli birinci instansiya məhkəməsinin baxış iclasının protokolundan görünür ki, həmin iclasda Neftçala RİH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İTİ Sahəsinin rəisi olaraq qeyd edilmiş X5 çıxış edərək mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququnun tanınmasına heç bir etirazı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə bu hala əsaslanmış və MPM-in 191.3-cü maddəsinə istinad edərək iddianın təmin edilməsinə dair nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi X2 hazırkı iş üzrə cavabdeh Neftçala RİH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi olub-olmamasını və onun iddianı qəbul etmək səlahiyyətinin olubolmamasını müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Lakin iş materiallarında X2 cavabdeh təşkilatda işləməsi halını təsdiq edən hər hansı sənəd yoxdur. Məhkəmə kollegiyası bildirir ki, Şəhla Abdullayevanın cavabdeh təşkilatda işləməsi halı ilə yanaşı, ona iddianın etiraf edilməsi ilə bağlı səlahiyyətin verilibverilməməsi məsələsi də əhəmiyyət kəsb edir. Belə ki, MPM-in 74.2-ci maddəsinin tələbinə görə, iddianın etiraf edilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, X2 cavabdeh orqanı təmsil etmək səlahiyyətinin müəyyənləşdirilməsi belə iddianın etirafının qəbulu üçün yetərli deyil, bu zaman həm də iddianın etiraf edilməsi ilə əlaqədar ona bu cür səlahiyyətin verilməsi də cavabdeh təşkilatın verdiyi etibarnamədə xüsusi olaraq göstərilməli idi. Lakin birinci instansiya məhkəməsi mühüm əhəmiyyət kəsb edən bu halları aydınlaşdırmamış, prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Həmçinin, birinci instansiya məhkəməsi X2 şəxsiyyətinin müəyyənləşdirilməsi baxımından da hər hansı təsdiqedici sənədin iş materiallarına əlavə edilməsini təmin etməmişdir. Bundan başqa məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia tələbi üzrə cavabdeh düzgün müəyyən edilməmişdir. Belə ki, hazırda iddia tələbinə cavab verməli olan müvafiq icra hakimiyyəti orqanı olduğu halda, cavabdeh qismində Neftçala RİH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı əvvəlcə etibarnamə üzrə nümayəndəsi olduğu X4 adından Neftçala şəhəri, 20 Yanvar küçəsi, 1 saylı evin 9 saylı mənzilinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. X6 mənzil üzərində hüquqların qeydiyyata alınması üçün Neftçala şəhər İstehsalat Təmir İstismar sahəsinin xx.xx.2007-ci il tarixli müddətsiz kirayə müqaviləsini təqdim etmişdir. Bu isə hazırkı iddia tələbinin dövlət mənzil fondunun özəlləşdirilməsi ilə əlaqədar olduğunu göstərir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində, 9-cu maddəsinin birinci, ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Qeyd edilən müddəalardan da göründüyü kimi, hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı qaldırılmış, məhkəmə isə cavabdeh kimi göstərilmiş Neftçala RİH Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin adından çıxış etmiş səlahiyyəti təsdiq olunmamış şəxsin iddianı etiraf etməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-in 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qətnamə ləğv edilməli, iddia tələbi həmin tələbə cavab verməli olmayan təşkilata qarşı qaldırıldığından təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-977/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Neftçala RİH Mənzil-Kommunal X1rşı “mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-472/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-472/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver