Məhkəmə qərarları › İş №2(106)-475/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-475/2025

05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-475/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(022)-1057/2024 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları 05 oktyabr 2023-cü il tarixli İB**********, İB**********, İB**********, İB**********, İB********** və İB********** nömrəli qəbzlərin surətindən görünür ki, cavabdeh X6 məxsus olan kart hesabına 500 manat, 500 manat, 500 manat, 500 manat, 500 manat və 498 manat olmaqla 2998 (iki min doqquz yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. 14 oktyabr 2023-cü il tarixli İB**********, İB********** nömrəli qəbzlərin surətindən görünür ki, cavabdeh X6 məxsus olan kart hesabına 499 manat, 1000 manat olmaqla, 1499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. 21 oktyabr 2023-cü il tarixli İB**********, İB**********, İB********** nömrəli qəbzlərin surətindən görünür ki, cavabdeh X6 məxsus olan kart hesabına 1000 manat, 1000 manat, 1500 manat olmaqla, 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar Şöbəsinin 11 sentyabr 2024-cü il tarixli 6-2-103/2-31/2024 saylı məktubundan görünür ki, əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan yalnız şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara bilərlər. Bu səbəbdən hazırkı mülki iş üzrə tələb olunan sənədlərin məhkəməyə təqdim olunması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 27.997 (iyirmi yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitinin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 04 noyabr 2024-cü il tarixli “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədən görünür ki, iddia ərizəsinin xahiş edirəm hissəsini "7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq iddiaçı X2 verilməsinə dair qətnamə çıxarasınız” kimi qəbul edilməsi məhkəmədən xahiş edilmiş və bildirmişdir ki, X3 27.997 (iyirmi yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 va Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh İmanlı X4 Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(022)-82/2024 sayl hökmü ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəzaçəkmə müəssiəsindədir. Mülki işin məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 20.000 manat pulun cavabdehlərə verilməsini etiraf etmişdi. Məhkum olunması səbəbindən Cavabdeh1 məhkəmə iclasında iştirakı qeyri mümkün olduğundan, onun cavabdehlər sırasından çıxarılmasını və iddia tələbinin 7997(yeddi min doqquz yüz doxsan yeddi) manata azaldılaraq, həmin məbləğin Cavabdeh2 tutulmasını istəyir. 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaiti Cavabdeh2 xahişi ilə ona məxsus kart hesabına köçürülmüş və müvafiq sübutlar məhkəməyə təqdim edilib. Cavabdeh2 özü də bunu məhkəmədə etiraf etmişdir. 20.000 (iyirmi min) manat ilə bağli isə Cavabdeh1 həbsdən çıxdıqdan sonra yenidən məhkəmədə iddia qaldırılacaqdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən iddiaçının vəsatətinin təmin olunmasını mümkün hesab etmişdir. Cavabdeh2 bildirmişdir ki, X3 ona və Cavabdeh1 qarşı pul tələbi barədə iddia qaldırmışdır. Onun iddia ərizəsindən belə məlum olur ki, o, 20.000 (iyirmi min) manat pulu X5 vermiş, 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manati isə onun kart hesabına yükləmişdir. Cavabdeh1 veriılmiş 20.000 manat pulun, onun kart hesabına ödənilmiş 7997 manat pulla heç bir əlaqəsi yoxdur. Əgər Cavabdeh1 20.000 manat pul verilmişdirsə, bunun ona hec bir aidiyyəti yoxdur. Onun kart hesabına ödənilmiş 7997 manat pulun isə Cavabdeh1 hec bir aidiyyəti olmadığından iki tələbin bir iddiada birləşdirilməsi qanunauyğun hesab edilə bilməz. İddia ərizəsindən belə məlum olur ki, Aybəniz İsmayrlova 21 sentyabr 2024-cü ildə Rusiya Federasiyasına getmiş və orada olarkən 7997 manatı onun kart hesabıma yönəltmişdir. Aybəniz İsmayılovanın iddia ərizədən bələ məlum olur ki,həmin pulları Rusiya Federasiyasında olarkən onun kart hesabıma yüklənmişdir. Bankdan əldə etdiyi bank hesabının çıxarışından isə məlum olur ki, həmin pullar Rusiya Federasiyası ərazisindən deyil, Bakı ərazisindən onun kart hesabına yüklənmişdir. Buna görə də qeyd edilmiş edilmiş tarixlərdə pulların kart hesabına daxil edilməsi zamanı və həmin kart hesabından çıxarılmasi zamanı çəkilmiş fotogörüntülər müvafiq bankdan götürülməlidir. Həmin işlərin onun tərəfindən götürülməsi mümkün deyildir və həmin sənədlər yalnız məhkəmə qərarına əsasən banklardan alına bilər. Həmin sənədlər əldən edildikdən sonra pulların bankdan kimin tərəfindən çıxarılması məlum olacaq və həmin vaxt onun əmək haqqı kartının Cavabdeh1 olması səbəbindən həmin pulların onun tərəfindən çıxarılması aşkar olunacaqdır. X9 Cavabdeh1 20.000 manat pul vermişdirsə də, həmin pulun ona heç bir aidiyyəti yoxdur. Bu onların öz işləridir, özləri bilərlər. Onun kart hesabına yüklənmiş 7997 manatla bağlı bildirir ki, həmin müddətdə, yəni 2023-cü ilin sentyabr ayının axırlarında kartımı itirmişdi. Sonradan bildi ki, həmin kartı qardaşı Cavabdeh1 götürmüşdür. Kartı ondan, istəsə də verməmişdir. 2023-cü ilin oktyabr ayının son günlərində ona yeni kart verildi. Bu müddət ərzində kart hesabına köçürülmüş pullardan məlumatı yoxdur. Buna görə də hesab edir ki, 2023-cü ilin oktyabr ayı ərzində kart hesabına köçürülmüş pulları qardaşı Cavabdeh1 çıxarmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim Mədinə Rəsulova) e-2(022)-1057/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçı X1 özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 6.1.8, 14.2, 14.2.7, 135.1, 386, 385.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçı X3 cəmi 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitini özünə maxsus kart hesabından Cavabdeh2 kart hesabına yükləmişdir. Cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Cavabdeh2 əsassız varlanma nəticəsində 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitini əldə etmiş və bu fakt iş materiallarında olan müxtəlif tarixli ödəniş qəbzləri ilə sübuta yetirilir. Cavabdeh2 tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, qanuniliyi tərəflərindən mübahisələndirilən Biləsuvar rayon məhkəməsinin qətnaməsində iş üçün mühüm əhəmiyyət kəsb edən kart hesabından kimin tərəfindən çıxarılması sübut olunmamışdır. Əsl həqiqətdə həmin müddətdə kart onda olmamış və qardaşı Cavabdeh1 olmuşdur. Cavabdeh1 məhkəməyə dəvət edilərək bununla əlaqədar onun mövqeyi aydınlaşdırılmamışdır. Bu baxımdan məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Başqa sözlə desək, kart hesabından 7997 manat pulun kim tərəfindən çıxarılması araşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktlardan aralarındakı qarşılıqlı münasibətlərlə əlaqədar məhkəmə səhv nəticəyə gəlmişdir. Qeyd etdiyi kimi, X3 xalası qızı olsa da, aralarında elə bir səmimi münasibət olmamışdır. Buna görə də onun, ona görə kart hesabına həmin pulu köçürməsi ağlabatan deyildir. 7997 manat pulun kart hesabından onun tərəfindən çıxarılması barədə məhkəmənin gəldiyi nəticə səhvdir. Onun qardaşı ilə münasibəti çox səmimidir. Məhz həmin səmimiyyət hesabına onlar birləşərək atasından miras qalmış əmlakdan onu məhrum etmək istəyirlər. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş, etirazında bildirmişdir ki, iddiaçı tərəf 7997 manat pul vəsaitinin iddiaçının hesabından Cavabdeh2 kart hesabına yüklənməsinə dair mötəbər sübutları, bank çıxarışlarını, məhkəməyə təqdim etmişlər. Cavabdeh özü də həmin məbləğin onun kartına yüklənməsini inkar etmir. Hesab edirlər ki, iddianın təmin edilməsinə kifayət edəcək sübutlar iş materiallarında mövcuddur. Əgər Cavabdeh2 qardaşı Cavabdeh1 qarşı hər hansı tələbi varsa, bu onların problemidir və ayrıca məhkəmə müstəvisində mübahisələndirə bilər. Hazırki mübahisənin həlli baxımından hər hansı əlavə sübutun əldə edilməsinə zərurət yoxdur və bu əsasla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi yolverilməzdir. Ümumiyyətlə hesab edir ki, apellyasiya şikayətinin kart hesabında olan pul vəsaitinin kim tərəfindən çıxarılmasının araşdırılmaması xüsusatı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında cavabdeh X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(022)-1057/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında bildirdi ki, iddiaçı tərəfindən köçürülmüş pul vəsaitləri onun kart hesabına gəlsə də, o məxaric etməmişdir. Apellyasiya baxışında iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında bildirdi ki, tərəflər arasında qohumluq münasibətləri mövcud olmuşdur. İddiaçı Aybəniz İsmayılova Cavabdeh2 xahişinə əsasən pul vəsaitini onun kartına köçürmüşdür. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2.-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2.-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3.-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflər arasında mübahisə predmeti- Cavabdeh2 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pulun tutularaq iddiaçı X2 ödənilməsidir. İddiaçı X3 tərəfindən Cavabdeh2 məxsus bank hesabına 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat pulun köçürülməsi işin mübahisəsiz halıdır. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, 7997 manat pulun ondan alınaraq X2 verilməsi ilə əlaqədar onun qarşısında hər hansı bir öhdəliyi olmalı idi. Lakin aralarında belə bir qarşılıqlı razılaşma yoxdur. Baş vermiş hadisələrdən belə nəticəyə gəlmək olar ki, X3 ilə qardaşı Cavabdeh1 arasında belə bir razılaşma olmuşdur. Onlar belə razılaşmışlar ki, Nurlan onun bank kartını götürsün, Aybəniz həmin karta pul yükləsin, Nurlan pulu çıxararaq xərcləsinlər və həmin pullar onun kartına yükləndiyindən pulları Aybəniz ondan tələb etsin. Reallıqda həmin pul ondan yox, Nurlandan tələb olunmalıdır. Qərar qəbul edən məhkəmə isə bunu nəzərə almamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Mülki hüquq münasibəti iştirakçıları arasında subyektiv hüquq mülki hüquqları həyata keçimə və vəzifələri icra etmə prosesində mülki hüquq normalarında ifadə olunan ümumi müddəa və tələblərə tabe olmalı, onları lazımınca, dəqiq və dürüst riayət etməlidirlər. Bu cür müddəa və tələblər mülki hüquqların həyata keçirilməsinin və vəzifələrin icrasının mahiyyətini və sosial təyinatını əks etdirir. Onlar mülki hüquq normalarında nəzərdə tutulduğuna görə ümumməcburi hüquqi qüvvəyə və əhəmiyyətə malikdir. Mülki hüquq münasibəti iştirakçılarının öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdansız surətdə, qeyri-ağlabatan tərzdə hərəkət etmələri mülki hüquq pozuntusuna səbəb olur. Mülki hüquqda borcun subyekti öhdəliyin əsasına uyğun olaraq müəyyən edilir. Pulun Cavabdeh2 hesabına köçürülməsi nəticəsində öhdəlik də onun üzərində formalaşıb. Burada mülki hüquq nöqteyi-nəzərindən kiminsə həmin pulu çıxarması deyil, öhdəlik subyekti kimi bank hesabı sahibinin kim olması önəmlidir. Çünki bank hesabının sahibi kimi, hesabda olan vəsait üzərində tam sərəncam hüququ mövcuddur. Bu hüquqa əsasən, hesab sahibinin hesabında mövcud olan vəsaitin istifadəsi və xərclənməsi onun mülkiyyət hüququna daxildir və həmin vəsaitin hesabdan çıxarılması, Cavabdeh2 hesabın sahibi olaraq məsuliyyətdən yayınmasını təmin etmir. Daha konkret desək, bank hesabına köçürülüş məbləğ hesab sahibinə aid olduğu üçün, həmin məbləğin xərclənməsi və ya istifadə olunması onun mülkiyyət hüququnun bir hissəsi hesab olunur. Bu baxımdan hesab sahibi olan cavabdeh Fəridə İmanovanın öz kart hesabında olan vəsait üzrə sərəncam hüququna malik olan şəxs olması, bununla əlaqədar olaraq vəsaiti xərcləməsi ehtimalı nəzərə alınaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bundan əlavə, əgər cavabdeh iddia edirsə ki, vəsaiti Nurlan İsmayıllı tərəfindən çıxarılıb, bu iddia da hüquqi baxımdan hesab sahibinin vəsait üzərindəki sərəncam və məsuliyyət hüquqlarını ləğv etmir. Bank hesabına daxil olan məbləğ, hesab sahibi ilə müstəsna əlaqələndirilir və üçüncü şəxslərin – məsələn, Nurlan İsmayıllının – vəsaitin çıxarılması kimi əməliyyatlar belə, hesab sahibinin öhdəliklərini və məsuliyyətini dəyişdirmir. Məhkəmə prosesində hər bir tərəf öz irəli sürdüyü tələbləri və etirazlarını əsaslandırmaq üçün müvafiq sübutlar təqdim etməlidir. Sübutetmə yükü iddiaçının və cavabdehin irəli sürdüyü faktların və hüquqi tələblərin əsaslandırılmasına xidmət edir. Hər bir tərəf öz mövqeyini təsdiq edən sübutları təqdim etməklə, iddia və ya etirazlarının hüquqi və faktiki əsaslarını sübut etməlidir. Kollegiya izah edir ki, Cavabdeh2 öz müdafiəsində həmin vəsaitin başqa şəxs – Nurlan İsmayıllı tərəfindən çıxarıldığını iddia edirsə, bu halda, iddiaçı məhz həmin şəxsə qarşı da iddia qaldırmaq hüququna malikdir. Məhkəmə işə baxarkən yalnız tərəflər tərəfindən təqdim olunmuş və işin mahiyyətinə aidiyyəti olan sübutları nəzərə alır. Sübutların məhkəməyə təqdim edilməsi kifayət etmir; onlar eyni zamanda işin halları ilə əlaqəli olmalı və onların həqiqiliyinə, mötəbərliyinə şübhə yeri qalmamalıdır. Sübutlar qanuni qaydada əldə edilməli və prosessual normalara uyğun təqdim olunmalıdır. Qətnamənin çıxarılması zamanı məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirir. Hakim sübutların dəyərini müəyyən edərək, iş üçün əhəmiyyətli olan halların təsdiqlənib-təsdiqlənmədiyini araşdırır. Eyni zamanda, məhkəmə tərəflərin hüquqi münasibətini müəyyən edir və mübahisənin həlli üçün tətbiq edilməli olan qanun normalarını dəqiqləşdirir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsası kimi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin nəzərdən keçirilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Əsassız varlanma münasibətləri şəxsin hüquqi əsas olmadan, yəni qanunsuz əmlak əldə etməsidir. Qanunvericilik əsassız varlanmanın qarşısının alınması üçün həmin əmlakın və ya maddi dəyərinin geri qaytarılmasını tələb edir. Əsassız varlanma münasibətləri ədalət prinsipinə əsaslanaraq şəxslər arasında hüquqi balansın pozulmasının qarşısını almağa yönəlmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-1057/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar