Məhkəmə qərarları › İş №2(106)-494/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-494/2025

20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-494/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər:müqavilə tələbləri üzrə öhtəliyin yerinə yetirilməməsi, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 1491/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 26 oktyabr 2022-ci il tarixli 2022/ÖM/13349 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-3.5 yaş aralığında sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 26 oktyabr 2022-ci il tarixli 2022/ÖM/13349 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 26 oktyabr 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 24 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 20 (iyirmi) baş keçi və 2 (iki) baş təkə aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3- 17-2/2-M27150/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəmiz təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 2-3.5 yaş aralığında 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1491/2024 saylı (hakim C.Mustafayev) qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1983-cü ildə Şirvan şəhərində anadan olmuş Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 26 oktyabr 2022-ci il tarixli ÖM/13349 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-3.5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yemin alınaraq natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X4 verilməsi və Cavabdeh qiymətləndirilməyən iddianın qiyməti olan 100 manatın alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “X6” tərəfindən 26 oktyabr 2022-ci il tarixli 2022/ÖM/13349 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı 20 (iyirmi) baş keçi və 2 (iki) baş təkənin aşkar edilmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem vermiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə riayət etməyərək öz deməsinə görə keçilərdən 8-nin tələf olmuş, qalan 14 keçini isə satmışdır. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 26 oktyabr 2022-ci il tarixli 2022/ÖM/13349 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-3.5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem natura şəklində alınaraq X4 verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 389.1, 389.3, 1096.1, 1097.1, 1115.1-ci maddələri, “X6” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15, 24.1.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1, 8.3-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, X2 müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən müqavilə müddəti yəni 1 il müddətində özünüməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinə monitorinq həyata keçirilir. Müqavilə müddətinin sonuna əgər şəxsin fəaliyyəti biznes plana uyğun olduqda əmlak onun mülkiyyətinə keçir. İşin faktiki hallarına baxılarsa iddiaçı ilə onun arasında müqavilə 26 Oktyabr 2023-cü ildə bağlanmışdır. İddiaçı tərəfindən müqavilə müddətində heç bir yoxlama və ya monitorinq aparılmamışdır. Sonuncu monitorinq isə müqavilə müddətinin sonunda yox, 24 Yanvar 2024-cü ildə yəni müqavilənin müddəti bitdikdən 3 ay sonra həyata keçirilmiş və Akt tərtib edilmişdir. Bu isə iddiaçı tərəfindən tərtib olunan aktı etibarsız edir. Birinci instansiya məhkəməsində öz izahatında qeyd etmişdir ki, Müqavilə üzrə 1 il müddət tamam olduqdan sonra 2 ay keçmişdir və heyvanlara ötən müddət ərzində nə qədər müalicə etdirsə də, heyvanlar sağalmamışdır. Əlacsız qalaraq bununla bağlı idarəyə yaxınlaşaraq heyvanların tələf olmağı ilə bağlı yenidən müraciət etmişdir. Lakin İdarədən ona heyvanların artıq onun şəxsi əmlakını olmağını bildirmiş, nə edirsənsə et, özün bilərsən demişdirlər. Qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlmək olur ki, müqavilə müddəti yəni 1 il tamam olduqdan sonra sözügedən əmlaklar onun mülkiyyətinə daxil olmuşdur. O, isə keçilərə nə qədər müalicə etdirsə də, onların öləcəyini görüb satmaq məcburiyyətində qalmışdır. Öz ailəsinin dolanışığını təmin etmək üçün qoyunlar almışdır. X3 və Qiymətləndirmə filialı isə müqavilə müddəti bitdikdən 3 ay sonra yəni xx.xx.2024-cü il tarixində əsassız olaraq monitorinq həyata keçirmiş və tamamilə qanunsuz, etibarsız Akt tərtib etmişdir. Məhkəmə iclası zamanı tərəfindən məhkəməyə CD diskdə videogörüntü və şəkillər təqdim edilsə də məhkəmə bu sübutları qəbul etməkdən imtina etmişdir. Sözügedən videogörüntü və şəkillər ona təhvil verilən heyvanların tələf olunması ilə bağlı olmuşdur. Məhkəmə Mülki Prosessual Qanunvericliyin tələblərini pozaraq sübutu qəbul etməkdən imtina etmiş və əsassız qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən CD disk və fotoşəkillərin qəbulundan imtina olunduğu üçün hal-hazırda sözügedən sübutu təqdim etmək məcburiyyətində qalmışdır. Məhkəmənin digər bir prosesual pozuntusu isə heyvanların 1 ildən 2 ay sonrakı müddət ərzində satılmasına dair sübut olan şahid ifadəsinin alınmaması olmuşdur. Ona verilən keçilərin 8-i tələf olduqdan sonra qalan heyvanların üstündə 1600 manat pul verərək qoyunlar almışdır. Bu zaman qonşusu X8 da yanında olmuşdur. Məhkəməyə bunu bildirərək, qonşusunun şahid kimi çağrılmasını istəsə də məhkəmə yenidən bunu nəzərə almamışdır. Bu yenidən məhkəmənin cavabdeh olaraq ona qarşı qərəzli mövqeyini sübut edir. Birinci instansiyasında şahid kimi dindirilməyən X5 icraatı zamanı dindirilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, heyvanların fotoşəkillərini və videogörüntülərini birinci instansiya məhkəməsinə təqdim etsə də, həmin sübutlar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməmişdir. Qeyd edir ki, sözügedən mal-qaranı 1 il 2 ay gözlədikdən sonra satmışdır. Agentlikdən təhvil alınan zaman mal-qara maşının arxasında olmuşdur və həmin zaman onların xəstə olub-olmadığını yoxlamamışdır. Bir müddət sonra heyvanların 8-nin tələf olduğunu, 14-nün isə tələf olmaq üzərə olduğunu aşkar etmişdir. X4 savadı olmadığı üçün yazılı qaydada yox, şifahi şəkildə müraciətlər etmişdir. Qalan heyvanları satmış və üstünə pul qoyaraq qoyun almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Cavabdehin birinci instansiya məhkəməsi zamanı təqdim etdiyi fotoşəkillər məhz həmin verilən heyvanların şəkilləri olması təsdiq edilmədiyi üçün məhkəmə tərəfindən qəbul edilməmişdir. Cavabdeh həmin heyvanların məhz fotoşəkillərdəki heyvanlar olmasını təsdiq etmək üçün müvafiq arayış və baytarlıq aktı ala bilərdi. Lakin iş materiallarında belə bir sübut mövcud deyildir. Heyvanlar cavabdehə sağlam şəkildə təhvil verilmiş və müvafiq möhürlü akt tərtib edilmişdir. Əgər belə bir hal varıydısa, həmin vaxtı cavabdeh bunu bildirə bilərdi. Əgər heyvanlar tələf olmağa başlamışdırsa belə bu məsuliyyətin iddiaçıda olması sübuta yetirilmir. Belə ki, həmin heyvanlar cavabdehin məsuliyyətsizliyi səbəbindən də tələf ola bilər. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən isə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanun “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(032)-1491/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1491/2024 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)- 1491/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem vermiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə riayət etməyərək öz deməsinə görə keçilərdən 8-i tələf olmuş, qalan 14 keçini isə satmışdır. Bu hal işə əlavə edilmiş sənədlərlə təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 X1 Filialı tərəfindən Cavabdeh 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem verilmiş, Cavabdeh həmin istifadəyə verilən aktivləri təhvil almışdır. Monitorinq yoxlamaları zamanı 20 (iyirmi) baş keçi və 2 (iki) baş təkənin aşkar edilmədiyi müəyyən olunmuşdur. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, X2 müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən müqavilə müddəti yəni 1 il müddətində özünüməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinə monitorinq həyata keçirilir. Müqavilə müddətinin sonuna əgər şəxsin fəaliyyəti biznes plana uyğun olduqda əmlak onun mülkiyyətinə keçir. İşin faktiki hallarına baxılarsa iddiaçı ilə onun arasında müqavilə 26 Oktyabr 2022-ci ildə bağlanmışdır. İddiaçı tərəfindən müqavilə müddətində heç bir yoxlama və ya monitorinq aparılmamışdır. Sonuncu monitorinq isə müqavilə müddətinin sonunda yox, 24 Yanvar 2024-cü ildə yəni müqavilənin müddəti bitdikdən 3 ay sonra həyata keçirilmiş və Akt tərtib edilmişdir. Məhkəmə tərkibi şikayətin bu dəlilini əsassız hesab edir. Baxılan işdə tərəflər arasında Özünüməşğulluğa kömək göstərilməsinə dair” 26 oktyabr 2022-ci il tarixli 2022/ÖM/13349 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem natura şəklində verilmiş, cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini pozaraq heyvanları satmaqla iddiaçıya maddi zərər vurması mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə olan halda, iddiaçı, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Tərəflərin məsuliyyəti” bölməsində yer alan alan 4.1-ci bəndində ğzünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Filiala qaytarır və yaxud dəyərini bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X2 xəinədarlıq orqanında olan xəznə hesabına köçürür. Həmin bölmənin 4.3-cü bənddə nəzərdə tutulmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı təşkilat tərəfindən zərərin əvəzinin pul şəklində ödənilməsi tələb edilmədiyi üçün 4.3-cü bəndi üzrə tərəflərin razılaşdıqları qayda tətbiq edilməlidir. Həmin bənddə isə özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən əmlaka vurulmuş zərərin əvəzinin məhz Mülki Məcəlləyə uyğun şəkildə ödəniləcəyi razılaşdırılmışdır. Mülki Məcəllədə zərərin əvəzinin ödənilməsi formaları ilə bağlı nəzərdə tutulur ki,zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanun normalarından aydın olduğu kimi, ziyanın qarşılanması üçün ilkin və ümumi qayda əvvəlki vəziyyətin bərpa edilməsi - zərərin əvəzinin naturada ödənilməsidir. Bu mümkün olmadıqda isə zərər pul əvəzi verilməklə ödənilə bilər. Bir şəxsin əşyasının (o cümlədən heyvanın) başqasına satılması nəticəsində üzərindəki mülkiyyət hüququnun itməsi nəticəsində dəymiş zərərin əvəzinin eyni növlü və keyfiyyətli əşya (heyvan) verilməklə ödənilməsi mümkündür. Baxılan işdə iddiaçı, cavabdehə verdiyi (fərdi əlamətləri ilə müəyyən edilən) heyvanları növlü və keyfiyyətli (2-3.5 yaş aralığında sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılmasını tələb edir. Belə olan halda, müqavilə öhdəliyini pozmuş cavabdehin üzərinə Mülki Məcəllənin yuxarıda göstərilən normaları əsasında zərərin əvəzini eyni növlü və keyfiyyətli heyvanlar verməklə naturada ödəmək öhdəliyinin qoyulması mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Cavabdeh birinci instansiya məhkəməsinin izahatında bildirmişdir ki, 6 ildir Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Ona Agentlik tərəfindən 20 baş keçi, 2 baş təkə və 400 kq qarışıq yem verilmişdir. Heyvanlar ona veriləndən 1 ay sonra tələf olmağa başlamış, idarəyə heyvanların tələf olmağı ilə bağlı müraciət etmiş, idarədən ona heyvanların onun şəxsi əmlakı olmağını bildirmişlər. Daha sonra qalan heyvanların üstündə 600 manat pul verərək qoyun almışdır. Həmin satdığı heyvanlar sağlam olmamışdır. Lakin heyvanların sağlam olmamaları ilə bağlı idarəyə rəsmi müraciət etməmişdir. Göründüyü kimi heyvanlar cavabdehə verildikdən 1 ay sonra cavabdeh onları satmağa başladığını etiraf etmişdir. Beləliklə müqavilənin şərtləri birmənalı olaraq cavabdehin özü tərəfindən pozulduğu müəyyən edilmişdir. Eyni zamanda apelyator iddiaçı təşkilat X4 heyvanların tələf olmağı ilə bağlı müraciət etdiyini və idarədən ona heyvanların onun şəxsi əmlakı olduğunu bildirilməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində heyvanların sağlam olmadığını bildirsə də, iş materiallarında olan sağlamlıq haqqında akt şikayətin bu dəlilini təkzib edir. Belə ki, iş materiallarında olan ( səhifə 46, 47, 48) xx.xx.2022-ci il tarixli aktdan görünür ki, AQTA-nın Bakı regional bölməsinin baş məsləhətçisi T.Atazadə fermer təsərrüfatın baytar həkimi M.Qüdrətli “Aqrobest” QCS-nin və "xxxx" QSC-nin tərəfindən keçirilmiş baxış zamanı cavabdehə verilmiş heyvanlarda xəstəlik əlamətlərinin aşkar edilmədiyi müəyyən olunmuşdur. Həmçinin cavabdeh müqavilə üzrə həmin heyvanları qəbul edərkən hər hansı bir qeyd şərt göstərməmişdir. Yəni heyvanları sağlam şəkildə qəbul etmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən CD disk və fotoşəkillərin qəbulundan imtina olunduğu üçün hal-hazırda sözügedən sübutu təqdim etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu dəlili əsassız olmaqla, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından və birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, cavabdehin şikayətində qeyd etdiyi CD disk və fotoşəkillərin məhkəmə tərəfindən qəbul edilməsi üçün hər hansı bir vəsatət cavabdeh tərəfindən verilməmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən həmin sübutların qəbul edilməsindən imtina edilməsi barədə qeyd aşkar edilməmişdir. Ona görə də apellyasiya şikayəti bu hissədə əsassızdır. Şikayətin sonuncu dəlili ondan ibarətdir ki, heyvanları təhvil aldıqdan 1 il 2 ay keçdikdən sonrakı müddət ərzində satılmasına dair sübut olan şahid ifadəsinin alınmaması olmuşdur. Ona verilən keçilərin 8-i tələf olduqdan sonra qalan heyvanların üstündə 1600 manat pul verərək qoyunlar almışdır. Bu zaman qonşusu X8 da yanında olmuşdur. Məhkəməyə bunu bildirərək, qonşusunun şahid kimi çağrılmasını istəsə də məhkəmə yenidən bunu nəzərə almamışdır. Məhkəmə tərkibi şikayətin bu dəlilini əsassız hesab edir. Birincisi, cavabdeh birinci instansiya məhkəməsinin iclasında izahatında qeyd etmişdir ki, mübahisə predmeti olan keçiləri aldıqdan bir ay sonra xəstələndiyi üçün satmağa başlamışdır. İkincisi, iş materiallarında cavabdehin həmin şahidin dindirilməsi ilə bağlı vəsatət verməsi müəyyən edilmir. Üçüncüsü, məhkəmə özü sübut toplamır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Dördüncüsü, əgər iddiaçı tərəfindən cavabdehə verilmiş keçilər xəstə olduğu üçün tələf olmağa başlamışdırsa, cavabdeh bununla bağlı rəsmi surətdə X4 müraciət etməli idi. Müraciəti cavabsız qaldığı təqdirdə isə kənd icra nümayəndəsinin, baytarın və qonşuların iştirakı ilə akt tərtib edilməli idi. İş materiallarında isə belə bir müraciət və aktın mövcudluğu müəyyən edilmir. Ona görə də apellyasiya şikayəti bu hissədə də əsassızdır. Şahidin apellyasiya mərhələsində dindirilməsi barədə şikayətin dəlilinə qiymət verən məhkəmə tərkibi hesab edir ki, sübutlar birinci instansiya məhkəməsinə təqdim edilir. Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyator tərəfindən isə şahidin birinci instansiya məhkəməsinə təqdim edə bilməməsinin üzrlü səbəbləri barədə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunveriliyin tələblərinə görə Apellyasiya məhkəməsi işə birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar əsasında baxır. İş materiallarından da müəyyən olunur ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Odur ki, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1491/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1491/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar