Məhkəmə qərarları › İş №2(106)-496/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-496/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-496/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun (sədrlik edən və məruzəçi) ilə, İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 5200 (beş min iki yüz) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 30 (otuz) manat məbləğdə dövlət rüsumunun alınaraq iddaçı İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdehlə uzun illər bir yerdə işləmişlər və bir-birini yaxından tanıyırlar. Münasibətləri həmişə yaxşı olmuş və bir-birinə etibar edərək, dostluq münasibətində olmuşlar. Hazırda o özü fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olur. Hər dəfə görüşdükləri zaman cavabdeh ona təsərrüfatını genişləndirmək və daha çox qazanc əldə etmək üçün texnikalar almasını məsləhət görmüşdür. Cavabdeh ona Rusiya Federasiyasının müxtəlif şəhərlərində tanışlarının olduğunu və həmin şəxslərin vasitəsi ilə texnikalar ala biləcəyini bildirmişdir. Cavabdeh təkid etdiyinə və ona inandığına görə cavabdehlə Rusiya Federasiyasından texnikalar almaq barədə razılığa gəlmişlər. Bu məqsədlə, yəni həm özünə, həm də ona texnika almaq üçün Cavabdeh 2019-cu ilin sentyab-oktyabr ayında həmkəndlisi, həmçinin işlərində cavabdehə köməklik, habelə tərcüməçilik edən Orucov Cavanşir Elxan oğlu ilə birlkdə Rusiya Federasiyasına getmişlər. Bir neçə gün sonra o, ailə üzvləri və qohumları ilə birlikdə evində olduğu zaman Cavabdeh və Cavanşir Orucov Rusiya Federasiyasından ona zəng edərək, uyğun texnikalar olduğunu və almaq üçün pul göndərilməsini xahiş etmişlər. Hər ikisi ilə ailə üzvlərinin və qohumlarının yanında bir neçə dəfə danışdıqdan və Cavanşir Orucov həmin pula zamin durduğunu bildirdikdən sonra onlara pul göndərməyə razılıq vermişdir. Həmin vaxt Rusiya Federasiyasına bir şəxsin adından 1000 ABŞ dollarından artıq vəsait göndərilməsi mümkün olmadığı üçün o, öz adından 07 oktyabr 2019-cu il tarixdə "xxxx" ASC vasitəsi ilə 1000 ABŞ dolları vəsaiti Cavabdeh adına Rusiya Federasiyasına göndərmişdir. Bundan başqa, həmin vaxt işi ilə əlaqədar "xxxx" ASC-də olan və əvvəldən tanıdığı Hətəmli Emin Əlövsət oğlundan onun adından Rusiya Federsiyasına Cavabdeh 1000 ABŞ dolları göndərilməsinə razılıq verməsini xahiş etmiş, Emin Hətəmli də etiraz etməmiş və Emin Hətəmlinin adından da Cavabdeh 1000 ABŞ dolları göndərmişdir. Bundan sonra Bankda tanışı olmadığından Cavabdeh təklifi ilə Orucov Rasif Cavanşir oğlunun adından həmin vaxt Cavabdehla birlikdə olan Orucov Cavanşir Elxan oğlunun adına 1000 ABŞ dolları, Orucov Əfqan Elxan oğlunun adından 1000 ABŞ dolları və Ağayev Mehti Kamil oğlunun adından Məmişov Azər Əmin oğlunun adına 1000 ABŞ dolları göndərmişdir. Həmin vəsaitlərin göndərilməsi və bank əməliyyatları üçün isə 200 ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Cavabdeh Rusiya Federasiyasından aldığı texnikaları qayıtdıqdan sonra işlədərək, qazanc əldə etsə də, nə ona vəd verdiyi texnikaları vermiş, nə də pulunu qaytarmışdır. Cavabdehdən dəfələrlə pulunu qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ona yaranmış borcunu ödəməkdən yayınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı sayılan İddiaçı ona qarşı əsassız və qanunsuz iddia qaldırmaqla, 5200 ABŞ dolları məbləğində borc pulu, 1000 manat əldən çıxmış faydanı və 30 manat dövlət rüsumunu iddia qaydasında tələb etməsinə baxmayaraq, ciddi və əhəmiyyətli qanun pozuntuları ilə iddia əsassız təmin edildiyinə görə prosessual qanunun tələbləri ciddi pozularaq, işin faktiki halları düzgün qiymətləndirilməmiş və borclu olmadığı halda əsassız və qanunsuz məhkəmə qətnaməsi süni və şablon sübutlar üzərində çıxarılaraq, qanunla qorunan konstitusion hüquqlarım ciddi pozulmuşdur. Bu mənada qaldırılmış hazırkı iddia əsassız və qanunsuzdur. Belə ki, 5000 ABŞ dolları məbləğində pul vəsaiti tərəfindən ona verildiyi halda, onun saxta və qanunsuz qaldırmış olduğu iddia əsaslı görünə bilməz. Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələblərinə əməl edilmədən çıxarılmışdır. Halbuki, həmin normanın məlum tələbkarlığı ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçrilməsini tələb etmişdir. Bu mənada qeyd edilən norma ciddi pozularaq, məhkəmədə mübahisəyə baxılarkən işdə iştirak edən şəxslərin çağrılıb dindirilməməsi mövcud olarsa belə, qanunun bu halı qadağan etməsinə baxmayaraq, məhkəmə prosesində ifadə, izahatlar alınmış olsa da, hüquqi qiymətləndirmə qanun pozuntuları ilə təminat almışdır. İddiaçı məhkəmədə verdiyi izahatında Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, izahatına əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə birinci instansiya məhkəməsində dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə proseslərinin uzadılmasına xidmət edən müraciətlər edərək, onun pozulmuş hüquqlarının bərpasına mane olmuşdur. O, hətta apellyasiya şikayətini dəfələrlə müxtəlif pozuntularla verməklə və onların geri qaytarılmasına nail olmaqla məhkəmə icraatını yubatmışdır. Habelə, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnaməsi icra olunması üçün Cəlilabad rayon İcra və probasiya şöbəsinə göndərilmiş, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş İnzibati xəta haqqında protokol əsasında cavabdeh təqsirli bilinib və 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasını təxirə salınmasına dair teleqramı da hazırkı mülki işə baxılması müddətinin uzanması məqsədi ilə verilmişdir. Belə ki, onun vəkillə təmin olunmaq üçün kifayət qədər vaxtı olmuşdur. Habelə, cavabdeh məhkəməyə ünvanladığı teleqrama orada göstərilənlərə dair hər hansı sübut əlavə etməmişdir. Məhkəmə iclasının təxirə salınmasına qəti etiraz edir və işə mahiyyəti üzarə baxılaraq onun iddiasının təmin olunması barədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdeh tək ona qarşı yox, digər şəxslərə qarşı da bu cür əməlləri törətmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan xx.xx.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə Hətəmli Emin Əlövsət oğlunun adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə Cavabdeh adına 1000 (min) ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 (doqquz) ABŞ dolları komissiya tutulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə İddiaçı adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə Cavabdeh adına 1000 (min) ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 (doqquz) ABŞ dolları komissiya tutulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə Ağayev Mehti Kamil oğlunun adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə Məmişov Azər Əmin oğlunun adına 1000 (min) ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 (doqquz) ABŞ dolları komissiya tutulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə Orucov Rasif Cavanşir oğlunun adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə Orucov Cavanşir Elxan oğlunun adına 1000 (min) ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 (doqquz) ABŞ dolları komissiya tutulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli “Zolotoya Korona” sistemi vasitəsi ilə pul köçürülməsinə dair ərizədən görünür ki, həmin tarixdə Orucov Əfqan Elxan oğlunun adından Rusiya Federasiyasının Arxangelsk şəhərinə Orucov Cavanşir Elxan oğlunun adına 1000 (min) ABŞ dolları köçürülmüş və köçürmə üçün 9 (doqquz) ABŞ dolları komissiya tutulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli xarici valyutanın satışı barədə çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Bank əməliyyatlarının aparılması üçün "xxxx" ASC-yə 209 (iki yüz doqquz) ABŞ dolları, yəni həmin vaxta olan məzənnə ilə 355 (üç yüz əlli beş) manat 82 (səksən iki) qəpik məbləğ ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Orucov Cavanşir Elxan oğlu ifadəsində göstərmişdir ki, iddiaçını uzun müddətdir ki, tanıyır. Cavabdeh onun həm qonşusu, həm də qohumudur. O, cavabdehlə bir neçə dəfə Rusiya Federasiyasına ot bağlayan texnika almaq üçün getmişdir. 2019-cu ilin oktyabr ayında cavabdehlə birlikdə Rusiya Federasiyasının Arxangelsk şəhərində olan zaman Cavabdeh təklifi ilə İddiaçı zəng etmiş və Cavabdeh İddiaçı bank vasitəsi ilə ona, yəni cavabdehə 5000-6000 ABŞ dolları pul göndərməsini demişdir. Həmin vaxt Cavabdeh ona (şahidə) pulun onun olduğunu demiş, lakin həmin pulun Cavabdeh məxsus olub-olmadığını bilməmişdir. 07 oktyabr 2019-cu ildə isə İddiaçı həm öz adından, həm tanışının adından Cavabdeh adına cəmi 2000 ABŞ dolları məbləğində pul göndərmiş və Cavabdeh həmin məbləği qəbul etmişdir. Onun (şahidin) oğlu və qardaşının adından onun (şahidin) adına göndərilmiş 2000 ABŞ dollarını, həmçinin oğlu Rasifin adından Rasifin qaynı Mehtinin adına göndərilmiş 1000 ABŞ dollarını, cəmi 3000 ABŞ dollarını isə o (şahid) bankdan götürdükdən sonra Cavabdeh vermişdir. Digər şahid Hətəmli Emin Əlövsət oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında öz işi ilə əlaqədar "xxxx" ASC-də olduğu vaxt əvvəllər tanıdığı İddiaçı həmin Bankda görmüş və görüşmüşlər. İddiaçı həmin vaxt ondan Rusiya Federasiyasına onun (şahidin) adından pul göndərilməsinə razılıq verməsini xahiş etmiş, o da İddiaçı tanıdığına görə etiraz etməmişdir. Onun (şahidin) adından Rusiya Federasiyasına Cavabdeh adına 1000 ABŞ dolları göndərilmişdir. Həmin pulun kimə məxsus olmasından, hansı məqsədlə göndərilməsindən məlumatı olmamış, özü də bu barədə İddiaçı heç nə soruşmamışdır. Şahid Orucov Rasif Cavanşir oğlu isə öz ifadəsində göstərmişdir ki, cavabdehlə onun (şahidin) atası Cavanşir Orucov tez-tez Rusiya Federasiyasına mal gətirmək üçün getmişlər. 2019-cu ilin oktyabr ayında atası Cavanşir Orucovun tapşırığı ilə o (şahid), əmisi (şahidin) Əfqan və qaynı (şahidin) Mehti "xxxx" ASC-yə İddiaçı yanına getmişlər və onların hər birinin adından 1000 ABŞ dolları onun (şahidin) atası Cavanşir Orucovun adına və Məmişov Azər Əmin oğlunun adına göndərilmişdir. Atası Cavanşir Orucov telefonla danışdıqları vaxt həmin pulun Cavabdeh olduğunu bildirmişdir. İddiaçı Cavabdeh borcunun olub-olmamasından isə məlumatı olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, 07 oktyabr 2019-cu il tarixdə texnika alınması üçün İddiaçı öz adından və başqa şəxslərin adından Rusiya Federasiyası Arxangelsk şəhərinə Cavabdeh adına 5000 (beş min) ABŞ dolları məbləğində köçürmə etmiş, bunun üçün 45 (qırx beş) ABŞ dolları komissiya haqqı və bank xidməti olaraq 209 (iki yüz doqquz) ABŞ dolları ödəmişdir. Cavabdeh İddiaçı ilə aralarında olan razılaşmanı yerinə yetirmədiyinə, nə də iddiaçıdan bank köçürməsi vasitəsi ilə aldığı 5000 (beş min) ABŞ dollarını qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında bank vasitəsi ilə köçürülən məbləğin 5000 (beş min) ABŞ dolları təşkil etməsi mübahisə doğurmamışdır. Həmin hal, eləcə də həmin məbləğin, yəni 5000 (beş min) ABŞ dollarının köçürüldükdən sonra Rusiya Federasiyasında Cavabdeh tərəfindən qəbul edilməsi tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Ancaq Cavabdeh İddiaçı ona 5000 (beş min) ABŞ dolları məbləğində borcunun olduğunu və Rusiya Federasiyası Arxangelsk şəhərində ona köçürülməsi iş üzrə sübutlarla təsdiqini tapan 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitinin özünə məxsus olduğunu göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edilənlərlə yanaşı, diqqətə çatdırır ki, Cavabdeh 5000 ABŞ dolları məbləğində pul vəsaitinin özünə məxsus olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Habelə, birinci instansiya məhkəməsində prosesin çəkişmə prinsipi əsasında həyata keçrilməsi üçün onun iştirakı təmin olunsa da, iddianın əsassızlığı barədə etirazına dair hər hansı əsas göstərə bilməmişdir. Bundan əlavə, kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı ilə həmin məhkəmənin 21 dekabr 2021-ci il tarixli icra sənədi icra edilmədiyi üçün Cəlilabad rayon İcra və probasiya şöbəsinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş İnzibati xəta haqqında protokolu əsasında cavabdeh Hüseynov Aydm Ağaxan oğlu təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Adıçəkilən məhkəmə qərarında Cavabdeh izahatt verərək bildirmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021ci il tarixli 2(073)-885/2021 saylı icra sənədi üzrə ondan 5200 ABŞ dolları tutularaq İddiaçı verilməlidir. Həmin borcun ödənilməsi ondan tələb olunsa da, maddi imkanı olmadığı üçün bu günədək həmin pulu ödəyə bilməmişdir. Hal-hazırda borcunu tam şəkildə ödəyə bilmir. Əgər vaxt verilərsə, borcunu hissə-hissə ödəyib qurtara biləcəyini, əməlindən peşman olduğunu və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirmişdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Habelə, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Həmçinin, MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(073)-885/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar