Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-496/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış binasının onun qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)-522/2024 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli 1 giriş , 29.12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından (mağazadan) Cavabdeh çıxarılması, qeyri-yaşayış binasının qanuni istifadəsinə qaytarılması, torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri 28 may küçəsindən icarəsində olan 0,0036 ha torpaq sahəsi və onun üzərində yerləşən 3/4T nömrəli 1 girişli, 29,12 kv.m ümumi, 29.12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə ona məxsusdur və bu hüquq Azərbaycan Respublikasının DƏDRX HDQHDƏDR-dən ******* nömrəli MH seriyalı çıxarış almışdır. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 0,008 ha olmaqla müvafiq qaydada qeydiyyatdan keçmişdir. İş üzrə cavabdeh X5 həmin qeyri-yaşayış obyektini qanunsuz olaraq zəbt edib, özbaşına istifadə edir. Hal-hazırda iş üzrə cavabdeh X5 onun qanuni istifadəsində olan həmin əmlakdan sərbəst istifadəsinə, onun üzərində sərəncam verməyinə və sair hərkətlərinə maneçilik etməklə, müxtəlif çətinliklər yaradır və ona maddi və mənəvi ziyan vurur. Ona görə də o, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırda əmlakını qorumaq, mühafizə etmək imkanı artıq tükənib, onun qanunla istifadəsində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasını qorumaq və mühafizə etmək dövlətin vəzifəsidir. Cavabdehin hərəkətlərini son dərəcə qanunsuzluq və özbaşınalıq hesab edir. Hesab edir ki, onun qanunla istifadəsində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasından istifasində yaranmış məneə və müdaxilələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29.3-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hesab edir ki, cavabdeh X2 onun mülkiyyət hüququndan istifadə etməklə onun konstitusion hüququnu pozur. O, öz mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Şirvan şəhəri Heydər Əliyev prospekti 11 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılmalı, həmin qeyri-yaşayış binası onun qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin qeyri-yaşayış binasından sərbəst istifadəsinə hər hansı bir meneəçilik etməsi ona və digər şəxslərə qadağan edilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını, həmin qeyri-yaşayış sahəsinin onun qanuni istifadəsinə qaytarılmasını və gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Şirvan şəhəri 28 May küçəsində yerləşən mağazanı X4 işləyən Cavabdeh 2018-ci ildən etibarən aylıq icarə haqqı 300 manat olmaqla icarə müqaviləsi bağlamadan icarəyə vermiş, 5 il müddətində Sülhiyyə icarə haqqını tam şəkildə ödəmişdir. Həmin mağazanın 29.12 kv.m olan sahəsi çıxarışla ona məxsusdur, ümumilikdə 158 kv.m sahə isə Şirvan şəhər Bələdiyyəsi ilə aralarında olan müqaviləyə əsasən onun adına yüklüdür. Lakin 2023-cü ilin noyabr ayında ərazinin rəsmiləşdirilməsi üçün Dövlət Reyestr Xidmətinə müraciətilə bağlı əməkdaşlar obyektinə baxış keçirilməsi üçün daxil olmaq istəyərkən Sülhiyyə icazə verməmiş, obyektin yarısının ona məxsus olması ilə bağlı əlində müvafiq sənəd olduğunu bildirmişdir. Lakin Cavabdeh isə həmin sahə üzrə hər hansı sənəd verilməmiş, dövlət reyestrində qeydiyyata alınmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi X9 iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Şirvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 959 nömrəli, 01 sentyabr 2008-ci il tarixli torpaq icarə müqaviləsindən görünür ki, Şirvan şəhər Bələdiyyəsinin 01 sentyabr 2008- ci il tarixli, 67 nömrəli qərarına əsasında ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 36 kv.m olan torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının istifadəsinə verilir. Həmçinin Şirvan şəhər Bələdiyyəsi ilə aralarında bağlanmış H-054 nömrəli, 17 oktyabr 2011-ci il torpaq icarə müqaviləsindən görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 80.0 kv.m olan torpaq sahəsi icarə müqaviləsi əsasında onun istifadəsinə verilir. Bundan başqa ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 158.08 kv m təşkil edir. Cavabdeh xx.xx.1996-cı il tarixinə aid saxta sənəd təqdim edərək guya həmin qeyri-yaşayış sahəsinin ona məxsus olmasını bildirir. Lakin 2023-cü ilin noyabr ayına kimi Cavabdeh tərəfindən iddiaçıya icarə haqqı ödənilmişdir. Burada belə bir ziddiyyət yaranır ki, əgər həmin qeyri-yaşayış sahəsi Cavabdeh məxsus olmuşsa niyə 2023-cü ilin noyabr ayına kimi onun tərəfindən iddiaçıya icarə haqqı ödənilmişdir. Bundan başqa onun tərəfindən təqdim edilmiş saxta sənəddə Cavabdeh Şirvan şəhəri 28 May küçəsində torpaq sahəsinin ayrılması qeyd edilsə də, həmin küçədə harada torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. Odur ki, Cavabdeh ümumi sahəsi 158.08 kv.m təşkil edən qeyri-yaşayış sahəsindən çıxarılmasını, qeyriyaşayış sahəsinin iddiaçının qanuni istifadəsinə qaytarılmasını, gələcəkdə həmin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməsinə hər hansı bir maneəçilik yaradılmasının cavabdehə qadağan edilməsini tələb edirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı etiraf etməmiş, izahat verərək bildirmişdir ki, iddiaçının iddia etdiyi ünvan 1 ünvanında yerləşən 0,0036 ha torpaq sahəsi üzərində yerləşən 3/4T nömrəli 1 giriş, 29,12 kv.m ümumi 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli, qeyri-yaşayış sahəsini 2005-ci il tarixdən icarəyə götürmüşdür. Aylıq icarə haqqı əvvəl 150 manat, sonradan 200 manat olmuşdur. Həmin yerin yanında onun da 67 kv.m sahəsi olmuş, 2014-cü ildə iddiaçının sahəsi ilə onun sahəsi birləşdirilmiş və belə razılaşmışlar ki, kim çıxmaq istəsə, öz payını digər tərəfə satar. Onun da həmin vaxt maddi imkanı zəif olduğu üçün onunla razılaşmış və iddiaçıya ayda onun hissəsinə görə 400 manat icarə haqqı ödəməyə başlamışdır. 2024-cü ilin yanvar ayında iddiaçı bildirmişdir ki, “yeri satıram, sənə düşən hissənin də pulunu verəcəm” , o etiraz etməmiş və fevral ayının 29-na dək ondan vaxt istəmişdir. İddiaçı onun çıxmağı barədə bildirdikdən bir neçə gün sonra “OBA” marketin işçilərindən də bir neçə nəfər gələrək notariat qaydasında təsdiq edilmiş müqaviləni göstərərək həmin sahəni aldıqlarını bildirmişlər. Həmin vaxtdan indiyənədək keçən müddət ərzində də iddiaçı ona həmin sahəni işlətməyə imkan verməmiş, məhkəmə qaydasında mağaza üzərinə həbs qoyulmuşdur. Çünki iddiaçı onun çıxmasını gözləmək əvəzinə, ondan, ailəsindən müxtəlif inzibati orqanlara, polis şöbəsinə, prokurorluğa şikayətlər etməyə başlamışdır. Keçən müddət ərzində də o ancaq iddiaçının şikayətləri üzrə izahat verməklə məşğul olmuşdur. İddiaçı indiyənədək bir manat da olsun vergi ödənişi də ödəməmişdir, bütün vergilər də onun tərəfindən ödənilmişdir. Hətta iddiaçı vergidən yayınmaq üçün onun rəsmi olaraq icarə müqaviləsi də bağlamamışdır. Faktiki olaraq icarəsində olan və iddiaçıya da icarə müqaviləsi əsasında məxsus olan Şirvan şəhəri 28 May küçəsində olan 0,0036 ha torpaq sahəsinə və seriya MH-0001601 nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 3/4T nömrəli 1 girişli, 29, 12 kvm. ümumi, 29.12 kvm.əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına görə də icarə haqqı və vergi onun tərəfindən ödənilmişdir. Çünki həmin obyektə bitişik 67 kvm.torpaq sahəsini o , Şirvan şəhər İcra Hakimiyyətindən alqı-satqı yolu ilə almış və həmin sahədə tikintiyə icazəsi də olmuşdır. Lakin maddi imkanı olmadığı üçün qeyriyaşayış sahəsini tikə bilməmişdir. 2014-cü il tarixdə İddiaçıla şərik qaydada öz icazəsi əsasında ona məxsus olan torpaq sahəsini və Rəfaelə məxsus qeyri-yaşayış sahəsini birləşdirərək şərikli qaydada vahid obyekt tikmişlər. Ümumilikdə qeyri-yaşayış sahəsi 150 kv.m olmuşdur. Hazırda isə iddiaçı həmin qeyri-yaşayış sahəsinin bütövlükdə ona məxsus olmasını bildirərək, onu məhkəməyə vermişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh sonradan ərizə verərək iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının özündə iddia ərziəsində qeyd etdiyi kimi və onun da iddiaçının 29 kv.m olan hissəsi ilə razıdır. Çünki məhkəmə gedişatında da vurğuladığı kimi mübahisə olunan ərazidə hər ikisinin obyekti olmuşdur. Öz aralarında olan şifahi razılaşmaya əsasən hər iki obyekt birləşdirilmişdir. Sadəcə ev olaraq o ona məxsus olan hissəni gərək bilmədiyi üçün sənədləşmə qeyd etməmişdir. Mübahisə edilən obyekt ilk vaxtdan onun istifadəsindədir. İddiaçıya aid olan 29 kv-a sənədlə ona məxsusdur. Qalan hissəni isə ekspertiza qərarına əsasən torpaq sahəsi bələdiyyə ərazisidir və heç kimə aid deyildir. Qanunvericiliyə əsasən Bələdiyyə torpaq sahəsini satışa çıxararsa ilk olaraq torpaq sahəsinin kimin istifadəsində olduğu şəxsə təklif etməlidir. Ona görə də, iddiaçının qeyd etdiyi iddia tələbinin və hazırda üzərinə həbs qoyulduğu 29 kv.m hissənin təmin edilməsini iddianın qalan hissəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 iddianı qismən etiraf etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh ilkin iddiaya dair vermiş olduğu izahatında da iddianı qismən qəbul etdiyini bildirmişdir. Belə ki, Şirvan şəhəri 28 May küçəsi küçəsində İddiaçı icarəsində olan 0,0036 ha torpaq sahəsində yerləşən 3/4T nömrəli 1 girişli, 29,12 kv.m ümumi 29,12 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 2005-ci il tarixdən onun icarəsindədir, Lakin iddiaçı ilə cavabdeh arasında yalnız 2005-ci il tarixdə 5 illik icarə müqaviləsi yazılı bağlanmışdır. Sonradan isə iddiaçı ilə aralarında yazılı icarə müqaviləsi olmasa da faktiki olaraq həmin ticarət obyekti onun icarəsində olub və icarəyə görə də hər ay iddiaçıya icarə haqlarını ödənilmişdir. İddiaçı ilə son razılaşmalarına görə ilə 2023-cü ilin dekabrınadək,hər ay iddiaçıya 400 manat mağazaya görə icarə haqqı ödəmişdir. Bu barədə obyektdə olan görüntülər, yazışmalar var, aylıq icarə haqqı iddiaçıya və onun oğluna ödənilmişdir . Həmin obyektin yenidən tikilməsində maliyyə xərclərinin 50 faizi onun tərəfimdən qarşılanmış, hətta onun həyat yoldaşı da həmin yerin 0,67 kv.m sahəsi ona məxsus olduğu üçün orada usta olaraq çalışmışdır. Əgər həqiqətən də iddiaçının ünvan 1 ünvanda ümumi sahəsi 80,0 kv.m.torpaq sahəsinə dair 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli Torpaq icarə müqaviləsi var idisə hansı səbəbdən iddiaçı ilkin olaraq cavabdehin icarəsində olan ticarət obyektindən çıxarılmasını qoyurdu və onun indiyənədək də iddiaçının hərrac nəticəsində belə bir müqavilə bağlamasından xəbəri belə olmamışdır. Əgər qanuni hərrac keçirilsə idi o zaman həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğu üçün onun da həmin hərracın keçirilməsindən xəbəri olardı və yaxud da ki,o da hərracda iştirak edərdi. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 sentyabr 2008-ci il tarixli 959 nömrəli və 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli müqavilələrin həqiqiliyi şübhə doğurur. Çünki,iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hər iki torpaq icarə müqaviləsi tam formada təqdim edilməmişdir. Belə ki,müqavilələrin müddəti göstərilməmiş, 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli torpaq icarə müqaviləsinin müddəti göstərilmədiyi halda müqavilənin axırında əl xətti ilə müddəti göstərilməyən torpaq icarə müqaviləsinin müddətinin 15 yanvar 2025-ci il tarixədək uzadılması qeyd edilmişdir. Həmçinin müqavilənin müddətinin də hansı tarixdən uzadılması da göstərilməmişdir. 17 oktyabr 2011-ci il tarixli H-054 nömrəli torpaq icarəsi müqaviləsi bağlanarkən müqavilənin predmetinin 1.1-ci bəndində qeyd edildiyi kimi, torpaq icarə müqaviləsi torpaq sahəsinin sərhədləri yerdə və xəritədə müəyyən edildikdən, onun sahəsi ölçüldükdən sonra bağlanır. 2005-ci il tarixdən bu torpaq sahəsi faktiki olaraq onun istifadəsində olduğu halda, kimlər gəlib həmin torpaq sahəsinə baxıb, yerində ölçmə aparmışdır. İddiaçının Şirvan şəhəri 28 May küçəsində 29,12 kv.m ticarət obyektindən və həmin obyektin yerləşdiyi 0,0036 ha torpaq sahəsinə dair 01 sentyabr 2008-ci il tarixli, 959 nömrəli torpaq icarə müqaviləsindən başqa heç bir rəsmi müqaviləsi olmamışdır. Hələ həmin 959 nömrəli torpaq icarə müqaviləsinin də qanuni olub-olmaması da şübhəlidir. Mübahisə edilən obyekt ilk vaxtdan onun istifadəsindədir. İddiaçıya aid olan 29 kv-a sənədlə ona məxsusdur. Qalan hissəni isə ekspertiza qərarına əsasən torpaq sahəsi bələdiyyə ərazisidir və heç kimə aid deyildir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)-522/2024 saylı qətnaməsi ilə (hakim A.Məmmədli) iddia təmin edilmiş, Cavabdeh Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi İddiaçı sahibliyinə qaytarılması, İddiaçı Şirvan şəhəri 28 May küçəsində yerləşən ümumi sahəsi 158.08 kv.m olan qeyri-yaşayış sahəsindən və onun üzərində yerləşən qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə hər hansı maneəçilik etməsi cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, mütəxəsis rəyinin alınması ilə bağlı ödənilmiş olan 95 (doxsan beş) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)- 522/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını. saxta sübutların araşdırılması üçün həmin sübutları hazırlamış və məhkəməyə təqdim etmiş şəxslər barəsində xüsusi qərar qəbul edilməklə prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e- 2(032)-522/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, xx.xx.2009-cu il tarixdən (VÖEN**********) vergi ödəyicisi olan fiziki şəxs statusuna malik olması müəyyən edilmiş və elə həmin vaxtdan da mübahisə predmeti olan mağazanın özünə məxsus olan hissəsində sahibkarlıq fəaliyyətini həyata keçirir. Bildirmişdir ki, sonradan mağazalarını birləşdirmiş və belə razılaşmışlar ki, kim öz payını satmaq istəsə biri-birlərinə məlumat verəcəklər. Hazırkı mübahisələri sahibkarlıq fəaliyyətlərini həyata keçirdikləri mağazaya görədir. O, hazırda həmin mağazada sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil4 bildirmişdir ki, iddiaçı və cavabdehin fərdi sahibkarlıq statusu var, onlar arasındakı mübahisə də sahibkarlıq fəaliyyətindən irəli gəlir. Buna görə də hesab edir ki, tərəflər arasında olan hüquqi münasibət kommersiya hüquqi münasibətidir və buna görə işin aiddiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı göstərmişdir ki, xx.xx.2004-cü il tarixdən (VÖEN **********) vergi ödəyicisi olan fiziki şəxs statusuna malik olması müəyyən edilmiş və elə həmin vaxtdan da mübahisə predmeti olan mağazanın özünə məxsus olan hissəsində sahibkarlıq fəaliyyətini həyata keçirir. Bildirmişdir ki, mağazanı əvvəllər ayrı-ayrı şəxslərə icarəyə vermiş, 2018-ci ildən isə mağazanı cavabdehə müqaviləsiz icarəyə vermişdir. Cavabdeh orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırda cavabdehi qeyriyaşayış sahəsi olan mağazadan çıxararaq həmin yeri başqa şəxsə (OBA Marketə) icarəyə vermək istəyir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)-522/2024 saylı qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə hazırki mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə tərəflərin “vergi məlumatları” bölməsinə baxış keçirilmiş və bu zaman İddiaçı xx.xx.2004-cü il tarixdən (VÖEN **********) və Cavabdeh xx.xx.2009-cu il tarixdən (VÖEN**********) vergi ödəyicisi olan fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir. İşin hallarından müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər əön azından 2018ci ildə yaranmış və bu dövr hər iki tərəfin vergi ödəyicisi kimi qeydiyyatda olduğu dövrü əhatə edir. Göründüyü kimi tərəflər vergi ödəyicisi olan fiziki şəxs statusuna malikdir və hazırkı mübahisənin predmeti bilavasitə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə ilə bağlıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)- 522/2024 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, e-2(032)-522/2024 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-496/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-496/2025
27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver