Məhkəmə qərarları › İş №2(106)-499/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-499/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-499/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1465/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 322 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi anasının qonşusu kimi uzun müddətdir, tanıyır. Cavabdeh qaytarmaq şərti ilə iddiaçıdan 350 manat borc pul istəmiş, iddiaçı ona özündə 322 manat pul olduğunu və həmin pulu göndərə biləcəyini deyərək, ona xx.xx.2021-ci il tarixində 322 manat pulu Beyləqan şəhərindəki “Beyləqan” marketdə yerləşən “Milliön” ödəniş terminalından cavabdehin plastik kartına borc olaraq göndərmişdir. Həmin pulun göndərilməsi ilə bağlı qəbz də bunu sübut edir. İddiaçının cavabdehə pulu göndərməsinə səbəb onunla uzun müddət tanış olmaqları və aralarında münasibətin olması olmuşdur. Pulu göndərərkən cavabdeh ona göndərilmiş 322 manat borc pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Lakin cavabdeh verdiyi sözü yerinə yetirmir, iddiaçıdan almış olduğu cəmi 322 manat məbləğində pulu indiyədək qaytarmamışdır. İddiaçı hər dəfə cavabdehə zəng edərək pulunu istədikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Beyləqan Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(020)-1465/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, Cavabdeh 322 manat məbləğində borc pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(020)-1465/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixində “Beyləqan” marketdə yerləşən e-Manat ödəniş terminalında cavabdehin plastik kartına ödədiyi 322 manat pul iddiaçının cavabdehdən etdiyi alverə görə ödənilmiş borcdur. Bundan başqa, iddiaçının xx.xx.2021-ci il tarixində cavabdehə vermiş olduğu qəbzdən də göründüyü kimi, o, cavabdehə olan borcundan 500 manatını 2021-ci ilin iyul ayında, 600 manatını isə 2021-ci ilin avqust ayında qaytaracağına söz vermişdir. Lakin bugünə kimi həmin borcu ödəmədiyinə görə, cavabdeh ona qarşı 1100 manat pul tələbinə dair iddia qaldırmış, həmin iddianın baxılması 17 yanvar 2023-cü il tarixinə təyin edilmişdir. Bundan əvvəl də cavabdehin 2000 manat pul tələbinə dair iddiası Beyləqan Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(020)-684/2022 saylı qətnaməsinə əsasən təmin edilmişdir. Həmin qətnaməyə əsasən iddiaçıdan 2000 manat borc verilmiş pulun alınaraq cavabdehə verilməsi qət edilmişdir. Cavabdehə yazılı qəbzlər əsasında hal-hazırda 3100 manat borcu olan iddiaçının ona borc pul verməsi heç bir məntiqə sığmır. İddiaçının ödədiyi 322 manat və 500 manat puldan başqa, hal-hazırda cavabdehə 3100 manat pul borcu qalmışdır. İş materiallarında olan iddiaçının 12 iyul 2021ci il tarixli imzaladığı qəbzdən də göründüyü kimi, o, cavabdehə olan borcunu etiraf etmiş və qaytaracağına söz vermişdir. İş materiallarından və məhkəmənin 14 dekabr 2022-ci il tarixli qətnaməsindən də göründüyü kimi, cavabdehin iddiaçıdan 322 manat borc pul almasına dair heç bir müqavilə və ya hər hansı bir yazılı sənəd yoxdur. Cavabdeh iddiaçıdan heç bir vaxt borc pul almamışdır. Məhkəmə işi tam və obyektiv araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etməklə, cavabdehə hazırda 3100 manat borclu olan iddiaçının borcuna görə ödəmiş olduğu 322 manat pulun verilməsini düzgün olmayaraq borc müqaviləsi kimi qiymətləndirmişdir. Tərəflər arasındakı hüquqi münasibətlər cavabdehdən borc alınmış pullara görədir. Lakin məhkəmə həmin 322 manat pulun aralarında aparılmış gül alverinə görə olması, kimin kimə borc olması, iddiaçıdan borc pulun alınmasına dair müqavilənin və ya hər hansı yazılı sənədin olub-olmaması məsələlərini araşdırmamışdır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, 2021-ci ildə iddiaçı ondan 318 manat dəyərində nisyə olaraq gül almış, 4 manat isə bankın hesabına ödənilməli olduğundan, iddiaçı 322 manat məbləğində cavabdehin kartına pul ödənişi etmişdir. Cavabdehin iddiaçıya hər hansı borcu olmamış, iddiaçı tərəfindən ödənilmiş məbləğ məhz həmin nisyə alğı-satqı üzrə ödəniş olmuşdur. Həmin borc üzrə ödənişdən əlavə, onlar arasında əvvəllər də məhkəmə mübahisəsi olmuş, cavabdeh nisyə alğı-satqıya və borca görə ödənilməmiş 2000 manat pul tələbi ilə bağlı İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, iddiaçının özü cavabdehdən borc almasına dair qəbz də yazmışdır. Göründüyü kimi, iddiaçının cavabdehə borclu olması və borcun tutularaq cavabdehə ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallardır və belə olan halda, cavabdehin iddiaçıya 322 manat məbləğində borcunun olması ağlabatan deyil. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdəki Beyləqan şəhəri, Magistral küçəsi, “Beyləqan” marketdə yerləşən e-Manat ödəniş terminalında icra edilmiş xx.xx.2021-ci il tarixli, 858 nömrəli qəbzdən görünür ki, Cavabdeh "xxxx" ASC-də olan kart hesabına 322 manat köçürülmüşdür. İşdəki "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. İşdəki xx.xx.2021-ci il tarixli əlyazma qəbzin surətindən görünür ki, qəbzdə “12.Vİİ.2021-ci ildə Səringül xalaya 500 manat verdim.”, “İyulun axırı 500 manat verəcəm.”, “Avqust ayı 600 manat verəcəm” yazıları icra edilmiş və imzalanmış, eləcə də aşağıdan “12.Vİİ.2021-ci ildə 500 manat aldım. Samirədən” yazısı icra edilərək imzalanmışdır. İşdəki xx.xx.2021-ci il tarixli əlyazma qəbzin surətindən görünür ki, qəbzdə “Mən Rəşidova X1 2300 manat borcum var. Onun 1000 manatın Vüsal verəndən sonra Səringülə 1300 manat borcum qalır.” yazısı icra edilərək imzalanmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehin ona 322 manat borcu olduğunu bildirmiş, həmin borcun qaytarılmasını tələb etmiş və öz tələbini onunla əsaslandırmışdır ki, cavabdeh anasının qonşusu olduğundan 06 fevral 2021-ci il tarixdə ona borc pul vermiş, lakin cavabdeh bunu qaytarmamışdır. İddiaçı pulun verilməsini təsdiq etmək üçün e-Manat ödəniş terminalında icra edilmiş xx.xx.2021-ci il tarixli qəbzi təqdim etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, onun kart hesabına köçürülmüş məbləğin iddiaçıya nisyə satdığı 318 manat dəyərində olan güllərə görə edilən ödəniş olduğunu, özünün iddiaçıya hər hansı borcu olmadığını, əksinə iddiaçının nisyə aldığı əşyalara və ödənilməmiş borclarına görə ona borclu olduğunu bildirmiş, gətirdiyi arqumentin təsdiqi üçün də Beyləqan Rayon Məhkəməsinin 2(020)-684/2022 saylı, 21 iyun 2022-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-321/2023 saylı, 14 fevral 2023cü il tarixli qətnamələrinin surətlərini təqdim etmişdir. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iddiaçı cavabdehin kart hesabına ödənilmiş 322 manatın həqiqətən də cavabdehə borc olaraq verilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin plastik kart hesabına pulun köçürülməsi ilə bağlı qəbz isə həmin pulun cavabdehə məhz borc verilməsi faktını təsdiq edə bilməz. Həmçinin, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq, Beyləqan Rayon Məhkəməsinin 2(020)-684/2022 saylı, 21 iyun 2022-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-321/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnamələrini də tədqiq edərək müəyyən edir ki, həqiqətən də tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi olmuşdur. Belə ki, işdə surəti olan Beyləqan Rayon Məhkəməsinin 2(020)-684/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı 2000 manat pul tələbinə dair iddiasına baxılmış, məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı borca görə 2000 manat və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2023cü il tarixli, 2(106)-321/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(020)- 684/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası İddiaçı Cavabdeh borcu olduğu və bu borcun mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyi halda, İddiaçı Cavabdeh həmin dövrdə 322 manat məbləğində borc verməsini ağlabatan hesab etmir və belə nəticəyə gəlir ki, iddiaçının bildirdikləri işin müəyyən edilmiş hallarına uyğun deyil. Bu cür borcun verilməsi tərəflərin qarşılıqlı münasibətləri baxımından da inandırıcı deyil. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, borcun ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə cavabdehin ona borcu olduğunu və cavabdehin həmin borcu ödəmədiyini sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materialları ilə isə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya deyil, iddiaçının cavabdehə borcu var və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapır. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin kart hesabına köçürülmüş 318 (4 manat bankın xidmət haqqı) manatın iddiaçı tərəfindən ona olan borcuna görə ödənilməsi ilə bağlı apellyasiya şikayətində qeyd edilənləri inandırıcı hesab edir və bunun işin hallarına uyğun olduğu nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları və tərəflər arasındakı qarşılıqlı münasibətləri təsdiq edən mötəbər sübutları təqdim edib-etməməsinə düzgün qiymət verməmiş, iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının cavabdehə 322 manat məbləğində borc verməsi və cavabdehin iddiaçıya həmin məbləğdə borcunun olması faktı iş materialları ilə öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində də qətnamə ləğv edilib iddia rədd edilərək, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 322 manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1465/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar