Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-501/2023 18.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Tahirova Dilrubə Osman qızının iştirakı ilə, İddiaçı cavabdeh Tahirov Şəfa Amil oğluna qarşı pul və əmlak tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(064)-1579/2022 saylı qətnaməsindən cavabdeh Tahirov Şəfa Amil oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4 baş xırda buynuzlu qoyun, 3 baş quzu, əlavə olaraq qoyun almaq üçün verdiyi 1000 manat məbləğində pul, qurbanlıq qoyun almaq üçün verdiyi 150 manat məbləğdə pul və 1500 kq buğdanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(064)-1579/2022 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) İddiaçı cavabdeh Tahirov Şəfa Amil oğluna qarşı pul və əmlak tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 270 manat məbləğdə pul, hər birinin dəyəri 300 manat olan 4 baş qoyun (cəmi 1200 manat) və hər birinin dəyəri 250 manat olan 3 baş quzu (cəmi 750 manat), hər bir kiloqramının dəyəri 0.80 manat olan 500 kq buğda (cəmi 400 manat) naturada və ya bu mümkün olmadıqda isə, onların dəyərinin pulla tutularaq İddiaçı verilməsi qət dilmişdir. Cavabdeh Tahirov Şəfa Amil oğlu tərəfindən Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(064)-1579/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Bir gün o, sahədə ailəsinə məxsus 6 baş xırda buynuzlu heyvanları otarırkən qoyun qaçıb başqa şəxsin həyətinə keçmişdir. O, tez həmin sahədən qoyunları çıxarmaq üçün getdikdə yerin yeyəsi ona qoyunları onun sahəsində otlaya biləcəyini demişdir. O, İddiaçı “sən get sənin qoyunlarını otara bilərəm” demişdir. 1 aya yaxın o, öz qoyunu ilə birlikdə onun qoyununu da otarmışdır. Sonradan o, ona xəstə olduğunu və bir müddət onun qoyununa baxa biləcəyini demiş, o, isə demişdir ki, “narahat olma mən baxaram”. İddiaçı ona arxayın olaraq 4 baş xırda buynuzlu qoyun və 3 baş quzu vermişdir ki, otarsın. Bir müdət keçdikdən sonra o, İddiaçı zəng vuraraq qəsəbədə 8 baş xırda buynuzlu qoyun satıldığını demiş və həmin qoyunları 1000 manata almaq olduğunu demişdir. İddiaçı ona 1000 manat məbləğdə pul vəsaiti göndərmiş, həmin qoyunları alması üçündür. Bir müddət sonra ona 150 manat məbləğdə pul göndərmişdir ki, İddiaçı qurbanlıq qoyun alıb göndərsin, lakin o, həmin qurbanlıq qoyunu almamış və 1500 manatını qaytarmamışdır. Bundan başqa, cavabdeh ona məxsus 1.32 hektar torpaq sahəsini iki il ərzində əkib becərib, həmin sahədən ona indiyənədək ən azından 1500 kq buğda verməli olduğu halda verməmişdir. O, bununla bağlı rayon polis şöbəsinə müraciət etmiş və Füzuli rayon prokurorluğunda onun əməlində cinayət tərkibi yaranmadığından cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsi məsləhət vermişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Tahirov Şəfa Amil oğlunun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında hər hansı bir müqavilə bağlanılmamışdır. Aralarında olan hər hansı bir müqavilənin olmadığı halda isə hər hansı bir öhdəlikdən söhbət gedə bilməz. O, İddiaçı bacısından 6 baş quzu alarkən həmin quzuların dəyəri 900 manat məbləğdə pulu iddiaçıdan almış və bacısına vermişdir. O həmin 900 manat məbləğdə pulun ödənilməsi üçün də əmək haqqı kartını İddiaçı vermişdir. Həmin 900 manat məbləğdə borc pul ödənildiyi vaxta kimi də əmək haqqı kartı iddiaçıda olmuş və kartdan pullar çıxardıqdan sonra əmək haqqı kartını özünə qaytarmışdır. O, apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı xəstə olduğu üçün ona məxsus olan 4 baş qoyunu və 3 baş quzunu özünə məxsus olan heyvanların içərsində bir neçə ay saxlamışdır. İddiaçı əməliyyatdan qayıdıb gəldikdən sonra pula ehtiyacı olduğundan 2019-cu ilin axırlarında həmin heyvanları gəlib aparmışdır. Ona görə də, onların arasında həmin vaxt heç bir söz-söhbət belə olmamışdır. İddiaçı xəstə olduğundan, ona məxsus olan torpaq sahəsini əkib-becərə bilmədiyindən onun torpaq sahəsindən bir il mövsümü olaraq taxıl bitkisini əkmişdir. Həmin ilin torpaq sahəsi əkildiyindən subsidiyanı da İddiaçı almışdır. Həmin ilin əkininə görə şərikli olduğu üçün də 10 kisə, yəni 500 kq buğdanı iddiaçıya vermişdir. İkinci il isə həmin torpaq sahəsi əkilmədiyindən subsidiya alınmamışdır. İddiaçı 3 il əvvəlki hərəkətlərə (yaxşı qonşuluq münasibətləri olmuşdur) görə ona qarşı pul və əmlak tələbinə dair iddia qaldırmasının əsas səbəbi onun qızı ilə deyil, başqa bir qadınla ailə həyatı qurmağı olmuşdur. Cavabdehin nümayəndəsi Tahirova Dilrubə Osman qızı izahatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(064)-1579/2022 saylı qətnaməsin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, izahatına əlavə olaraq bildirmişdir ki, cavabdeh Tahirov Şəfa Amil oğlu İddiaçı olan borcunu birdəfəyə ödəməyə maddi imkanı olmadığı üçün əmək haqqı kartını ona verərək iddiaçı ilə borcun həmin kartdan çıxarılmasını xahiş etmiş və onlar razılaşmışlar. Bundan sonra onun əmək haqqı kartı təxminən 3-4 ay iddiaçıda qalmış və müddət ərzində iddiaçı müxtəlif vaxtlarda cavabdehin kartından 2-3 dəfə müxtəlif məbləğlərdə pul vəsaiti çıxarmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin (və ya nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Füzuli Rayon Məhkəməsinin 2(064)-1579/2022 saylı iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Cinayət işi başlanmasının rədd edilməsi barədə 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında ilkin toplama materialı üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin bağlanması rədd edilmişdir. Həmin materiallardakı izahatında da bildirmişdir ki, 2019-cu ilin sonlarında İddiaçı ona zəng edərək, bacısı Xəyalənin 6 ədəd erkək toğlu satdığını bildirmişdir. Bundan sonra o Xəyaləgilə gədərək, sonuncunun əri ilə danışmış, həmin heyvanları almışdır. Aralarındakı razılaşmaya görə ən geci 15 günə 880 manat məbləğində pulu Xəyalənin ərinə verməli olsa da, həmin pulu vaxtında verə bilməmişdir. 15 gündən sonra Nazilə ona zəng edərək “nə üçün pulu gecikdirirsən?!” demişdir. O, Naziləyə maddi imkanının aşağı olduğu üçün ödəyə bilmədiyini demişdir. Bu zaman Nazilə ona “mən sənin yerinə Xəyaləyə olan borcunu verə bilərəm, sonra sən mənə qaytara bilərsən” demişdir. Həmin vaxt İddiaçı Şirvan şəhərində olduğu və onun əmək haqqı kartı üzərində olmadığı üçün o Beyləqan rayonunda yerləşən Daşınmaz Əmlakın işçilərindən birinə xahiş edərək, kartının şəklini çəkib Naziləyə göndərmiş, Nazilə isə həmin karta 900 manat məbləğində pul göndərmişdir. Nazilə Füzuli rayonuna geri qayıtdıqdan sönra o Nazilənin evinə gedərək, 900 manat məbləğində pulu birbaşa ödəməyə maddi imkanının çatmadığı üçün Naziləyə bunun müqabilində əmək haqqı kartını verə biləcəyini demişdir. Nazilə isə onunla razılaşmışdır. Bundan sonra onun əmək haqqı kartı təxminən 3-4 ay Nazilədə qalmışdır. Həmin müddət ərzində Nazilə müxtəlif vaxtlarda kartdan 542 manat, 266 manat və 90 manat məbləğində pul çıxarmışdır. Bundan sonra o əmək haqqı kartını Nazilədən geri almışdır. İddiaçı ona qurbanlıq quzu almasını xahiş etməsini etiraf etmiş, buna görə o bazara gedib Nazilə üçün qurbanlıq quzu axtarmışdır. Lakin bazarda olarkən o, Naziləyə zəng etmiş, sonuncu ona telefonda Sabirabad şəhərində olduğunu və məsələnin sonraya qalmalı olduğunu demişdir. Həmin vaxt o Naziləyə qurbanlıq quzuların 150 manat dəyəində olmasını demişdir. Lakin o bunun üçün nə Naziləyə qurbanlıq quzu, nədəki Nazilədən 150 manat pul almamışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiyanın təmin edilməsi və qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(064)-1579/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-501/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-501/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver