Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-502/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh oğluna qarşı “pul" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: pul tələbi X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçı X4, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı “pul" tələbinə dair iddiası üzrə Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(064)-1713/2022 saylı qətnaməsindən (hakim Y.Həşimov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə, apelyasiya icraatı qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X7 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 9.349 manat, ödənilmiş dövlət rüsumuna görə 130 manat olmaqla, əldən çıxmış faydaya görə 3.739 manat olmaqla, ümumilikdə 13.218 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun sinif yoldaşı olmuşdur. Birinci Qarabağ müharibəsi dövründə o, ailəsi ilə birlikdə Bakıya köçərək burada məskunlaşmışdır, Cavid isə Horadiz şəhərində qalmış və hal-hazırda da orada yaşayır. Cavid 2005-ci ildən Bakı şəhərinə gəlib-gedərkən onunla görüşüb hal- əhval tutmuşdur. Cavid də hər dəfə Bakı şəhərinə gələrkən bir sinif yoldaşı kimi ona pay kimi kənd təsərrüfatı məhsulları gətirmişdir. 2014-cü İldə Cavid ona bildirmişdir ki, Füzuli rayonunda çoxlu mal-qara alıb saxlamaq və bundan yaxşı gəlir götürmək üçün şəraiti vardır. Lakin bunun üçün maddi imkanı yoxdur. Ona görə də, ondan mal-qara saxlamaq üçün pul istəmişdir. O, da təbii ki, ona inanaraq birinci dəfə 5.000 manat məbləğində nağd pul vermişdir. Həmin pulu verdikdən sonra Cavid rayona qayıtmış və telefonla onun əlaqə saxlayaraq həmin pula mal-qara aldığını və öz həyətində saxladığını bildirmişdir. Bundan sonra, Cavid yenidən onunla əlaqə saxlayaraq fermanın böyüdülməsi üçün əlavə pula ehtiyacı olduğunu bildirmişdir. O, yenə də ona inanaraq yenidən pul göndərməyə başlamış və 2014-cü ildən 2015-ci ilə qədər əlavə olaraq 6.700 manat məbləğində pulu cavabdehə ödəmişdir. Ümumilikdə isə 11.649 manat məbləğində Cavidə pul vermişdir. Həmin pulun 2.300 manatı Cavid tərəfindən ona geri qaytarılmış, qalan 4.349 manat məbləğ isə bu günə kimi ona qaytarılmamışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. O, hər dəfə həmin pulu ona qaytaracağını bildirmiş, lakin müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Ona görə də, o, məcbur olub onun barəsində şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Ərizə əsasında aparılan araşdırma zamanı Cavabdeh yenə də məsuliyyətdən yaxa qurtarmaq üçün yalan ifadələr vermişdir. Lakin bu proseslərdə iştirak etmiş şahidlər işin bütün hallarını bildikləri üçün onun yalan ifadələrini ifşa etmişlər. Təbii ki, artıq o, gözləməyin heç bir mənası olmadığını görərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iddiasının təmin olunmasını xahiş etmiş və izahatında əlavə olaraq göstərmişdir ki, o, cavabdehə 2015-ci ildə rəfiqəsi X2 yanında 5.000 manat vermiş, bundan başqa 2014-2015-ci illər ərzində poçt vasitəsi ilə hissə-hissə olmaqla cəmi 6.700 manat, komissiya nəzərə alınmaqla 6.649 manat göndərmişdir. Cavabdeh isə bu puldan ona cəmi 2.300 manat qaytarmış və hazırda 9.349 manat borcludur. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ona heç bir məbləğdə pul verməmişdir, əksinə o, 2014-2015-ci illər ərzində iddiaçıya cəmi 7.880 manat pul göndərmişdir. İddiaçı isə həmin puldan 2016-cı il ərzində ona 6.700 manat qaytarmışdır. Hazırda onun deyil, iddiaçının ona borcu var. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilmiş şahid X5 göstərmişdir ki, İddiaçı onun yanında Cavabdeh 5.000 manat pul vermişdir. Həmin vaxt X6 da onların yanında olmuşdur. Onda olan məlumata görə cavabdeh iddiaçıdan əlavə olaraq da pul almış və bir hissəsini qaytarsa da qalan hissəsini hələ də qaytarmamışdır. Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(064)-1713/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı X4 xeyrinə 4.069 manat pul tutulmuş, iddia tələbi digər hissədə rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərmişdir ki, iddiaçı ona heç bir məbləğdə pul verməmişdir, əksinə o, 2014-2015-ci illər ərzində iddiaçıya cəmi 7.880 manat pul göndərmişdir. İddiaçı isə həmin puldan 2016-cı il ərzində ona 6.700 manat qaytarmışdır. Hazırda onun deyil, iddiaçının ona borcu vardır. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda əsaslandırılmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 5000 manat pulu cavabdehə 2014-cü ilin təxminən may ayında vermişdir. Göstərmişdir ki, Sevil və Ülviyyə ilə yaxın rəfiqədirlər. 5000 manat pulu rəfiqələri Sevil və Ülviyyənin yanında Cavidə vermişdir. Belə ki, həmin vaxt Hövsanda anasıgildə olan zaman Cavidlə əvvəlcədən razılaşdırdıqları 5000 manat pulu götürüb rəfiqələri ilə birlikdə onun avtomobilində Cavidlə görüş təyin etdikləri “Suraxanı Bus”-un yanına gəlmişlər. Onlar “Suraxanı Bus”-un yanına çatanda Cavid orada olmuşdur. Maşından Sevillə birlikdə düşmüşdür. O, pulu sayıb Cavidə verməyə utanmışdır. Buna görə də Sevil pulu sayaraq Cavidə vermiş, Caviddən də saymasını xahiş etmişdir. Pul əskinazları 50-lik və 100-lüklərdən ibarət olmuşdur. Hətta orada zarafat edib demişlər ki, bundan sonra pendir-qaymağı pulsuz əldə edəcəklər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçının nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Füzuli RPŞ müstəntiqi Şamo Mehdiyev tərəfindən qəbul edilmiş 16 may 2022-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, material üzrə izahatı alınmış X5 və X6 izahatlarında təxminən 2014-cü ildə Natavanın onların yanında Cavidə 5000 manat pul verməsini təsdiq etmişlər. Həmçinin qeyd olunan “cinayət işinin rədd edilməsi haqqında” qərarla X7 tərəfindən Cavabdeh 6700 manat pul göndərməsi müəyyən olunmuşdur. Həmçinin tərəflərin razılığı ilə X1 iclasında təkrar olaraq dindirilmişdir. S.Aslanova məhkəmə iclasında göstərmişdir ki, Natavanla yaxın rəfiqədirlər. Natavanla Cavidin münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Göstərmişdir ki, Natavanla Cavidin iş birliyi quraraq qoyu-quzu saxlamaqlarından məlumatı olmuşdur. Bu məqsədlə Natavan müəyyən vaxtlarda Cavidə pul göndərmişdir. Natavan pulların bir qismini poçtla göndərsə də 5000 manatını onun və rəfiqələri Ülviyyə Bayramovanın yanında Cavidə vermişdir. Belə ki, təxminən 7-8 il bundan əvvəl Hovsanda Natavanın anasıgildə olan zaman Cavidlə Natavanın pul barədə danışmasının şahidi olmuşdur. Cavid qoyun saxlaması üçün Natavandan 5000 manat pul istəmişdir. Natavanda buna razılıq vermişdir. Natavan 5000 manat pul götürüb onlarla birlikdə Cavidlə görüş təyin etdikləri “Suraxanı Bus”-un yanına gəlmişlər. Onlar “Suraxanı Bus”-un yanına çatanda Cavid orada olmuşdur. Maşından Natavanla birlikdə düşmüşdür. Natavan pulu sayıb Cavidə verməyə utanmışdır. Buna görə də o özü pulu sayaraq Cavidə vermiş, Caviddən də saymasını xahiş etmişdir. Beləliklə də Natavan 5000 manat pulu Cavidə vermişdir. Pul əskinazları 50-lik və 100-lüklərdən ibarət olmuşdur. Hətta orada zarafat edib demişlər ki, bundan sonra pendir-qaymağı pulsuz əldə edəcəklər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 449.1-ci maddəsində qeyd olunur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 09 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göründüyü kimi iddiaçı 2014-cü ildə cavabdehə 5000 manat pul verdiyini qeyd edir. O bu halları Füzuli RPŞ-də araşdırması zamanı, birinci instansiya məhkəməsində və hazırkı iclasda bildirir. Bundan əlavə qeyd olunan hal şahidlər S.Aslanova və Ü.Bayramova həm Şöbədəki araşdırma zamanı, S.Aslanova isə birinci instansiya məhkəməsinin iclasında da təsdiq etmişdir. Bundan əlavə şahid S.Aslanova kollegiyanın iclası zamanı 5000 manat pulun cavabdehə verməsini daha detallı, iddiaçının izahatına tam uyğun şəkildə vermişdir. Kollegiya şahidin vermiş olduğu izahatı inandırıcı hesab edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin gətirmiş olduğu arqumentləri inandırıcı hesab etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Həmçinin iddiaçı da qətnaməni apellyasiya qaydasında mübahisələndirmədiyindən onun tərəfindən də kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(064)-1713/2022 nömrəli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-502/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-502/2023
30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver