Məhkəmə qərarları › İş №2(106)-508/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-508/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-508/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1905/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş ******* nömrəli, 29 iyul 2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1036 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1, ev 32də yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir. Heç vaxt qaza borcu olmamışdır. Qaz idarəsindən iddiaçının evinə gələrək bildirmişlər ki, qaz sayğacının vaxtı bitib və yeni qaz sayğacı qoyulacaq. İddiaçı buna heç bir etiraz etməmişdir. Onlar qaz sayğacını qoyulduğu yerdən çıxararaq getmişlər. Sonradan qaza baxan nəzarətçi iddiaçıya bildiriş verən zaman o, qaza borcu olduğunu görmüşdür. Maraqlananda iddiaçıya qaz sayğacına görə cərimələndiyi və qaz sayğacına müdaxilə olunduğu bildirilmişdir. İddiaçı qaz sayğacına müdaxilə olunmadığını bildirsə də, əməkdaşlar onunla razılaşmamışlar. Qazdan istifadəyə görə borcları ilə bağlı sənədləri əldə etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, qaz idarəsinin işçiləri onun iştirakı olmadan ******* nömrəli, 29 iyul 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Həmin akta əsasən hesablanan məbləğ tamamilə qanunsuzdur və etibarsız hesab edilməlidir. Qaz sayğacı küçədə olmuş və heç bir qoruma vasitəsilə təmin edilməmişdir. Qaz sayğacı açılarkən iddiaçıya qaz sayğacının laboratoriyaya göndərilməsi izah edilməmiş, qaz sayğacı açılarkən isə heç bir qoruyucu vasitə olmamışdır. Hal şahidləri isə öz əməkdaşları olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1905/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı barəsində tərtib edilmiş 29 iyul 2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilmiş və həmin akt əsasında hesablanmış 1036 manat cərimənin onun hesabından silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1905/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun sayğacının hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarının əzik-cızıq izləri olduğu aşkar edilmişdir. Bununla əlaqədar, iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 iyul 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Ağsu RQİİ-nin dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 8640 m3 (və ya 1036,80 manat) həcmində müəyyən edilmişdir. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər, aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, iddiaçı akta imza etməkdən imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2022-ci ilin iyun ayında cavabdehin əməkdaşları onun sayğacını yenisi ilə dəyişmiş, bundan sonra isə iyulun 29-da təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt yazmışlar. Halbuki, həmin akt yazılarkən cavabdehin əməkdaşları onun iştirakını təmin etməmişlər. Sözügedən sayğac küçədə quraşdırılmış, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Odur ki, iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdeh verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 09 iyun 2022-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı ünvan 1 ünvanında yerləşən evində qaz sayğacı həmin tarixdə yenisi ilə əvəz edilmişdir. İşdəki “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 29 iyul 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, həmin tarixdə istehlakçı İddiaçı evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Akt sadəcə Kürdəmir Xidmət sahəsinin əməkdaşları tərəfindən imzalanmış, istehlakçı akta imza etməkdən imtina etmişdir. X3 Qaz İstismar İdarəsinin rəisi Osman Beybutov tərəfindən 29 iyul 2022-ci il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 21 iyul 2022-ci il tarixli 29/1710-02617-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarında əzik-cızıq izləri var və təbii qaz itkisi yaranmışdır. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 8640 kub metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilir. Qərarın verilməsinə əsas kimi 29 iyul 2022-ci il tarixli, ******* nömrəli akt göstərilmişdir. İşdəki **********00000 nömrəli abonent İddiaçı saldosundan görünür ki, abonentə 2022-ci ilin iyul ayında akt əsasında 1036,80 manat məbləğində cərimə borcu hesablanmışdır. İddiaçı ərizəsində qaz istismarı idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktın etibarsız sayılmasını və həmin akta əsasən hesablanmış 1036 manat borcun silinməsini tələb etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı təbii qazdan istifadə edir və vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəyir. Məhkəmə kollegiyası bildirir ki, sayğaca baxış keçirilən zaman və akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən ******* nömrəli aktda 29 iyul 2022-ci il tarixdə abonentin, yəni hazırkı iş üzrə İddiaçı iştirakı ilə onun evində quraşdırılmış qaz sayğacına baxış keçirildiyi, baxış nəticəsində sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsinin və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmasının müəyyən edildiyi, abonentin tərtib edilmiş aktı imzalamaqdan imtina etdiyi göstərilir. Lakin həmin halları təsdiq edən əsaslı dəlillər, mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, sayğacın yararsız hala salınmasında abonent İddiaçı heç bir təqsiri olmamışdır. Hazırkı iş üzrə iddiaçının istifadəsində olan qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsinə və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmasına görə onun barəsində akt tərtib edilmişdir. Lakin “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə uyğun olaraq, hazırkı iş üzrə istehlakçı fiziki şəxs olduğundan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, qaz paylayıcısı daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən istehlakçı məsuliyyət daşımamalıdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, hazırda mübahisələndirilən 29 iyul 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca 29 iyul 2022-ci il tarixində baxış keçirilsə də, dəymiş ziyanın bərpasına dair tələbnamədə Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 21 iyul 2022-ci il tarixli aktına istinad edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, sayğaca baxış keçirilməsindən 8 gün əvvəl həmin sayğacın yoxlanılması barədə aktın tərtib edilməsi qeyri-mümkün olmaqla, cavabdeh orqan tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamə ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt arasında ziddiyyət mövcuddur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda aktın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf isə öz etirazını əsaslandıra bilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli akta əsasən iddiaçı üçün 90 gün üzrə 1036,80 manat borc hesablanmışdır. İlk öncə o, qeyd olunmalıdır ki, iddiaçıya akt əsasında 90 gün müddətində cərimənin hesablanması əsassız olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, abonentin müdaxilə etdiyi bildirilən qaz sayğacı onun evinə 09 iyun 2022-ci il tarixində quraşdırılmış, akt isə 29 iyul 2022-ci il tarixində tərtib edilmişdir. Qeyd edilən tarixlər arasında isə 50 gün fərq mövcuddur. Buradan da göründüyü kimi, iddiaçı tərəfindən qaz itkisinin yaranmasına görə 90 gün müddətində cərimənin hesablanması tamamilə əsassız olmuşdur. Məhkəmə ******* nömrəli, 29 iyul 2022-ci il tarix akta əsasən hesablanmış 1036 manat cərimə borcunun silinməsi nəticəsinə gəlmişdir. Bu zaman həm də o nəzərə alınmalıdır ki, mübahisələndirilən akt əsasında iddiaçıya 1036,80 manat cərimə borcu hesablansa da, iddiaçı öz tələbində akt əsasında hesablanmış 1036 manat borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının verdiyi tələb üzrə qətnamə çıxararaq MPM-in 218.3-cü maddəsinin tələblərinə əməl etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1036 manat olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1905/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar