Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-537/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/109597/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 6927.52 (altı min doqquz yüz iyirmi yeddi manat 52 qəpik) manat məbləğində əsas borc, 6341.30 (altı min üç yüz qırx bir manat 30 qəpik) manat məbləğində faiz borcu, 2580.08 (iki min beş yüz səksən manat 08 qəpik) manat məbləğində cərimə, 921.60 (doqquz iyirmi bir manat 60 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 16770.50 (on altı min yeddi yüz yetmiş manat 50 qəpik) manat məbləğində pulun, 140.31 (yüz qırx manat 31 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia qismən təmin edilərək Cavabdeh 6793.88 manat məbləğində əsas, 4212.21 manat məbləğində faiz, 60 manat cərimə, 921.60 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 11987.69 manat məbləğində borc və ödənilmiş 140.31 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)- 2189/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə tədqiq olunmuş sübutlar əsasında 04 oktyabr 2016-ci il tarixdən 02 iyun 2019-cu il tarixə olan əsas borc, əsas borcun gecikdirilməsi üçün hesablanmış faiz borcu və tətbiq edilmiş cərimə məbləği çıxılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/109597/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 6927.52 manat məbləğində əsas borc, 6341.30 manat məbləğində faiz borcu, 2580.08 manat məbləğində cərimə, 921.60 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 16770.50 manat məbləğində borcu qaldığını, iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etsə də, cavabdehin təqsiri olmadan faizlərin yüksək səviyyədə hesablanması halına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, qətnamə tamamilə ləğv edilməli, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı ödəniş cədvəli vicdanlılıq prinsipi nöqteyi-nəzərindən borcalanın maddi vəziyyətinə köməklik göstərilməsi üçün deyil, kreditor tərəfindən borcalanın maddi vəziyyətinin daha da pisləşməsinə yönəlmiş müqavilə öhdəliyinin bir tərkib hissəsidir. Belə ki, borc alan xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixi daxil olmaqla, 18 ay müddətində 2293.59 manat məbləğində əsas borca görə ödəniş etmişdir. Ödənilmiş əsas borca görə 2694.48 manat faiz borcu ödəmişdir. Yəni, borclu əsas borc məbləğindən 400.89 manat daha çox faiz borcu ödəməyə məcbur qalmışdır. Cəmi ödənilən məbləğ 4988.07 manat məbləğ təşkil edir. Kreditor ilk gündən borcalanın əmlakını aldatma yolu ilə ələ keçirməyə başlamışdır. Deməli, kreditor ilə borcalan arasında bağlanılan 1xx/xx.109597/15 saylı kredit müqaviləsi Mülki Məcəllənin 339-cu maddəsinə əsasən borcalanın aldatma və bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanılan əqd hesab edilməlidir. Kreditorun nümayəndəsi məhkəmənin hazırlıq iclasından sonrakı iclasların bəzilərində iştirak etməmiş, hakim isə kreditorun nümayəndəsinin işdə iştirakını təmin etməmişdir ki, borclu da iş üzrə özünün düzgün olan dəlil və hallarını ona sübut etsin. Bu səbəbdən də, məhkəmə tərəfindən yanlış, əsası olmayan bir qətnamə qəbul edilmişdir ki, həmin qətnamə ləğv edilməli, cavabdehin hüquqları müdafiə edilməli, çəkişmə və bərabərlik prinsipi əsasında sübutlar təqdim edilərək tədqiq edilməlidir. Kreditorun nümayəndəsi məhkəmənin son iclaslanda iştirak etmədiyindən işin nəticəsi üzrə maraqlı olan ən mühüm və ən əsas məqamlar tədqiq edilmədi, bu istiqamətdə şifahi vəsatətləri qəbul edilmədi. Belə ki, kreditor tərəfindən borcalanın maddi vəziyyətinin daha da pisləşməsinə yönəlmiş müqavilə öhdəliyinin tərkib hissəsi olan 1 saylı ödəniş cədvəlindən müəyyn olunur ki, cavabdeh 18 ay müddətində, hər ay cədvəl üzrə ödənişləri vaxtında ödəmişdir. Ancaq QSC Bank “Standard” Kommersiya bankı 2016-cı ildə bağlandıqdan sonra ödənişlərin ödənilməsi dayanmışdır. Yəni, cavabdeh tərəfindən ödənişlərin hər hansı bir təşkilata ödəməsi barədə cavabdehə poçt göndərişi qaydasında bildiriş və ya şəxsən imzalanaraq verilmiş bir başqa sənəd daxil olmamışdır. İşin bu halından başa düşülür ki, borclu tərəfindən ödənişlərin dayandırılması qəsdən deyil, kreditorun səhv hərəkətləri nəticəsində olmuşdur. Borclu olaraq QSC “Bank Standard” Kommersiya bankı ləğv edildikdən bir neçə dəfə həmin bankın yerində fəaliyyət göstərən icra orqanına getmiş və hər dəfə demişlər ki, “sənin adın sistemdə yoxdur”. Lakin həmin bankın nümayəndələri tərəfindən ona heç bir xəbərdarlıq məktubu göndərilməmişdir. Kreditor bank ləğv edildikdən sonra onun təmsilçisi tərəfindən cavabdehə kredit borcunun hansı ünvana ödəməli olduğu barədə bildiriş verilmədiyindən borclu olduğu banka borcluluq faktını Mərkəzi Bankın sistemində dəfələrlə yoxlatmış, amma Mərkəzi Bankın sistemində onun həmin banka borclu olmağı barədə heç bir qeyd tapılmamışdır. Ləğv prosesində olan “Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya bankına Cavabdeh tərəfindən ödənişlərin edilməməsi təqsirlilik baxımından məhkəmə tərəfindən cavabdehin xeyrinə olan bir hal kimi qəbul edilməli idi. Lakin cavabdehin nümayəndəsi baxış iclaslarının hamısnda iştirak etmədiyindən və məhkəmə tərəfindən onun iştirakının təmin edilməsinə səy göstərilmədiyindən çəkişmə prinsipi pozulmuş və nəticədə məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, həmin qətnamə ləğv edilməli və yeni bir qətnamə qəbul edilməlidir. Çünki banka borcun ödənilməməsi cavabdehin iradəsindən asılı olmamışdır. Buna görə də, “Bank Standard” Kommersiya bankının ləğv olunduğu tarixdən müqavilənin bitdiyi tarixə kimi olan müddətə cavabdehə əsas borcun və gecikdirilmiş faiz borcu hesablana bilməz. Cavabdehn məhkəmədə izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbayan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan ləğv prosesində olan QSC «Bank Standard» KB və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/109597/15 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə iddiaçı tərəfindən illik faiz dərəcəsi 24 faiz olmaqla 48 ay müddətinə 8500 manat məbləğdə kredit verilmişdir. İşdə olan 24 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 17 yanvar 2022-ci il tarixə iddiaçıya cəmi 16770.50 manat məbləğdə borcu vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən ləğv prosesində olan QSC «Bank Standard» KB, digər tərəfdən Cavabdeh olmaqla 02 iyun 2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/109597/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh bank tərəfindən illik 24 faiz ödənilmək şərti ilə 48 ay müddətinə 8500 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmış və bununla da, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materiallarında olan sənədlərə görə Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" QSC KB-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, borclu Cavabdeh qanunun yuxarıda göstərilən tələblərini kobud şəkildə pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Bununla da, qanunvericiliyin yuxarıda göstərilən tələblərinin işin müəyyən edilmiş halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh 02 iyun 2015-ci il tarixli 1xx/xx/109597/15 saylı kredit müqaviləsinə əsasən kreditor QSC «Bank Standard» KB qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də, vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşdə olan ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, onlara 3 gün müddətində kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 399.1-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri olan kredit müqaviləsinin aldatma və bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanılan əqd hesab edilməsi, çəkişmə və bərabərlik prinsipinin pozulması və cavabdeh tərəfindən ödənişlərin hər hansı bir təşkilata ödəməsi barədə məlumatsız olması işdə olan sübutlara və qanunvericiliyin tələbinə əsasən apelyasiya şikayətinin təmin edilməsi, hazırkı qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə heç vaxt mübahisələndirilməmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi, müqavilə üzrə tərəflər əvvəlki dövrlərdə öz öhdəliyini icra etməkdə qərarlı olmuşlar. Hətta cavabdehin öz şikayətində göstərdiyi dəlillərdən olan borcunu hara ödəyəcəyini bilmədiyi üçün öhdəliyini pozduğunu bildirməsi də, onun müqaviləni mübahisələndirməyərək qəbul etməsi anlamına gəlir. Bundan əlavə, məhkəmə tərəfindən çəkişmə prinsipnini pozulmasına dair cavabdehin dəlili üzrə qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflərin (habelə, işdə iştirak edən digər şəxslərin) və ya onların səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirak etməməsi işə onların iştirakları olmadan baxılmasına mane olmur. Nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslərin sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərindən olan cavabdehə ödənişlərin hansı təşkilata ödəməsi barədə məlumat verilməməsi üzrə qeyd edilməlidir ki, işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarından da görünür ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin olunaraq QSC "xxxx" KB müflis elan olunaraq iflas prosedurunun başlanması və Əmanətlərin Sığortalanması Fondunun QSC "xxxx" KB-nin ləğvedicisi təyin olunması qərara alınmışdır. Bununla da, qanunun tələbinə uyğun olaraq QSC "xxxx" KB-nin bütün hüquq və vəzifələri Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirilmişdir. Bu hal da gizli həyata keçirilməmiş və müvafiq məhkəmə qərarı əsasında müəyyən edilmişdir ki, kreditora - QSC "xxxx" KB-nin ünvanına müraciət etməklə bu barədə məlumatın əldə edilməsi mümkün olardı. MPM-in 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Habelə, Cavabdeh öz apellyasiya şikayətində QSC "xxxx" KB-yə borclu olmasına dair heç bir qeydin aşkar olunmaması barədə dəlili üzrə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili kimi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlilləri əsassızdır. Belə ki, işin faktiki halı olaraq tərəflər arasında 02 iyun 2015-ci il tarixli 1xx/xx/109597/15 saylı kredit müqaviləsi bağlanılmaqla kreditor QSC «Bank Standard» KB tərəfindən Cavabdeh kredit verilməsi, bununla da onların arasında öhdəlik münasibətlərinin yaranması və rəsmiləşdirilməsi, bank kredit verilməsi öhdəliyini yerinə yetirməsinə baxmayaraq, borclu Cavabdeh krediti və ona hesablanmış faizləri vaxtında ödəməli olduğu halda, ödəməməsi və bununla da, həmin öhdəliyin icrasından birtərəfli qaydada imtina etməsi halı müəyyən olunur. Həmçinin, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli hesab edir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(049)-2189/2022 saylı saylı qətnaməsi dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-537/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-537/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver