Məhkəmə qərarları › İş №2(106)-549/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-549/2023

06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-549/2023 06.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı öhdəliyin icra edilməsi və pul tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işi üzrə Açar sözlər: pul tələbi X23 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (atası) X8, həmçinin nümayəndəsi (vəkili) X9 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı öhdəliyin icra edilməsi və pul tələbinə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(022)-1037/2022 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. a) İşin halları: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 33850 (otuz üç min səkkiz yüz əlli) manat məbləğdə borc pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ünvan 1 kənd ünvanında qeydiyyatda olan cavabdeh İddiaçı ona olan 18000 (on səkkiz min) manat məbləğində borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək qarşılıqlı iddianı isə qəbul etməyərək göstərmişdir ki, o, Biləsuvar şəhərində yaşamaqla Cavabdeh 2017-ci ildən tanıyır, onunla heç bir qohumluq əlaqələri, şəxsi ədavət və düşmənçilikləri yoxdur. 2017-ci ildə Cavabdeh ailəsi ilə birlikdə onun kirayədə qaldığı evə qonaq gəlmişlər. Həmin vaxtdan etibarən Cavadla münasibətləri yaranmış və tez-tez əlaqə saxlamağa başlamışlar. Təxminən 2-3 ay sonra Cavad ona təklif etmişdir ki, bankdan kredit götürüb birlikdə xırda-buynuzlu heyvan alaraq saxlasınlar. Cavad aldıqları qoyunları Ağalıkənd kəndində yerləşən evinin həyətində tövlədə saxlayacağını demişdir. O, da Cavadın bu təklifi ilə razılaşmışdır. Bundan sonra “Unibank”dan arvadı Nigar Əliyevanın adına 6500 (altı min beş yüz) manat məbləğdə kredit götürərək və həmin pulun 5000 (beş min) manatını qoyun almaq üçün Cavada vermişdir. Cavad 5000 (beş min) manat pula 42 baş qoyun almış və aldığı qoyunu əvvəlcə atasının evinin həyətində yerləşən tövlədə, daha sonra isə öz yaşadığı evin həyətində tikdiyi tövlədə saxlamışdır. 2021-ci ilin aprel ayında Cavabdeh Ağalıkənd kənd sakini İsrafil adlı bir şəxsin Ağalıkənd kəndi ərazisində yerləşən fermasında olduğunu, lakin həmin fermada saxladığı qoyunları satmaq istədiyini, qoyunları şərik olaraq almağı təklif etmişdir. Bunun üçün də pul lazım olduğunu demişdir. Dayısı Rəfail də ona 11000 (on bir min) manat məbləğdə pul göndərmişdir. Özü Cavabdehlə Ağalıkənd kəndinin mərkəzinə yaxın bir yerdə görüşüb idarə etdiyi avtomobildə həmin pulu Cavada vermişdir. Bundan bir gün sonra Cavad ona zəng edərək, İsrafilin fermasından hər birinin qiyməti 150 manat olmaqla 9000 (doqquz min) manat dəyərində 60 baş qoyun aldığını, verdiyi pulun təxminın 2000 (iki min) manat hissəsinin isə qaldığını bildirmişdir. Cavadın sözünə inandığı üçün onun həyətinə gedib qoyun alıb-almadığını dəqiqləşdirməmişdir. Bundan təxminən bir ay sonra isə dayısı Rəfailin göndərdiyi əlavə 2250 manat məbləğdə pulu da Cavada aparıb vermiş, Cavad isə başqa bir şəxsdən 7000 (yeddi min) manat dəyərində sayını dəqiq xatırlamadığı qoyun aldığını, həmin pulun 2000 manatını verdiyini, qalan 5000 manatını isə dayısından aldığını bildirmiş və pulu dayısına verəcəyini demişdir. O, Cavadın bu sözlərinə də inanmışdır. 2021-ci ilin iyun ayında Cavad ona zəng edərək Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Elçin Qənbərovun qoyun satdığını, həmin qoyunlara baxdığını bildirmişdir. O, Elçinin yaşadığı ünvana gedərək satdığı qoyunların əvəzində 4400 (dörd min dörd yüz) manat məbləğdə pul vermiş, pulun qalan hissəsini isə Cavad özü vermişdir. Elçin Qənbərov ona zəng edərək satdığı qoyunları Cavadın yaşadığı ünvana “Qazel” markal avtomobillə göndərdiyini bildirmişdir. Lakin Cavad aldıqları həmin qoyunların isti hava şəraitində normal vəziyyətdə olmaması səbəbindən satmaq üçün sərfəli olmadığını, buna görə də saxlamaq qərarına gəldiyini demiş, alver etmək üçün əlavə pul verməyi istəmişdir. O, Cavada alver etmək üçün yenə bir neçə dəfə müxtəlif məbləğlərdə pul vermişdir. Son olaraq cavabdehə alver etmək məqsədilə 15000 (on beş min) manat pul vermişdir. Sonradan 2021-ci ilin noyabr ayında Cavada verdiyi pulun özünə məxsus olmadığını və geri qaytarmağın vacib olduğunu izah etmişdir. Cavad isə ürəyində problemlər olduğunu bildirib, alver üçün bazara gedə bilmədiyini bildirmiş və yaxın vaxtlarda pulu qaytaracağına söz vermişdir. Buna baxmayaraq, Cavad hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. O, Cavadın Ağalıkənd kəndində yerləşən yaşadığı evə gedərək son olaraq verdiyi 15000 manat pulu qaytarmasını tələb etsə də, o, həmin pula qoyun aldığını və saxlamaq üçün Zahir adlı qohumuna verdiyini bildirmişdir. 29 dekabr 2021-ci il tarixdə atası Cavaddan aldığı pulu qaytara bilmirsə, heç olmasa aldığı qoyunları verməsini istəmişdir. 31 dekabr 2021-ci il tarixdə atası alınan qoyunlara baxmaq üçün getmək istəyərkən Cavadın X3 ona zəng edərək nə birlikdə saxlamaq üçün aldıqları qoyunların, nə də alver etmək üçün aldıqları qoyunların olmadığını, Cavadın həmin qoyunların hamısını satdığını bildirmişdir. Buna görə də, o, Cavadın aldığı pulu geri qaytarmamasını görüb, 12 yanvar 2022-ci il tarixdə bu barədə Biləsuvar RPŞ-yə ərizə ilə müraciət etmişdir. Cavabdeh onu aldadaraq təxminən 33850 manat məbləğdə pulunu ələ keçirmişdir. Göstərilən fakt Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi Əli Həsrətov tərəfindən araşdırılaraq, “Cinayət işi başlanması rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Sonda İddiaçı Cavabdeh 33850 (otuz üç min səkkiz yüz əlli) manat borc pul məbləğinin alınıb ona verilməsi və qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında İddiaçı izahatına uyğun izahat verərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianı qəbul etmədiyini və onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. Vəkil məhkəmədə əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş cavabdehin həyat yoldaşı Aygün Mirzəyevanın adına qeyd olunan BİLA-**********90099, **********58001, 151AZN0075714 AZN 151 saylı kapital bank kart hesabına 2021-ci ilin aprel ayından 15 dekabr 2021-ci tarixədək Biləsuvar rayon mərkəzində yerləşən “MilliÖn” ödəmə terminallarından, 02 iyun 2021-ci il tarixdə Ağdaş rayon Ləki qəsəbəsindən, 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən ödəmə terminallarından İddiaçı tərəfindən mədaxil edilmiş pulların "xxxx" ASC-yə edilmiş sorğu əsasında təqdim edilən ödəniş sistemindən 11021 manat məbləğdə pulun 3372 manatı Biləsuvar şəhəri Aran marketin MilliÖn” terminalından, 4349 manatı Biləsuvar şəhəri H.Əliyev prospekti “Bol market”in önündə yerləşən “e-manat”, 2000 manatı Ağdaş rayonu Ləki qəsəbəsi Sabir küçəsində “million”, 1300 manatı Biləsuvar şəhəri M.İbrahimov küçəsi, “Narmobile”də həmin hesablara köçürülməsi öz təsdiqini tapır. Pulların köçürülməsi şahidlər Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini X19 və Ağdaş rayonu Ləki qəsəbəsi sakini X4 ifadələri ilə də təsdiqlənir. Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X13 icraatında olan HK- 1/68 nömrəli yoxlama materialları üzrə Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında verdiyi ifadədə və şahid olaraq Biləsuvar rayonu Ağalı kənd sakini X6 2021-ci ili iyun ayının əvvəlində İddiaçı tərəfindən 4400 manat pulun cavabdehə verməsi öz təsdiqini təkzib olunmaz sübutlarla tapmışdır. Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X13 icraatında olan HK-1/68 nömrəli yoxlama materialları üzrə Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında verdiyi ifadədə və şahid olaraq Saatlı şəhər sakini X16 2021ci ili yaz aylarında İddiaçı tərəfindən 11000 manat məblğdə pul vəsaitinin cavabdehə verməsi öz təsdiqini sübutlarla tapmışdır. Adıçəkilən Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda verdiyi ifadədə və şahid olaraq Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini X14 2021-ci ilin müxtəlif aylarında İddiaçı iş otağında 7000 manat məbləğdə pul vəsaitinin cavabdehə verməsi öz təsdiqini sübutlarla tapmışdır. Həmin Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən “CD disk”də olan səs yazılarına baxış keçirilməsinə dair tərtib edilmiş protokolda göstərilmişdir ki, Cavabdeh İddiaçıla salamlaşdıqdan sonra "bibi də mənə zəng edib ağzına gələni dedi" sözlərini deyir. İddiaçı bibi kim olduğunu soruşduqda Cavabdeh bibinin Valehin anası olduğunu bildirir. Cavad Valehin anasının onu nalayiq ifadələrlə söyüb təhqir etdiyini, verdiyi pulları geri qaytarmasını tələb etdiyini bildirir. Bundan başqa, Cavabdeh gözlənilmədən xəstələnməsini, buna görə də, müalicəsinə çoxlu pul xərclədiyini, lakin yaxın vaxtlarda pulu və birlikdə saxladıqları xırda buynuzlu heyvanları da qaytarıb yerinə qoyacağını bildirir. Cavabdeh ilkin iddiaçının ona hər hansı borcunun olması barədə tələbinin borcdan yayınmaq məqsədi daşıdığının sübutudur. İş materiallarında sübutu əhəmiyyət kəsb edən Cavabdeh arvadı Aygün Mirzəyevanın adına qeyd olunan BİLA- **********90099, **********58001, 151AZN0075714 AZN 151 saylı kapital bank kart hesabına 2021-ci ilin aprel ayından 15 dekabr 2021-ci tarixədək iddiaçı tərəfindən göndərilmiş pul vəsaitləri iddia tələbin təkzib olunmaz sübutlar təşkil etməklə, ilkin iddia tələbinə dair qarşılıqlı iddianın Cavabdeh borcu qaytarmaqdan yaynması kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaçının ona hər hansı borcunun olması barədə nə disk yazısında, nə də digər şahid ifadələrində fakt təsdiqini tapır. İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı qəbul etmədiyini qarşılıqlı iddiasını müdafiə etdiyini bildirərək göstərmişdir ki, İddiaçı 20 ildir ki, ünvan 2 kənd sakini kimi tanıyır. 2018-ci ilin avqust-sentyabr aylarında İddiaçı onun yaşadığı evə gəlmiş, söhbət əsnasında ona heyvan saxlamaq bacarığı olmasını qeyd etməklə, birlikdə heyvan saxlamağı təklif etmişdir. O, isə maddi imkanının olmamasını, heç bir yerdə işləməməsini bildirmişdir. Bu görüşlərindən təxminən 20 gün sonra Ağalıkənd kəndində həmkəndlisi Coşqunun oğlunu toyqabağı “ciyəraxşamı” deyilən məclisində olarkən Valeh ona zəng edib bildirmişdir ki, onların evindədir və evə gələ bilər. O, da evə getmiş, Valehlə görüşmüşdür. Bu görüşdə Valeh ona 5000 manat məbləğdə pul təklif etmiş və bildirmişdir ki, bankdan kredit götürüb, bu pula heyvan alıb saxlasınlar və sonda əldə edilmiş qazancı yarıbayarı bölsünlər. Bundan başqa, həmin bank kreditinin qaytarılmasında 2500 manat faizlər daxil onun üzərində olacaq, qalan məbləğ isə Valehin üzərində olacaqdır. O Valehlə razılaşmışdır. Həmin pula Biləsuvar rayon mal bazarından 38 baş qoyun almış və yaşadığı evin həyətində olan tövlədə saxlamağa başlamışdır. 2019-cu ilin mart ayında 37 baş quzunu sataraq 6000 manat məbləğdə pul əldə etmiş və həmin pulu razılaşmaya əsasən 3000 manatını Valehə vermişdir. 2020-ci ilin yaz aylarında Valeh ona demişdir ki, evi təmir etdirmək istəyir, buna görə 4000 manat pula ehtiyacı vardır. Ona demişdir ki, “Accessbank”dan onun adına həmin 4000 manat pulu götürsünlər və aylıq ödəniş onluq olsun, sonra heyvanlardan əldə olunacaq gəlirə işləri nizamlasınlar. Valehin sözü ilə həmin 4000 manat məbləğində pulu bankdan götürüb Valehə vermişdir. Bu söhbətdən 5-6 ay sonra Valeh iş yerinin dəyişməsi ilə bağlı 15000 manat pula ehtiyacı olduğunu bildirmiş, o, isə o qədər məbləğdə imkanının olmamasını demişdir. Valeh yenə də ona təklif etmişdir ki, “Accessbank”dan onun adına 10000 manat pul götürsünlər. O, isə bildirmişdir ki, hazırda onun banka kredit borcu var, ona görə də ona kredit verməzlər. Valeh isə həmin bankda tanışlarının olduğunu və onların köməkliyi ilə məsələni həll edəcəyini bildirmişdir. O, Valehin sözü ilə həmin banka müraciət edərək, Valehin tanışlarının vasitəsilə 10.000 manat məbləğində krediti götürmüş və həmin 10.000 manatı Valehə vermişdir. Kreditin aylıq ödənişi 536 manat təşkil etmişdir. Bundan başqa özünə məxsus 16 baş quzunu satıb əldə etdiyi 4000 manat pulu da Valehə vermişdir.Valeh bütün bu məbləğləri birdəfəyə qaytaracağına söz versə də, qaytarmamışdır. Əksinə guya onun borclu olması və pulu qaytarmaması üçün polisə şikayət etmişdir. Hazırda Valehin ona 18000 manat borcu vardır. İddiaçı onun ona olan inam və etibarından sui-istifadə edərək 18000 manat məbləğində pulunu alaraq geri qaytarmamışdır və buna görə də, o, əsəb keçirmiş və bu səbənbdən ürəyindən əməliyyat olunmuşdur. Bunun üçün o, 1,5 ha əkin torpaq sahəsini mövcud bazar qiymətindən iki dəfə aşağı satmağa məcbur olmuşdur. X3 heç bir yerdə işləmir, pensiya və ya hər hansı təqaüd almır, arvadının kartına köçürülən pul vəsaiti ona aid olmamışdır. Habelə, işdə olan 2 ədəd “CD disk”də olan səs yazıları onun özünə məxsusdur. Sonda Cavabdeh ilkin iddianın əsassız olduğundan rədd olunması və ünvan 2 kənd ünvanında qeydiyyatda olan cavabdeh İddiaçı ona olan 18000 (on səkkiz min) manat məbləğdə borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi vəkil X17 ilkin iddianın əsassız olduğundan rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: b) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(022)-1037/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı öhdəliyin icra edilməsi və pul tələbinə dair ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 33421 (otuz üç min dörd yüz iyirmi bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180 (yüz səksən) manat məbləğdə pulun vəsaiti tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: c) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və ilk iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsindən belə nəticəyə gəlmək olur ki, onun İddiaçı olan 33.421 manat borundan, 11.021 manatını İddiaçı arvadı A.Mirzəyevanın kartına köçürüb, 22400 manatını isə ona vermişdir? Əgər belə olsaydı, A.Mirzəyeva əlavə cavabdeh kimi cəlb edilməli və bu fakt, yəni A.Mirzəyevanın kartına İddiaçı tərəfindən köçürülən 11.021 manatın təyinatı, nə məqsədlə köçürülməsi, həqiqətənmi pulun A.Süleymanov tərəfindən köçürülməsi araşdırmalı idi. Digər tərəfdən İddiaçı ona hansı sübutla 22400 manat verməsi isə ümumiyyətlə araşdırılmamışdır. Bundan başqa məhkəmə tərəfindən göstərilir ki, Biləsuvar RPŞ nın qərarı məhz onun 33421 manat borclu olmağını sübut edir. O başa düşə bilmir ki, əgər RPŞ-nın qəraı kimin kimə borclu olmasını təsdiqləyirsə onda məhkəmə araşdırmasına nə ehtiyac var idi. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X17 məhkəmə prosesində apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini və Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(022)-1037/2022 saylı qətnaməsinin ləğv edilərək, onların qarşılıqlı iddia ərizələrinin təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, cavabdehin ona verdiyi məlumata görə o bütün pul məbləğini iddiaçıya ödəmişdir. Əksinə ilkin iddiaçının hazırda cavabdehə 18000 manat borcu vardır. Cavabdeh nümayəndəsi (atası) X18 da apellyasiya şikayətini müdafiə etdi. İlkin iddia üzrə İddiaçı apellyasiya icraatı zamanı iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh hazırda ona 33850 manat borcu vardır. Cavabdeh hal-hazıradək ona olan borcunu ödəməmişdir. Göstərmişdir ki, o birinci instansiya məhkəməsində iddiasını Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X13 29 may 2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında Qərarında Cavadın etirafı, Cavadın arvadının kart hesabına göndərdiyi pul vəsaiti, həmçinin şahid ifadələri ilə sübuta yetirmişdir. Belə ki, Cavad “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında Qərarında ondan ayrı-ayrılıqda 5000 manat və 10000 manat almasını etiraf etmişdir. Bindan başqa Cavadın arvadının kartına ayrı-ayrı vaxtlarda ümumilikdə 11021 manat pul göndərmişdir. Digər məbləğləri isə şahidləri təsdiq etmişlər. Həmin şahidlər onun iş yoldaşları olmuşdur. Əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini və Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(022)-1037/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil da apellyasiya şikayətini əsassız hesab etmişdir. e) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ilkin iddia üzrə Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın tam təmin olunmasını istəməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia üzrə cavabdehə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. ə) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini tələbin əsaslı və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmadıqlarını, Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(022)- 1037/2022 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan "xxxx" ASC Lənkəran filialının 1199nkLKN/18 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X5 illik uçot dərəcəsi 26% olmaqla 24 ay müddətinə 6500 manat kredit verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli kredit və bank hesabı müqaviləsi № 1199nkLKN/18 "xxxx" ASC-nin Lənkəran filialı ilə X10 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə xx.xx.2020-ci il tarixədək illik 26 faiz ödəmək şərtilə 6500 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X11 məxsus Ödəniş kartından çıxarışdan görünür ki, 01 aprel 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixdək X1 hesabına 11021 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Biləsuvar RPŞ-nin İB-nin baş müstəntiqi X13 29 may 2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı müraciətində qeyd edilən xüsusatlar, yəni tanışı Cavabdeh müxtəlif vaxtlarda şərikli olaraq xırda-buynuzlu heyvan saxlamaq və heyvan alveri etmək üçün təxminən 33850 (otuz üç min səkkiz yüz əlli) manat məbləğdə pul verməsi, lakin Cavabdeh aldığı həmin pul vəsaitini qaytamaması faktı aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(022)-1037/2022 nömrəli qətnaməsi 33421 manat pul vəsaitinin tutlması hissəsində dəyişdirilməlidir. Tərəflərin izahatını, iş materiallarını təhlil edərkən kollegiya müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə nəticəyə gəldiyi zaman borcun tutulmasında yanlış nəticəyə gəlmişdir. Belə ki, işdə olan Biləsuvar RPŞ-nin İB-nin 29 may 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında Qərarın məzmunundan (i/v 29 və 31-ci səhifələr) görünür ki, Cavad Valehdən ilk əvvəl 5000 manat, sonra isə avtomobildə 10000 manat almasını etiraf etmişdir. Həmin qərardakı izahatında o pulları Valehə geri qaytarmasını bildirsə də məhkəməyə bunları təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Həmçinin mülki iş materialının 108-111-ci səhifərində olan Cavabdeh arvadı X2 hesabına ümumilikdə 11021 manat pul vəsaitinin köçürülməsi müəyyən olunur. İlk iddiaçının vəsatəti ilə həmin köçürülmələr Kapital Bankdan soğu edilərək alınıb işə əlavə edilmişdir. Göründüyü kimi ilk iddiaçının ilk iddia üzrə cavbdehə (5000+10000+11021=26021) 26021 manat pul verməsi iş materialları ilə öz təsdiqini tapır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunmuş digər məbləğlər mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, təmin olunmuş digər məbləğlər şahid ifadələrinə əsaslanmışdır. Lakin qeyd edilən məbləğlər məhkəmə iclasında və PŞ-də araşdırma zamanı cavabdeh tərəfindən təsdiq edilməmişdir. Şahid ifaadələri ilə təsdiq edilən məbləğlər isə digər iş materiallarında olan sübutlarla qarşılıqlı olaraq təsdiq edilərək sübut edilmir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsaslı olmasa da, tutulmuş borcun dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi, cavabdeh isə iddia tələbinə etirazının əsası kimi istinad etdikləri hallara dair izahat vermiş, həmçinin mövcud olan və təqdim edilməsi mümkün olan sübutlar məhkəməyə təqdim edilmişdir. Tərəflərə təklif olunsa da, təqdim olunanlardan əlavə məhkəməyə hər hansı bir sübut təqdim etmək imkanlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 389-cu maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(022)- 1037/2022 saylı qətnaməsi “Cavabdeh İddiaçı xeyrinə 33421 (otuz üç min dörd yüz iyirmi bir) manat məbləğdə pul vəsaitinin tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə tutularaq verilməsi qət edilmiş pul məbləği 26021 (iyirmi altı min iyirmi bir manat) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(022)-1037/2022 saylı qətnaməsi “Cavabdeh İddiaçı xeyrinə 33421 (otuz üç min dörd yüz iyirmi bir) manat məbləğdə pul vəsaitinin tutulması” hissəsində dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə tutularaq verilməsi qət edilmiş pul məbləği 26021 (iyirmi altı min iyirmi bir manat) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar