Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-555/2023 06.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(073)-573/2022 saylı qərardadından Cavabdeh14 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-573/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh14, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6 Zeynalabidin oğlunun, Cavabdeh7 Bülbül oğlunun, Cavabdeh8, Cavabdeh9 Zeynalabidin oğlunun, Cavabdeh10 Zeynalabidin qızının, Cavabdeh11 Zeynalabidin qızının və X2 Daşınmaz Əmlakın Dövlət Reyestrində 16 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən Cəlilabad şəhəri, Təbriz küçəsində yerləşən 73 saylı fərdi yaşayış evindən əmlakın keçmiş mülkiyyətçisi Cavabdeh14 və digər şəxslər tərəfindən onların mülkiyyət hüquqlarının pozulmasına yönəldilmiş hərəkətlərinə son qoyularaq istifadə hüquqlarına xitam verilməsi, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh14 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-573/2022 saylı, 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-573/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) Cəlilabad Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(073)-573/2022 saylı qətnaməsindən Cavabdeh14 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları (mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd və sair), iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə münasibət bildirməmiş, məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması, yaxud iddia tələbinə hüquqi əsas kimi hansı maddi hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsini, prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını göstərmədən, yalnız apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-573/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadından narazı qalan Cavabdeh14 nümayəndəsi və vəkili Vəkil şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəkil şikayətini onunla əsaslandırmışdır ki, o, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş forma və məzmuna riayət etmişdir. Məhkəmənin istinad etdiyi hallar və gəldiyi nəticə isə əsassızdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-573/2022 saylı, 25 yanvar 2023-cü il tarixli qərardadı ilə Cavabdeh14 nümayəndəsi və vəkili Vəkil Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(073)-573/2022 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(073)-573/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia edilən maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.4, 152.7, 158.1, 158.1.2, 158.2, 158.3 və 158.4-cü maddələri göstərilmişdir. Apellyasiya şikayətinin məzmununa dair tələb ondan ibarətdir ki, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin apellyator həmin normaların ayrı-ayrılıqda hər birinin qarşısında müvafiq izah verməməklə yanaşı, ümumi ifadələrdən istifadə etməklə məhkəmə tərəfindən həmin maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, MPM-in 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Lakin hazırkı apellyasiya şikayətində bu əsaslar konkret şəkildə göstərilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyator isə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-573/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadında göstərilən nöqsanları aradan qaldırmamış, əksinə, həmin qərardaddan şikayət vermişdir. Şikayətində isə sadəcə olaraq apellyasiya şikayətinin müvafiq normalara uyğun olduğunu bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-573/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 361, 363, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh14 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(073)-573/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-555/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-555/2023
06.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver