Məhkəmə qərarları › İş №2(106)-567/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-567/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-567/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Borclu Cavabdeh və onun nümayəndəsi və vəkili Rüstəmov Fəxri Sərvaz oğlunun iştirakları ilə, Borclu Cavabdeh Beyləqan Rayon Məhkəməsinin 2(020)-3432/2017 saylı 26 dekabr 2022-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kreditor "xxxx" ASC borclu Ramazanov Fərid Qabil oğlu və Soltanzadə Emil Əflatun oğluna qarşı pul tələbinə dair ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2022 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh nümayəndəsi və vəkili Rüstəmov Fəxri Sərvaz oğlu Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı məhkəmə əmrinə Etiraz və onun verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı məhkəmə əmrinə Etirazın verilməsi üçün buraxılmış müddətin bərpasına dair borclu Cavabdeh nümayəndəsi və vəkili Rüstəmov Fəxri Sərvaz oğlunun ərizəsində və Etirazda göstərilmişdir ki, Beyləqan Rayon Məhkəməsinə “Azər-Türk Bank“ ASC ərizə ilə müraciət etmiş, ondan və Ramazanov Fərid Qabil oğlundan borcun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı əmri ilə ərizə təmin edilmişdir. O, məhkəmə prosesi barəsində məlumatlandırılmamış, həmin əmr ona göndərilməmiş, onun həmin əmrdən icra şöbəsinin qərarına əsasən əmək haqqına tutma yönəldiləndə məlumatı olmuşdur. Əmrin surətini 12 dekabr 2022-ci ildə ərizə ilə müraciət edərək Beyləqan Rayon Məhkəməsindən götürmüşdür. O, əmrə Etiraz edir, çünki belə bir kredit və ya zaminlik müqaviləsi bağlamamışdır. Buna görə də, Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı əmrinə Etiraz vermək üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilməsini və Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı əmrini ləğv edərək iddia icraatına keçirilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə əmrinə Etiraz verilməsi üçün müddətin bərpasından imtina edilmiş və məhkəmə əmrinə qarşı verilmiş Etiraz təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, işdə olan 30 noyabr 2017-ci il tarixli məktuba əsasən məhkəmə əmrinin surəti borclu Soltanzadə Emil Əflatun oğluna poçt vasitəsi ilə göndərimiş, sonuncu məhkəmə əmrinin qəbulundan beş il sonra əmrin ləğv edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Habelə, 11 dekabr 2017-ci il tarixli məktuba görə isə məhkəmə əmri icrası üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və 22 yanvar 2018-ci il tarixdə Beyləqan rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. İcra və Probasiya şöbəsinin 02 fevral 2018-ci il tarixli qərarına əsasən məhkəmə əmri icraata qəbul olunmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar tərəflərə göndərilmişdir. İş üzrə borclu Cavabdeh nümayəndəsi və vəkili Rüstəmov Fəxri Sərvaz oğlu Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(020)-3432/2017 saylı qərardadından şikayət vermişdir. Şikayətdə göstərilmişdir ki, İddiaçı ASC ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmiş, borclu Cavabdeh və Ramazanov Fərid Qabil oğlundan cəmi 1254.47 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmənin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı əmri ilə ərizə təmin edilmişdir. O, məhkəmə prosesi barəsində məlumatlandırılmamış, həmin əmr ona göndərilməmiş, onun həmin əmrdən icra şöbəsinin qərarına əsasən əmək haqqına tutma yönəldiləndə məlumatı olmuş, əmrin surətini 12 dekabr 2022-ci ildə nümayəndəsi ərizə yazaraq məhkəmədən götürmüşdür. Nümayəndəsi tərəfindən 12 dekabr 2022-ci il tarixdə adıçəkilən əmrə Etiraz verilmiş, eyni zamanda buraxılmış müdddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə əlavə edilmişdir. Məhkəmə 26 dekabr 2022-ci il tarixli qərardadla müddətin bərpasından imtina etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə mülki iş üzrə tərəf məhkəmə aktından rəsmi ona təqdim olunduğu gündən başlayaraq nəzərdə tutulmuş müddətdə şikayət verə bilər. Habelə, işdə adıçəkilən əmrin ona verilməsi barədə yaxud onun məlumatının olmasını təsdiqləyən hər hansı sübutun olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi əmrin verilməsindən uzun müddət keçməsinə və Beyləqan rayon İcra və Probasiya şöbəsinin icraata başlanılması haqqında qərarının olmasına, ona icra bildirişlərinin göndərilməsinə və icranı yubatmııq üçün iş yerlərini dəyişməyinə istinad edərək, müddəti bərpa etməmiş, bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən məhkəməyə təkrar müraciət etmək hüququnu pozmuşdur. Həmçinin, Beyləqan rayon İcra və Probasiya şöbəsində başlanılmış icra işi barədədə məlumatı olmamış, o, heç bir iş yerini dəyişməmiş, əksinə istənilən an iş yerinə bu barədə məlumat gəlmiş olsaydı, o, dərhal şikayət verərdi, eyni zamanda mülki işə iddiaçı tərəfindən təqdim olunaraq əlavə olunmuş, iddiaçı tərəfindən tərəflərə göndərilmiş pretenziyanın çatdırılması barədə xəbərnaməsi ona yox, tamamilə başqa şəxsə ünvanlanmışdır. Qeyd edilənlərə əsasən Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022ci il tarixli 2(020)-3432/2017 saylı qərardadı ləğv edilməli, Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı əmrinə Etiraz vermək üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməli, Etiraz təmin edilərək mülki iş iddia icraatı qaydasında baxışa təyin edilməlidir. Məhkəmədə borclu Cavabdeh şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Beyləqan Rayon Məhkəməsinin iş üzrə 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı əmri ona göndərilməmiş və həmin əmrdən yalnız icra şöbəsinin qərarına əsasən əmək haqqına tutma yönələndə məlumatı olmuşdur. Dərhal bu barədə vəkilinə məlumat vermiş və adıçəkilən əmrin əldə edilməsi üçün məhkəməyə müraciət etmişlər. Həmin əmrin surətini 12 dekabr 2022-ci ildə rəsmi qaydada almış və əmrə Etiraz vaxtında - həmin gün verilmişdir. Mübahisəli məhkəmə əmrinin ona verilməsinə dair hər hansı sübut olmamasına rəğmən, birinci instansiya məhkəməsi əmrin verilməsindən uzun müddət keçməsinə, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icraata başlanılması haqqında qərarının olmasına, ona icra bildirişlərinin göndərilməsinə və icranı yubatmaq üçün iş yerlərini dəyişməyinə istinad edərək, müddəti bərpa etməmişdir. Habelə, Beyləqan rayon İcra və Probasiya şöbəsində başlanılmış icra işi barədədə məlumatı olmamış və o, iş yerini dəyişməmişdir. Əgər iş yerinə bu barədə məlumat verilsəydi, o, dərhal qeyd edilən əmrə qarşı Etiraz verərdi. Həmçinin, nəzərə çatdırır ki, işdə olan zaminlik müqaviləsi də onun tərəfindən imzalanmamışdır. Borclunun nümayəndəsi və vəkili Rüstəmov Fəxri Sərvaz oğlu məhkəmədə təmsil etdiyi şəxsin izahatı ilə razı olduğunu bildirərək Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(020)-3432/2017 saylı qərardadının ləğv edilməsini, Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı əmrinə Etiraz vermək üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini və Etirazın təmin edilərək mülki işin iddia icraatı qaydasında baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(020)- 3432/2022 saylı qərardadından borclu Cavabdeh və onun nümayəndəsi və vəkili Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-3432/2017 saylı 26 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilərək qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla əmrdən verilmiş Etiraza yenidən baxılması üçün mülki iş materialları Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. MPM-in 275-ci maddəsinə görə müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. MPM-in 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Habelə, MPM-in 134.1.7-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə əmrini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 282-ci maddəsinə görə borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə Etiraz edə bilər. Məhkəmə kollegiyası mülki işin hallarını, Beyləqan rayon İcra və Probasiya şöbəsində icraatda olan İcra işinin materiallarını, habelə qanunvericiliyin qüvvədə olan imperativ normalarını araşdıraraq diqqətə çatdırmaq istəyir ki, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan qəbul edilən və əmr formasında olan məhkəmə aktı işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Borclu isə onu aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Etiraz etmək hüququna malikdir. Etiraz vaxtında verildiyi təqdirdə, əmrin ləğv edilərək işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılır. İş üzrə Beyləqan Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(020)-3432/2022 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətdə və müddətin bərpasına dair ərizədə göstərilən dəlillərdən aşkar olur ki, nə hazırkı mülki işin hallarında, nə də Beyləqan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Beyləqan Rayon Məhkəməsinin iş üzrə 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı icra sənədi üzrə İcra işinin materiallarında adıçəkilən - Beyləqan Rayon Məhkəməsinin iş üzrə 29 noyabr 2017-ci il tarixli 2(020)- 3432/2017 saylı məhkəmə əmrinin borclu Cavabdeh rəsmi qaydada verilməsini təsdiq edən hər hansı sübut yoxdur, habelə onun bu barədə məlumatlı olmasına dair işdə heç bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmətdən və prosessual qənaət prinsipi baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, hazırkı işin müəyyən edilmiş faktiki hallarına əsasən borclu Cavabdeh Beyləqan Rayon Məhkəməsinin iş üzrə 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2017 saylı məhkəmə əmrinə qarşı Etiraz hüququnun tanınmaması onun hüquqlarını məhdudlaşdıraraq, onun məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnə və şəxsin şikayət vermə hüququnun mahiyyətinə qəsd kimi qiymətləndirilə bilər. Hazırkı hal bir tərəfdən məhkəmə qərarının icrasının təmin edilməsinə dair qanuni səy, digər tərəfdən isə məhkəmə müdafiəsi üzrə müvafiq apellyasiya instansiya məhkəməsinə müraciət hüququ arasında olan ədalətli tarazlığın pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Qeyd edilməlidir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Habelə, ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi proseduralar üzrə məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərindən biridir. Bu hüquq mütləq hüquq olmasa da, onun üzərinə qoyulan məhdudiyyətlər qanunda nəzərdə tutulmalı və hüququn mahiyyətinə xələl gətirə biləcək dərəcədə maneələr törətməməlidir. Məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququ məhkəmə müdafiə hüququnun tərkib hissəsi olmaqla yanaşı, bu və ya digər məhkəmə instansiyasına münasibətdə nəinki formal, həm də real olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Garcia Manibardo İspaniyaya qarşı iş” üzrə 29 iyun 2000-ci il tarixli, “Annoni di Gussola və digərləri Fransaya qarşı iş” üzrə 14 fevral 2001-ci il tarixli və digər qərarlarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi iştirakçı dövlətləri apellyasiya və ya kassasiya məhkəmələrini təsis etməyə məcbur etmir. Bununla belə, əgər həmin məhkəmələr yaradılıbsa, bu instansiyalarda proses 6-cı maddədə nəzərdə tutulmuş təminatları ehtiva etməli, həmçinin mübahisə edənlərə onların mülki hüquq və vəzifələrinə aid olan qərarlar üzrə məhkəməyə müraciət hüququ səmərəli dərəcədə təmin olunmalıdır. Məhkəmə kollegiyası xüsusilə diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in 283cü maddəsinin tələbinə əsasən borclunun Etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Bundan əlavə, MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Cavabdeh və onun nümayəndəsi və vəkili Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-3432/2017 saylı 26 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və hazırkı qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(020)-3432/2022 saylı məhkəmə əmrindən verilmiş Etiraza yenidən baxılması üçün mülki iş materialları Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar