Məhkəmə qərarları › İş №2(106)-579/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-579/2023

12.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-579/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-67/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1036,80 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır. O, hər ay istifadə etdiyi qazın dəyərini vaxtlıvaxtında ödəmişdir. Onun heç vaxt qaza borcu olmamışdır. Qaz idarəsindən gələrək ona bildirmişlər ki, qaz sayğacının vaxtı bitib, buna görə də ona yeni sayğac qoyulacaqdır. İddiaçı buna heç bir etiraz etməmişdir. Cavabdehin əməkdaşları qaz sayğacını qoyulduğu yerdən çıxararaq getmişlər. Sonradan qaza baxan nəzarətçi iddiaçıya bildiriş verəndə iddiaçı qaza borcu olduğunu görmüşdür. İddiaçı maraqlandıqda ona demişlər ki, o, qaz sayğacına görə cərimələnmişdir. Qaz sayğacına müdaxilə olunmuşdur. İddiaçı onlara qaz sayğacına hər hansı müdaxilə etmədiyini izah etməyə çalışsa da, cavabdehin əməkdaşları onunla razılaşmamışlar. Qaz idarəsinin işçiləri iddiaçının iştirakı olmadan ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Həmin akta əsasən hesablanan məbləğ tamamilə qanunsuzdur və etibarsız hesab edilməlidir. İddiaçının qaz sayğacı küçədə olmuş, heç bir qoruma vasitəsilə təmin olunmamışdır. Qaz sayğacı açılarkən də iddiaçıya qaz sayğacının laboratoriyaya göndərilməsi izah edilməmiş, qaz sayğacı açılarkən isə heç bir qoruyucu vasitəsi olmamışdır. Hal şahidləri də öz işçiləri olmuşdur. Həmin akt qanunsuzdur. Saxtakarlıq isə budur ki, əgər sayğaca müdaxilə olunmuşdursa, bu, ancaq sayğac açılanadək ola bilərdi. Qeyd edilənlər aktın etibarsız hesab edilməsinə əsas verir. Ona görə həmin akta əsasən hesablanan cərimə məbləği iddiaçının hesabından silinməlidir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-67/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilmiş və həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin onun hesabından silinməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-67/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralandığı, qazın keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfiyyatı qeydə almadığı, sağyacın istismara yararsız olduğu aşkar edilmişdir. Bununla əlaqədar, iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 kub metr, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Ağsu RQİİ-nin dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 8640 kub metr (və ya 1036,80 manat) həcmində müəyyən edilmişdir. İstehlakçı hazırkı vəziyyətdə sayğaca müdaxilə etməklə qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanmış müqavilə şərtlərini pozmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmiş, məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, həmin tarixdə istehlakçı İddiaçı evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qazın keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfin qeydə alınmadığı, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İstehlakçı akta imza etməmişdir. X1 Qaz İstismar İdarəsinin rəisi Osman Beybutov tərəfindən 31 oktyabr 2022-ci il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-03976-1 nömrəli aktına əsasən G-4 markalı **********3 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmış, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərf qeydə alınmır və təbii qaz itkisi yaranmışdır. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 8640 kub metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilir. Qərarın verilməsinə əsas kimi 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt göstərilmişdir. İşdəki **********10001 nömrəli abonent İddiaçı saldosundan görünür ki, abonentə 2022-ci ilin oktyabr ayında akt əsasında 1036,80 manat məbləğində cərimə borcu hesablanmışdır. İddiaçı ərizəsində qaz istismarı idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktın etibarsız sayılmasını və həmin akta əsasən hesablanmış borcun qanunsuz sayılaraq silinməsini tələb etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı təbii qazdan istifadə edir və vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəyir. Məhkəmə kollegiyası bildirir ki, sayğaca baxış keçirilən zaman və akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən ******* nömrəli aktda 31 oktyabr 2022-ci il tarixdə abonentin, yəni hazırkı iş üzrə İddiaçı iştirakı ilə onun evində quraşdırılmış qaz sayğacına baxış keçirildiyi, baxış nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığının, qazın keçdiyinin, hesablama mexanizminin açıq vəziyyətdə olduğunun, sərfin qeydə alınmadığının, sayğacın istismara yararsız olduğunun müəyyən edildiyi göstərilir. Aktdan abonentin onu imzalamadığı görünsə də, aktda abonentin onu imzalamaqdan imtina edib-etməməsi barədə hər hansı qeyd edilməmişdir. Bundan başqa, akt cavabdehin əməkdaşları Rövşən Mahmudov, Xalid Babaşov və Asif Cəfərov tərəfindən tərtib edilsə də, çilingər Asif Cəfərov da aktı imzalamamışdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt qanunvericiliyin tələblərinə cavab vermir. Cavabdeh tərəfindən iddiaçının sayğaca müdaxilə etməsini və aktın qanuniliyini təsdiq edən əsaslı dəlillər, mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Bu da onu göstərir ki, sayğacın yararsız hala salınmasında abonent İddiaçı heç bir təqsiri olmamışdır. Hazırkı iş üzrə iddiaçının istifadəsində olan qaz sayğacının istismara yararsız hala salınmasına görə onun barəsində akt tərtib edilmişdir. Lakin “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə uyğun olaraq, hazırkı iş üzrə istehlakçı fiziki şəxs olduğundan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, qaz paylayıcısı daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən istehlakçı məsuliyyət daşımamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda aktın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Məhkəmə kollegiyası hesab edir ki, aktın etibarsızlığı ilə əlaqədar iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf isə öz etirazını əsaslandıra bilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli akta əsasən iddiaçı üçün 90 gün üzrə 1036,80 manat borc hesablanmışdır. Məhkəmə həmin akta əsasən hesablanmış borcun silinməsini qət etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hesablanması üçün əsas olmuş akt etibarsız hesab edildiyindən, 90 gün ərzində qazın sərfiyyatının işlədicilərə görə hesablanmasının qanuni əsası da yoxdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1036,80 manat olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-67/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar