Məhkəmə qərarları › İş №2(106)-585/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-585/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-585/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-106/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3693,20 manat sığorta ödənişi məbləğinin və iddia ərizəsinin verilməsi ilə bağlı 57 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 yanvar 2021-ci ildə “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 18 yanvar 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. 18 yanvar 2021-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Mitsubishi L200” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobilə 3693,20 manat ziyan dəymişdir. **********7 saylı sığorta müqaviləsinin 095607 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3693,20 manat məbləğində ödəniş həyata keçirmişdir. 18 yanvar 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması İmişli RPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Ona görə də qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş 3693,20 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən İmişli Rayon Məhkəməsinə ünvanlanmış iddia tələbinə etiraz ərizəsindən görünür ki, həmin ərizədə cavabdeh hadisə zamanı çəkilmiş fotoşəkillərin yol polisindən və sığorta şirkətindən tələb edilib baxış keçirilməklə müayinə olunmasını və “Mitsubishi L200” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilib rəy alınmasını xahiş etmişdir. İş materiallarına “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair fotoşəkillər əlavə olunmuşdur. İmişli Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(036)-3212/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış, tədqiqat üçün mülki iş materiallarının ekspertə təqdim edilməsi qərara alınmışdır. Ekspertizanın təyin edilməsinə dair məhkəmə iclasında cavabdeh də iştirak etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 9/1988 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci buraxılışlı “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2859 manat müəyyən edilir. İmişli Rayon Məhkəməsinin 2(036)-106/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 2859 manatın və ödənilmiş dövlət rüsumuna görə 48,59 manatın alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına keçirilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəə ekspertizası tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib dəymiş ziyanın dəqiq məbləği barədə rəy alınmasını, İmişli Rayon Məhkəməsinin 2(036)-106/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin təkrar rəyə uyğun təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həmin qətnamədən narazıdır və qətnaməni qismən mübahisələndirir. Belə ki, məhkəmə həmin nəticəyə gələrkən yalnız iddiaçının qərəzli fikrini əsas götürmüş, mübahisəni araşdırmamışdır. O, iddia tələbini tam qəbul etmir. Belə ki, həmin tələbdə vurulmuş maddi ziyan həddindən artıq şişirdilmişdir. “Mitsubishi L200” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobilə onun təqsirindən 3693 manat ziyan dəyməsi obyektiv, mötəbər sübutlarla təsdiq olunmur. Hadisə zamanı “Mitsubishi L200” markalı avtomobil qəflətən dayanmış və cavabdehin idarə etdiyi avtomobil svetaforda ona yüngülcə toxunmuşdur. Bu vaxt həmin avtomobilin arxa buferi cüzi əzilmiş, bunun fotoşəkilləri də çəkilmişdir. Həmin şəkillər yol polisində və sığorta şirkətindədir. Həmin vaxt avtomobilin təmirinə cəmi 300-400 manat xərc çəkilməli olması deyilirdi. Sonradan sığorta şirkəti avtomobilin özlərinin olmasından istifadə edib özünün mənafeyi üçün öz aralarında ziyan məbləğini xeyli şişirtmiş, cavabdehin isə bundan məlumatı olmamışdır. Ona görə də “Mitsubishi L200” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobilə göstərilən məbləğdə ziyan dəyməsi tamamilə əsassızdır. İddiaçı bu barədə heç bir inandırıcı sübut təqdim etməmişdir. Ona görə də iş üzrə avtomobilə dəymiş ziyanın məbləğinin dəqiq müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib rəy alınsa da, ekspert düzgün rəy verməmişdir. Cavabdehin ekspertizadan xəbəri olmamışdır. Təkrar ekspertiza keçirilməsi zəruridir. Hesab edir ki, qətnamə qismən ləğv edilməli və iddiaçının tələbi hadisə vaxtı deyildiyi kimi 400 manat həcmində və ya təkrar ekspetizanın rəyinə uyğun təmin edilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Lakin məhkəmə onun hüquqlarını məhdudlaşdırmış, o, məhkəmə prosesində iştirak etsə də, göstərdiyi sübutlar araşdırılmamışdır. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Cavabdeh hadisə nəticəsində dəyən zərərin qiyməti ilə razı olmasa da, iddiaçı buna əhəmiyyət verməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə qanunun həmin tələblərini, çəkişmə prinsipini pozmuşdur. Cavabdehin iştirakı təmin edilmədən, o, cavabdeh kimi dindirilmədən işə birtərəfli baxılmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin tələbləri üzrə hüquqları pozulmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməmişdir. O, iddiaçının iddia etdiyi ziyan məbləğinin şişirdildiyini bildirib, məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdi. Lakin məhkəmə ondan xəbərsiz ekspert rəyi almışdır. Cavabdeh bununla razılaşmır. Qəza zamanı çəkilmiş fotoşəkillərdən də görünür ki, zədə cüzi olmuşdur. İş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli olduğu halda, məhkəmə bunu etməmişdir. Yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərin dəqiq məbləği obyektiv araşdırılmamışdır. Dəqiq nəticəyə gəlmək üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilib rəy alınmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş sığorta şirkətinə qeyd olunan məbləğdə zərər vurulmasına səbəb olan hərəkət etməsi sübut edilməmişdir. Məhkəmə cavabdehin qətnamədə qeyd etdiyi məbləğdə pul ödəməli olması barədə səhv nəticəyə gəlmişdir. Cavabdehin məhkəmədə iştirakı təmin edilmədiyinə görə hadisə zamanı çəkilmiş fotoşəkilləri təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, əslində hadisə baş verən zaman avtomobili onun özü yox, oğlu idarə etmiş, həmin vaxt özü evdə olmuşdur. Sonradan polisdən ona zəng edərək onu şöbəyə çağırmışlar. İmişli RPŞ-yə verdiyi izahatda hadisə vaxtı avtomobili özünün idarə etdiyi, oğlunun isə yanında əyləşdiyi qeyd edilsə də, əslində bu cür olmamış, polis şöbəsində ona həmin izahatı imzalatmışlar. Həmçinin barəsində inzibati qaydada 40 manat cərimənin tətbiq edilməsinə dair qərardan şikayət verməmiş, lakin həmin 40 manatı da polis əməkdaşları özləri ödəmişlər. Bir müddət sonra iddiaçı onu məhkəməyə vermiş, dəydiyi qeyd olunan zərərin məbləğini şişirtmişdir. Halbuki, onun özü qəza baş verdikdən sonra hadisə yerinə də gedəndə “Mitsubishi” markalı avtomobilə cüzi zərər dəydiyinin şahidi olmuşdur. Ona görə də məhkəmədən ekspertiza keçirilməsini tələb etmişdir. Lakin alınmış ekspert rəyi də əsaslı olmamış, zərər məbləği düzgün hesablanmamışdır. O xahiş edir ki, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilsin və həmin rəyə uyğun həcmdə iddia təmin edilsin. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən qismən narazı qaldığını bildirərək qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini ondan tutulması qət edilmiş pulun məbləğinə dair hissədə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 10-13 vərəqlərində olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 18 yanvar 2021-ci il tarixində saat 17:00 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində yol-nəqliyyat hadisəsi (toqquşma) baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsir X1 məxsus olan və hadisə baş verdiyi anda Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində olmuşdur. Hadisə nəticəsində zərər görmüş “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi isə “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur. İşdəki inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, TP ******* seriya nömrəli qərarın surətindən görünür ki, Cavabdeh İmişli şəhəri, H.Aslanov küçəsində idarə etdiyi avtomobillə araməsafəsi qaydalarını pozmuşdur. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İşdəki avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalanmışdır. Şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. İşdəki AB 621223 seriya nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək sürücülük hüququ verilmişdir. İşdəki "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, Mİ-109359 seriya nömrəli avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında aktından görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200” markalı avtomobildə görüləcək təmir işlərinin ümumi məbləği 3214,58 manat, 18 faizlik ƏDV 578,62 manat olmaqla, yekun məbləğ 3793,20 manat müəyyən edilmişdir. İşdəki İddiaçı Sığorta Şirkəti ASC-nin 14 aprel 2021-ci il tarixli, 095607 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş sığorta hadisəsinə görə zərərin məbləği 3793,20 manat, sığorta ödənişi azadolma məbləği ödənildiyinə görə 3793,20 manat müəyyən edilmişdir. 3793,20 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülür. İşdəki İddiaçı Sığorta Şirkəti ASC-nin 16 aprel 2021-ci il tarixli, 3079 nömrəli ödəniş tapşırığından görünür ki, 3793,20 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İşdəki Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 9/1988 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci buraxılışlı “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2859 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdeh apellyasiya məhkəməsinin iclasında yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili özünün yox, oğlunun idarə etdiyini bildirsə də, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, Cavabdeh İmişli RPŞ-yə verdiyi izahatda hadisə vaxtı avtomobili özünün idarə etdiyini, oğlunun isə yanında əyləşdiyini qeyd etmiş, izahatı imzası ilə təsdiq etmişdir. Bundan əlavə, Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında 27 yanvar 2021-ci il tarixli, TP ******* seriya nömrəli qərar qəbul edilərək, o, İXM-in 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib 40 manat inzibati cərimə edilmiş olsa da, həmin qərarı mübahisələndirməmişdir. Qeyd edilənlər cavabdehin bildirdiyi həmin halın iş materialları ilə təkzib edildiyini göstərir. Cavabdeh apellyasiya şikayətində yol-nəqliyyat hadisəsindən sonra “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərinin çəkildiyini bildirmiş, ekspertizanın həmin fotoşəkillər əsasında aparılmalı olduğunu qeyd etmişdir. İş materiallarından görünür ki, sözügedən fotoşəkillər işə əlavə edilmiş, İmişli Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(036)-3212/2022 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması zamanı tədqiqat üçün mülki iş materiallarının ekspertə təqdim edilməsi qərara alınmışdır. Göründüyü kimi, ekspert rəyi verilərkən sözügedən fotoşəkillər də tədqiqat obyekti olmuşdur. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsaslı hesab edilə bilməz. Cavabdeh apellyasiya şikayətində yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi L200” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin cüzi olduğunu və ekspert rəyində bu zərərin məbləğinin şişirdildiyini bildirmiş olsa da, öz etirazının əsasını təşkil edən halları təsdiq edən hər hansı sübut təqdim etməmiş, bu cür sübut kimi istinad etməyə çalışdığı fotoşəkillər isə tədqiqat üçün ekspertizanın aparılması zamanı da iş materiallarında olmaqla nəzərə alınmışdır. Bundan əlavə, avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan mütəxəssis rəyində qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən, eləcə də Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Ekspert rəyi ilə yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Qeyd edilənlər onu göstərir ki, cavabdehin apellyasiya şikayətinin sözügedən ekspert rəyində göstərilmiş məbləğin əsassızlığına dair dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə, cavabdeh ekspertiza aparılan zaman onun iştirakının təmin edilmədiyini qeyd etmişdir. Lakin nəzəri hesablama yolu ilə iş materialları əsasında əmtəəşünaslıq ekspertizasının keçirilməsi zamanı onun iştirakının hansı baxımdan zəruri olmasına dair hər hansı əsas göstərməmişdir. Məhkəmə kollegiyası da cavabdehin sözügedən ekspertizanın keçirilməsində şəxsən iştirak etməməsinin verilmiş rəyin əsaslılığına təsir etmədiyini bildirir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etməmiş, onu dinləmədən qətnamə qəbul etmişdir. Lakin iş materialları ilə cavabdehin həmin dəlilinin də əsaslı olmadığı müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın təyin edildiyi 30 noyabr 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh şəxsən iştirak etmişdir. Ekspert rəyi alınaraq iş üzrə dayandırılmış icraat təzələndikdən sonra isə məhkəmə iclası 26 iyul 2023-cü il tarixə, saat 15:00-a təyin edilmiş, bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, eyni zamanda, cavabdehin apellyasiya şikayətində də qeyd etmiş olduğu ***- ***-**-** mobil nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində SMS bildiriş göndərilmişdir. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada məlumatlandırılmış olsa da, o özü məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxıb qətnamə qəbul etməklə hər hansı prosessual hüquq normasının pozulmasına yol verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin tələblərindən göründüyü kimi, İddiaçı Sığorta Şirkəti ASC sığortalı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan zərər məbləğini ödədiyinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı hüququ ona keçmiş, beləliklə, iddiaçının subroqasiya hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi isə zərərvuran şəxs Cavabdeh ekspert rəyi ilə müəyyən edilmiş avtomobilin təmiri üçün tələb olunan ümumi təmir-bərpa xərci olan 2859 manatın tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 2(036)-106/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-106/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar