Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-588/2023 05.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(055)-41/2023 saylı qətnaməsindən (hakim İ.Abuşov) hər iki tərəfin verdiyi apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun şərəf və ləyaqətini alçaltdığına görə ondan üzr istəməsi, barəsində yazdığı şər və böhtan dolu məlumatların təkzib edilməsi barədə həmin məlumatların dərc edildiyi kütləvi informasiya vasitələrində müvafiq təkzibin verilməsi və ona vurduğu mənəvi zərərə görə 10000 manat, eləcə də ödənilmiş 120 manat dövlət rüsumunun, cəmi 10120 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə “X4” İctimai Birliyində üzv olarkən tanış olmuş, bir çox tədbirlərdə birlikdə iştirak etmişlər. Bir müddət sonra cavabdeh həmin birlikdən ayrılmışdır. Bundan sonra, cavabdeh onun barəsində şər və böhtan dolu ifadələr yaymışdır. Belə ki, cavabdeh onun barəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, fəaliyyət göstərdiyi Bakı şəhəri Xətai rayonu 64 saylı orta məktəbin direktoruna onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna zərər vuran ərizələr göndərmişdir. 27 ildir ki, müəllim işləyir, lakin onun barəsində indiyədək heç bir şikayət olmamışdır. Lakin cavabdeh onun barəsində nalayiq ifadələr işlədərək onu dost-tanışları və işlədiyi kollektiv yanında gözdən salmağa çalışmış, onun barəsində müxtəlif şikayətlər edilməsinə səbəb olmuşdur. Cavabdeh onun barəsində “Facebook” sosial şəbəkəsində həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli məlumatlar yaymış, həmçinin “Whatsapp” sosial şəbəkəsində ona söyüş və qeyri-etik ifadələrlə dolu səsyazmalar göndərmişdir. Cavabdehin onun barəsində yaydığı məlumatlar böhtan olmaqla, onun şərəfini və ləyaqətini ləkələyən məlumatlardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, üzvü və idarə heyətinin sədr müavini olduğu “X4” İctimai Birliyində iddiaçını tanımışdır. İddiaçının iddia ərizəsində göstərdikləri, guya onun sosial şəbəkədə iddiaçının haqqında yalan məlumatlar yayması və onu təhqir etməsi yalandır. Onun iddia ərizəsində göstərilənlərlə heç bir əlaqəsi yoxdur. İddiaçı haqqında heç bir status və ya məlumat paylaşmamış, paylaşılan məlumatların aid olduğu istifadəçi adı və profil isə onun deyildir. İddiaçı “Whatsapp” sosial şəbəkəsində onu səsli və yazılı mesajlarla söyüb təhqir etmiş, o, buna əhəmiyyət verməyib onun mesajlarını bloklamış, lakin iddiaçı daha sonra, onun arvadına mesaj yazmış, o da buna əsəbləşərək iddiaçını söymüşdür. Əvvəlcə iddiaçı “Whatsapp” sosial şəbəkəsində onu söydüyü üçün o da, iddiaçını söymüşdür. O, iddiaçının nalayiq davranışlarına görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri ünvan 1 ünvanlamış, həmin şikayət ərizəsinə əsasən iddiaçıya xəbərdarlıq edilərək, məktəb rəhbərliyi tərəfindən cəzalandırılmışdır. Bundan başqa iddiaçının onun haqqında iddia ərizəsində göstərdikləri xüsusatlar həqiqətə uyğun deyil. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl onun barəsində müxtəlif qurumlara şikayətlər ünvanlamış, lakin bu şikayətlərin heç biri əsaslı deyildir. Çünki o, iddiaçının şərəf və ləyaqətini alçaldan heç bir məlumat yaymamışdır. Saatlı Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(055)-41/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manatın alınaraq İddiaçı verilməsi və Cavabdeh üzərinə “Whatsapp” sosial şəbəkəsində səsli mesaj göndərilməklə İddiaçı üzr istəmək vəzifəsinin qoyulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək tutulması qət edilmiş mənəvi zərərin məbləği hissədə qətnamənin dəyişdirilərək, iddiasının həmin hissədə tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsalandırlmış, əlavə olaraq qeyd edilmişdir ki, bu qətnamə ilə iddia tam şəkildə təmin edilməmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində iddia ərizəsində göstərdiyi Facebook və WhatsApp sosial şəbəkəsində cavabdeh tərəfindən şərəf və ləyaqətini alçaldan məlumatların yayılmasının və eyni zamanda yaradılmış saxta profillərin cavabdeh tərəfindən icra olunmasını sübut edən heç bir dəlili məhkəməyə təqdim edə bilmədiyi üçün, iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Hesab edir ki, məhkəmənin bu arqumenti əsassızdır. Belə ki, həm iddia ərizəsində, həm də cavabdeh məhkəmə prosesində verdiyi izahatında təsdiq etmişdir ki, hər ikisi "X4” İctimai Birliyinin üzvüdürlər və həmin vaxtlar cavabdeh də, bu ictimai birliyin üzvlərindən ibarət olan WhatsApp qrupunda mütəmadi olaraq çıxışlar edirdi. Təbii ki, bu WhatsApp qrupunda olan mobil nömrələr hər bir qrup üzvünün özünə məxsus olduğu üçün bu WhatsApp qrupunda gedən yazışmaların kimə aid olduğu açıq-aydın görünürdü. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halına düzgün hüquqi qiymət verilməmiş və cavabdehin məsuliyyətdən yaxa qurtarması üçün şərait yaradılmışdır. Eyni zamanda bildirmək istəyir ki, işlədiyi orta məktəbinin rəhbərliyinə və Elm və Təhsil Nazirliyinə işdə nüfuzunu aşağı salan şər və böhtan dolu ərizələr də göndərilmişdir. Cavabdeh özü bunu etiraf etsə də, çox qəribədir ki, məhkəmə tərəfindən həmin şikayət ərizələri şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qəbul edilməmişdir. Həmçinin, Facebook sosial şəbəkəsində olan həmin saxta profillərin cavabdehə məxsus olmasını müəyyən etmək üçün məhkəmədə yetərincə qədər imkanlar və prosessual səlahiyyətlər olduğu halda, məhkəmə tərəfindən onlardan istifadə olunmamışdır. Bu isə cavabdehin məsuliyyətdən yaxa qurtarması üçün əsas olmuşdur. Ona görə də hesab edir ki, bu iddia ərizəsi yenidən araşdırılmalı və işin həqiqi hallarına uyğun yeni qətnamə qəbul edilməlidir. Fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib edilməsini, həmçinin bu məlumatların yayılması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb edə bilər. Əfsuslar olsun ki, Saatlı Rayon Məhkəməsi tərəfindən işə baxılarkən mülki qanunvericiliyin normaları tam şəkildə tətbiq edilməmiş və cavabdeh tərəfindən barəsində WhatsApp və Facebook sosial şəbəkəsində yayılmış məlumatlar şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qəbul edilməmiş və bununla da cavabdehin məsuliyyətdən yaxa qurtarması üçün şərait yaradılmışdır. Ona görə idə hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən Mülki Məcəllənin 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli Qərannda göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsafat, təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Mülki işin sənədlərindən də görünür ki, cavabdeh tərəfindən barəsində həm işlədiyi orta məktəbdə, həm də ictimai fəaliyyətlə məşğul olduğu “X4” İctimai Birliyində şərəf və ləyaqətini alçaldan məlumatlar yayılmışdır. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən bu məlumatlar nəzərə alınmamış və bununla da Ali Məhkəmə Plenumunun 14 may 1999-cu il tarixli Qərarının tələbləri pozulmuşdur. “Mənəvi zərərin ödənməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında mənəvi zərərin vurulmasının həcmindən və ağırlıq dərəcəsindən asılı olaraq həmin bu hərəkətə görə cavabdeh tərəfindən ödəniləcək mənəvi ziyanın məbləği də müəyyənləşir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən şərəf və ləyaqətini alçaldan məlumatlar həm işlədiyi kollektiv arasında, həm fəaliyyət göstərdiyi İctimai Birliyin üzvləri arasında yayılmış, həm də cavabdeh tərəfindən dəfələrlə ona qarşı söyüş və qeyrietik ifadələrlə dolu səsli mesajlar göndərilmişdir. Təbii ki, bir qadın kimi həmin mesajlar və məlumatlar şərəf və ləyaqətini alçaltmış və ictimaiyyət arasında nüfuzuna böyük zərbə vurmuşdur. Ona görə də 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması onun tərəfindən törədilmiş hərəkətlərə adekvat deyildir. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddiaçıdan 60 manat ödənilmiş dövlət rusumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavadehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun barəsində “Whatsapp” və “Facebook” sosial şəbəkəsində məlumatlar yaydığını iddia etsə də, iddiasını sübut edə bilməmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, cavabdehin iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayması halı mövcud deyildir. İddiaçı, onun barəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, fəaliyyət göstərdiyi Bakı şəhəri Xətai rayonu 64 saylı orta məktəbin direktoruna onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna zərər vuran ərizələr göndərdiyini qeyd etmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, Cavabdeh yazdığı şikayət ərizəsində iddiaçı barədə göstərilənlər onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi hesab edilə bilməz. 21 dekabr 2022-ci il tarixində saat 11:00-da keçirilən hazırlıq iclası zamanı bildirmişdir ki, İddiaçı ilk dəfə onu və ailə üzvlərini vatsapdan 21 səsli mesaj göndərməklə təhqir etsə də, onu təhqir etməyərək nömrəsini blok etmişdir. Bir həftə sonra iddiaçı anasına məxsus mobil nömrə ilə (çünkü arvadı onun öz nömrəsini blok etmişdi) arvadına yazan zaman əsəbiləşərək arvadından telefonu alıb iddiaçını söymüşdür. Həmin proses zamanı iddiaçı özü də etiraf etmişdir ki, bəli ilk dəfə o söyüb. Lakin Məhkəmə bunu nəzərə almamışdır ki, iddiaçı onu və ailəsini söyüb sonra arvadını narahat edən zaman iddiaçını söymüşdür. Həmçinin qətnamədə iddiaçının onu söyməsini etiraf etməsi faktı qeyd olunmamışdır. Qətnamədə qeyd olunub ki, onun İddiaçı “Whatsapp” sosial şəbəkəsində səsli mesajlar vasitəsi ilə murdar söyüşlərlə təhqir etməsi, iddiaçının mənəvi sarsıntı yaşamasına və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Lakin iddiaçının necə bir mənəvi sarsıntı yaşaması məlum deyildir. Çünkü iddiaçı onu söyməyinə görə mənəvi sarsıntı yaşayacaq bir xarakterdə şəxs olsa idi, ona vatsapdan 21 səsli mesaj göndərməklə onu və ailə üzvlərini təhqir etməzdi. İddiaçı, xanım və müəllimə olmasına baxmayaraq, küçə söyüşləri ilə onu və ailəsini söyən zaman düşünmürdümü ki, onun cavabını verə və onu söyə bilər? Təbii ki, iddiaçı bunu düşünərək onu və ailəsini söyüb. O zaman iddiaçı necə mənəvi sarsıntı yaşaya bilər? İddiaçı söyüşə görə mənəvi sarsıntı keçirəcək xarakterdə biridirsə, niyə məhkəmə prosesi zamanı onu təhqir etməkdən utanıb çəkinmədi? Məhkəmə isə bu kimi halları nəzərə almadı. Məhkəmə katibi isə yazılı qeyd aparmırdı. Sonuncu məhkəmə baxış iclası zamanı, iddiaçının onu söyməyi barədə təqdim etdiyi CD diskdəki audio yazılar dinlənilib sübut kimi qəbul edilsə də, iddiaçının onu və ailəsin söyməsi barədə olan, onun məhkəmənin e-poçt adresinə göndərdiyi faktları məhkəmə dinləməmiş və nəzərə almamışdır. Xətai rayonu Zakir Əhmədov adına 64 saylı orta məktəbin direktorunun ona göndərdiyi cavab məktubundan da görünür ki, iddiaçının ona qarşı olan əxlaqsız söyüşlərinə görə onu sinif rəhbərliyindən kənarlaşdırmış, dərs saatlarını azaltmış və ciddi xəbərdarlıq etmişlər. Lakin məhkəmə bu halı diqqətlə araşdırmamışdır. Ali Məhkəmə Plenumunun Qərarında qeyd olunur ki: Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmənin qətnaməsində də göründüyü kimi iddiaçını kütləvi yerdə və ya sosial media yönümlü saytlarda söyməyi, təhqir etməyi və.s hallar sübuta yetirilməmişdir. Yalnız onu və ailəsini söydüyü üçün əsəb içində cavab olaraq iddiaçını təhqir etmişdir. Belə ki, ictimai yerdə yox sadəcə iddiaçının öz şəxsi vatsapına yazmaqla onu təhqir etmişdir və məhkəmə qətnaməsində qeyd olunub ki, məhkəmə həmin səsli mesajların iddiaçı ilə cavabdeh arasında olduğunu, heç bir başqa şəxs tərəfindən dinlənilmədiyini və buna görə də, iddiaçı barəsində mənfi rəy yaranmasına səbəb olmadığını qeyd etmişdir. Yalnız ikisinin arasında olan təhqirə görə iddianı qismən təmin etmişdir ki, bunu ədalətli qərar hesab etmir. Ali Məhkəmə Plenumunun Qərarında qeyd olunur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Lakin Məhkəmə qeyd olunan xüsusatlar üzrə heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Ali Məhkəmə Plenumunun Qərarında qeyd olunur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Lakin Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini araşdırmadan, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını dəqiqləşdirmədən qərar qəbul etmişdir. Əgər iddiaçı onu vatsapdan təhqir etməyinə görə mənəvi iztirab və sarsıntı keçirəcək xarakterdə bir şəxs olsa idi, onu və ailəsini küçə söyüşləri ilə təhqir etməzdi, həmçinin məhkəmə prosesində onu təhqir etməzdi. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. Məhkəmə Qətnaməsindən göründüyü kimi heç bir kütləvi yerdə və ya saytda iddiaçı barədə təhqirə yol verməmişdir. Məhkəmə bu halı nəzərə almamış və yalnız iddiaçını şəxsən vatsapdan təhqir etməyinə görə iddianı qismən təmin etmişdir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsindən bəhs edilir. Qətnamədən belə aydın olur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin ona aidiyyəti var, lakin cavabdehə aidiyyəti yoxdur. Yəni cavabdeh onu və ailəsini söyüb təhqir və təhdid edə bilər, lakin cavabdehi söyə bilməz və söydüyü üçün də 1000 manat cərimə ödəməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə dair yazılı etirazlar təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmuda izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul ediləndən sonra iddiaçı Sevinc xanıma zəng edərək üzr istəmiş, bununla bağlı Sevinc xanımın özünə və qardaşı Natiq Əsgərova vatsapda səsli mesaj göndərərək üzr istəmişdir. Səsli mesajını iddiaçı qəbul etməmişdir, çünki onu blok edib. Lakin qardaşı qəbul etmişdir. İddiaçı Sevincə qarşı bu cür hallara yol verdiyini etiraf edir və bununla bağlı artıq üzr istədiyini də bəyan edir. Bunlardan savayı məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, işləmir, ictimai birlikdən heç-bir əmək haqqı almır. Evlidir və 3 yaşında bir uşağı var. Həyat yoldaşı da işləmir. Saatlı rayonunun Mollavaizli kəndində atası ilə birlikdə yaşayır, atası da səhhəti ilə bağlı işləmir. Təsərrüfatında nə iri, nədəki xırdabuynuzlu heyvanı yoxdur, yalnız bir-neçə ədəd toyuq-cücələri vardır. Əvvəllər sosial yardım alırdı, son 3 aydır ki, o da kəsilib. Yenidən sosial yardım verilməsindən ötrü müraciət etmişdir. Uşağının bağırsağında problemləri var, müalicələr alır və dərmanlarına görə 298 manat hazırda borcu vardır. Qətnamənin mənəvi zərərlə bağlı hissəsinin ləğv olunmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək anasının səhhəti ilə bağlı apellyasiya baxışında iştirak edə bilməyəcəyini bildirib, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və cavabdehdən 10000 manat mənəvi zərərin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan mənəvi zərərin məbləği hissədə mübahisələndirərək həmin hissədə iddiasının tam təmin olunmasını xahiş etməklə qətnaməni qismən, cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə mübahisələndirilən mənəvi zərərin məbləği hissədə, cavabdehə münasibətdə isə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi, yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Xətai rayonu Zakir Əhmədov adına 64 saylı orta məktəbin direktoruna ünvanlanmış şikayət ərizəsinin və Zakir Əhmədov adına 64 saylı tam orta məktəbin Cavabdeh ünvanlanmış məktubunun surətindən görünür ki, Cavabdeh həmin məktəbdə müəllim kimi fəaliyyət göstərən İddiaçı müəllim adına yaraşmayan nalayiq davranışları barədə şikayət edərək onun barəsində tədbir görülməsini xahiş etmiş, həmin şikayət ərizəsi əsasında iddiaçının fəaliyyət göstərdiyi məktəbin rəhbərliyi tərəfindən İddiaçı xəbərdarlıq edilmiş və onun dərs saatları azaldılmışdır. İş materiallarında olan audioyazılar olan CD diskdən görünür ki, Cavabdeh “Whatsapp” sosial şəbəkəsində səsli mesaj vasitəsi ilə İddiaçı qarşı kobud və nalayiq ifadələr işlədərək, onu qeyri-etik sözlərlə və söyüşlər söyməklə təhqir etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının : 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır; 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir; 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz; 50-ci maddəsinə əsasən isə hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostların, tanışların və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər; yazılı, şifahi, bədən hərəkətləri ilə və sair. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyləməklə, nalayiq sözlər söyləməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. Şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühümü odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Plenum Qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 23.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir; 23.2-ci maddəsinin tələbinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 10-cu maddəsi hər kəsin öz fıkrini ifadə etmək azadlığı hüququnu təsbit edir. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə fikri ifadə etmək azadlığının həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndindən görünür ki, fıkri ifadə etmək azadlığını məhdudlaşdırmağa yönəlmiş əsaslardan biri də digər şəxslərin nüfuz və hüquqlarının müdafiəsidir. 30 dekabr 2021-ci il tarixdə qəbul edilmimş (471-VİQ nömrəli) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir(14.1.7.), şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir(14.1.8). Həmin Qanunun 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26, 46-cı, Avropa Konvensiyasının 10-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarına əsasən şəxs haqqında yayılmış ləkələyici məlumatların faktlara söykəndiyini, bu məlumatların həqiqətə uyğun olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Hazırkı işdə kollegiya cavabdehin iddiaçıya göndərdiyi səs yazılarında işlətdiyi ifadələri məzmun etibarı ilə açıqaydın şəkildə iddiaçının şərəf və ləyaqətini ləkələməyə, işgüzar nüfuza xələl gətirməyə hesablanan məlumat hesab edir. Barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan yalan məlumatların yayılması hər bir şəxsin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmaya bilməz. Cavabdeh yaydığı məlumatların həqiqətə uyğun olduğunu sübuta yetirmədiyindən, yazmış olduğu ərizə və şikayətlərində iddiaçının işlədiyi müəssisədə işgüzar nüfuzuna, iddiaçıya vatsapda göndərdiyi səs yazılarında işlədilən ifadələrlə isə iddiaçının ailədə hörmətinə xələl gəlməsi danılmazdır. Cavabdeh özü də apellyasiya baxışı zamanı iddiaçıya qarşı bu cür hallara yol verdiyini etiraf etmiş və bununla bağlı artıq iddiaçıdan üzr istədiyini bəyan etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfı, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının keçirmiş olduğu mənəvi sarsıntıların cavabdehin qanunsuz hərəkətinin nəticəsi olaraq işin yuxarıda müəyyən olunan halları ilə tam təsdiqini tapır. Plenum həmçinin izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Kollegiya hesab edir ki, zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin əmlak vəziyyəti və sair diqqətəlayiq hallara dair sübutlar verilmədiyindən, yetirilən mənəvi zərərin məbləğini 1000 manat məbləğində müəyyən etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətlərində gətirdikləri dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla tərəflərə münasibətdə ləğv oluna, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(055)-41/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə, Cavabdeh apellyasiya şikayətlərinə münasibətdə isə tam olaraq dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-588/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-588/2023
05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver