Məhkəmə qərarları › İş №2(106)-588/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-588/2024

05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-588/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(018)-245/2021 saylı qərardadından (hakim Mübariz Məmmədov) Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 9800 (doqquz min səkki yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin (hakim Mübariz Məmmədov) 22 fevral 2021-ci il tarixli, 2(018)-245/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Azər Heydərov 19 aprel 2021-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlamışdır. 11 dekabr 2023-cü il tarixində Cavabdeh apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda müddəti keçmiş zəruri prosessual hərəkəti etmişdir, yəni apellyasiya şikayətini Məhkəməyə təqdim etmişdir. Cavabdeh müddətin buraxılmasının səbəbini belə izah etmişdir ki, İddiaçı ona qarşı pul tələbi barədə məhkəməyə iddia ərizəsi vermiş və Astara Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(018)-245/2021 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək ondan 9800 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. O, qeyd etmişdir ki, həmin qətnaməni onun adından anası etibarnamə əsasında xeyli müddət gec almış və aldıqdan sonra ona təqdim etməmişdir. Yalnız bu yaxınlarda icra məmuru bu qətnamənin icrası ilə əlaqədar onu çağırmış və o, həmin qətnamədən xəbər tutmuşdur. 2021-ci il tarixdə isə anası bu proses barədə ona xəbər verməmiş, yalnız onun adından Astara rayonunda yerləşən evi ilə əlaqədar hər hansı əməliyyatın aparılmasına razılığın verilməsi barədə ondan etibarnamə istəmişdir. O, indi bilmişdir ki, anası o narahat olmasın deyə həmin qətnaməni ona təqdim etməmiş, sonradan isə evdə aparılan təmir işləri ilə əlaqədar həmin qətnaməni itirmişdir. Yalnız bu yaxınlarda Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin əməkdaşları tərəfindən bu qətnamənin icrası ilə əlaqədar çağırılarkən həmin qətnamədən apellyasiya şikayəti vermək hüququnun olduğunu bilmiş və məhkəməyə müraciət edərək həmin qətnamənin surətini əldə etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(018)-245/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsini üzrlü hesab edərək, həmin müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə Astara Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(018)-245/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə Cavabdeh ərizəsi təmin olunmamışdır. Qərardaddan cavabdeh şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət prosessual müddətin bərpasına dair ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Eyni zamanda cavabdeh bildirmişdir ki, birinci instansiya məhkəməsində işin baxışı zamanı məhkəmə proseslərindən xəbəri olmamış və onun məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Qətnamənin surətini onun anası almış və ona təqdim etməmişdir. Belə olan halda da, qətnamənin surətinin onun nümayəndəsi olan anasına təqdim edilməsi, ona təqdim edilməsi demək deyil. Qətnamənin surəti anası tərəfindən ona təqdim edilməmişdir. Şikayətə baxılmış, Astara Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmədən, Astara Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(018)-245/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. İşin hallarından müəyyən edilir ki, Astara Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi iş üzrə Cavabdeh iş materiallarında olan ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş poçt zərfindən (iş səh 32) müəyyən edilir ki, Cavabdeh göndərilən ünvanda olmadığından məktub geri qaytarılmışdır. Qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru 19 aprel 2021-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlamışdır. İş materiallarından müəyyən edilir ki, (iş səh 41-42) Cavabdeh nümayəndəsi X3 18 noyabr 2021-ci il tarixdə Astara Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsinin surətini almışdır. 11 dekabr 2023-cü il tarixdə Cavabdeh nümayəndəsi X3 məhkəməyə qətnamənin ona təqdim edilməsi ilə bağlı müraciət etmiş, 11 dekabr 2023-cü il tarixdə Astara Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsinin surəti ona təkrarən təqdim edilmişdir. Eyni zamanda 11 dekabr 2023-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin hallarından da, göründüyü kimi, cavabdeh tərəf qətnamədən şikayəti qətnamənin ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 1 ay müddətində verməli olduğu halda, 2 ildən çox müddət keçdikdən sonra təqdim etmiş və bununla da prosessual müddəti ötürmüşdür. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, qətnamənin surəti onun anasına təqdim edilmiş, anası ona bu barədə məlumat verməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində onun iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdehin etibarnamə əsasında nümayəndəsinə qətnamənin surəti təqdim edilmişdir. Həmin şəxsin qətnamənin surətini cavabdehə təqdim etməməsi, cavabdehi məsuliyyətdən azad etmir. Cavabdeh öz nümayəndəsinə onun təmsil edilməsi ilə bağlı səlahiyyətlərini vermiş və etibarnamə notariat qaydasında rəsmiləşdirilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada poçt vasitəsilə məlumat verilmiş, cavabdehin həmin ünvanda yaşamaması səbəbindən poçt zərfi geri qaytarılmışdır. Cavabdeh birinci instansiya məhkəməsində prosesdən məlumatlı olmamasını bildirsə də, qətnamənin surəti onun nümayəndəsinə təqdim edilmiş və cavabdeh tərəfin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək üçün imkanı olmuşdur. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunvericiliyin məzmunundan görünür ki, qanunvericilikdə hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(018)-245/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar