Məhkəmə qərarları › İş №2(106)-589/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-589/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-589/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qarayev Əliheydər Qafur oğlunun, Cavabdeh nümayəndəsi və onun vəkili Süleymanov Mərdəli Binəli oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Muxtarov Nurlan Nurəddin oğlunun iştirakları ilə, İddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Cavabdeh qarşı yetkinlik yaşına çatmayanın pozulmuş maddi-təminat hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(053)-598/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(053)-598/2022 saylı qətnaməsi ilə (hakim Əli Tağıyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(053)-598/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1-ci maddəsinə əsasən 08 noyabr 2020-ci il tarixindən 11 aprel 2009-cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğluna ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının hər ay üçün ödənilən tam hissəsi uşaqdan ayrı yaşayan valideyni Cavabdeh adına verilmiş bank kartına deyil, uşağın adına "xxxx" ASC-nin Neftçala filialında yeni hesab açılmaqla həmin hesaba yönəldilməsi və yetkinlik yaşına çatmayana ailə baçısını itirməyə görə verilmiş, lakin 26 aprel 2021-ci il tarixindən hazırkı vaxta qədər Cavabdeh tərəfindən uşağın mənafeyi naminə xərclənməmiş müavinətin cəmlənərək qarşı tərəfdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu Xıllı qəsəbə sakini Əhmədov Sabir Tahir oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidentinin ünvanına daxil olmuş ərizədə ona dövlət tərəfindən ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının ondan ayrı yaşayan anası Cavabdeh tərəfindən alınaraq şəxsi mənafeyi və ehtiyacları üçün xərclədiyini bildirmiş, məsələnin qanunamüvafiq qaydada həll edilməsi və həmin pulun onun ehtiyacları üçün xərclənməsinə köməklik edilməsini, bununla bağlı qanunvericilik daxilində tədbirlər görülməsini xahiş etmişdir. 2021-ci ilin aprel ayından etibarən yetkinlik yaşına çatmayan Sabir anası tərəfindən rayonun Xıllı qəsəbəsində ata nənəsi Əhmədova Zenfirə Mirzağa qızının yanında tərk edilmiş və hazırkı vaxta qədər onunla anası maraqlanmamışdır. Həmin vaxtdan uşaq qeyri-rəsmi nənəsinin himayəsində yaşayır. Belə ki, azyaşlı Sabirin atası Əhmədov Tahir Sabir oğlu 08 noyabr 2020-ci il tarixdə məlum olmayan səbəbdən özünü asaraq intihar etmişdir. Bu hadisədən sonra ağır psixoloji sarsıntı keçirən mərhumun ailə üzvləri hadisənin şokunu bir müddət yaşamağa məcbur olmuşlar. Belə ki, müəyyən müddət ərzində uşaq və anası Cavabdeh bir yerdə, bəzi hallarda isə ayrı-ayrı yaşamışlar. Azyaşlı 11 aprel 2009-cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğlu uşaqdan ayrı yaşayan valideyn Cavabdeh, həmçinin hər iki tərəfin yaşadıqları ailələr barəsində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası, həmçinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən 2021-ci ilin iyun ayından etibarən müxtəlif vaxtlarda qanunamüvafiq qaydada araşdırmalar, profilaktik söhbətlər və nəzarət tədbirləri həyata keçirilmişdir. Həmin məsələ ilə bağlı əldə edilmiş məlumatlara əsasən psixoloji gərginlik içərisində olan ana əsasən valideynlərinin yanında, azyaşlı Sabir isə ata nənəsi və qohumlarının himayəsində daha çox olmuşdur. Belə ki, Neftçala Rayon Xıllı qəsəbə İƏDNdən verilmiş arayışda uşağın hazırda nənəsi ilə birlikdə yaşadığı, bununla yanaşı onun maddi-mənəvi tələbatlarının əsasən onlarla qonşuluqda yaşayan əmisi Əhmədov Qabil Tahir oğlu və ailə üzvləri tərəfindən ödənildiyi qeyd edilir. Uşaqla bağlı istənilən proses və məsələlərdə onun yanında əmisi müşahidə edilmişdir. Baş vermiş intihar hadisəsindən sonra təxminən 2021-ci ilin əvvəllərində ümumi gərginlik müəyyən formalarda valideynövlad münasibətlərinə təsir etmiş, uşağın anasından mənəvi şəkildə qopmasına gətirib çıxarmışdır. Ümumi müşahidələrdən, azyaşlının təhsil aldığı məktəbdən verilmiş məlumatlardan bu qənaətə gəlmək olur ki, Sabir bilik və intellekt səviyyəsinə görə hətta həmyaşıdlarından seçilir. Onun yaşadığı həyat tərzi ilə əlaqədar ümumi düşüncələrində narahatlıq mövcuddur. O, izahat və ifadələrində birmənalı anası ilə yaşamaq istəmədiyini açıq şəkildə ifadə edir. Təcrübəyə əsasən uşağın səbəb olaraq göstərdiyi arqumentlər onun anasından uzaqlaşması üçün tutarlı əsaslar deyildir. Lakin, onun hər bir halda hazırda yaşadığı ev və ətrafında olan insanlardan razı olması, onlara sıx bağlı görünməsi onu deməyə əsas verir ki, yeniyetməlik yaşında olan uşağın belə bir qənaətə gəlməsi üçün müəyyən əsaslar vardır. Ananın bəzən kortəbii şəkildə övladına sahib çıxmaq arzusu və davranışları hazırkı durumu şərtləndirə bilərdi. Hər bir halda, Komissiya olaraq ananın övladına sahib çıxmaq istəməsi müsbət və anlaşılan hal kimi dəyərləndirilir. Bu münasibət düşünülmüş, məqsədyönlü, ən əsası isə uşağın üstün mənafeyi baxımından həll edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1ci maddəsinə əsasən 08 noyabr 2020-ci il tarixindən azyaşlı Sabir üçün ailə başçısını itirməyə görə Əmək pensiyası təyin edilsə də, həmin müavinət azyaşlı Sabirin mənafeyi üçün xərclənmir. Belə ki, uşağa təyin edilmiş müavinətin bank kartı anası Cavabdehdır. Ana isə öz növbəsində həmin müavinəti övladına vermir. Həmin vəsaitin hazırda necə və hansı istiqamətdə xərclənməsi barədə Komissiyada hər hansı məlumat yoxdur. Sabir müraciətində dövlət tərəfindən ailə başçısını itirməyə görə ona təyin edilmiş əmək pensiyasının qanunamüvafiq qaydada ondan ayrı yaşayan anası Cavabdeh alınaraq həmin pulun onun ehtiyacları üçün xərclənməsinə köməklik edilməsini xahiş edir. Məsələ ilə bağlı komissiaya tərəfindən müəyyən vaxtlarda araşdırmalar aparılmış və məlum olmuşdur ki, həmin müavinət azyaşlı Sabirin mənafeyi üçün deyil, ayrı istiqamətdə xərclənir. Hərçənd ki, uşaq nənəsinin yanında qalır və onun maddi ehtiyacları bu vəsaitdən qarşılana bilər. Müavinət uşağın mənafeyi üçün dövlət tərəfindən təyin edilmişdir. Həmin vəsait miqdarından asılı olmayaraq, uşaq üçün xərclənməlidir. Hazırkı iş üzrə Cavabdeh və atasına qeyd edilən məsələ ilə bağlı qanunvericilik daxilində komissiya tərəfindən müvafiq tövsiyələr edilmişdir. Lakin onlar həmin müavinətin uşağın himayələrinə qayıdacağı təqdirdə mənafeyi üçün xərclənə biləcəyini bildirməklə, qəti mövqe ortaya qoymuşlar. Komissiya azyaşlının üstün mənafeyi baxımından hazırkı problemin istənilən müstəvidə araşdırılmasını tam qanunamüvafiq hesab edir. Komissiya məsələ ilə bağlı geniş araşdırmaların, həyata keçirilmiş zəruri prosessual hərəkətlərin qənaəti olaraq hesab edir ki, məsələdə mövcud olan bəzi hallar işin mübahisəsiz həll edilməsini mümkünsüz edir. Bunun üçün Komissiyanın kifayət qədər əsasları vardır. Məsələnin Komissiya tərəfindən azyaşlı Sabirin üstün mənafeyi baxımından məhkəmə müstəvisinə qaldırılması tam qanuna və məqsədǝmüvafiq hesab edilir. Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 25 aprel 2022-ci il tarixli 11 saylı qərarına əsasən Komissiyanın uşağın üstün mənafeyi baxımından Neftçala Rayon Məhkəməsində qaldırdığı iddiada uşağa çatmalı olan müavinətin tam hissəsinin qanunvericiliklə mümkün formalarda onun xeyrinə xərclənməsi, həmçinin azyaşlı Əhmədov Sabirin anasından ayrı yaşadığı dövr ərzində ona verilmiş müavinətin qarşı tərəfdən alınması barədə tələblər qoyulması qanunamüvafiq hesab edilir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı apellyasiya şikayəti iizrə Neftçala Rayon Məhkəməsinin Yetkinlik yaşına çatmayanın pozulmuş maddi-təminat hüququnun bərpa edilməsi ilə bağlı iddia əsasında qətnaməsini qəbul etmirlər. Komissiyanın Neftçala rayonu Xıllı qəsəbəsində qeydiyyatda olan və hazırkı iş üzrə Cavabdeh mərhum əri Əhmədov Tahir Sabir oğlu ilə birgə nikahlarından doğulmuş, lakin xx.xx.2021-ci il tarixdən anasından ayrı, yəni ata nənəsi və əmisinin himayəsində yaşayan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğlunun pozulmuş maddi-təminat hüququnun bərpa edilməsi məqsədilə məhkəmədə iddia qaldırması üçün kifayət qədər əsasları və qənaəti olmuşdur. Belə ki, 2020-ci ildə ailədə baş vermiş intihar hadisəsindən sonra yaranmış psixoloji vəziyyət zamanla ana və övladı arasında mənəvi qopmaya gətirib çıxarmışdır. Məsələnin ağırlıq dərəcəsi Neftçala Rayon İcra Hakimiyyəti və aidiyyət qurumlar tərəfindən nəzərə alınmaqla, müvafiq tədbirlər və proqramlar həyata keçirilmişdir. Lakin aparılmış işlər bir nəticə verməmiş, uşaq və valideyni arasında kənar təsirlər səbəbindən hazırkı dövrə qədərə bağlılıq yaradılması mümkün olmamışdır. Uşaq bu günə qədər, həm də dövlətin atasının vəfat etməsi səbəbindən onun üçün müəyyən etdiyi müavinətdən də məhrum olub. Belə ki, ailə başçısını itirdiyinə görə müəyyən məbləğ pul hər ay ondan ayrı yaşayan anasının (cavabdeh) adına verilmiş bank kartım köçür. Həmin pulun hara, eləcə də kim tərəfindən xərcləndiyi barədə heç bir məlumat yoxdur. Hazırda Sabir əmisi Əhmədov Qabil və yaşlı nənəsi Əhmədova Zenfirə adlı şəxslərin yanında yaşayır və həmin şəxslər tərəfindən zəruri qida, geyim və digəı ehtiyaclarla təmin edilir. Ötən dövr ərzində bu məsələnin sivil yollarla həlli üçür müvafiq tədbirlər görülmüş, lakin nəticə vermədikdə azyaşlı Sabirin rəsm müraciəti əsasında üstün mənafeyi əsas götürülərək iddia qaldırılmışdır. Məsələ ilə bağlı keçirilmiş məhkəmə iclaslarının heç birində rəsmi məlumatlandırılmasına baxmayaraq, cavabdeh özü iştirak etməmişdir. Bu mənada ananın hazırda ondan ayrı yaşayan övladına nə dərəcədə bağlılığ sual altında qalmışdır. Buna görə də, məhkəmənin cavabdehin nümayəndəsinin yalnız bir dəfə, eyni zamanda bunun da sonuncu qərar verilən prosesdə iştirak etməsinə, verilməli olan və qaranlıq qalan sualların cavablandırılmalı olmasına rəğmən iddianı rədd etməsini qəbul etmirlər. Məhkəmədə cavabdeh tərəfin alınan pulları uşaq üçün saxlanılır iddiası ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsi açıq qalmış suallardan biridir. Nəzərə alınmalı məsələlərdən biri də Komissiya tərəfindən cavabdehi müxtəlif vaxtlarda rəsmi və şifahi şəkildə qarşı tərəfdən “uşaq tələbi” və ya “uşağın yaşayış yerinin müəyyən edilməsi” tələblərinə dair məhkəmədə iddia ilə çıxış etməsi xahiş və tövsiyə edilsə də, buna münasibət bildirilməmişdir. Yetkinlik yaşına çatmayan Əhmədov Sabirin iş üzrə cavabdeh (ana) Cavabdeh hansı səbəblərə görə mənəvi qopması və onların nə vaxtdan ayrı yaşamaları, bununla bağlı həyata keçirilmiş müvafiq tədbirlər barədə ərizəyə əlavə edilmiş sənəd və sübutların olmasına, Komissiyanın nümayəndəsinin bunlarla bağlı proseslərdə səsləndirdiyi fikirlər sübutlar kimi qəbul edilməyib. Bundan əlavə iş araşdırılarkən prosesə birbaşa cavabdeh olan şəxs və şəxslər işə cəlb edilməyib. İddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qarayev Əliheydər Qafur oğlu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, azyaşlı Əhmədov Sabir Tahir oğlunun anası - Cavabdeh ərinin vəfatından sonra psixoloji gərginliklər keçirmiş və iki ailə arasında münasibətlər pisləşmiş, uşaq da əmisinin və nənəsinin yanında qalmışdır. Ana və uşaqla görüşləri zamanı ana uşağı ilə görüşməyə cəhd edir. Əgər cavabdeh uşağının alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırarsa, əmisi Əhmədov Qabil Sabir oğlunun uşağa qəyyum təyin edilməsi barədə qərarı ləğv edəcəklər. Azyaşlı Sabirin ata nənəsi və qohumlarının dediklərinə görə uşaq 2021-ci ilin aprel ayından anasından ayrı yaşayır. Habelə, onlarda olan məlumata əsasən Əhmədov Sabir Tahir oğlunun anası olan Cavabdeh valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum etmə barədə məhkəmə qətnaməsi yoxdur. Qanunvericilik uşaq valideyin himayəsindən kənarda qalarsa, ona qəyyum təyin edilə bilər. Azyaşlı Sabir valideyin himayəsindən məhrum olduğu üçün ona əmisini qəyyum təyin etmişlər. Uşaq ata babasının və nənəsinin yanında qalır. Uşağın müavinət kartı isə ana babasında olmuşdur. Hazırkı iddianın qaldırılması da məhz həmin müavinətin uşağın qəyyumu təyin edilmiş əmisinə verilməsidir. Cavabdeh nümayəndəsi və onun vəkili Süleymanov Mərdəli Binəli oğlu məhkəmədə izahatında bildirmişdir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanaraq verilmişdir. Məhkəmənin qətnaməsində heç bir maddi və prosessual hüquq normaları pozulmamışdır. İddia tələbinin arqumentlərindən biri də müavinətin uşağa xərclənməməsidir. Uşaq hazırda ata nənə və babasının yanındadır. Əgər uşaq anasına verilərsə, həmin müavinət uşağa xərclənərdi. Ana dəfələrlə müxtəlif dövlət orqanlarına, eləcə də Qəyyumluq və Himayəçilik orqanına müraciətlər etmiş, lakin uşağın əmisi Əhmədov Qabil Sabir oğlundan alınıb anasına verilməsi təmin edilməmişdir. Ana fəaliyyət qabiliyyətsiz və ya məhdud fəaliyyət qabiliyyətsiz elan edilməmiş, habelə məhkəmə qətnaməsi əsasında onun valideynlik hüququ məhdudlaşdırılmamış və ya o, valideynlik hüququndan məhrum edilməmişdir. Bu halda uşağa əmisinin qəyyum təyin edilməsi qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Hazırda uşağın alınmasi ilə bağlı Neftçala Rayon Məhkəməsində iddia qaldırılmışdır. Hazırda azyaşlı Sabir nənəsi ilə yaşayır. Nənənin 86 yaşı var. Bu da o deməkdir ki, nənənin özünün qayğıya və ya diqqətə ehtiyacı var. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Əhmədov Sabir Tahir oğlunun qəyyumu təyin edilmiş) Əhmədov Qabil Sabir oğlu məhkəmədə izahat verərək bildirmişdir ki, o, azyaşlı Sabirə qəyyum təyin edilsə də, uşaq nənəsi Əhmədova Zenfirə Mirzağa qızının himayəsində yaşayır. Onunla anasının yaşadığı ev yaxın məsafədə yerləşir. Sabirin bütün maddi-mənəvi tələbatları onlar tərəfindən ödənilir. Azyaşlı Sabir anası ilə yaşamaq istəmədiyini bildirmişdir. Uşağın anası 2 il müddətində uşağı ilə maraqlanmamışdır. Uşağın anası olan Cavabdeh ərinin (yəni, onun qardaşının) intiharında günahkar hesab edirlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Muxtarov Nurlan Nurəddin oğlu məhkəmədə izahat verərək DSMF-nun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının 13 iyun 2022-ci il tarixli mülahizəsinin məzmununa uyğun zaiaht vermiş və iddianın əsassız olduğunu bildirərək, mübahisənin qanuni həllini məhkəmənin mülahizəsinə həvalə etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(053)-598/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdə olan Neftçala rayon Xıllı qəsəbə İƏN tərəfindən verilmiş 09 iyun 2009-cu il tarixli AZ-İİ seriyalı 265817 saylı doğum haqqında şəhadətnamənin və 21 iyun 2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 11 aprel 2009-cu il tarixdə Əhmədov Sabir Tahir adlı uşaq doğulmuşdur. İşdə olan 06 may 2022-ci il tarixli arayışdan görünür ki, Əhmədov Sabir Tahir oğlunun gün ərzində təlim-tərbiyəsi, təhsili, maddi və mənəvi təchizatını onlarla eyni binada yaşayan uşağın əmisi Əhmədov Qabil Sabir oğlu və onun həyat yoldaşı Əhmədova Fərqanə Arif qızı məşğul olur. Lakin gecələr Sabir öz evlərində nənəsi Əhmədova Zenfirə Mirzağa qızı ilə bir yerdə qalır. İşdə olan 14 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Neftçala rayonunun Xıllı qəsəbəsində yaşayan 11 aprel 2009-cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğlunun 27 dekabr 2021-ci il tarixdə poçt vasitəsilə Neftçala RPŞ-yə şikayət ərizəsi daxil olmuş, ərizədə onun saxlanmsı üçün təyin olunmuş 222 manat məbləğ pensiyanın anasının valideynlik hüququndan sui-istifadə edən babası Muxtarın bankomat vasitəsilə mənimsənilməsi faktının aşkarlanması məqsədilə göstəriş verilməsi xahiş olunmuşdur. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2008-ci ildə həmyerlisi Əhmədov Tahir Sabir oğlu ilə ailə qurmuş və nikahlarından 04 noyabr 2009-cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğlu adlı uşağı vardır. Qaynanası Zenfirənin evində onunla birlikdə yaşamışlar. 2020-ci ildə həyat yoldaşı Tahir öləndən sonra o iki aya yaxın qaynanasının yanında qalmış, bundan sonra oğlu Sabirlə atasının evinə qalmağa getmişdir. O, oğlu Sabirlə tez-tez qaynanası Zenfirəyə baş çəkməyə getmiş, münasibətləri də pis olmamışdır. Təxminən 6 ay əvvəl qaynı Əhmədov Qabil Sabir oğlu, oğlu Sabiri evinə qonaq aparmış və həmin gecə Sabir orada qalmışdır. Həmin vaxtdan oğlu Sabir qaynı Qabilgildə və qaynanası Zenfirəgildə qalır. Onlar oğlu Sabiri ona göstərmirlər və Sabirə psixoloji təzyiqlər göstərərək onda onun haqqında mənfi fikir yaratmaqla məşğuldurlar. Bu ilin dekabr ayının əvvələrində qaynı Qabil qəyyumluq barədə Neftçala Rayon İcra hakimiyyətinə yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaya müraciət etmiş, o, oğlu Sabirin qaynı Qabilin qəyyumluğuna verilməsinə qəti etiraz etmişdir. O, ailə başçısını itirdiyi üçün oğlu Sabirin 18 yaşına qədər ona 222 manat məbləğdə müavinət verilir. Hazırda həmin müavinət kartı ondadır, 222 manat məbləğdə pulu hər ay bankomatdan çıxarıb götürür və həmin pulu qəpiyinə kimi yığıb oğlu Sabir üçün saxlayır. Çünki, oğlu Sabirin sahibi odur və Sabiri o saxlamalıdır. O, sağ olduğu halda oğlu Sabir nənəsi Zenfira, əmisi Qabil və ya başqa şəxslə yaşamamalıdır. Atası Muxtar və ya digər ailə üzvləri heç vaxt 222 manat məbləğdə müavinətin bir qəpiyini belə götürməyiblər, xərcləməyiblər və ya mənimsəməyiblər. O, 222 manat məbləğdə müavinət pullarının hamısını yığıb özündə saxlayır. İndi o həmin pulları versə, qaynanası Zenfirə və qaynı Qabil həmin pulu özləri üçün xərcləyəcəklər. Oğlu Sabiri ona versinlər, o həmin pulları Sabir üçün xərcləsin. İşdə olan DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 13 iyun 2022-ci il tarixli mülahizəsinin məzmunundan görünür ki, 11 aprel 2009-cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğluna 08 noyabr 2020-ci ildə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, qəyyumu kimi anası Cavabdeh müəyyənləşdirilmişdir. Cavabdeh valideynlik hüquqlarından məhrum edilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Əhmədov Sabir Tahir oğlunun tam fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu, qanuni nümayəndəsi anası Cavabdeh olduğu nəzərə alınmaqla, Əhmədov Sabir Tahir oğluna pensiya ödənişinin anası Cavabdeh ödənilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2263/2022 saylı qərardadından görünür ki, iddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, mülki işə mahiyyəti üzrə baxılana kimi Cavabdeh ayrı yaşayan övladı - 11 aprel 2009-cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğluna xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının hazırki iş üzrə Cavabdeh hər ay üçün ödənilən tam hissəsi dayandırılmış, qərardadın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına və DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialının 04 noyabr 2022-ci il tarixli məhkəmə qərardadının icrası haqqında məktubundan görünür ki, iddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Cavabdeh qarşı iddiasına dair iş üzrə 21 oktyabr 2022-ci il tarixli 2263/2022 nömrəli qərardadı filial tərəfindən icra edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallarında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. MM-in 35.1 və 35.6-cı maddələrinin tələbinə görə qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər; Yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən işin mübahisəsiz hallarına uyğun olaraq hesab edir ki, işdə olan sənədlərlə və izahatlarla müəyyən edilmiş işin mübahisəsiz hallarından aşkar olur ki, uşaq hazırda faktiki olaraq öz evlərində nənəsi Əhmədova Zenfirə Mirzağa qızı ilə bir yerdə qalır. Əhmədov Sabir Tahir oğlunun qəyyumu təyin edilmiş Əhmədov Qabil Sabir oğlu da məhkəmədə verdiyi izahatda özünün azyaşlı Sabirə qəyyum təyin edilməsinə baxmayaraq, onun nənəsi ilə yaşadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş Neftçala Rayon İcra Hakimiyyəti başçısının 14 noyabr 2022-ci il tarixli 150 nömrəli sərəncamı ilə əmisi Əhmədov Qabil Sabir oğlu 11 aprel 2009cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğlu ilə bağlı zəruri hüquqi prosedurları həyata keçirmək üçün ona qəyyum təyin edilmişdir. Beləcə, 11 aprel 2009-cu il tarixdə anadan olmuş Əhmədov Sabir Tahir oğlunun anası Cavabdeh himayəsindən alınması və ya Cavabdeh məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyətsiz və ya məhdud fəaliyyət qabiliyyətsiz elan edilməsi, habelə onun valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi, ümumiyyətlə uşağın üzərində qəyyumluq qoyulması zərurəti müəyyən edilmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. AM-in 116.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə, valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisələrinə verilirlər. AM-in 116.4-cü maddəsinə görə valideyn himayəsindən məhrum olan uşaqların ailəyə və ya bu Məcəllənin 116.1-ci maddəsində göstərilən müəssisələrə yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir. Nəzərə alınmalıdır ki, əmisi Əhmədov Qabil Sabir oğlu 11 aprel 2009-cu il təvəllüdlü Əhmədov Sabir Tahir oğlunun üzərində qəyyum təyin edilməsi Neftçala Rayon İcra Hakimiyyəti başçısının 14 noyabr 2022-ci il tarixli 150 nömrəli sərəncamı ilə baş tutmuşdur ki, hazırkı iddia isə məhkəməyə həmin sərəncamdan xeyli əvvəl - 24 may 2022-ci il tarixə verilmişdir. Sərəncamın verilməsinin qanunvericilik və faktiki əsasları onun etibarlı şəkildə hazırkı iddianın təmini üçün əsas vermir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 11 aprel 2009cu il tarixdə anadan olmuş Əhmədov Sabir Tahir oğlunun anası Cavabdeh uşağının alınması və özünə verilməsi üçün dəfələrlə müxtəlif dövlət orqanlarına müracətlər ünvanlanmış və ona ana olaraq hüquqlarını izahına dair cavablar verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən nəzərə alınır ki, azyaşlı Əhmədov Sabir Tahir oğluna qəyyum təyin edilmiş Əhmədov Qabil Sabir oğlu uşağın anası - Cavabdeh qardaşının (yəni cavabdehin ərinin) intiharında təqsirkar hesab edir. Bu da, uşaqla bağlı cavabdehə qarşı hazırkı iddia qaldırılmasına və uşağın anasına verilməməsinə əsas olan amillərdən hesab edilə bilər. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili Süleymanov Mərdəli Binəli oğlu məhkəmədə izahatında uşağın alınmasi ilə bağlı Neftçala Rayon Məhkəməsində iddia qaldırıldığını bildirmişdir. Həmin halda isə, iddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Qarayev Əliheydər Qafur oğlu izahatında Əhmədov Qabil Sabir oğlunun Əhmədov Sabir Tahir oğluna qəyyum təyin edilməsi barədə qərarı ləğv edəcəklərini göstərmişdir. İddiaçının nümayəndəsi, həmçinin uşağın 2021-ci ilin aprel ayından anasından ayrı yaşaması faktının azyaşlının ata nənəsi və qohumlarının dediklərinə görə müəyyən etdiklərini, həmçinin hazırkı iddianın da qaldırılmasında məqsədin məhz həmin müavinətin uşağın qəyyumu təyin edilmiş əmisinə verilməsinin təmin edilməsi olduğunu bildirmişdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iş üzrə iddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iddia tələbinin təmin edilməsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübutlarını təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, iddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(053)-598/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(053)-598/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar