Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-589/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-388/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı barəsində tərtib etdiyi 07 noyabr 2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair aktının qanunsuz əsaslarla tərtib olunmasını nəzərə almaqla ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-388/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı audit prosedurlarının aparılmasına dair aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2(064)-269/2025 saylı qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən audit aktı da iddiaçının hüquq və qanuni mənafelərini birbaşa surətdə pozmaqla onun üçün gələcəkdə mənfi hüquqi nəticələr yarada biləcəyindən, iddiaçının hüquq və azadlıqlarının müdafiəsi baxımından işin icraata götürülməsi, işin hallarının tam və hərtərəfli araşdırılması zəruridir. Birinci instansiya məhkəməsi də iddia ərizəsini məhkəmədə baxılmalı olmadığı əsası ilə onu qəbul etməkdən imtina etsə də, nəyə görə məhkəmənin belə səlahiyyətinin olmadığı ilə bağlı öz mövqeyini əsaslandıra bilməmişdir. Qeyd edir ki, iddiaçı Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə mübahisənin ümumi (rayon şəhər) məhkəmələrində baxılmalı olmalı əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Həmin qərardaddan verdiyi şikayət kassasiya instansiya məhkəməsinə göndərilsə də, AR Ali Məhkəməsi də Şirvan Kommersiya Məhkəməsinin qərardadının dəyişdirilməməsi barədə qərardad qəbul edərək mübahisənin ümumi (rayonşəhər) məhkəmələrində baxılmasının mümkünlüyünü dolayısı ilə təsdiq etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-388/2025 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(022)-388/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(022)-388/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və Biləsuvar Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(022)-388/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-388/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə İddiaçı hüquqi şəxs olmaqla (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdadır. İş üzrə Cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı AR Auditorlar Palatası tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli SA 074 saylı icazə əsasında fəaliyyət göstərən sərbəst auditor Cavabdeh İddiaçı barəsində 07 noyabr 2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair akt” tərtib etdiyini, müvafiq aktda “İddiaçı öhdəsində xx.xx.2023-cü il tarixə 45.558,90 manat ehtimal olunan çatışmazlıq (borc qalığı) müəyyən olunması”nın qeyd olunduğunu, lakin həmin aktın qanunvericilikdə müəyyən edilmiş tələblərə riayət olunmadan tərtib olunduğunu göstərmişdir. Məhkəmə iddia ərizəsində qeyd olunanlara münasibətdə belə hesab etmişdir ki, İddiaçı barəsində 07 noyabr 2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair akt”ın tərtib edilməsinin qanunla müəyyən edilmiş qaydasına əməl edilməməsi həmin işə ümumi məhkəmədə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı əsasla iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) müəyyən edilmişdir ki:
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...
16. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.
17. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. İlk öncə qeyd edilməlidir ki, qanunvericiliyin məzmunundan da müəyyən edilir ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı 3 şərt birlikdə mövcud olmalıdır: 1-Tərəflərin subyekt tərkibi 2-Mübahisənin predmeti 3-Hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı iş üzrə tərəflər vergi ödəyicisi kimi qeydiyyatdan keçsələr də, hazırkı mübahisənin predmeti bilavasitə mülki xarakterlidir və tərəflər arasındakı sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərlə heç bir bağlılığı yoxdur. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iş üzrə tərəflər arasındakı münasibətlərin yaranmasına səbəb iddiaçının əmək münasibətlərində olduğu sahibkarla sərbəst audit fəaliyyəti göstərən cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair tərtib etdiyi audit rəyi olmuşdur. Auditin aparılmasının hüquqi və faktiki əsası kimi əmək münasibətləri çıxış etmişdir. Odur ki, əmək münasibətləri üzrə işçinin fəaliyyətinin audit yoxlamasından yaranan mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, şikayətə əlavə edilən, lakin birinci instansiya məhkəməsi tərəfindən işə əlavə edilməyən sənədlərdən də müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə Şirvan Kommersiya Məhkəməsinə Müraciət etmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-2810/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmişdir sənədlər geri qaytarılmışdır. Həmin qərardadda hazırkı mübahisənin kommersiya xarakterli olmaması öz əksini tapmış, həmin qərardaddan iddiaçı şikayət vermiş və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-2(102)- 620/2024 saylı qərarı ilə şikayət təmin edilməmiş və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-2810/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mübahisənin kommersiya xarakterli olmaması barədə Ali Məhkəmənin hüquqi mövqeyi həmin qərarda əks etdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Hazırkı işin hallarını nəzərə alan məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı halda iddiaçıya münasibətdə onun məhkəmə müdafiə hüququndan istifadə edə bilməsi hüququnu məhdudlaşdırmışdır. Belə olan halda, məhkəmə tərkibi şikayətin Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)- 388/2025 saylı qərardadının ləğv edilməsinə dair hissəsini əsaslı hesab edir. Eyni zamanda, məhkəmə tərkibi şikayətin “işin icraata qəbul edilməsinin təmin edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə şikayət təmin edilməməlidir. Belə ki, apellyasiya məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsinin təmini kimi səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-388/2025 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-388/2025 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. İddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.