Məhkəmə qərarları › İş №2(106)-594/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-594/2025

06.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-594/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(018)-509/2025 saylı qərardadından İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən qanunsuz sayılması və mülkiyyət hüququnun olması hüquqi faktının tanınmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən sahəsi 0.20 ha olan həyətyanı torpağın mükiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə”-də X1, X4, X5 adlarının mülkiyyətçi kimi qeyd olunmasının qanunsuz sayılması və özü İddiaçı, ailə üzvləri olan oğlu X3, qızı X2 qeyd edilən həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun olması hüquqi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(018)-509/2025 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən qanunsuz sayılması və mülkiyyət hüququnun olması hüquqi faktının tanınmasına dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması və iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Astara Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi X6 tərəfindən şikayət verilmişdir. Astara Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(018)-509/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(018)- 509/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(018)-509/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının irəli sürdüyü tələb inzibati orqanın yerinə yetirdiyi inzibati fəaliyyətlə əlaqədardır. İnzibati orqan yerinə yetirdiyi fəaliyyətlə inzibati aktlar qəbul edir. Qanun müyyən edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. AR İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən qanununa əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqan hesab edilir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidi”. Həmin Qərarın 17-ci bəndində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, Astara Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(018)-509/2025 saylı qərardadı ilə mübahisənin prosessual əsasları düzgün müəyyən edilmiş, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması, iddiaçıya mübahisəsinin həll olunması üçün inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, Astara Rayon Məhkəməsinin 30 yanvar 2025ci il tarixli, 2(018)-509/2025 saylı qərardadından İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş şikayət təmin edilməməli və Astara Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(018)- 509/2025 saylı qərardadı dəyişdiriləmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, 400 və 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Astara Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(018)-509/2025 saylı qərardadından İddiaçı nümayəndəsi X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(018)-509/2025 saylı qərardadı dəyişdiriləmədən saxlanılsın. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar