Məhkəmə qərarları › İş №2(106)-598/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-598/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-598/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, 17 avqust 2022-ci il tarixli (AKT R- 268047) nömrəli akta əsasən yazılmış 577 (beş yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik cərimənin qanunsuz olduğundan silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə göstərmişdir ki, yaşağıdı evə quraşdırılmış smart tipli abunə kodu **********00763 olan elektrik sayğacına onun xəbəri olmadan, ona heç bir akt təqdim olunmadan "xxxx" ASC-nin X2 işçiləri (aktın üzərində olan adlar) Elmar Əmirov, İbrahim Ağayev və Vüsal Əsədov tərəfindən 17 avqust 2022-ci il tarixdə qanunsuz olaraq akt tərtib edilmiş (AKT R-268047), onu 577.41 manat məbləğində cərimə etmişlər. Bu məsələ ilə əlaqədar "xxxx" ASC-nin X3 müraciət etmiş, ona cavab olaraq bildirmişlər ki, “səninlə həmişə bu cür rəftar edəcəyik, get hara deyirsən de, sənə işıq verməyəcəyik və cərimələr də həmişə olacaqdır”.2021-ci ilin iyul ayında "xxxx" ASC-nə qarşı cərimələrin silinməsi ilə bağlı iddia qaldırmış, proses gedən zaman sentyabrın 22-də "xxxx" ASC-nin X2 əməkdaşları onun barəsində yenidən akt tərtib edib cərimə yazmışlar. Məhkəmədə iddia ərizəsinə baxılmış və 14 oktyabr 2021-ci il tarixli qətnaməyə əsasən iddiası təmin edilmişdir. Məhkəmə qətnaməsi icra edilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdehin əməkdaşları qanunun tələblərinə əməl etməyərək 22 sentyabr 2021-ci il tarixdə tərtib etdikləri qanunsuz aktın səhəri, yəni 23 sentyabr 2021-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək, hazırda yaşadığı ünvan 1 ünvanına heç bir əsas olmadan qanunsuz olaraq 11 ay elektrik enerjisinin verilməsi dayandırılmış və sayğacın naqillərini də yığışdırıb aparmışlar. Ona görə də 11 ay generatordan istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, 17 avqust 2022-ci il tarixli (AKT R-268047) nömrəli akta əsasən yazılmış 577 (beş yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik cərimə qanunsuz olduğundan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: N.Mirzəyev), İddiaçı 17 avqust 2022-ci il tarixli (AKT R-268047) nömrəli akta əsasən yazılmış 577 (beş yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik cərimənin silinməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı X1 Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qəbul olunmuş qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Biləsuvar Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Elektrik enerjisindən istifadə Qaydaları”-nın: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.9-cu bəndinə əsasən Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10-cu bəndinə əsasən Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsi və Biləsuvar Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilən sübutlar üzrə dəyərləndirmə apararkən tələbin təmin və rəddinə yönəlmiş sübutları əlaqəli şərh etməyərək işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Bununla da gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir.. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 17 avqust 2022-ci il tarixli AKT R № 268047 saylı aktdan görünür ki, abonent İddiaçı **********00763 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş videoçəkilişdən də məlum olur ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edir. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı müraciətinə cavablandırdığı 20 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, abunə kodu **********00763 olan fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar elektrik enerjisindən istifadə olunduğu aşkar edilərək, əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixdə Rİ 268047 nömrəli akt tərtib edilmiş, akta əsasən 4657 kvt.s (577.41 manat) itirilmiş elektrik enerjisi sərfiyyatı bərpa edilmişdir. İş materiallarında olan X6 Təchizatı və Satışı idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 əməkdaşları tərəfindən sayğac uçot dəstlərinə baxış keçirilərkən iddiaçının yaşayış evində quraşdırılmış elektrik hesabat sayğacından (abunə kodu **********00763) kənar elektrik enerjisindən istifadə olunduğu faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixdə Rİ 268047 nömrəli akt tərtib edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında akt əsasında hesablanmış cərimə borcun silinməsidir. İddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Elektrik enerjisindən istifadə Qaydaları” təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, yaşağıdı evə quraşdırılmış smart tipli abunə kodu **********00763 olan elektrik sayğacına onun xəbəri olmadan, ona heç bir akt təqdim olunmadan "xxxx" ASC-nin X2 işçiləri (aktın üzərində olan adlar) Elmar Əmirov, İbrahim Ağayev və Vüsal Əsədov tərəfindən 17 avqust 2022-ci il tarixdə qanunsuz olaraq akt tərtib edilmiş (AKT R-268047), onu 577.41 manat məbləğində cərimə etmişlər. Odur ki, 17 avqust 2022-ci il tarixli (AKT R-268047) nömrəli akta əsasən yazılmış 577 (beş yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik cərimə qanunsuz olduğundan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimə borcunun silinməsi tələbi təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları qiymət verərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimə borcunun silinməsi tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88 maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən təqdim olunmuş akta düzgün qiymətləndirilməmişdir. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsində prosessual fəallıq göstərməmiş, təqdim olunmuş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verməmiş, nəticədə iddia tələbini təmin etməməklə qəbul etdiyi qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Elektrik enerjisindən istifadə Qaydaları”-nın: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, tərtib edilmiş akt tərəflər arasında olan mübahisənin düzgün həlli üçün hər hansı bir rol oynamır. Birinci instansiya məhkəməsi qeyd olunan sübuta əsas götürərək iddia tələbini təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, akt qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Yəni istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Lakin tərtib edilmiş aktda aktı tərtib edən şəxslərin adı, ata adaı və soyadı tam göstərilməmiş, iddiaçının adı qarşısında imzanın olmaması səbəbləri, yaxud iştirak etmədiyi və imza etməkdən imtina barədə müvafiq akt tərtib olunmamışdır. Bu isə ona dəlalət edir ki, akt etibarsızdır. Etibarsız akt nəticəsində hesablanmış borc isə ödənilə bilməz. Kollegiya hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməliBiləsuvar Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin edilməli, 17 avqust 2022-ci il tarixli (AKT R-268047) nömrəli akt etibarsız hesab olunmalı, həmin akta əsasən hesablanmış 577 (beş yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik cərimə borcu silinməlidir. İddia tələbi əsaslı hesab edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apelyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür (Mülki Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)71/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddiası təmin edilsin. 17 avqust 2022-ci il tarixli (AKT R-268047) nömrəli akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 577 (beş yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik cərimə borcu silinsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar