Məhkəmə qərarları › İş №2(106)-613/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-613/2024

04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-613/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(018)-1309/2023 saylı qətnaməsindən (hakim Mübariz Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdehdan verilmiş borca ğörə 8267 (səkkiz min iki yüz altmış yeddi) manat məbləğində pulun və ödənilmiş 102 (bir yüz iki) manat, 67 (altmış yeddi) qəpik dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borcundan məhkəməyə iddia ərizəsi ilə müraciət etdukdən sonra 800 (səkkiz yüz) manat ödəməsini göstərib, ondan 7467 (yeddi min dörd yüz altmış yeddi) manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəldən tanıyır, yaxşı münasibətləri olmuşdur. 2023-cü ilin əvvəllərində Cavabdeh ondan qısa müddətə qaytarmaq şərti ilə, 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul istəmişdir. O, Cavabdeh 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul vermişdir. Aralarındakı razılaşmaya görə Cavabdeh borcundan hər ay 1000 manat qaytarmalı idi. Ancaq Cavabdeh borcunu qaytarmamış, ona olan borcundan o, məhkəməyə iddia ərizəsi ilə müraciət etdukdən sonra 800 (səkkiz yüz) manat ödəmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, o, 2023-cü ilin əvvəllərində İddiaçıdan qısa müddətə qaytarmaq şərti ilə, 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul istəmiş, sonuncuda 8267 (səkkiz min iki yüz altmış yeddi) manat pulu ona borc vermişdir. Aralarındakı razılaşmaya görə o, borcundan hər ay 1000 manat qaytarmalı idi. Ancaq maddi imkanı olmadığına görə qaytarmamışdır. Astara Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(018)-1309/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Məlik oğlundan verilmiş borca görə 7467 (yeddi min dörd yüz altmış yeddi) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 102 (bir yüz iki) manat, 67 (altmış yeddi) qəpik məbləğində pulun alınıb, İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Cavabdeh İddiaçı borc almamışdır. Məhkəməyə təqdim etdiyi qəbzi hədə-qorxu ilə ona yazdırmışdır. Əksinə onun ödəyəcəyi pulları var. İddiaçı Astara rayonu, Alaşa kəndində qarışıq mallar mağazasında 2023-cü ilin fevral ayından may ayına kimi sürücüekspeditor işləmişdir. İşə daxil olandan ona maşında olan spirtli içkilər təvil verməmişdir. Ondan tələb edilsə də bildirib ki, bir yerdə işləyirlər, qorxusu yoxdur. Cəmi qısa müddətdə qeyd edilən məbləğdə əskiklik olması ağlabatan deyildir. İş üçün əhəmiyyətli olan bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə ədalətli qərar qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, iddiaçı onunla əmək müqaviləsi bağlamadan sürücü-ekspeditor vəzifəsinə götürmüşdür. Ondan tələb etsə də onunla əmək müqaviləsi bağlamayıbdır. Əmək haqqını da ödəməmişdir. Bundan başqa ondan borc pul istəməmiş və o iddiaçı da ona borc pul verməmişdir. Məhkəmə tərəfindən qeyd edilən hallar yoxlanılmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında övladının xəstə olması ilə əlaqədar iştirak edə bilməyəcəyinin nəzərə alınmasını, iclasın növbəti tarixədək təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası cavabdehin ərizəsində qeyd etdiyi halı təsdiq edəcək hər hansı sənədi (həkim arayışı və s) ərizəsinə əlavə etməməsi səbəbindən ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, mahiyyətcə qətnaməni tam olaraq mübahisələndirmişdir. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Səncərədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1977-ci il tarixdə anadan olmuş və Astara rayonu, Alaşa kəndində yaşayır. Mülki işə əlavə edilmiş Cavabdeh Məlik oğlu tərəfindən imzalanmış qəbzdən məlum olur ki, İddiaçı Cavabdeh Məlik oğluna hər ay 1000 manat qaytarmaq şərti ilə 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul vermişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 102 (bir yüz iki) manat, 67 (altmış yeddi) qəpik məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan borc olaraq 8267 manat pul almışdır. İddiaçı cavabdehdən 8267 manat borcunu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini tələb etmişdir. İddiaçı birinci instansiya məhkəməsində cavabdehin ona olan borcundan məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra 800 (səkkiz yüz) manat ödəməsini göstərib, ondan 7467 pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıya olan borcunu qəbul edir. Eyni zamanda iş materiallarında borc məbləğinin verilməsinə dair cavabdeh tərəfindən imzalanmış qəbz vardır. Hazırda cavabdeh qətnaməni tam olaraq mübahisələndirir. Apellyaisya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdehin iddiaçıya borcu yoxdur, iddiaçı cavabdehə qəbzi hədə-qorxu ilə yazdırmışdır. Cavabdeh şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh şikayətində qeyd etmişdir ki, cavabdeh iddiaçıya borcunun olmadığını bildirsə də, iş materiallarında olan qəbzdən və birinci instansiya məhkəməsində cavabdehin verdiyi izahatlarından, həmçinin məhkəmə iclasında yazmış olduğu ərizədən də müəyyən edilir ki, cavabdehin iddiaçıya borcu vardır. Eyni zamanda cavabdeh iddiaçının qəbzi ona hədə-qorxu ilə yazdırdığını bildirsə də, cavabdehin qeyd edilən halları ilə bağlı hər hansı hüquq-mühafizə orqanına müraciət etməsi, bu məsələ ilə bağlı araşdırma aparılması müəyyən edilmir. Əgər həmin qəbz cavabdehə hədə-qorxu ilə yazdırılmışdısa cavabdeh həmin vaxt bununla bağlı hüquqmühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərdi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 7467 manatdır, 5000 manatdan çoxdur. Buna görə də, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(018)-1309/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar