Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-614/2022 17.02.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun, iddiaçı "xxxx" Şirkəti ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızının və Cavabdeh1 iştirakları ilə iddiaçı "xxxx" Sığorta ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Füzuli rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(064)-1644/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" Sığorta ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Füzuli rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(064)-1644/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddiaçı "xxxx" Sığorta ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı "xxxx" Sığorta ASC tərəfindən Füzuli rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(064)-1644/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnaməsinin ləğv edilməsi, idddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Sığorta ASC-nin iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh2 idarə etdiyi ** CT *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Airtrek» markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** CT *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Airtrek» markalı avtomobillə ** VR *** dövlət qeydiyyat nişanlı “Hyundai Sanata Fe” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri araşdırılarkən məlum olmuşdur ki, Cavabdeh1 etibarnamə olmadan həmin maşını idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP-nin əməkdaşları tərəfindən Cavabdeh1 barəsində xx.xx.2018-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. "xxxx" ASC tərəfındən tərtib olunmuş «Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat»a əsasən, ** VR *** dövlət qeydiyyat nişanlı “Hyundai Sanata Fe” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 1.229,08 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən, dəymiş ziyana görə 1.229,08 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, subroqasiya qaydasında həmin vəsaitin cavabdehlərdən tutulması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" Sığorta ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən məhkəmə tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" Sığorta ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Füzuli rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(064)-1644/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, Füzuli rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(064)-1644/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və işdə iştirak edən cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Füzuli rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(064)- 1644/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 məxsus ** CT *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Airtrek» markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh2 oğlu Cavabdeh1 etbarnamə olmadan həmin avtomobili idarə edərkən ** VR *** dövlət qeydiyyat nişanlı “Hyundai Santa Fe” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. "xxxx" ASC tərəfındən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, ** VR *** dövlət qeydiyyat nişanlı “Hyundai Santa Fe” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 1.229,08 manat məbləğində müəyyən edilmiş və bu məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı Cavabdeh1 qarşı subroqasiya hüququnun yarandığını əsas gətirərək sığorta ödənişinin ondan tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər çəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı sığorta olunan ** CT *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Airtrek» markalı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edildiyini bildirsə də iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli, TP 79734 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan maddənin adı nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması adlanır. Belə ki, əgər həqiqətən də Cavabdeh1 sığorta olunan sözügedən avtomobili etibarnamə olmadan idarə etmişdirsə bu zaman o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə deyil, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsini nəzərdə tutan 332.1 və ya 332.2-ci maddəsi ilə təqsirli bilinərdi. Belə ki, İXM-in 332.2-ci maddəsindən göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmçinin həmin Məcəllənin 332.1-ci maddəsinin məzmununa görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İddiaçı tələbində Cavabdeh1 avtomaşını idarə etmə hüququna dair etibarnaməsi olmadan idarə edərkən yol-nəqliyyat hadisəsini törətdiyini, ona görə də sığorta olunan avtomaşına dəymiş zərərə görə 1.229,08 manat sığorta məbləğinin ödənildiyini göstərsə də, iş materiallarına əlavə edilmiş Nəsimi rayon DYPİ-nin polis leytenantı İsmayılov Tural Tariyel oğlunun tərtib etdiyi xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolundan və xx.xx.2018-ci il tarixli inibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 yol ayrıcının keçid qaydasını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Cavabdehin qeyd olunan İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə görə, yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə iddiaçı cavabdehdən sığortalı avtomaşına vurulmuş zərərin ödənilməsi tələbni irəli sürmüşdür. Qeyd olunanlarla yanaşı, İddia tələbinin əsaslandırılmasından belə anlaşılır ki, iddiaçı Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsi zamanı icbari sığorta olunmuş avtomobili etibarnamə olmadan idarə etməsinə əsaslanaraq ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsini tələb etmiş və iddia tələbinin əsası kimi «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri ümumiləşdirərək belə yekun nəticəyə gəlir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edən işin bütün faktiki halları araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də iddiaçı "xxxx" Sığorta ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Füzuli rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(064)-1644/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Sığorta ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(064)-1644/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Nüsrət Mirzəyev Hakimlər: Samir Mayılov İlham Əsədov
Məhkəmə qərarları › İş №2(106)-614/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-614/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver