Məhkəmə qərarları › İş №2(106)-620/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-620/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-620/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın” ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(036)-2713/2023 saylı qətnaməsindən (hakim T.Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 9390.74 manat və ödənilmiş mediasiya xərclərinə görə 55 manat pul, məhkəmədə iddia qaldırıldığı üçün ödənilmiş 59 manat məbləğində vəsaitinin tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 13 iyul 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə satıcı - kassir vəzifəsinə işə qəbul edilmişdir. 12 oktyabr 2017-ci il tarixli 455-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla “X8” haqqında müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC-nin OBA İmişli 2 mağazasında çalışdığı zaman 26 iyun 2021-ci il, 23 noyabr 2021-ci il və 22 fevral 2022-ci il tarixlərində aparılmış inventarizasiya nəticəsində onun cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun 9390.74 manat məbləğində zərər vurması məlum olmuşdur. Cavabdeh 15 aprel 2022-ci il il tarixli 160 saylı əmrlə işdən azad edilmişdir. Maliyyə araşdırmalarından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 9390.74 manat borc qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(036)-2713/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296.5-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. Belə ki, Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X8 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “X8 haqqında” müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X8 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi X8 daşıyır. Cavabdehin iş fəaliyyətinin yoxlanmaası məqsədilə onun barəsində 26 iyun 2021-ci il, 23 noyabr 2021-ci il və 22 fevral 2022-ci il tarixlərində inventarizasiya yoxlamaları həyata keçirilmişdir. 26 iyun 2021-ci il, 23 noyabr 2021-ci il və 22 fevral 2022-ci il tarixlərində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği müvafiq güzəştlər tətbiq edildikdən sonra 9390 (doqquz min üç yüz doxsan) manat 74 (yetmiş dörd) qəpik məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, Cavabdeh çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 9390 (doqquz min üç yüz doxsan) manat 74 (yetmiş dörd) qəpik borcu qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda "xxxx" MMC-yə ümumilikdə 9390 (doqquz min üç yüz doxsan) manat 74 (yetmiş dörd) qəpik borcu qalmaqdadır. Hesab edir ki, belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırki vəziyyətdə Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Həmçinin birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə iddia müddəti tətbiq etməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayacan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il Qərarında qeyd edilən tələbləri kobud şəkildə pozmuşdur. Həmin qərarda göstərilir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti yoxdur. Odur ki, yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. İşçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi qanunla müəyyən olunmasına baxmayaraq, məhkəmə gəldiyi qənaətlə işçini bu vəzifədən azad etmişdir. İmişli Rayon Məhkəməsi cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirmədən, iddianı rədd etmişdir. Halbuki cavabdehin vəzifə təlimatı ürə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol verib-verməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub-pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh X6 apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsalsandırılmışdır ki, Əmək Məcəlləsinin 296.5ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə zıyanm vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cii maddəsinin l~ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2Q21-ci il tarixli Qərarına əsasən məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Göründüyü kimi, iddiaçı məhkəməyə mübahisə yarandığı vaxtdan 1 il 7 ay keçdikdən sonra müraciət etmiş və ötürülmüş müddətinin bərpasına dair hər hansı ərizə təqdim etməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını səhv tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İşəgötürən İddiaçı MMC-nin (VÖEN-**********) 13 iyul 2017-ci il tarixli 299-K saylı əmrinə əsasən Cavabdeh müddətsiz olaraq satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir; İşəgötürən İddiaçı MMC-nin 12 oktyabr 2017-ci il tarixli 455-K saylı əmrinə əsasən Cavabdeh administrator vəzifəsinə keçirilmişdir; İşəgötürən "X10" MMC (VÖEN-**********) ilə işçi-administrator Cavabdeh arasında bağlanmış "X8 haqqında" müqavilədən görünür ki, sonuncu işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması üçün üzərinə X8 götürmüşdür; 26 iyun 2021-ci il inventarzasiya nəticələrinə dair aktdan görünür ki, “İmişli 2” (568) mağazasında kommisiya üzvləri tərəfindən administrator (tam maddi məsul şəxs) Cavabdeh iştirakı ilə 26 iyun 2021-ci il tarixinə olan vəziyyət üzrə maddi ehtiyatların fiziki sayılaraq yoxlanılması aparılmış və 1180.53 manat əksikgəlmə müəyyən edilmişdir. Aparılmış inventarizasiyanın nəticələrinə dair akt cavabdeh, mağazanın administratoru Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı MMC-nin inventarizasiya komissiyasına cavabdeh, maddi məsul şəxs Cavabdeh tərəfindən 26 iyun 2021-ci ildə verilən iltizamnamədə qeyd edir ki, sayımda sonadək iştirak etmişdir. Verilən mallara cavabdehdir və sayılan miqdarlara heç bir etirazı yoxdur; 23 noyabr 2021-ci il inventarzasiya nəticələrinə dair aktdan görünür ki, “İmişli 2” (568) mağazasında kommisiya üzvləri tərəfindən administrator (tam maddi məsul şəxs) Cavabdeh iştirakı ilə 26 iyun 2021-ci il tarixindən 23 noyabr 2021-ci il tarixinədək olan dövr üzrə maddi ehtiyatların fiziki sayılaraq yoxlanılması aparılmış və 1409.7 manat əksikgəlmə müəyyən edilmişdir. Aparılmış inventarizasiyanın nəticələrinə dair akt cavabdeh, mağazanın administratoru Cavabdeh tərəfindən imzalanmamış, bununla bağlı 23 noyabr 2021-ci il tarixli imtina aktı tərtib edilmişdir. İddiaçı MMC-nin inventarizasiya komissiyasına cavabdeh, maddi məsul şəxs Cavabdeh tərəfindən 23 noyabr 2021-ci ildə verilən iltizamnamədə qeyd edir ki, sayımda tam iştirak etmiş, mağazada bütün mallar sayılmışdır; “İmişli 2” (568) mağazasının administratoru Cavabdeh 17 fevral 2022-ci il tarixdə İddiaçı MMC-nin idarə heyətinin sədrinə verdiyi izahatından görünür ki, mağazada yoxlama zamanı 920 kq. Şəkər tozu, 3270 ədəd yumurta və digər mallarda, eyni ilə siqaret çeşidlərində 180 ədədin, seyfdən 200 manat pulun əksik gəlməsinin səbəbini məcburi ehtiyacdan götürməsi, siqaretləri isə istifadə etməsi kimi izah etmişdir; 22 fevral 2022-ci il inventarzasiya nəticələrinə dair aktdan görünür ki, “İmişli 2” (568) mağazasında kommisiya üzvləri tərəfindən 23 noyabr 2021-ci il tarixindən 22 fevral 2022-ci il tarixinədək olan dövr üzrə maddi ehtiyatların fiziki sayılaraq yoxlanılması aparılmış və 7905.8 manat əksikgəlmə müəyyən edilmişdir. Aparılmış inventarizasiyanın nəticələrinə dair akt cavabdeh, mağazanın administratoru Cavabdeh tərəfindən imzalanmamış, bununla bağlı 22 fevral 2022-ci il tarixli imtina aktı tərtib edilmişdir. İddiaçı MMC-nin inventarizasiya komissiyasına bölgə müdiri Tariyel Məmmədzadə tərəfindən 22 fevral 2022-ci ildə verilən iltizamnamədə qeyd edilir ki, mağazada sayımda sona qədər iştirak etmişdir. Mağaza tam çeşid olaraq sayılmış, sonda sayılan miqdarlar təhvil alan tərəfindən yoxlandı. İltizamnamədə yer alan mağazanı təhvil alan müdir Fikrət Abdullazadənin (maddi məsul şəxs) xüsusi qeydlərinə əsasən sayımda iştirak etmişdir. Sayım qaydalara uyğun keçirilmişdir, artıq və əksik mallarla tanış olmuşdur. Mağazada həddindən artıq əksik olduğunu təsdiq edir. Komissiya üzvlərinə və sayım əməkdaşlarına heç bir etirazı yoxdur; İşəgötürən İddiaçı MMC-nin 15 aprel 2022-ci il tarixli 160 saylı əmrinə əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir; İddiaçı MMC-nin 16 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 26 iyun 2021-ci il tarixində 1180.52 manat, 23 noyabr 2021-ci il tarixində 1409.70 manat, 22 fevral 2022-ci il tarixində 7905.80 manat çatışmamazlıq müəyyən edilmişdir. Çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə, qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 9390.74 manat təşkil edir; İddiaçı MMC-nin 5 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh yaranmış borcun ödənilmədiyi təqdirdə hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir; 14.1. və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır; 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 70-ci maddəsinin ç bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edlilməsi əsaslarından biri kimi müəyyən etmişdir; 199-cu maddəsinin 1-ci hissəsin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X8 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Yuxarıda sadalanan maddi hüquq normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh tam maddi-məsul şəxs olaraq işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Cavabdehin iştirakı ilə maddiməsul şəxs olduğu mağazada 26 iyun 2021-ci il və 23 noyabr 2021-ci il tarixlərində aparılmış inventarizsiya nəticəsində müvafiq olaraq 1180.53 manat və 1409.7 manat məbləğlərində əksikgəlmələr aşkar edilmişdir. Cavabdeh özü sayımlarda iştirak etmiş, izahatlarında əksikgəlmələrin olduğunu təsdiq etmişdir. Odur ki, qeyd edilən inventarizasiya aktlarının nəticələrinə əsasən müəyyən olunmuş 1180.53 manat və 1409.7 manat əksikgəlmə məbləğləri işəgötürənə yetirilşən maddi zərərin əvəzi olaraq cavabdehdən tutulmalıdır. 22 fevral 2022-ci il inventarzasiya nəticələrinə dair aktla mağazada 7905.8 manat məbləğində əksikgəlmə aşkar edilmişdir. Lakin tərtib olunmuş inventarizasiya aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmamazlıqlara dair izahatı alınmadığından, ümumiyyətlə həmin aktın cavabdehin iştirakı ilə tərtib olunması, yaxud çatışmamazlığı qeyd olunan malların cavabdehə təhvil verilməsi sübuta yetirilmədiyindən, həmin akt mötəbər sübut kimi qəbul oluna bilməz. Odur ki, həmin hissədə tələbi məhkəmə kollegiyası əsaslı hesab etmir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə hər hansı bir ərizəsi daxil olmamışdır. İddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən ərizə verilmədiyi halda, məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə istinadla hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Apellyasiya şikayətinin qeyd olunan hissədə dəlillərinə qiymət verən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə görə: Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir; Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər; Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir; Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər; Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Göründüyü kimi Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddətlər iddia müddətləridir və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmədiyi halda, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmamışdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən cavabdeh birinci instansiya məhkəməsində keçirilən iclaslarda iştirak etməmişdir, ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin işlə bağlı məlumatlandırılması dəqiq müəyyən olunmur. Bu əsasla Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə, cavabdehin apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqinə dair ərizə vermək səlahiyyəti olmuşdur. Lakin cavabdeh bu səlahiyyətindən istifadə edərək apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqinə dair ərizə verməmiş, apellyasiya şikayətinə qarşı yazılı etiraz verməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası bütün yuxarıda sadalananlara əsasən belə yekun nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq qismən öz təsdiqini tapdığından qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərcinin, birinci instansiya məhkəməsində iddia qaldırılmasından ötrü ödənilmiş 59 manat dövlət rüsumunun, apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş 58 manat dövlət rüsumunun, ümumilikdə isə çəkilmiş 172 manat məhkəmə xərclərinin iddianın təmin olunan (1180.53+1409.7=2590.23: 2590.23:9390.74X100=27.58%) 27.6% hissəsinə mütənasib olan (172X27.6:100=47.47) 47.5 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb iddia qiyməti 9390.74 manat, cavabdehə münasibətdə mübahisələndirilən hissə 2590.23 manat, iddiaçıya münasibətdə mübahisələndirilən hissə (93xx.xx- 2590.23=6803.51) 6803.51 manat təşkil etdiyindən, qətnamədən yalnız iddiaçı kassasiya şikayəti verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1., 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(036)-2713/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 2590.23 (iki min beş yüz doxsan manat 23 qəpik) manat və çəkilmiş məhkəmə xərclərinin iddianın təmin olunan hissəsinə mütənasib olan 47.5 manat hissəsi tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar