Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-626/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının geri verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-53/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 girov olaraq verilmiş çəkisi 14 qram olan 585 əyarlı qiyməti 1400 manat olan qızıl sepin və çəkisi 15 qram olan 585 əyarlı qiyməti 1500 manat olan qızıl sepin ödənilməmiş qalan 1300 manat borc pulun iddiaçı tərəfindən ödənilməsi ilə geri alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 qonşu kənddən olduğuna görə tanıyır və yaxın münasibətləri olmuşdur. Ehtiyacı olduğu üçün müxtəlif tarixlərdə cavabdehdən qızıl girov qoyaraq borca pul götürmüşdür. Hissə-hissə borcunu qaytarmış və girov qoyduğu qızıllardan geri almışdır. Hazırda onun cavabdehə 1300 manat borcu ödənilməmiş qalmışdır. Həmin borca görə cavabdehə girov olaraq çəkisi 14 qram olan 585 əyarlı qiyməti 1400 manat olan qızıl sep və çəkisi 15 qram olan 585 əyarlı qiyməti 1500 manat olan qızıl sep qoymuşdur. Bu qızılların müqabilində cavabdeh iddiaçıya borc olaraq 1300 manat pul vermişdir. İddiaçı qalan borcunu qaytarıb qızıllarını tələb edir. Lakin cavabdeh bəhanələr gətirərək qızılları qaytarmaqdan yayınır. Hətta cavabdeh X7 RPŞ-yə ərizə vermişdir ki, guya iddiaçının ona verdiyi qızıl seplər saxtadır. Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X6 materiallar üzrə ətraflı araşdırma aparmışdır. Sədyar Heydərovun ərizəsi üzrə cinayət tərkibi olmadığından 18 iyul 2022-ci il tarixli qərar ilə cinayət işi başlanılması rədd edilmişdir. Beləliklə, iddiaçı hesab edir ki, cavabdeh böhtan atmaqla girov qoyulan qızıl sepləri ələ keçirib qaytarmaq istəmir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə iddianın predmetinin azaldılmasına dair ərizə ilə müraciət edərək, ödənilməmiş qalan 1300 manat borc pulun tərəfindən ödənilməsi hissəsinin iddia tələbindən kənarlaşdırılmasını xahiş etmişdir. Belə ki, İddiaçı birinci instansiya məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli iclasında iştirak edərkən bildirmişdir ki, cavabdeh X3 1300 manat borcunu məhkəmə qətnaməsinə əsasən qaytarsa da, cavabdeh çəkisi 14 qram, əyyarı 585, qiyməti 1400 manat olan qızıl sepi və çəkisi 15 qram, əyyarı 585, qiyməti 1500 manat olan qızıl sepi ona qaytarmamışdır. Astara Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(018)-53/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin olunmuş, cavabdeh X1 çəkisi 14 qram, əyarı 585, qiyməti 1400 manat olan qızıl sepin və çəkisi 15 qram, əyarı 585, qiyməti 1500 manat olan qızıl sepin özünün və ya dəyərinin alınıb İddiaçı verilməsi, cavabdeh X1 ödənilmiş dövlət rüsumuna görə 43 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X5 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(018)-53/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ona qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qalan borcunu ödəməklə geri tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 girov olaraq verilmiş çəkisi 14 qram, əyarı 585, qiyməti 1400 manat olan qızıl sepin və çəkisi 15 qram, əyarı 585, qiyməti 1500 manat olan qızıl sepin, ödənilməmiş qalan 1300 manat borc pul tərəfindən ödənilməklə geri alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 53-cü maddəsinə əsasən məhkəməyə iddia predmetinin azaldılmasına dair ərizə ilə müraciət edərək, ödənilməmiş qalan 1300 manat borc pulun tərəfindən ödənilməsi hissəsinin iddia tələbindən kənarlaşdırılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsi 27 sentyabr 2023-cü il tarixdə həmin iddiaya baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, cavabdehi əvvəlcədən tanımışdır və ehtiyacı olduğuna görə qızıl əşyalarını girov qoyub borc pul götürmüşdür. Daha sonra göstərmişdir ki, o, cavabdehə 1300 manat qaytarsa da, cavabdeh girov qoyduğu qızılları ona qaytarmamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, guya məhkəmə qətnaməsi ilə 1300 manat pulun cavabdehə qaytarılması qət edilsə də, o, qızılları qaytarmamışdır. Məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Astara Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(018)-56/2023 saylı qətnaməsi ilə girov qoyulmuş qızıl-zinət əşyalarının müqabilində verilmiş borca görə İddiaçı 4200 manat pulun alınıb X3 verilməsi qət edilmişdir. Lakin həmin qətnamə İddiaçı tərəfindən bugün də icra edilməmişdir. Çünki İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin hissə-hissə icra olunmasını xahiş etmiş, məhkəmə onun ərizəsini təmin etmişdir. Daha sonra İddiaçı yenidən məhkəməyə ərizə ilə müraciət edərək qətnaməni icra etmək üçün ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə onun ərizəsini təmin etmiş və qətnaməni icra etməkdən ötrü ona üç ay möhlət vermişdir. Bundan əlavə X5 girov qoyulmuş qızıl-zinət əşyalarının saxta olması barədə Astara RPŞ-yə ərizə ilə müraciət etmiş, həmin ərizə polis şöbəsində araşdırılmış və bu barədə 18 iyul 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə qanunun bu maddəsini səhv təfsir etmişdir. Belə ki, X8 Babayevdən girov götürərək ona pul borc vermişdir. Bu barədə İddiaçı tərəfindən qəbz yazılıb ona verilmişdir. Sonradan İddiaçı borcunu qaytarmaq istəmədiyi üçün Sədyar Heydərov həmin girov qoyulmuş qızılları satmaq istəyərkən qızılların saxta olması aşkar olmuşdur. Bundan sonra Sədyar Heydərov polisə ərizə ilə müraciət etmişdir. Sədyar Heydərov borc verdiyi pulu tələb etmişdir ki, bu da əsassız varlanma sayıla bilməz. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, əsassız varlanma o hallarda baş vermiş sayılır ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. X8 Babayevə faizsiz borc vermişdir və bu barədə onlar arasında sadə müqavilə (qəbz) bağlanmışdır. Yəni tələbin qanuni əsası və hətta müqavilə əsası da vardır. Buna görə də həmin hal əsassız varlanma sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sədyar Heydərov öz mülkiyyətində olan pul vəsaitini cavabdehin mülkiyyətinə keçirməklə onu varlandırmışdır. Lakin cavabdeh ona əsassız iddia qaldıraraq saxta qızılları girov qoymaqla borc pul almışdır. MPM-in 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf qızılların saxta olmaması və ya ona qaytarılmaması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh həmin təqdim edilən sübutları təkzib edəcək sübutları məhkəməyə təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sübutlar preyudisial əhəmiyyətə malikdir və onların yenidən sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə bu mülki işdə gəldiyi nəticənin qanunla göstərilən hansı sübutlarla təsdiq edildiyini qətnamədə göstərməmişdir. Məhkəmənin bu mülki iş üzrə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir və məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, yaşlı adamdır, iddiaçını bir tanışı vasitəsilə tanımışdır. Bir gün iddiaçı onun evinə gələrək uşağının xəstə olduğunu bildirərək pula ehtiyacı olduğunu, 3 aya qaytaracağını və borca görə qızıllarını ona girov qoya biləcəyini bildirmiş, mərhum həyatı yoldaşı da iddiaçıya borc verməsini ondan xahiş etmişdir. Bu səbəblə o, iddiaçıya ümumilikdə 6000 manat borc vermiş, iddiaçı da borcun müqabilində ona bir neçə əşya girov vermişdir. İddiaçı borcu söz verdiyi vaxtda qaytarmamış və bu dönəmdə onun həyat yoldaşı da vəfat etmişdir. O, İddiaçı heç olmasa mərhum arvadının qəbir daşının düzəltdirilməsi üçün 4500 manat qaytarmasını istədikdə isə sonuncu girov olaraq qızıl verdiyini və onları satıb borcdan çıxmasını bildirmişdir. Bundan sonra iddiaçının ona verdiyi qızılları satmaq qərarına gəlmiş, lakin qızılları yoxladan zaman onların əsl qızıl olmadığını və saxta olduğunu bilmişdir. Bundan sonra o, bu barədə Astara RPŞ-yə müraciət etmiş, lakin iddiaçı orada həmin saxta qızılların onun tərəfindən verilməsini inkar edərək boynuna almamışdır. İddiaçının ona qızıl adı ilə girov olaraq verdiyi əşyalar saxta olduğuna görə o, iddiaçıya onları nə vaxt istəyirsə, götürə biləcəyini demişdir. Belə ki, hüquq mühafizə orqanlarında araşdırma aparılarkən o, İddiaçı qızıl adı ilə girov olaraq verdiyi əşyaları ondan götürməyi təklif etsə də, iddiaçı əvvəlcə həmin təklifə münasibət bildirməmiş, sonradan həmin əşyaların ona girov olaraq verdiyi qızıl-zinət əşyaları olmadığını bildirmişdir. Həmin əşyalar hal-hazırda da ondadır və onları İddiaçı qaytarmağa etiraz etmir. Lakin həmin əşyalar qızıl deyil. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X5 izahatında qeyd etdiyi əşyaları məhkəmə iclasında da nümayiş etdirərək, onların qızıl olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdə surəti olan Astara Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(018)- 56/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X2 İddiaçı qarşı “borc verilmiş pulun geri tələbi barədə” iddiası qismən təmin olunmuş, İddiaçı 4200 manat borcun və ödənilmiş dövlət rüsumunun 70 manat hissəsinin alınıb X3 verilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2(106)-983/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(018)-56/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh X5 tərəfindən İddiaçı borc verilmiş, müqabilində isə iddiaçı tərəfindən cavabdehə bir sıra zinət əşyası girov verilmişdir. Cavabdeh həmin zinət əşyalarını apellyasiya məhkəməsinin iclasında təqdim edərək, onlar içərisində iddiaçının tələb etdiyi hər hansı qızıl sepin olmadığını bildirmiş, iddiaçının ona verdiklərinin 1 ədəd sarı metaldan toxuma boyunbağıdan, 1 ədəd üzərində Quran kitabı formasında və ay-ulduz şəklində işarəsi olan boyunbağıdan, 1 cüt sırğadan və 1 ədəd sovet 10 rubluna bənzəyən sarı metaldan hazırlanmış pula bənzər əşyadan ibarət olduğunu göstərmişdir. Hazırkı iş üzrə iddiaçı birinci instansiya məhkəməsinin iclasında borclu olduğu məbləği cavabdehə qaytarmış olsa da, cavabdehin qızıl-zinət əşyalarını ona geri vermədiyini bildirmişdir. Belə olduqda iddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və 294.2-ci maddələri çıxış edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 294.2-ci maddəsinə əsasən, girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, girov qoyulmuş qızılzinət əşyalarının geri verilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan qızıl-zinət əşyalarının mövcud olduğunu, onların cavabdehə girov verildiyini və hazırda cavabdehin sahibliyində olduğunu sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Belə ki, iddiaçı həqiqətən də 14 qramlıq, 585 əyarlı, qiyməti 1400 manat olan sepi və 15 qramlıq, 585 əyarlı, qiyməti 1500 manat olan sepi cavabdehə girov verdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, cavabdeh isə iddiaçı tərəfindən ona qeyd edilən ölçüdə və əyarda qızıl-zinət əşyası verilmədiyini, iddiaçının ona qızıl adı ilə verdiyi zinət əşyalarının saxta olduğunu və onları istədiyi vaxt götürə biləcəyini bildirmişdir. Eyni zamanda hüquq mühafizə orqanlarında araşdırma aparılarkən o, İddiaçı qızıl adı ilə girov olaraq verdiyi əşyaları ondan götürməyi təklif etsə də, İddiaçı əvvəlcə həmin təklifə münasibət bildirməmiş, sonradan həmin əşyaların ona girov olaraq verdiyi qızıl-zinət əşyaları olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutların təqdim edilibedilməməsinə düzgün qiymət verməmiş, iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən cavabdehə 14 qramlıq, 585 əyarlı, qiyməti 1400 manat olan sepin və 15 qramlıq, 585 əyarlı, qiyməti 1500 manat olan sepin verilməsi faktı öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 43 manat məbləğində dövlət rüsumu da onun özünə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(018)-53/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X3 qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının geri verilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 43 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-626/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-626/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver