Məhkəmə qərarları › İş №2(106)-627/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-627/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-627/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(018)-1461/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə xx.xx.2022-ci il tarixində 2000 manat pulu notariat kontorunda təsdiq olunmuş cavabdehin ərizəsi əsasında dörd aya qaytarmaq şərti ilə borc vermişdir. Lakin bugünədək cavabdeh şərtləri yerinə yetirməyərək, iddiaçıya borclu olduğu 2000 manat borc pulu qaytarmamışdır. Astara Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(018)-1461/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin olunmuş, Cavabdeh 2000 manat borc pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(018)-1461/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəməyə teleqram vuraraq, iclasda iştirak etmək imkanı olmadığı üçün iclasın təxirə salınmasını xahiş etmiş, ancaq məhkəmə cavabdehin üzrlü səbəbdən iclasda iştirak etmədiyini nəzərə almayaraq, onun iştirakı olmadan işə baxmış və onun əleyhinə qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyini nəzərə almadığından işin faktiki halları araşdırılmadan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Odur ki, MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətinin yeganə dəlili olaraq birinci instansiya məhkəməsindən məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyi təqdirdə, işə onun iştirakı olmadan baxılmasına istinad etmişdir. İş materiallarından isə görünür ki, tərəflər 16 noyabr 2022-ci il tarixli bildirişlə 12 dekabr 2022-ci il tarixə, saat 11:30-a təyin edilmiş məhkəmə iclası barədə məlumatlandırılmışlar. Cavabdeh 09 dekabr 2022-ci il tarixində teleqramla Astara Rayon Məhkəməsinə müraciət edərək, səhhəti ilə əlaqədar 12 dekabr 2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bundan sonra, 29 dekabr 2022-ci il tarixə, saat 12:30-a təyin edilmiş məhkəmə iclası barədə tərəflər məlumatlandırılmışlar. Cavabdeh 28 dekabr 2022-ci il tarixində Astara Rayon Məhkəməsinə teleqramla müraciət edərək, 29 dekabr 2022-ci il tarixində olan məhkəmə iclasının səhhəti ilə əlaqədar olaraq təxirə salınmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsi 29 dekabr 2022-ci il tarixli məhkəmə iclasında qətnamə qəbul etmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılmış olsa da, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, bundan əlavə, məhkəmə iclasında iştirak edə bilməsə də, iddia tələbinə hər hansı münasibət bildirməmiş, iddiaya etirazını və bu etirazın əsası olan halları göstərməmişdir. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməməklə yanaşı, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, apellyasiya məhkəməsinin də iclasında iştirak etməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı hesab edilə bilməz və məhkəmə kollegiyası həmin halı cavabdeh tərəfindən məhkəmə icraatının vaxtının uzadılması cəhdi kimi qiymətləndirir. İşdəki Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş və Cavabdeh tərəfindən yazılmış 30 iyun 2022-ci il tarixli ərizədən görünür ki, Babayev X1 şəhəri, Şəhidlər Xiyabanı 5/3 ünvanında qeydiyyatda olan İddiaçı 2000 manat məbləğində borc pul aldığını, həmin borcu 4 ay ərzində qaytaracağını bildirmişdir. İşdəki xx.xx.2022-ci il tarixində icra edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında şifahi formada borc münasibətləri olmuş, iddiaçı cavabdehə 4 ay ərzində qaytarmaq şərtilə 2000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə öz öhdəliyi ilə bağlı iddiaçıya notarial qaydada təsdiqlənmiş borc sənədi - ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iş materiallarında olan cavabdehin notariat qaydasında təsdiqlənmiş borc sənədi - ərizə tərəflər arasında borc münasibətlərinin olduğunu təsdiq edir. Həmin sənəd iddiaçıda olduğundan, öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulu ilə bağlı borc sənədinin üzərində hər hansı qeyd edilmədiyindən, eləcə də, cavabdeh tərəfindən borcun ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, müəyyən olunur ki, cavabdehin iddiaçıya olan 2000 manat məbləğində borc öhdəliyi icra olunmamışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya olan borcundan hər hansı ödənişin edildiyini bildirməmiş, bununla bağlı hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, həmçinin həmin borc sənədinin – notarial qaydada təsdiq edilmiş ərizənin özünü mübahisələndirməmişdir. Beləliklə, cavabdehin iddiaçıya 2000 manat məbləğində borcunun yaranması və borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi faktı iş materialları ilə öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməklə iş üzrə düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. İddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi MPM-in 107-ci və 119.1ci maddələrinin tələbləri baxımından iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun da cavabdehdən tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(018)-1461/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Astara Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(018)-1461/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(018)-1461/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar