Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-643/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçı Rəhimli (Allahverdiyeva) Aygün Vilayət qızının, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Rəhimli (Allahverdiyeva) Aygün Vilayət qızının Cavabdeh qarşı “əmlak və pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)- 908/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya icraatı qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rəhimli (Allahverdiyeva) Aygün Vilayət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 7240 manat pulun, birgə nikah dövründə aldıqları stolun və ya onun yarı dəyəri olan 500 manat pulun, həmçinin koronavirus xəstəliyi zamanı işləyib qazandığı pulun yarı dəyəri olan 5775 manat pulun və ödənilən mediasiya, məhkəmə rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 iyun 2018-ci ildə nikahlarını qeydiyyata aldırmaqla evlənmişdir. Bir müddət cavabdehlə mehriban yaşadıqdan sonra münasibətləri pozulmuş, cavabdehin evində yaşaması mümkün olmamış, iddiaçı atasının evinə gəlmişdir. Hazırda aralarında olan nikahın ləğv olunması üçün iş məhkəmənin icraatındadır. Toy mərasimində iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyaları, birgə nikah dövründə aldığı əşyalar və koronavirus xəstəliyi zamanı işləyib yığdığı 11550 manat pul cavabdehin evində qalmışdır və cavabdeh onları vermir. Həmin əmlaklar aşağıdakılardır: cehiz əşyaları – dəyəri 1000 manat olan 1 ədəd stol; qızıl-zinət əşyaları – 4900 manat dəyərində 35 qramlıq sep, 1170 manat dəyərində 13 qramlıq qolbaq, 1170 manat dəyərində 13 qramlıq komplekt (1 ədəd sep, 1 ədəd qolbaq, 1 cüt sırğa və 1 ədəd üzük), cəmi 7240 manat. Bütün bu faktları şəkillər və hal şahidləri də təsdiq edə bilər. İmişli Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(036)-908/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan müvafiq forma və ölçülərə (şəkillərdə əks olunmuş görüntüyə görə) uyğun gələn 4900 manat dəyərində 35 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağının, 1170 manat dəyərində 13 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl qolbağın və 1170 manat dəyərində 13 qram çəkidə 585 əyarlı 1 dəst qızıl komplektin (1 cüt sırğa və 1 ədəd üzük), o cümlədən 5775 manat məbləğində nağd pulun Cavabdeh alınıb onun özünə verilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(036)-908/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, o, 2018-ci ilin iyun ayında Cavabdeh ilə rəsmi nikahla evlənərək sonuncunun valideynlərinə məxsus olan İmişli rayonu, Yalavac kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və ailə qurması münasibətilə ona valideynləri tərəfindən hədiyyə olunmuş məişət əşyalarından ibarət cehiz əmlakı da həmin ünvana daşınaraq onlar üçün ayrılmış otağa yığılmışdır. Cavabdeh tərəfindən evlənərkən ona 4900 manat dəyərində 35 qram çəkidə 1 ədəd 750 əyarlı qızıl boyunbağı, 1170 manat dəyərində 13 qram çəkidə 1 ədəd 585 əyarlı qızıl qolbaq və 1170 manat dəyərində 13 qram çəkidə 1 dəst qızıl komplekt (585 əyarlı 1 cüt sırğa və 1 ədəd üzük) hədiyyə olunmuş, həmin əşyalar həmişə onun özündə olmuş və qaldıqları otağındakı şkafın siyirməsində saxlanılmışdır. O, İmişli RMX-nin “Mama- Ginekologiya” şöbəsində tibb bacısı vəzifəsində işləmiş və 300,0 manat əmək haqqı almışdır. 2020-2021-ci illərdə ona “COVİD-19” virusunun yayılması əleyhinə tətbiq olunan tədbirlər çərçivəsində hər ay 1200,0 manat olmaqla, cəmi 11550,0 manat bonus verilmiş, şəxsi kart hesabına köçürülən bütün məbləğlər Cavabdeh tərəfindən çıxarılmış və ABŞ dollarına çevrilərək saxlanılmışdır. Onların birgə nikahdan uşaqları olmamış və aralarında olan münasibətlərin pozulması səbəbindən 30 iyun 2021-ci il tarixdə birdəfəlik ayrılmışlar. Həmin tarixdə o, işdə olmuş, işdən sonra Cavabdeh onu evə aparmağa gəlmədiyindən öz valideynlərinin evinə getmiş və rəsmən boşanmışdır. 2022-ci ilin sentyabr ayında Cavabdeh İmişli rayonu, Yalavac kəndində yerləşən fərdi yaşayış evində saxlanan cehiz əmlakını qaytarsa da, cəmi 7240,0 manat dəyərində qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmiş, o cümlədən birgə nikah dövründə qazanılan cəmi 11550,0 manat məbləğində nağd pul vəsaitini və həmin dövrdə alınmış 1000,0 manat dəyərində stolu mənimsəyərək ona düşən payı verməmişdir. Cavabdeh məhkəmə zamanı vermiş olduğu izahatında bildirmişdir ki, İddiaçı ilə 2018-ci ilin iyun ayında rəsmi nikahla evlənərək valideynlərinə məxsus olan İmişli rayonu, Yalavac kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əmlakı da həmin ünvana daşınaraq onlar üçün ayrılmış otağa yığılmışdır. İddiaçı evlənərkən 17 qram çəkidə 1 ədəd 750 əyarlı qızıl boyunbağı, 7-8 qram çəkidə 1 ədəd 585 əyarlı qızıl qolbaq və 10-12 qram çəkidə 1 dəst qızıl komplekt (585 əyarlı 1 cüt sırğa və 1 ədəd üzük) hədiyyə olunmuşdur. Cavabdeh “Soffarma” əczaçılıq şirkətində bölgə meneceri vəzifəsində işləyərək ayda 700,0 manat, İddiaçı isə İmişli RMX-nin “Mama-Ginekologiya” şöbəsində tibb bacısı vəzifəsində işləyərək ayda 300,0 manat əmək haqqı almışdır. 2020-2021-ci illərdə “COVİD-19” virusunun yayılması əleyhinə tətbiq olunan tədbirlər çərçivəsində İddiaçı hər ay əlavələr verilmiş, sonuncunun şəxsi kart hesabına köçürülən bütün məbləğlər çıxarılmış və İddiaçı şəxsi ehtiyaclarının ödənilməsindən ötrü xərclənmişdir. Onların birgə nikahdan uşaqları olmadığından süni mayalanmanın həyata keçirilməsindən ötrü o, X4 üç ay müddətində müalicə alaraq əməliyyat olunmuş, lakin tətbiq olunan prosedurlar nəticəsiz qalmışdır. Həmin müddətdə İddiaçı məxsus olan bütün qızıl-zinət əşyalarını özünün razılığı ilə Bakı şəhərində fəaliyyət göstərən “Moskva” univermağının qarşısında rast gəldiyi müştəriyə cəmi 2000,0 manata satmış və tələb olunan 7000,0 manatı düzəldərək xəstəxananın hesabına köçürmüşdür. 30 iyun 2021-ci il tarixdə İddiaçı işdən evə gəlməyərək ondan birdəfəlik ayrılmış və 2022ci ilin sentyabr ayında gəlib bütün cehiz əmlakını aparmışdır. İddiaçı bölünməsini tələb etdiyi stol-stul dəsti onun tərəfindən Goranboy şəhərində fəaliyyət göstərən “Goranboy” mebel mağazasından 1350,0 manata alınmış, həmin tarixdə nikahları hələ bağlanmamışdır. Tərəflərin izahatlarından da görünür ki, İddiaçı İmişli RMX-nin “Mama- Ginekologiya” şöbəsində tibb bacısı vəzifəsində işləmiş və hər gün işə gedib gəlmişdir. Sonuncu dəfə də həmişəki kimi işə getmiş və işdən çıxıb valideyinlərinin evinə gedərək cavabdehə ayrıldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı evdən çıxıb gedərkən sərbəst olmuşdur. Məhkəmə bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir. Bundan başqa, İddiaçı məxsus olan bütün qızıl-zinət əşyaları özünün razılığı ilə 2000 manata satılaraq Aygünün müalicəsi ilə əlaqədar xəstəxananın hesabına köçürülmüşdür. Məhkəmə bu halı da araşdırmamış və hüquqi qiymət verməmişdir. Həmçinin, tərəflərin birgə nikahlarından uşaqları olmadığından süni mayalanmanın həyata keçirilməsindən ötrü iddiaçı X4 üç ay müddətində müalicə alaraq əməliyyat olunmuş, lakin tətbiq olunan prosedurlar nəticəsiz qalmışdır. İddiaçının müalicəsi ilə əlaqədar müalicə xərclərini cavabdeh qarşılamışdır. İş materiallarından da görünür ki, cavabdehin əmək haqqı iddiaçının əmək haqqından yüksək olmuşdur. Məhkəmə bu halları da, yəni tərəflərin hər ikisinin aylıq qazancının hara xərcləndiyini, iddiaçının X4 üç ay müddətində müalicə alaraq əməliyyat olunmasını və müalicə xərclərinin nə qədər olmasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, İmişli Rayon Məhkəməsi müəyyən etmişdir ki, qızıl-zinət əşyaları həmişə İddiaçı özündə qalaraq İmişli rayonu, Yalavac kəndində yerləşən mənzilin qaldığı otağındakı şkafda saxlanılmış və sonuncu dəfə mənzildən çıxarkən özü ilə götürməmişdir. Cavabdeh isə həmin qızılzinət əşyalarının onda saxlanmadığına dair ağlabatan dəlil irəli sürməmiş və satıldığına dair heç bir sübut təqdim etməmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə İddiaçı şəxsi kart hesabına əmək haqqından əlavə 11550,0 manat köçürülmüş, həmin məbləğ Cavabdeh tərəfindən alınmışdır. Cavabdeh həmin məbləğin İddiaçı şəxsi ehtiyaclarının ödənilməsindən ötrü xərcləndiyinə dair heç bir sübut təqdim etməmişdir. İmişli Rayon Məhkəməsi iddia tələbini qismən təmin edərkən bir-birinə uyğun və təkzibolunmaz faktlara deyil, yalnız formal mülahizələrə və iddiaçının izahatına əsaslanmışdır. Göründüyü kimi, İddiaçı qızıl-zinət əşyalarının satılmadığını, həmişə özündə olduğunu bildirmiş və evdən çıxarkən də həmişəki kimi işə getmiş və işdən çıxıb valideynlərinin evinə gedərək cavabdehə ayrıldığını bildirmişdir. İddiaçı evdən çıxıb gedərkən sərbəst olmuşdur. Məhkəmə sözügedən qızılların iddiaçı tərəfindən aparılmadığını, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə İddiaçı şəxsi kart hesabına əmək haqqından əlavə 11550,0 manat köçürülmüş pulun Cavabdeh tərəfindən alınmasını müəyyən edir. İmişli Rayon Məhkəməsi bu halları araşdırmamış, qızılların iddiaçı tərəfindən aparılıb-aparılmadığını və ya satıldığını araşdırmamış, 11550,0 manat pulun isə kim tərəfindən alındığını və hansı məqsədlə xərcləndiyini araşdırmamış və bu halları əsaslandırmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2(106)-1419/2023 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(036)-908/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2(106)-1419/2023 saylı qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2024cü il tarixli, 2(102)-260/2024 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1419/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi 5775 manat məbləğində nağd pulun Cavabdeh alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 15 yanvar 2024-cü il tarixli, 2(102)-260/2024 saylı qərarında öz mövqeyini onunla izah etmişdir ki, məhkəmə kollegiyası qızıl əşyalarına aid iddianın təmin edilən hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşdən görünür ki, iddiaçı qızıl əşyalarını cavabdehdən tələb etmiş və tələbinin əsası kimi cavabdehin 7240 manat dəyərində qızıl əşyalarını qaytarmaqdan imtina etməsini göstərmişdir. Cavabdeh həmin hissədə iddiaya etiraz olaraq iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə satıldığını və satışdan əldə edilmiş pulların iddiaçının müalicəsinə xərclənməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu hallara dair işə mahiyyəti üzrə baxan məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qızıl əşyalarının ər evindən gedərkən ən azı iddiaçıda olmaması cavabdehin həmin qızılları satması barədə izahatı ilə təsdiq edilir. Belə olan halda, həmin qızılların iddiaçının razılığı ilə satılmasını bildirən cavabdeh bu dəlilini işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut etməli idi. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən qızıl əşyalarının tutulması hissəsində əsaslı və qanuni olduğu üçün dəyişdirilmədən saxlanmalıdır. Bununla belə, 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı həmin hissədə tələbini onunla əsaslandırıb ki, “COVİD-19” pandemiyası ərzində xx.xx.2021-ci il tarixinədək onun kart hesabına 11550 manat pul vəsaiti köçürülmüş, həmin pul vəsaitlərini hər dəfə cavabdeh çıxarmış və dollara çevirərək dolabda pencəyinin cibində saxlamışdır. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixindən cavabdehlə ayrı yaşadığını bildirmişdir. Cavabdehin həmin hissədə iddiaya etirazı ondan ibarət olub ki, 2020-2021-ci illərdə “COVİD-19” virusunun yayılması əleyhinə tətbiq olunan tədbirlər çərçivəsində iddiaçıya hər ay əlavələr verilmiş, sonuncunun şəxsi kart hesabına köçürülən bütün məbləğlər onun tərəfindən çıxarılmış və iddiaçının şəxsi ehtiyaclarının ödənilməsindən ötrü xərclənmişdir. Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. İstinad edilən maddənin məzmunundan görünür ki, burada ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlak elə bir növdədir ki, bunlar bir qayda olaraq ailənin aylıq dolanacağını təmin edir. Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olması barədə ümumi prinsipi əks etdirir. Tələbin qanuni əsasını təşkil edən normalar tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən edə bilər. Odur ki, hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün bölüşdürülməsi işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr pul vəsaiti hissəsində iddianı təmin edərkən cavabdehin etirazının əsası kimi istinad etdiyi halların təsdiq edilməməsini göstərməklə sübutetmə yükünü – yalnız cavabdehin üzərinə qoymaqla – düzgün müəyyən etməmişlər. İddiaçının bildirdiyinə görə, xx.xx.2021-ci il tarixindən cavabdehdən ayrı yaşayır, belə olan təqdirdə, həmin tarixədək birgə nikah dövründə aylıq qazanılmış həmin pul vəsaitinin ailənin ümumi ehtiyaclarına xərclənməsi halı istisna edilmir. Başqa sözlə, burada birgə nikah dövründə qazanılmış pul vəsaitinin ailənin ümumi ehtiyaclarına xərclənməsi kimi faktiki prezumpsiya halı mövcuddur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni prezumpsiya birbaşa qanunun tələbindən irəli gəldiyi halda, faktiki prezumpsiya hüquq nəzəriyyəsindən irəli gəlir və formalaşmış təcrübə və ağlabatan mülahizə ilə müəyyən edilir. Hazırkı işin halları baxımından, ağlabatan mühakimə əsasında ehtimal edilir ki, birgə nikah vaxtı əldə edilən əmək haqqı və ya ailənin digər gəlirləri ümumi ailə ehtiyaclarına xərclənir. Bunun əksini, yəni birgə nikah vaxtı əldə edilən vəsaitin (və ya onun bir hissəsinin) ailə ehtiyaclarına xərclənməməsini, iddia edən tərəf həmin hallarla bağlı sübutlar təqdim etməklə sübut etməlidir. Eyni zamanda aylıq gəlirin məbləği, ailənin aylıq xərci və həmin məbləğin əldə edilməsindən sonra ailə münasibətlərinin davam etməsi kimi diqqətəlayiq hallar nəzərə alınmaqla sübutetmə yükü dəyişə də bilər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi qeyd edilən tələblə bağlı işin halına bu yöndən, yəni faktiki prezumpsiya yönündən qiymət verilməli, sübut etmə yükünü də işin həmin yöndə apardığı qiymətləndimənin nəticəsinə uyğun olaraq müəyyən etməli və bunun nəticəsi olaraq ailənin aylıq xərclərinə, cavabdehin iddiaçının bank hesabından çıxardığı məbləğlərin hansı hissəsinin birgə yaşadıqları dövrə təsadüf etməsinə, hansı hissəsinin faktiki ayrıldıqdan sonrakı dövrə düşməsinə aydınlıq gətirməklə iddianı həll etməli idi. İşdən isə bu görünmür. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkəməsi 5775,0 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddianı təmin edərkən yuxarıda qeyd edilən hallar üzrə qiymətləndirmə aparmamış, sübutetmə yükünü işin halları baxımından müəyyən etməmiş, nəticədə həmin hissədə əsaslı olmayan qətnamə çıxarmışdır. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 5775,0 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırkı qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(102)-260/2024 saylı qərarında qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası sözügedən qərarla Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1419/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi yalnız 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edildiyindən və həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə əsasən yalnız 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, iddiaçının ona qarşı 5775 manat pul tələbinə dair iddiası əsaslı deyil. “COVİD-19” pandemiyası zamanı 2020- 2021-ci illərdə həqiqətən də iddiaçının əmək haqqına əlavələr hesablanmış, iddiaçının əmək haqqı kartından isə pulları onun özü (cavabdeh) çıxarmışdır. Lakin iddiaçının əmək haqqı kartından çıxarılan pulların böyük hissəsi ailənin ehtiyaclarının qarşılanmasına sərf olunmuş, qalan hissəsini isə şəxsi istifadəsi üçün iddiaçının özünə vermişdir. İddiaçının əmək haqqının müəyyən hissəsi ilə yanaşı, cavabdeh öz gəlirləri ilə də ailənin ehtiyaclarının qarşılanmasında iştirak etmiş, gəlirinin böyük bir hissəsini ailə xərclərinə sərf etmişdir. Lakin iddiaçının dediyi kimi, onların hər ikisinin gəlirlərindən ümumi olaraq evdə ehtiyata pul qoymaq imkanları olmamışdır. Belə ki, birgə nikahdan uşaqları olmadığına görə mütəmadi olaraq iddiaçının müalicəsi aparılmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının əmək haqqına əlavələrin hansı məqsədlə xərclənməsini araşdırmadan, 11550 manatın yarısı olan 5775 manat pulun ondan tutulmasını qət etmişdir. Həmçinin, o qeyd etdi ki, iddiaçı birgə yaşadıqları evi 2021-ci ildə tərk edən zaman evdə hər ikisinin gəlirlərindən ibarət olan ümumi məbləği 1500 manat pul olmuş, həmin pul onun özündə (cavabdehdə) qalmışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini və Cavabdeh bildirdikləri ilə razılaşdığını qeyd etdi. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı Rəhimli (Allahverdiyeva) Aygün Vilayət qızı çıxış edərək bildirdi ki, o, İmişli RMX-da işlədiyinə görə 2020-2021-ci illərdə “COVİD-19” pandemiyası ilə əlaqədar onun əmək haqqına əlavələr hesablanmış, əlavələrin ümumi məbləği 11550 manat olmuşdur. Həmin pulları onun kartından cavabdeh çıxararaq ABŞ dollarına çevirmiş, özündə saxlamış, hissə-hissə öz şəxsi ehtiyaclarının sərf olunması üçün xərcləmişdir. Ona görə də həmin pulun ən azından yarısı cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir. O hesab edir ki, birinci instansiya məhkəməsi həmin pul məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(102)- 260/2024 saylı qərarında qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. İşdə surəti olan AZ-İİ 259273 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 18 iyun 2018-ci ildə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ərə Rəhimli, arvada Rəhimli soyadı verilmişdir. X1 aid "xxxx" ASC-dəki bank hesabından 11 avqust 2022-ci il tarixli çıxarışdan görünür ki, onun hesabına “COVİD-19” təyinatı ilə 22 iyul 2020-ci ildən 30 iyul 2021-ci ilədək ümumilikdə 11553,65 manat məbləğində pul köçürülmüşdür. İşdə surəti olan İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(036)- 545/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında 18 iyun 2018-ci il tarixli, 272 saylı nikah akt qeydi ilə bağlanmış rəsmi nikahın pozulması qət edilmişdir. Məhkəmə kollegiyası hazırda baxılan hissədə - 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı həmin hissədə öz tələbini əsaslandırarkən İmişli RMX-da işlədiyinə görə “COVİD-19” pandemiyası zamanı 2020-2021-ci illərdə onun maaşına əlavələr ödənilməsinə, həmin əlavələrin ümumi məbləğinin 11550 manat təşkil etməsinə, həmin məbləğin cavabdeh tərəfindən ona məxsus kart hesabından çıxarılaraq, dollara çevrilib cavabdeh tərəfindən öz şəxsi ehtiyacları üçün sərf edilməsinə istinad etmişdir. Cavabdeh isə həmin hissədə iddiaya etirazını əsaslandırarkən qeyd etmişdir ki, 2020-2021-ci illərdə həqiqətən də iddiaçının əmək haqqına əlavələr verilmiş, həmin məbləğləri cavabdeh kartdan çıxartmış, həmin məbləğlərin böyük bir hissəsi onların ailə ehtiyaclarının ödənilməsinə sərf olunmuş, qalan məbləği isə cavabdeh iddiaçının şəxsi istifadəsi üçün onun özünə vermiş və iddiaçının özü tərəfindən şəxsi ehtiyaclarının istifadəsi üçün xərclənmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, həmin maddədə ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan əmlak kimi qeyd edilənlər, bir qayda olaraq, ailənin aylıq dolanacağının təmin edilməsinə xidmət edir. Ümumiyyətlə, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olması barədə ümumi prinsipi əks etdirir. Tələbin qanuni əsasını təşkil edən normalar tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən edə bilər. Odur ki, hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün bölüşdürülməsi işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Birinci instansiya məhkəməsi 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi nəticəsinə gələrkən ona istinad etmişdir ki, iddiaçının şəxsi kart hesabına əmək haqqından əlavə köçürülmüş 11550 manat məbləğində pul cavabdeh tərəfindən alınmış, lakin cavabdeh həmin pul məbləğinin iddiaçının şəxsi ehtiyaclarının ödənilməsindən ötrü xərcləndiyinə dair hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə sübutetmə yükü tərəflər arasında düzgün bölüşdürülməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırda 5775 manat pul tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı əmək haqqı kartına həqiqətən də əlavələrin ödənildiyinə dair sübut təqdim etsə də, həmin əmək haqqına əlavələrin cavabdeh tərəfindən öz şəxsi istifadəsinə sərf olunmasına dair hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Tərəflərin hər ikisinin bildirdiklərinə görə, xx.xx.2021-ci il tarixindən tərəflər ayrı yaşayırlar, belə olan təqdirdə, həmin tarixədək birgə nikah dövründə aylıq qazanılmış mübahisəli pul vəsaitinin ailənin ümumi ehtiyaclarına xərclənməsi halı istisna edilmir. Başqa sözlə, burada birgə nikah dövründə qazanılmış pul vəsaitinin ailənin ümumi ehtiyaclarına xərclənməsi kimi faktiki prezumpsiya halı mövcuddur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarının 3.4-cü və 3.5-ci bəndlərində qeyd olunur ki, prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Hazırkı işin halları baxımından, ağlabatan mühakimə əsasında ehtimal edilir ki, birgə nikah vaxtı əldə edilən əmək haqqı və ya ailənin digər gəlirləri ümumi ailə ehtiyaclarına xərclənir. Bunun əksini, yəni birgə nikah vaxtı əldə edilən vəsaitin (və ya onun bir hissəsinin) ailə ehtiyaclarına xərclənməməsini iddia edən tərəf həmin hallarla bağlı sübutlar təqdim etməklə sübutetmə vəzifəsini icra etməlidir. Bununla belə, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Lakin hazırda iddiaçı qeyd edilən prezumpsiyanın əksini sübut etmək üçün, yəni qeyd edilən pul məbləğinin ailənin ümumi ehtiyacları üçün deyil, cavabdehin şəxsi ehtiyacları üçün xərclənməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi nəticəsinə gələrkən həmin tələbin iddiaçı tərəfindən sübut olunmasına düzgün qiymət verməmişdir. MPM-in 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. MPM-in 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaçı cavabdehdən 5775 manat məbləğində nağd pulun tutulmasına dair tələbini təsdiq edən hər hansı sübut təqdim etməsə də, Cavabdeh apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçı birgə yaşadıqları evi 2021-ci ildə tərk edən zaman evdə hər ikisinin gəlirlərindən ibarət olan ümumi məbləği 1500 manat pul olmuş, həmin pul cavabdehdə qalmışdır. Göründüyü kimi, cavabdehin apellyasiya məhkəməsinin iclasında bildirdikləri ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri ümumi gəlirlərdən 1500 manatın iddiaçı evi tərk etdikdən sonra cavabdehin özündə qalması müəyyən olunur. İddiaçının evi tərk etməsinə görə isə həmin pul məbləğinin ailənin ümumi ehtiyacları üçün xərclənməsi mümkün deyil. Buna görə də cavabdehin etiraf etdiyi həmin 1500 manat məbləğində pul vəsaiti tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək yarıya bölünməli, 750 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, pul tələbinə dair qalan hissədə iddia təmin edilməməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, 750 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, pul tələbinə dair qalan hissədə iddia təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(036)-908/2023 saylı qətnaməsi qismən – 5775 manat məbləğində nağd pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh 750 manat məbləğində pul tutularaq iddiaçı Rəhimli (Allahverdiyeva) Aygün Vilayət qızına ödənilsin. Pul tələbinə dair qalan hissədə iddia təmin edilməsin. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-643/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-643/2024
24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver