Məhkəmə qərarları › İş №2(106)-644/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-644/2024

18.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-644/2024 18.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(020)-1852/2021 saylı qətnaməsindən (hakim Seyfəli Seyfullayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində borcun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlcədən tanıdığı Cavabdeh 28 fevral 2021-ci il tarixdə 7000 manat məbləğində borc pul vermişdir. Cavabdeh götürdüyü pulu istənilən müddətdə qaytarmağı öz öhdəsinə götürmüş və borc müqaviləsini imzası ilə təsdiq etmişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etmiş, göstərmişdir ki, İddiaçı 7000 manat borcu almış, borcunu qaytaracağına dair qəbz versə də, maddi imkanı olmadığından borcunu qaytarmamışdır. Hazırda qalan borcunu tam şəkildə qaytara bilmir. İddiaçıya olan borcunu hissə-hissə qaytaracağına söz verir. Beyləqan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(020)-1852/2021 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh borca görə 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat. İşə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Əsədov, Tofiq Heydərov, Samir Mayılov) 13 iyun 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat. İşə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər Abiddin Hüseynov, Əhməd Nurməmmədov, Zəki Babayev) 15 yanvar 2024-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: ç)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin borcunu etiraf etməyini əsas tutmuş, lakin cavabdehin verdiyi izahatı təhrif olunmuş formada qətnaməyə daxil etmişdir. Belə ki, əslində sələmə 1100 manat borc almış, lakin qəbzə 7000 manat yazmışdır. Qanunvericiliyə uyğun olaraq 3000 manatdan yuxarı olan borc müqaviləsi notarial qaydada bağlanmalı idi. Hazırda iddiaçı ilə aralarında olan səs yazısını əldə etmişdir və bu səs yazısı onun dediklərini təsdiq edir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, Cavabdeh kollegiyanın iclasında göstərmişdir ki, 17 il Azərbaycan Silahlı qüvvələrində xidmətdə olmuş, Vətən Müharibəsi iştirakçısıdır. Həmin müharibədə ağır yaralanmış və ordudan tərxis olunmuşdur. Bildirmişdir ki, o, iddiaçıdan cəmi 1100 manat pul almış, lakin müalicəsi üçün məcbur qalaraq 7000 manat pulun alınması ilə bağlı qəbzə imza etmişdir. Birinci instansiya məhkəməsinin gedişi zamanı məhkəmədən kənar iddiaçı ilə görüşmüş və onunla verilmiş borc məbləği ilə söhbət etmişdir. O, iddiaçı ilə danışığını telefonu ilə qeydə aldırmış və yazmışdır. Həmin danışıqda iddiaçı həqiqətən də ona verilən borc məbləğinin (mayanın) 1100 manat olduğunu etiraf etmiş, 900 manat ödədiyini 200 manat borcunun qaldığını bildirmişdir. Sonradan 200 manat pulu da aparıb iddiaçıya vermişdir. 200 manat pulu iddiaçıya verəndə pulu olmadığından ondan geri 50 manat istəmişdir. Lakin iddiaçı ona 50 manat verməmişdir. Diskdə iddiaçının 200 manat pulu alması əks olunmasa da 50 manat pulun ondan geri istəməsi ilə bağlı danışıq öz əksini tapmışdır. Bütün bunları nəzərə alaraq iddianın tam rədd edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Lakin İddiaçı məhkəməyə teleqram ünvanlayaraq Beyləqan rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində dəyişdirilməlidir. Cavabdeh kollegiyanın iclasında göstərmişdir ki, 17 il Azərbaycan Silahlı qüvvələrində xidmətdə olmuş, Vətən Müharibəsi iştirakçısıdır. Həmin müharibədə ağır yaralanmış və ordudan tərxis olunmuşdur. Bildirmişdir ki, o, iddiaçıdan cəmi 1100 manat pul almış, lakin müalicəsi üçün məcbur qalaraq 7000 manat pulun alınması ilə bağlı qəbzə imza etmişdir. Birinci instansiya məhkəməsinin gedişi zamanı məhkəmədən kənar iddiaçı ilə görüşmüş və onunla verilmiş borc məbləği ilə söhbət etmişdir. O, iddiaçı ilə danışığını telefonu ilə qeydə aldırmış və yazmışdır. Həmin danışıqda iddiaçı həqiqətən də ona verilən borc məbləğinin (mayanın) 1100 manat olduğunu etiraf etmiş, 900 manat ödədiyini 200 manat borcunun qaldığını bildirmişdir. Sonradan 200 manat pulu da aparıb iddiaçıya vermişdir. 200 manat pulu iddiaçıya verəndə pulu olmadığından ondan geri 50 manat istəmişdir. Lakin iddiaçı ona 50 manat verməmişdir. Diskdə iddiaçının 200 manat pulu alması əks olunmasa da 50 manat pulun ondan geri istəməsi ilə bağlı danışıq öz əksini tapmışdır. Mülki prosessual qanunvericilik sübutların birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi barədə ümumi və çox vacib qayda nəzərdə tutmaqla yanaşı, bu qaydadan istisnalar da müəyyən etmişdir. MPM-in 78.1 və 372.2-ci maddəsində əks olunmuş həmin istisnalara əsasən bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyi və ya işdə iştirak edən şəxslər sübutların vaxtında təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda məhkəmə baxışı zamanı və hətta apellyasiya instansiyası məhkəməsi tərəfindən də yeni sübut qəbul edilə bilər. Cavabdeh bildirmişdir ki, iddiaçı ilə olan danışığını birinci instansiya məhkəməsinin gedişi zamanı əldə etmiş və məhkəməyə təqdim etsə də məhkəmə sübutunu qəbul etməmişdir. Eyni zamanda apellyasiya məhkəməsi də təqdim etdiyi disk yazısını qəbul etməmişdir. Halbuki, həmin səs yazısı onda əvvəlcədən olmamış, sonradan əldə etmişdir. Səs yazısı iddiaçının real niyyətini əks etdirmişdir. Buna görə də işə baxan yeni apellyasiya kollegiyası cavabdeh tərəfindən təqdim edilən səs yazısını sübut növü kimi qəbul etmişdir. Həmin disk yazısında olan danışığın məhz iddiaçı ilə cavabdeh arasında baş verməsini müəyyən etmək üçün məhkəmə iclası 3 dəfə - 04 aprel 2024-cü, 17 may 2024cü və 18 iyul 2024-cü il tarixlərinə təxirə salınmışdır. Həmçinin məhkəmə iclas katibinə məxsus mobil telefonla iddiaçıya məxsus 050 *** ** ** nömrəsi ilə əlaqə saxlanılmış və ona cavabdeh tərəfindən təqdim edilən səs yazısının tədqiq edilməsi üçün məhkəmə iclasına gəlməsinin vacibliyi bildirilmişdir. Bundan başqa 20 may 2024-cü il tarixli məhkəmə məktubunda iddiaçıya izahlı bildiriş (i/v-216) göndərilmiş, həmin bildirişdə iddiaçıya təkrar olaraq qeyd edilmişdir ki, “Bildiririk ki, cavabdeh tərəfindən məhkəməyə səz yazısı təqdim edilmişdir. Həmin səz yazısının sizin iştirakınızla araşdırılması zəruridir. Məhkəmə iclasına gəlmədiyiniz halda, işdə olan və təqdim edilmiş subutlar əsasında işə baxılaraq yekun məhkəmə aktı qəbul ediləcəkdir.” Lakin iddiaçı 3 dəfə keçirilən məhkəmə iclaslarının heç birində gəlməmiş, bununla da səs yazısının tədqiqində iştirak etməmişdir. Səs yazısı kollegiya tərəfindən tədqiq edilmişdir. Diskdə səs yazılarını əks etdirən 6 fayl vardır. Lakin daha real səs yazıları 1657.03(2) və 1657.03(3) öz əksini tapır. Belə ki, 1657.03(2) faylda 02-ci dəqiqədən sonra iddiaçı bildirir ki, “1100 manat əlbəəl aldığın puldur. 200 manat qalıb.” Digər 1657.03(3) faylında da 4-cü dəqiqədən sonra iddiaçı deyir ki, “maya 1100 manat olub” Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı tam təmin etmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlili kimi bildirir ki, o iddiaçıdan 1100 manat borc pul almış və həmin məbləği tam olaraq ödəmişdir. Diskdəki danışıqdan da məlum olur ki, iddiaçının cavabdehə vermiş olduğu pul məbləği 1100 manat olmuşdur. İddiaçı qeyd etmişdir ki, 1100 manatdan 900 manat ödənilmiş, 200 manat isə qalıq qalmışdır. Cavabdeh isə 200 manat pulun da iddiaçıya ödənildiyini bildirsə də bununla bağlı səs yazısında hər hansı danışıq aşkar edilməmiş, cavabdeh tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Buna görə də kollegiya belə qənaətə gəlir ki, iddia qismən təmin olunaraq ödənilməmiş qalan 200 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən əsaslıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə iddianın qiyməti 7000 manatdan çox olduğundan iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(020)-1852/2021 saylı qətnaməsi - 7000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissədə dəyişdirilsin və borca görə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar