Məhkəmə qərarları › İş №2(106)-651/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-651/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-651/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: pul tələbi X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Kürdəmir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(041)-939/2022 saylı qətnaməsindən (hakim M.Bayramov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 6915 manat məbləğində pulun və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar ödədiyi 90 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə qohumu Cavabdeh onların yaşadığı Bakı şəhəri, Pirallahı rayonundakı evlərinə gəlib Alimdən borc pul istəmişdir. Alim özündə pul olmadığını bildirmiş və Azərlə birlikdə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Kapital Banka gedərək kreditə pul götürmüş və Cavabdeh vermişdir. Hazırda Cavabdeh onlara 6915 manat borcu var. Cavabdeh borcu qaytaracağına söz versə də, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Onun barəsində Pirallahı RPŞ-nə şikayət etmişlər. Polis şöbəsində cavabdeh borcunun olmasını etiraf edib qaytaracağına söz versə də, verdiyi sözə yenə də əməl etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etməmişdir. Kürdəmir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(041)-939/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 6915 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumuna görə 90 manat olmaqla, ümumilikdə 7005 (yeddi min beş) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək, ondan 2264 manat məbləğində pulun və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 90 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında o iddiaçıdan 6915 manat borc aldığını etiraf edib, həmin borcdan iki dəfəyə 2252 manat qaytardığını göstərsə də, iddiaçının heç bir hüquqi əsası olmayan mülahizələrə əsaslanıb verdiyi izahatına hüquqi qiymət verilməmişdir. Halbuki, o iddiaçıdan 6915 manat borc almağını etiraf etməyə bilərdi və bunun üçün iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Bu işin materiallarında da öz əksini tapmışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə bank vasitəsilə göndərdiyi 2264 manatdan başqa heç bir mötəbər sübut yoxdur. İşə baxan hakim iddiaçının ona verdiyi borc barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, həmin borcu onun etiraf etdiyinə görə təmin etmiş, lakin onun borcu etiraf etməsi ilə əlaqədar həmin borcdan 2252 manat iddiaçıya qaytarması borcu etiraf etməsi ilə birlikdə göstərməsinə baxmayaraq iddiaçı ilə aralarında olan həmin ziddiyyəti aradırmamışdır. İşə baxan hakimin iddiaçının heç bir sübuta istinad etmədən məhkəmədə verdiyi izahata əsaslanıb, onun iddiaçıdan borc aldığını etiraf edib, iddiaçıya həmin borcdan 2252 manat qaytardığını göstərdiyinə baxmayaraq iddiaçının xeyrinə qətnamə qəbul etməklə iddia tələbi ilə bağlı səhv nəticəyə gəlmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh səhhətindəki problemlərlə bağlı məhkəməyə hər hansı sübutunu təqdim etməmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh onun qardaşı oğludur. Cavabdehin qeyd edilən hərəkətləri nəticəsində yoldaşı ilə aralarında soyuqluq yaranmışdır. Cavabdeh heç vaxt məhkəmələrə gəlməmişdir. Onun məqsədi qətnamənin icrasını ləngitməkdir. O, qəti şəkildə məhkəmə iclasının təxirə salınmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 90 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Pirallahı RPŞ-nin Təhqiqat qupunun təhqiqatçısı, polis kapitanı X1 “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəflərə aralarında yaranmış borc mübahisəsi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri, Pirallahı rayon polis şöbəsindən alınıb iş materiallarına əlavə edilmiş NK-1/89 saylı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın materiallarında olan Cavabdeh Əflatan oğlu xx.xx.2022-ci il tarixdə Pirallahı rayon polis şöbəsində izahatında iddiaçıya ümumilikdə 6947 manat borcunun olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh Bakı şəhəri, Pirallahı rayonunda yaşayan qohumu İddiaçı evinə gedib Alimdən borc pul istəmişdir. Alim özündə pul olmadığını bildirmiş və Azərlə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kapital Banka gedərək kreditə pul götürmüş və Cavabdeh vermişdir. Hazırda Cavabdeh onlara 6915 manat borcu var. Cavabdeh borcu qaytaracağına söz versə də, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. İddiaçı onun barəsində Pirallahı RPŞ-nə şikayət etmiş, polis şöbəsində cavabdeh iddiaçıya 6947 manat məbləğində borcunun olmasını etiraf edib qaytaracağına söz versə də, verdiyi sözə əməl etməyərək iddiaçıdan aldığı borc pulu qaytarmamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Əflatın oğlu etiraz ərizəsində İddiaçı fitvası əsasında bibisi Yeganə Əhmədovanın polisə yalan məlumat verdiyini və onun iddiaçıya cəmisi 2115 manat borcunun olduğunu bildirib. Bir kart kartından çıxardığı 3400 manat pulu isə aldıqdan 3 ay sonra, yəni 2022-ci ilin oktyabr ayında şəxsən İddiaçı özünə verdiyini bildirsə də o, etiraz ərizəsinə bu barədə heç bir mötəbər sübut təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 5000 manatdan çoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(041)-939/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar