Məhkəmə qərarları › İş №2(106)-652/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-652/2025

23.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-652/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X15 Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "Unibank” X15 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 qarşı fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(050)-2242/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, 300651 saylı çıxarışından görünür ki, Masallı rayonu Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində olan 244,1 kv.m fərdi yaşayış evi üzərində xx.xx.2013-cü il tarixdə Cavabdeh3, xx.xx.2013-cü il tarixdə isə Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 birgə mülkiyyət hüququ qeydə alınmışdır. “Unibank" KB ASC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01KL/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh6 24 ay müddətinə illik 23 % dərəcəsi ilə, xx.xx.2016-cı il tarixinədək 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. “Unibank" KB ASC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01KL/14 saylı əsas kredit müqaviləsindən görünür ki, Cavabdeh6 60 ay müddətinə xx.xx.2019-cu il tarixinədək ******* manat məbləğində krediti bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlamaqla verir. xx.xx.2014-cü il tarixli, 01KLİ/14 saylı ipoteka müqaviləsindən görünür ki, Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evi kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1435/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh6 xx.xx.2014-cü il tarixli, 01KL/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 01KL/14-1 saylı əlavə kredit müqaviləsinə görə 16490,26 ABŞ dolları əsas, 2588,20 ABŞ dolları faiz, 1671,08 ABŞ dolları cərimə olmaqla, cəmi 20749,54 (iyirmi min yeddi yüz qırx doqquz ABŞ dolları, 54 sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc, eləcə də xx.xx.2014-cü il tarixli, 6mspLNK/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə görə 966,20 manat əsas, 11,46 manat faiz, 10,63 manat cərimə olmaqla, cəmi 1088,29 (bir min səksən səkkiz manat, 29 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul "xxxx" KB ASC-nin xeyrinə tutulması, məhkəmə məsrəfini təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 120 (bir yüz iyirmi) manatın Cavabdeh6 tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsi, tutmanın ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 adına olan Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, realizə edilmiş torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin dəyərindən Cavabdeh6 "xxxx" KB ASC-yə olan xx.xx.2014cü il tarixli, 01 KL/14-1 saylı əlavə kredit müqaviləsinə görə cəmi 20749,54 (iyirmi min yeddi yüz qırx doqquz ABŞ dolları, 54 sent) ABŞ dollar ödəniş vaxtına manata məzənnəsi üzrə borcu, xx.xx.2014-cü il arixli, 6mspLNK/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən cəmi 1088,29 (bir min səksən səkkiz manat, 29 qəpik) manat borcu, 30 (oluz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun, "Əmlak Ekspert Mərkəzi” MMC-yə isə 120 (bir yüz iyirmi) manat ekspertiza tədqiqatının dəyərinin ödənilməsi, borc və məhkəmə xərcləri ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qaytarılması, ipoteka predmetini təşkil edən torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 39500 (otuz doqquz min beş yüz) manat məbləğində müəyyən edilsin və bu torpaq sahəsi, eləcə də üzərində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər X11, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, X1 və X3 evdən çıxarılması qət edilmişdir. Hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 59/01-1 saylı protokoldan görünür ki, ipoteka predmetinin ilkin hərrac qiyməti 39500 manat, təkrar hərracdakı ilkin satış qiyməti 33575 manat, “X9” 43.7-ci maddəsinə əsasən 25% aşağı satış qiyməti 25181,25 manat müəyyən edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evi 25181,25 manata əldə edilməklə tələbkar "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Masallı rayonu Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində olan 244,1 kv.m fərdi yaşayış evi üzərində xx.xx.2017-ci il tarixdə "xxxx" KB ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 və onların ailə üzvlərinin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********58-10301 reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd olunduğu kimi, Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 1435/2017 saylı qətnaməsinə əsasən, Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli akt əsasında boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilmişdir. Daha sonra əmlakın mülkiyyətçisi "xxxx" KB ASC ilə cavabdehlər arasındakı razılığa əsasən, bank cavabdehlərə qeyd olunan fərdi yaşayış evində yaşamağa razılıq vermişdir. Hazırda mülkiyyətçi əmlakını tələb edir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmqeydə alınmış olsun”. Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçiləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1və onların ailə üzvlərinin Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Nəzərə almaq lazımdır ki, hal-hazırda Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. İddiaçı "X10" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Borcla bağlı məhkəmə qətnaməsi qəbul edilərkən ekspertiza təyin edilib. Ekspert rəyi əsasında borc məbləği müəyyən edilib. Hərrac 2017-ci il tarixdə keçirilmişdir. 2019-cu il tarixdə istifadə hüquqununa xitam verilməsinə dair məhkəmə prosesi keçirilmişdir. Cavabdehlər həmin məhkəmədə iştirak da ediblər. Keçən bu müddət ərzində çıxarılmış məhkəmə qətnamələrindən heç birini mübahisələndirməyiblər. Hazırda isə evdən çıxmamaqla bankın mülkiyyətçi kimi hüquqlarını pozurlar. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, bankla razılığın əldə edilməsi üçün bankın əməkdaşlarına müraciət etdiyini bildirmişdir. Hissə-hissə ümumilikdə banka 63000 manat ödəniş etmişdir. Hesab edir ki, bankın iddiası əsassızdır. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qədul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Ellara Abbasova) xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 və onların ailə üzvlərinin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “X10” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 139- 1.1.2., 146.2, 178.1, 205.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3, 59.3.1., 59.3.2., 59.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə yaşaması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. “X9” yuxarıda qeyd edilən müddəalarından da göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 və onların ailə üzvləri çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülkiyyət hüququnun tələblərini pozmuşdur. İpoteka müqaviləsinin qanuni olubolmamasını yoxlamamış, həmin müqavilənin qanuniliyi sübut olunmamışdır. Həmin müqavilə əsasında hazırkı iddia qaldırılmışdır. Məhkəmə işin hallarını araşdırmamışdır. İpoteka müqaviləsi qanunsuzdur, hazırkı cavabdehlərdən bəziləri ipoteka müqaviləsinə imza etməmişlər, lakin məhkəmə həmin hallarıda yoxlamamışdır. Məhkəmə onların mülkiyyət hüquqlarını pozmuşdur. Nəticədə qanunsuz olaraq mülkiyyətlərindən məhrum olmuşlar. Borcun ödənilməsinin digər üsulları da vardır, lakin qanunsuz olaraq onların evlərindən çıxarmaq istəyirlər. Məhkəmə ipoteka müqaviləsinin qanunauyğun olub-olmamasını, müqavilənini tərəflərin iradəsi ilə bağlanıbbağlanmadığını araşdırmamışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(050)- 2242/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı "xxxx" X15 Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(050)-2242/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatında bildirdi ki, ipoteka müqaviləsinin qanuniliyi hazırki iş üzrə mübahisə predmeti deyildir. İddiaçı bank təşkilatı həmin evin mülkiyyətçisidir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar iclasda iştirak etməmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, qətnamə Cavabdeh3 münasibətdə, onun apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 153.1.-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı apellyasiya baxışı birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması ilə bağlıdır; digər cavabdehlər şikayət vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya qeyd olunan kontekstdə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ hüquqi sistemin əsas institutlarından biri olmaqla, şəxslərin iqtisadi, sosial və hüquqi azadlıqlarının təmin olunmasında mühüm rol oynayır. Bu hüququn mövcudluğu insanların sərbəst şəkildə əmlaka sahib olmasına, ondan istifadə etməsinə və sərəncam verməsinə şərait yaradır. Mülkiyyət hüququnun qorunması cəmiyyətin ümumi rifahının artmasına, hüquqi sabitliyin və sosial ədalətin təmin edilməsinə xidmət edir. Əmlaka sahiblik şəxsin müstəqil fəaliyyətini təşviq edir, təşəbbüskarlığın və investisiya mühitinin inkişafına zəmin yaradır. Mülkiyyət hüququnun təmin olunması həmçinin fərdlərə və sahibkarlıq subyektlərinə uzunmüddətli planlar qurmaq və gələcək üçün investisiya etmək imkanı verir. Hüquqların etibarlı müdafiəsi isə ictimai etimadı gücləndirir, qanunun aliliyini təmin edir. Bununla yanaşı, mülkiyyət hüququ yalnız hüquqi imkanlar deyil, həm də sosial məsuliyyət yaradır. Əmlak sahibləri müvafiq qanunvericiliyə riayət etməli, ictimai maraqları nəzərə almalı və cəmiyyət qarşısında müəyyən öhdəliklər daşımalıdırlar. Beləliklə, mülkiyyət hüququ həm fərdi azadlıqların, həm də ictimai nizamın mühüm təminatçılarından biri kimi çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş əsaslarla, müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yalnız qanunla xüsusi hallarda qeydə almadan da mülkiyyətin keçməsi nəzərdə tutulursa, belə keçid barədə dövlət reyestrinə məlumat verilməlidir. Həmçinin, Məcəllənin 178.5 və 178.6-cı maddələri uzunmüddətli faktiki sahiblik əsasında mülkiyyət hüququnun əldə olunması şərtlərini müəyyən edir. Cavabdeh3 apellyasiya şikayətində ipoteka müqaviləsinin qanunsuz olmasına istinad etmişdir. Lakin Kollegiya qeyd edir ki, hazırkı iş üzrə mübahisənin predmeti ipoteka müqaviləsinin hüquqi qüvvəsinin və ya etibarlılığının yoxlanılması deyil. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından da aydın olduğu kimi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 1435/2017 saylı qətnaməsi ilə Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin sahədə yerləşən 244.1 kv.m sahəyə malik fərdi yaşayış evinin boşaldılaraq "xxxx" KB ASCyə təhvil verilməsi qərara alınmışdır. Qətnamənin icrası nəticəsində qeyd olunan əmlak üzrə "xxxx" KB ASC tərəfindən mülkiyyət hüququ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmiləşdirilmiş və xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarış əsasında "xxxx" KB ASC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və hüquqi qüvvəyə minmişdir. Qanunvericiliyə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat özündə həm faktiki mülkiyyət hüququnun, həm də onun hüquqi müdafiəsinin təminatını ehtiva edir. Nəzərə almaq lazımdır ki, dövlət reyestrinə edilmiş qeydlər mülkiyyət hüququnun mövcudluğunu və mübahisəsizliyini təsdiq edən əsas sübut hesab olunur. Əlavə olaraq, qeyd edilməlidir ki, cavabdehlər və "xxxx" KB ASC arasında sonrakı qarşılıqlı razılığa əsasən, bank cavabdehlərin müvəqqəti olaraq həmin yaşayış sahəsindən istifadə etməsinə razılıq vermişdir. Bu razılaşma cavabdehlərə mülkiyyət hüququ qazandırmır və mülkiyyətçinin əmlakı üzərində hüquqlarını istənilən vaxt həyata keçirmək hüququnu istisna etmir. Əksinə cavabdehin iddiaçı ilə razılaşmanın xaricində, yəni mülkiyyətçinin razılığı olmadan istifadə etməsi, hüquqi baxımdan, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilədir. Hazırkı mərhələdə iddiaçı mülkiyyətçi qismində əmlakının qaytarılmasını tələb edir və bu tələb onun mülkiyyət hüququndan irəli gəlir. İpoteka müqaviləsinin hüquqi qüvvəsinə dair irəli sürülən etirazlar artıq hüquqi əhəmiyyət kəsb etmir. Çünki: 1.Cavabdeh həmin müqavilənin etibarsızlığına dair etirazlarını ipoteka münasibətləri əsasında yaranan ilkin mübahisə mərhələsində-yəni Binəqədi Rayon Məhkəməsində baxılan iş zamanı irəli sürə bilərdi; 2.Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ipoteka müqaviləsinin əsasında çıxarılan qərar qanuni qüvvəyə minmiş və icra olunmuşdur; 3.Həmin qərar qüvvədə qalmaqla, ipoteka müqaviləsinin hüquqi nəticələri tam surətdə həyata keçirilmişdir; 4.Əgər ipoteka müqaviləsinin hüquqi qüvvəsinə ciddi əsaslı şübhələr olsaydı, bu, artıq ilkin mərhələdə müvafiq qərarın çıxarılmasına mane olmalı idi və nəticə etibarilə əmlakın boşaldılması və təhvil verilməsi baş verməzdi.

5. Masallı rayonu Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində olan 244,1 kv.m fərdi yaşayış evi üzərində xx.xx.2017-ci il tarixdə "xxxx" KB ASC-nin mülkiyyət hüququnun mövcudluğu işin mübahisəsiz halıdır. “Res judicata” prinsipi hüququn ümumi prinsiplərindən biridir və onun məqsədi eyni mübahisənin təkrar müzakirəyə çıxarılmasının qarşısını almaqla hüquqi sabitliyi və qərarların dəyişdirilməzliyini təmin etməkdir. Hazırki halda bu prinsipin gözlənilməməsi ədalət mühakiməsinin effektivliyinin zəifləməsinə, eyni zamanda məhkəmələrin iş yükünün əsassız yerə artmasına səbəb ola bilər. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson İslandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il 1 dekabr tarixli Qərarı, § 238). Bütün bunlar onu göstərir ki, cavabdehin hazırda ipoteka müqaviləsinin hüquqiliyini mübahisələndirməsi hüquqi baxımdan əsassızdır və məqsədyönlü deyildir. Apellyasiya instansiyasında ipoteka müqaviləsinin qanuniliyinə dair yeni arqumentlərin irəli sürülməsi prosessual hüquqların sui-istifadəsi hesab olunur və işin mahiyyəti üzrə baxılan mübahisəyə təsir göstərmir. Nəticə etibarilə, iş üzrə əsas mübahisə predmeti yalnız iddiaçının qanuni mülkiyyət hüququ əsasında daşınmaz əmlakın qaytarılması tələbidir və ipoteka müqaviləsinin hüquqi qüvvəsi artıq hüquqi baxımdan mübahisələndirilə bilməz. Əlavə olaraq, mülkiyyət hüququ insan hüquqlarının əsas sütunlarından biridir və Azərbaycanın da tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq, “hər bir şəxs öz mülkiyyətindən sərbəst istifadə etmək hüququna malikdir və bu hüquq dövlət tərəfindən müdafiə olunmalıdır”. AİHM-in bir çox presedent qərarlarında vurğulanmışdır ki, mülkiyyət hüququ yalnız qanunla və ictimai maraqlar tələb etdikdə, hüquqi prosedur qaydalarına riayət olunmaqla məhdudlaşdırıla bilər (bax: Sporrong və Lönnroth İsveçə qarşı, 1982). Dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlər, o cümlədən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmiləşdirilmiş və xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış -Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi qüvvəyə malikdir və mülkiyyət hüququnu rəsmən təsdiq edir. Bu sənədlərin hüquqi qüvvəsi prezumpsiya (qanuni düzgünlük ehtimalı) xarakteri daşıyır və yalnız məhkəmə qaydasında, əsaslı və sübuta yetirilmiş hallarda onların hüquqi qüvvəsi şübhə altına alına bilər. Bu baxımdan, məhkəmənin vəzifəsi şəxsin qanunla tanınmış hüquq və azadlıqlarını, eləcə də qanuni maraqlarını müdafiə etməkdən ibarətdir. Məhkəmə, yalnız iddiaçı tərəfindən iddia irəli sürüldüyü halda və qanunvericiliyin ona verdiyi çərçivə daxilində, hüququn pozulub-pozulmadığını araşdırmaq və pozuntu müəyyən edildikdə, bu pozuntunun aradan qaldırılmasını təmin etmək səlahiyyətinə malikdir. Kollegiya qeyd edir ki, məhkəmə bu funksiyasını yerinə yetirərkən “ultra vires” prinsipinə riayət etməlidir. Yəni, məhkəmə öz səlahiyyət həddini aşaraq dövlət orqanlarının verdiyi hüquqi sənədlərin etibarlılığını, müvafiq qanuni əsaslar və sübutlar olmadan şübhə altına ala bilməz. Əks halda, məhkəmə səlahiyyətini aşaraq (ultra vires fəaliyyəti göstərərək) hüquqi sabitliyi, mülkiyyət hüquqlarının müdafiə prinsipini və hüquqi dövlətin əsas təməl prinsiplərini pozmuş olar. Belə ki, AİHM-in “J.A. Pye (Oxford) Ltd və J.A. Pye (Oxford) X4rşı” işində (2007) vurğulanmışdır ki, mülkiyyət hüququ kontekstində dövlətin yaratdığı hüquqi rejim və mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlər yüksək qoruma altında olmalıdır və onların pozulması yalnız qanuni və proporsional əsaslarla baş verə bilər. Həmçinin AİHM-in “Kopecký Slovakiyaya qarşı” (2004) qərarında qeyd edilir ki, qanunla tanınmış mülkiyyət hüququ yalnız istisna hallarda və hüquqi dövlətin prinsiplərinə uyğun surətdə məhdudlaşdırıla və ya aradan qaldırıla bilər. Kollegiya qeyd edir ki, dövlətin verdiyi mülkiyyət hüququnu təsdiq edən sənədləri və onlardan irəli gələn hüquqlar, onların saxtalaşdırılması və ya qeyri-qanuni verilməsi barədə açıq sübutlar olmadığı halda, prezumpsiya ilə doğru, qüvvəli hesab edilməli və məhkəmələr öz araşdırma səlahiyyətlərini aşmadan bu hüquqları qorumağa yönəlik fəaliyyət göstərməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin e-2(050)-2242/2024 saylı, 28 noyabr 2024-cüil il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin e-2(050)-2242/2024 saylı, 28 noyabr 2024-cüil il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar