Məhkəmə qərarları › İş №2(106)-660/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-660/2025

18.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-660/2025 18.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər – Maraqlı şəxs1 və Maraqlı şəxs2 mülkiyyətlərində olan torpaq payının 3,8399 hektardan 0,31495 hektar həcmində azaldılaraq dövlət qeydiyyatına alınmasına etirazlarının olmamasına dair ərizələrinin qanuna uyğun hesab edilərək mövcud imzaların təsdiq edilməsi barədə Neftçala rayon notariat ofisinin xüsusi notariusu X1 hərəkətlərinin qanunsuz hesab edilməsini və həmin ərizələr əsasında 23 iyun 2023-cü il tarixli, ********** nömrəli reyestr qeydinin ləğv olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişlər. Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qərardadı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Neftçala rayon notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və nəticələrinin aradan qaldırılması tələbinə dair iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İddiaçı2 şikayət ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 8-ci bəndinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biriilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41- ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ciil 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarınTəsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinitəmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Ali Məhkəmənin göstərilən Qərarı notariat hərəkətlərindən bu və ya digər qaydada verilmiş şikayətlərin məhkəmə aidiyyətini yalnız həmin şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasına dair hissədə müəyyən etmiş, məhkəmənin hazırkı iş üzrə gəldiyi yekun nəticəni şərtləndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədən düşmüş 305.1.8-ci maddəsinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə xüsusi icraat qaydasında baxılır. Məhkəmə hazırkı iş üzrə qanunvericiliyin qüvvədə olmayan normasına istinad etməklə yanaşı, işə xüsusi icraat qaydasında baxılması ilə bağlı gəldiyi yekun nəticə hazırda qüvvədə olan qanunvericiliklə daban-dabana ziddiyyət təşkil etmişdir. Mülki prosessual hüquqda xüsusi icraatın nəzəri arqumentasiyası ondan ibarətdir ki, belə işlərdə mübahisələr bir növ gələcəkdə yaranması proqnoz olunan hüquqla bağlı olur, bu səbəbdən çəkişmə prinsipi əsasında sübutların qarşılıqlı təhlili aparılmır. Lakin məhkəmə hazırkı işdə mübahisənin notariat hərəkətlərindən əlavə, həmin hərəkətlərin nəticələri ilə də bağlı olmasını nəzərə almamış, həmçinin tələbin tərəflərin mülkiyyət münasibətlərinə toxunan xüsusatlarını aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Göründüyü kimi, ərizənin xüsusi icraat qaydasında və ya iddia icraatı qaydasında verilməsi yalnız formal xüsusiyyətlərinə görə bir-birindən fərqlənməklə, mahiyyət etibarilə eyni məzmunda ifadə olunur. Hazırkı işdə məhkəmənin gəldiyi nəticə işin yuxarıda göstərilən faktiki hallarına uyğun olmamaqla yalnız mülahizə xarakteri daşımış, iddia ərizəsinin nöqsanlı verilməsini şərtləndirməmiş, prosessual hüquqları əsassız məhdudlaşdırmışdır. Neftçala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qərardadı ilə İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan İddiaçı2 tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2025ci il tarixli, 2(053)-352/2025 saylı qərardadı ləğv edilməli, iş Neftçala Rayon Məhkəməsinin icraatına qaytarılmalıdır. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, «Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin». Ali Məhkəməsi Plenumunun yuxarıda şərh edilən 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında qeyd edilmişdir ki, “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin”. Göründüyü kimi bəhsi keçən Plenum qərarında qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında baxılmasına dair hər hansı düzünə göstəriş mövcud deyildir. Əksinə həmin qərarda göstərilmişdir ki, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmasının davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Belə olduqda Plenum Qərarında qeyd edilən notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmasının davam etdirilməsi həmin işlərə xüsusi icraat qaydasında deyil, elə iddia icraatı qaydasında baxılmalı olması anlamına gəlməlidir. İddia ərizəsindən də göründüyü kimi iddia 5 nəfər iddiaçı tərəfindən cavabdeh Neftçala rayon Notariat ofisinə qarşı, həmçinin maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı yönəlmişdir. Göründüyü kimi həm iddiaçılar həm də Neftçala rayon Notariat ofisi iş üzrə iddiaçı qismindədir. Maraqlı şəxslərin sonradan cavabdeh qismində cəlb edilməsi məsələsi isə gələcəkdə iddiaçıların razılığı ilə həll edilməli olan məsələdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı işə xüsusi icraat qaydasında baxılmasından ibarət olan qənaəti düzgün olmamışdır. Kollegiya yuxarıda şərh edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qərardadı ləğv edilməli, iş Neftçala Rayon Məhkəməsinin icraatına qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-nin 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.2 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı2 şikayəti təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(053)-352/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş Neftçala Rayon Məhkəməsinin icraatına qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar