Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-668/2024 17.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-648/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalarına və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli, 2(022)-1641/2015 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hərracın yekunları barədə 02 iyun 2017-ci il tarixli, 35/12 nömrəli protokol əsasında İddiaçı ASC tərəfindən əldə edilmişdir və əmlaka dair bankın mülkiyyət hüququ 09 aprel 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə uyğun olaraq cavabdehlər yaşayış sahəsini 1 ay ərzində boşaltmalı olduqları halda vəzifələrini icra etməmişlər. Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-648/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-648/2023 saylı qətnaməsinin tam ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsi 13 iyul 2023-cü il tarixli, 2(022)-648/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlərə qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsini təmin etmişdir. Hesab edir ki, o, hər ay həmin banka pul ödəyir, hər ay ödəmiş olduğu pulun onun borcundan silinməməsi İddiaçı ASC tərəfindən ona qarşı ədalətsiz və qanunsuz bir hərəkətdir. O, 13 iyul 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, səhhətində olan narahatlıqla bağlı məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, məhkəmə bunu nəzərə almamış, hətta Cavabdeh2 məhkəməyə gəlməməsi ilə bağlı məlumatın olmamasını qətnaməsində qeyd edir, ancaq onun xahişini nəzərə almır. Həmin pul bankdan götürülərkən sahibkarlığı daha da genişləndirmək və iş yerlərinin açılması məqsədilə götürülmüş, həmin borc isə devalvasiya vaxtı yaranmışdır. Bundan sonra da almış olduğu borcu da ödəyir. Məhkəmə işə baxıb iddianı təmin edərkən onun və ailə üzvlərinin harada yaşaması hissəsinə hüquqi qiymət verməmiş, gələcəkdə harada yaşayıb azyaşlı uşaqlarını saxlamasını nəzərə almamışdır. Ona görə də hesab edir ki, qətnamə qanunsuz və əsassız qəbul edilmişdir. Məhkəmənin qanunsuz və əsassız qərarına görə o, mülkiyyət hüququndan məhrum edilir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, onun məhkəmədə fikirləri nəzərə alınmamışdır. Qanunsuz olaraq iddiaçının iddiası təmin edilmişdir. Belə ki, iş üçün əhəmiyyəti olan evin ipoteka ilə yüklü edilməsinə Cavabdeh2 razılıq verməsi sübut edilməmişdir. Hakim bu hala hüquqi qiymət verməmiş, iddiaçının məlumatını nəzərə almışdır. Alğı-satqı zamanı yalnız ev ipoteka ilə yüklü edildiyi halda borcun evin yerləşdiyi torpaq sahəsinə də yönəldilməsi qanunsuzdur. Tərəflərin qarşılıqlı münasibətlərinə hüquqi qiymət verilməmişdir. İddiaçı tərəfindən də mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh1 apellyasiya şikayəti əsassızdır. Belə ki, hazırda mübahisəli fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir. Bu səbəbdən də birinci instansiya məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək, 17 aprel 2024-cü ildə keçirilən məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti verdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsasında ona aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan Biləsuvar Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli, 2(022)-1641/15 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X4 ilə İddiaçı ASC arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli, 14033-1/214859 saylı müqavilə ləğv edilmiş, cavabdehlər X2 və Cavabdeh1 kredit borcuna görə ödənildiyi vaxt Azərbaycan Respublikası manat məzənnəsi ilə 42975,73 ABŞ dollarının və dövlət rüsumuna görə 30 manatın alınıb İddiaçı ASC-yə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Biləsuvar şəhəri, M.B.Qasımov küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 132 kv.m ümumi, 65,9 kv.m əsas, 66,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 15A nömrəli fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin evin açıq hərracda satılaraq, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi qət edilmişdir. İşdəki 02 iyun 2017-ci il tarixli, 35/12 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1641/2015 saylı, 21 dekabr 2015-ci il tarixli icra vərəqəsinin, Biləsuvar rayonu üzrə İcra şöbəsinin 1364/2016 saylı, 07 fevral 2017-ci il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin 2644 saylı, 01 iyun 2017-ci il tarixli məktubunun icrasına əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Biləsuvar şəhəri, M.B.Qasımov küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 132 kv.m ümumi, 65,9 kv.m əsas, 66,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 15A nömrəli fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə 22312,50 manat qiymətlə tələbkar İddiaçı ASC əldə etmək hüququnu bildirmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********66- 10301 olan, RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 132,0 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 09 aprel 2018-ci il tarixində İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarının 16-cı vərəqində surəti olan Cavabdeh2 tərəfindən Biləsuvar şəhər notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, o, həyat yoldaşı Cavabdeh1 məxsus Biləsuvar şəhəri, M.B.Qasımov küçəsində istifadəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 132,0 kv.m ümumi, 65,9 kv.m yaşayış, 66,1 kv.m köməkçi sahədən ibarət 5 otaqlı 15A nömrəli fərdi yaşayış evinin İddiaçı ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipoteka qoyulmasına etiraz etmədiyini, ipoteka müqaviləsinin şərtləri ilə tanış olduğunu və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razı olduğunu və bu halda Bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağa öhdəsinə götürdüyünü bildirmişdir. İşdəki 19 aprel 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı ASC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmalarını və boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb etdiyi fərdi yaşayış evi əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, sonradan həmin fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə onun mülkiyyətçisi ilə bank arasında bağlanmış ipoteka müqaviləsinə əsasən X4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli, 2(022)-1641/15 saylı qətnaməsi ilə X4 ilə İddiaçı ASC arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli, 14033-1/214859 saylı müqavilə ləğv edilmiş, cavabdehlər X2 və Cavabdeh1 kredit borcuna görə ödənildiyi vaxt Azərbaycan Respublikası manat məzənnəsi ilə 42975,73 ABŞ dollarının və dövlət rüsumuna görə 30 manatın alınıb İddiaçı ASC-yə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Biləsuvar şəhəri, M.B.Qasımov küçəsində 0,06 hektar torpaq sahəsində yerləşən 132 kv.m ümumi, 65,9 kv.m əsas, 66,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 15A nömrəli fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin evin açıq hərracda satılaraq, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra, mübahisə predmeti olan, əvvəllər Cavabdeh1 mülkiyyətində olmaqla iddiaçının xeyrinə ipoteka qoyulmuş fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 09 aprel 2018-ci il tarixində iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdehlər hal-hazırda iddiaçının mülkiyyətində olmaqla mübahisə predmeti olan fərdi yaşayış evində yaşayırlar. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Qeyd edilən müddəaların təhlili nəticəsində məhkəmə kollegiyası bildirir ki, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini tərk etmələri barədə yeni mülkiyyətçinin iddia qaldırmaq hüququ vardır. Hazırda isə əvvəllər onun xeyrinə ipoteka ilə yüklü edilmiş torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin yeni mülkiyyətçisi kimi İddiaçı ASC-nin hazırkı iddiası əsaslıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir (Q.İbadovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəalardan da göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçı hazırkı iddia ərizəsini irəli sürmək üçün subyektiv hüquqa malik olmuş, birinci instansiya məhkəməsi isə haqlı olaraq iddianı təmin etmişdir. Bu baxımdan Cavabdeh1 apellyasiya şikayətində onun və ailə üzvlərinin harada yaşaması hissəsinə hüquqi qiymət verilməməsi ilə bağlı qeyd etdikləri əsassızdır və məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evini kredit öhdəliyi üçün ipoteka qoyarkən o, müvafiq riskləri nəzərə alaraq hərəkət etməli idi. Hazırda isə iddiaçının üzərində mülkiyyət hüququnun tanındığı fərdi yaşayış evindən çıxarılmalarına dair iddiası məhz həmin əsasla rədd edilə bilməz. Cavabdeh1 apellyasiya şikayətində evin ipoteka ilə yüklü edilməsinə Cavabdeh2 razılıq verməsinin sübut edilmədiyini və yalnız ev ipoteka ilə yüklü edildiyi halda borcun evin yerləşdiyi torpaq sahəsinə də yönəldilməsinin qanunsuz olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası bildirir ki, həmin qeyd edilən hallar hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilə bilməz. Belə ki, tələbin ev ilə yanaşı, onun yerləşdiyi torpaq sahəsinə də yönəldilməsi artıq qanuni qüvvəyə minmiş və icra olunmuş Biləsuvar Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli, 2(022)-1641/15 saylı qətnaməsi ilə qət edilmiş, həmin qətnamə ilə evin ipoteka ilə yüklü edilməsinə Cavabdeh2 razılıq verməsi müəyyən olunmuşdur. MPM-in 82.3-cü maddəsinə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla yanaşı, iddiaçı hazırkı iş üzrə iddia ərizəsinə də ipotekaya razılıq verilməsinə dair Cavabdeh2 tərəfindən Biləsuvar şəhər notariat kontoruna ünvanlanmış ərizəni əlavə etmişdir. Cavabdeh1 apellyasiya şikayətində 13 iyul 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, səhhətində olan narahatlıqla bağlı məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, məhkəmənin bunu nəzərə almadığını qeyd etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasını onun iştirakı olmadan keçirməklə hər hansı prosessual pozuntuya yol verməmişdir. Belə ki, Cavabdeh1 səhhəti ilə bağlı həmin məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etsə də, səhhətində məhz hansı problemin olduğunu göstərməmiş, hər hansı problemin mövcud olduğu halda bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, Cavabdeh1 səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə bənzər məzmunlu teleqramı apellyasiya məhkəməsinə də göndərməsi onu göstərir ki, cavabdehin teleqramları məhkəmə iclasının təxirə salınmasına nail olmaqla iş üzrə məhkəmə icraatının ləngidilməsinə istiqamətlənmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, iddia təmin edildiyindən, birinci instansiya məhkəməsi MPM-in 107-ci və 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e- 2(022)-648/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-648/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.