Məhkəmə qərarları › İş №2(106)-67/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-67/2024

30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-67/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(018)-133/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 14000 (on dörd min) ABŞ dolları pulun və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12 mart 2015-ci il tarixdə ticarət işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh ona özünə məxsus olan obyektləri göstərmiş və həmin obyektləri işlətmək üçün ondan borc pul istəmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 24 aprel 2015-ci il tarixdə ona 14000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh isə aldığı borcu 2015-ci ilin iyun ayına kimi qaytarmağa söz vermişdir. Buna baxmayaraq, cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmışdır. O, bu səbəbdən cavabdehlə borc müqaviləsi bağlamış, hal şahidlərinin iştirakı ilə öz yazı xətləri ilə müqavilə tərtib etmiş və imzalamışlar. Lakin cavabdeh yenə də borcu qaytarmamışdır. Astara Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(018)-133/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin olunaraq Cavabdeh borca görə 14000 (on dörd min) ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə isə 30 (otuz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində onun iştirakı təmin edilməmiş və bununla da, çəkişmə prinsipi pozulmuşdur. Eyni zamanda, borc müqavilələrində olan imzaların onun tərəfindən icra edilib-edilməməsi də dəqiq müəyyən edilməmiş, iş üzrə məhkəmə-xətşünaslıq keçirilməsi barədə vəsatəti təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ekspert rəyi ilə razı olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin teleqramının iş üzrə icraatın qəsdən yubandırılması kimi qiymətləndirərək Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan onun tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 15 dekabr 2015-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 14000 (on dörd min) ABŞ dolları məbləğində borc pul verməsini Cavabdeh etiraf etmişdir. Cavabdeh isə iddiaçının "xxxx" ASC-nin Lənkəran filialında xx.xx.2015-ci ildə bağlanmış 61-xx-xx-018409 saylı kredit müqaviləsi üzrə olan borcu ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa borc verən borcunu dərhal tələb edə bilər. İş materiallarında olan “Mövcud borcun etirafı barədə” xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Quliyev Cavabdeh İddiaçı 14200 manat borcu olduğunu etiraf etmiş, xx.xx.2019-ci il tarixədək borcunu ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı borc olaraq cəmi 14000 (on dörd min) ABŞ dolları pul almışdır. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Belə ki, tərəflərin öz aralarında tərtib etdikləri və imzaladıqları sadə yazılı formalı borc müqaviləsində də Cavabdeh özü İddiaçı 14000 (on dörd min) ABŞ dolları məbləğində borcu olduğunu təsdiqləmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 3-16-16/2-4/1425 saylı rəyinə görə tədqiq olunan imzalar, ekspertizaya təqdim olunmuş mülki işin 6-cı və 12-ci vərəqlərində olan xx.xx.2015-ci il tarixli qəbzlərdə “борч алан” qrafasındakı imzalardan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaları Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, imzalarda həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Tədiqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-850/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə baxış iclası təyin edilmişdir. Cavabdeh vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, İddiaçı əvvələr tanısa da, ondan 14000 ABŞ dolları məbləğində pul almamışdır. Onun məhkəməyə təqdim etdiyi əlyazma qəbzi və borc müqaviləsini o imzalamamışdır. Həmin qəbzdə və borc müqaviləsində olan imzaların onun olub-olmamasını müəyyənləşdirmək üçün birinci instansiya məhkəməsinə vəsatət təqdim etməklə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-850/2023 saylı 19 dekabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. 26 fevral 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/20 saylı ekspert rəyi Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-850/2023 saylı 04 mart 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə baxış iclası təyin edilmişdir. İşdə olan 12 fevral 2024-cü il tarixli 4/20 saylı ekspert rəyindən görünür ki, iş üzrə bağlanmış 1-ci müqavildə “borc alan imza” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir. İş üzrə bağlanmış “Mövcud borcun etirafı barədə” xx.xx.2016-cı il tarixli 2-ci müqavildəki yazılar başqa şəxs tərəfindən icra edilmişdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə də 1-ci müqavilənin Cavabdeh tərəfindən imzalandığı müəyyən edilmiş və mötəbər sübutlarla da təsdiq olunmuşdur. MPM-in 81-ci tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 324.1, 324.2 və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa, MM-in 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Kollegiya qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(018)-133/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə göstərilən 14000 (on dörd min) ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla tutulmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 3-16- 16/2-4/1425 saylı ekspert rəyinə görə 104 (yüz dörd) manat və 12 fevral 2024-cü il tarixli 4/20 saylı ekspert rəyinə görə 110 (yüz on) manat, cəmi 214 (iki yüz on dörd) manat məbləğində pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş pul vəsaiti cavabdehin özünə aid edilməlidir.l MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(018)-133/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın və Cavabdeh İddiaçı xeyrinə tutulan 14000 (on dörd min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla tutulsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 3-16-16/2-4/1425 saylı ekspert rəyinə görə 104 (yüz dörd) manat və 12 fevral 2024-cü il tarixli 4/20 saylı ekspert rəyinə görə 110 (yüz on) manat, cəmi 214 (iki yüz on dörd) manat məbləğində pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar