Məhkəmə qərarları › İş №2(106)-687/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-687/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-687/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulan ziyana görə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-147/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində həkim işləyən Cavabdeh onun səhhətində həkim səhlənkarlığı nəticəsində yaratdığı problemin onun hesabına aradan qaldırılması və ya əməliyyat xərclərinə görə ona vurulmuş 2500 manat maddi zərərin və 5000 manat mənəvi zərərin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Hirkan qəsəbəsində qeydiyyatda olmaqla, rayonun Xanbulan kəndində yaşayır. Səhhətində olan problemlərlə bağlı olaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasında həkim işləyən iş üzrə Cavabdeh müraciət edərək, müayinə və müalicə olunmasını xahiş etmişdir. Cavabdeh onu müayinə etdikdən sonra təcili olaraq əməliyyat olunmalı olduğunu bildirib ididaçını əməliyyat etmişdir. İddiaçı 12-13 avqust 2019-cu il tarixlərində əməliyyat olunmuş, cavabdeh ona ayıldıqdan sonra əməliyyatın uğurlu keçdiyini və heç bir problemin olmayacağını bildirmişdir. Əməliyyatdan 3 gün sonra qarın boşluğunda şişmə əmələ gəldiyindən əməliyyat sarğısını açan cavabdeh ona təkrar əməliyyat olunacağını, ilkin əməliyyat zamanı ifrazın çölə buraxılması üçün tədbir görülmədiyini və bunun xırda bir şey olduğunu demiş, iddiaçını yenidən əməliyyata salmışdır. xx.xx.2019-cu ildə təkrar əməliyyat olunandan bir neçə gün sonra onu evə buraxmışlar. Daim özündə narahatlıq hiss etdiyi üçün dəfələrlə cavabdehlə əlaqə saxlamış, cavabdeh əməliyyat yerinin onu incitdiyini, bunun da iddiaçının yaşı ilə əlaqəli olduğunu bildirmişdir. İkinci əməliyyatdan təxminən 7 ay keçdikdən sonra iddiaçının qarın nahiyəsində anidən iri şiş əmələ gəlmiş və bundan sonra o, yenidən cavabdehə müraciət etmişdir. Müayinə zamanı ikinci əməliyyatdan sonra əməliyyat yerinin tikilişi zamanı onun səhlənkarlığı üzündən tikişlər düzgün aparılmadığından qarın daxilində tikişlərin cırılması və bağırsaqların yerdəyişməsinin baş verdiyi məlum olmuşdur. Bu səbəbdən də cavabdeh Sadir həkim yenidən iddiaçını 3-cü dəfə əməliyyata salmış və həmin tikiş yerlərini guya tikdiyini, bundan sonra səhhətində heç bir problem olmayacağını bildirmişdir. Lakin buna baxmayaraq, sarğıları açandan sonra cavabdehin səhlənkarlığı nəticəsində iddiaçının səhhətindəki və qarın nahiyəsinin zahiri görkəmindəki şişkinlik aradan qalxmamış və hazırda da həmin vəziyyətdə qalmaqdadır. Bundan sonra, cavabdehdən dəfələrlə səhhətinə vurduğu zərərin qarşısının alınması üçün tədbir görülməsini, əgər özü bacarmırsa, onun hesabına başqa bir xəstəxana və ya həkim vasitəsilə səhhətinin və qarın nahiyəsinin zahiri görkəminin bərpa olunmasını xahiş və tələb etsə də, o, artıq heç nə edə bilməyəcəyini, bir səhv etdiyini və bunu düzəldə bilməyəcəyini bildirməklə, tələbdən imtina etmişdir. Bundan sonra, iddiaçı cavabdehin həkim səhlənkarlığı nəticəsində ona vurduğu ziyanla bağlı Azərbaycan Respublikasının Baş prokurorluğuna müraciət etmiş, müraciəti araşdırılması üçün Lənkəran Rayon Prokurorluğuna göndərilmiş, prokurorluqdan isə iddiaçıya məktubla cavab verilərək işin mülki xarakterli olmasını nəzərə alıb mülki qaydada məhkəmədə iddia qaldırması izah edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cavabdehin səhlənkarlığı nəticəsində 3 dəfə əməliyyat olunmuş, hər üç əməliyyatın xərcini də özü çəkmişdir. Ümumilikdə cavabdeh həkimin özünə verdiyi pulla birlikdə, sarğılar, müayinə pulları, əməliyyat üçün istifadə olunan antibakterial sürtkülər və digər xərclərlə birlikdə 2500 manat xərc çəkməklə ziyana düşmüşdür. Ona görə də həmin pulu cavabdehdən tələb edir. İddiaçı çəkdiyi mənəvi əzabları və keçirdiyi iztirabları 5000 manat məbləğində qiymətləndirir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də göründüyü kimi, əməliyyatdan sonra qarın nahiyəsində zahiri görkəmini pozan iri şiş əmələ gəlmiş və bununla bağlı olaraq hərəkət etməsi çətinləşmişdir. İddiaçı harasa gedərkən üzüntü və utanc hissi keçirir. Lənkəran Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(049)-147/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(049)-147/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə işə baxan zaman ekspertizanın vaxtının təyin edilibedilməməsini, ekspertizanın üzrlü səbəbdən keçirilməməsini, eyni zamanda məhkəmənin özü tərəfindən göndərilmiş ekspertizaya getmə barədə məlumatın xx.xx.2022-ci il tarixində yazıldığını və həmin məktubda isə vəsatətin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmaqla göndərilməsi, bundan əlavə, məhkəmənin özünün iddiaçıya göndərdiyi məktubda da hansı tarixdə ekspertizada olmasının göstərilməməsini araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iş üzrə ekspertiza təyin edib ekspert rəyini aldıqdan sonra həmin ekspert rəyinin nəticəsinə uyğun yekun məhkəmə qərarı qəbul etməli idi. Məhkəmə hazırkı işə baxarkən prosessual hüquq normalarını pozaraq iş üzrə ekspert rəyi alınmadan heç bir sübuta əsaslanmadan qətnamə qəbul etmişdir. Qətnamənin 5-ci səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, guya iddiaçı ekspertizanın keçirilməsindən imtina etmiş və buna görə də ekspertiza keçirilməmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli ekspertizaya getməli olduğu barədə məktub ünvanlanmış, həmin məktub iddiaçıya xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə günün ikinci yarısı təqdim olunmuş, məktubu açıb onunla tanış olduqdan sonra məlum olmuşdur ki, ekspertizanın təyin olunması üçün dəqiq vaxt göstərilməmiş, həftəiçi, yəni 1-5-ci günlər ekspertizaya getməli olduğunu bildirmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il həftənin beşinci günü olsa da, ilin son iş günü olmuş, bundan sonrakı iş günü 2023-cü ilin yanvar ayının 4-ü olmuşdur. xx.xx.2023-cü il tarixdə ekspertizanın təyin edildiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsinin nömrələri ilə əlaqə saxlamış və bir qədər dəqiqləşdirmə aparıldıqdan sonra iddiçıya növbəti həftənin 1-ci günü ekspertizaya yaxınlaşması tövsiyə olunmuşdur. Növbəti birinci gün, yəni xx.xx.2023-cü il tarixində Lənkərandan çıxıb Bakı şəhərinə yola düşmüş, həmin gün Lənkəran ərazisində hava az qarlı olsa da, Masallı rayonunun ərazisinə çatdıqda isə yolda olan qar örtüyünün qalınlığı nəqliyyat vasitəsinin hərəkətində çətinlik yaratmış və yolda hərəkət etmək mümkün olmadığından sürücü Bakı şəhərinə qarlı havada getməyin mümkün olmayacağını bildirərək geri qayıtmağa məcbur olmuşdur. Həmin vaxt iddiaçı istifadəsində olan mobil telefon vasitəsilə ekspertiza təşkilatının şəhər nömrələri ilə əlaqə saxlayıb hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərinə getməsinin mümkün olmadığını bildirmiş və oradan iddiaçıya telefon vasitəsilə xx.xx.2023-cü il tarixdə getməsi tövsiyə olunmuşdur. Bundan sonra, iddiaçı xx.xx.2023-cü il tarixində ekspertizaya getmiş, həmin vaxt ekspertiza mərkəzindən iddiaçıya məhz işə baxan hakimin göstərişinə əsasən ekspertiza keçirilmədən qərardadın icrasız geri qaytarılması bildirilmişdir. Belə olan halda məhkəmə həmin işin tam, obyektiv və hərtərəfli araşdırılmasından ötrü ekspert rəyinin alınmasını təmin etmədən işə baxmış və qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 1112-ci maddəsinin məzmunundan görünür ki, hazırkı iddia tələbi üzrə iddianın əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə qoyulmamış, tələbin əsassız olmasının məhz cavabdeh tərəfindən sübuta yetirilməsi nəzərdə tutulmuş və bu hal aşkar surətdə qeyd edilmişdir. Məhkəmənin 14 fevral 2023-cü il tarixli iclasında ekspertizanın keçirilməsi üçün hakimə verdiyi şifahi vəsatətə münasibət bildirilməmiş, hakimə ekspertizaya getməsini və oradan onu geri qaytardıqlarını bildirsə də, hakim iddiaçının bu vəsatət və izahatına əhəmiyyət verməmiş, iş üzrə ekspertizanın hansı əsasla keçirilməsinə ehtiyacın olmadığını da əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək onun məzmununa uyğun çıxış etdi və qeyd etdi ki, onun səhhətində narahatlıq yaranmış, qarnında şiş və köpmələr əmələ gəlmiş, bu səbəbdən də Lənkəran rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur. Onu əməliyyat edən həkim Cavabdeh olmuşdur. Cavabdeh onun əməliyyatını düzgün aparmamışdır. O, dərman preparatlarına və cavabdehə verilmiş əməliyyat xərcinə görə cəmi 2500 manat məbləğində xərcə düşmüşdür. Lakin hazırda 2500 manat xərc çəkməsinə dair hər hansı sübut, qəbz, çek və ya digər sənəd təqdim edə bilmir. Əməliyyatdan sonra onun qarın nahiyəsinin görkəmində dəyişiklik əmələ gələrək, şişkinlik yaranmışdır. Zahiri görkəmində bu cür dəyişikliyin olması isə ona mənəvi iztirab verir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilərək, cavabdehdən əməliyyat xərci kimi çəkilmiş cəmi 2500 manat məbləğində maddi zərərin və ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutularaq ona verilməsini istəyir ki, xarici görkəmindəki yaranmış dəyişikliyi aradan qaldırmaq üçün başqa yerdə əməliyyat oluna bilsin. O, verilmiş suallara cavab olaraq bildirdi ki, əməliyyatdan sonra tikişləri sökdürmək istəsə də, cavabdeh Bakı şəhərində olduğundan tikişlərin bir neçəsini qayçı ilə özü kəsmişdir. Sonradan qalan tikişləri isə başqa bir həkim sökmüşdür. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində əmək müqaviləsi əsasında həkim – cərrah işləyir. İddiaçı isə həmkəndlisidir və maddi imkanı aşağıdır. İddiaçının qardaşı və qəsəbə tibb məntəqəsinin həkimi ona müraciət edərək, iddiaçının bağırsaqlarında problem yarandığını, onun Bakı şəhərində “Medical Plaza” xəstəxanasında müayinə olunduğunu, lakin xəstəxanadan pul istədiklərinə görə orada əməliyyat oluna bilmədiyini və çox kasıb olduğunu bildirmiş və iddiaçını əməliyyat etməyi ondan xahiş etmişlər. O da bu səbəbdən iddiaçını əməliyyat etmiş, iddiaçının səhhətində mövcud olan problemlə bağlı əməliyyat ağır olmuş, əməliyyatdan sonra iddiaçının yaşı ilə də əlaqəli olaraq tez-tez rast gəlinən fəsadlar özünü göstərmiş, bu isə növbəti müdaxilənin edilməsini zəruri etmiş, son nəticədə isə əməliyyat uğurlu olmuşdur. Lakin iddiaçı əməliyyatdan sonra onun göstərişlərinə əməl etməmiş, tikişlərin sökülməsi üçün vaxtında gəlməmiş, hətta tikişlərin bir neçəsini özü qayçı ilə kəsmiş, 3 kiloqramdan artıq yükün götürülməsinə icazə verilməsə də, buna riayət etməmiş və ağır həyət işləri ilə məşğul olmuşdur. İddiaçının yaşı və qeyd edilən hallar sonradan onun qarın nahiyəsinin bir qədər şişkin şəkil almasına səbəb olmuşdur. Həmçinin, bildirdi ki, iddiaçının qarın nahiyəsində əməliyyatdan əvvəl də şişkinlik olmuşdur. Bundan başqa, o qeyd etdi ki, iddiaçının özü dərman preparatları və əməliyyat üçün heç bir xərc çəkməmiş, əməliyyatlar dövlət hesabına icra olunmuş, dərman preparatları ona xəstəxana tərəfindən verilmiş, xəstəxanada olmayan bəzi dərmanları ona qardaşı almış, bəzilərini isə cavabdehin özü şəxsi ehtiyatında olan dərman preparatlarından vermişdir. Hətta bir dəfə xəstəxanada işləyən tibb bacısından xahiş edərək ondan qan alıb iddiaçıya köçürmüşdür. Hazırkı iş üzrə iddiaçının tələbi əsassızdır. O, iddiaçıya qarın nahiyəsində yaranmış dəyişikliyi aradan qaldırmaqda köməklik edə biləcəyini də bildirsə, iddiaçı ondan sadəcə pul istədiyini və başqa yerdə estetik əməliyyat olunacağını demişdir. İddiaçının səhhətində isə hazırda hər hansı bir problem yoxdur. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etməklə, qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının Lənkəran rayon Mərkəzi Xəstəxanasında həkim işləyən cavabdeh tərəfindən əməliyyat olunması işin mübahisəsiz halıdır. İddiaçı hazırda əməliyyat xərcləri ilə bağlı ona vurulmuş maddi zərərin və xarici görkəmindəki yaranmış dəyişikliklə əlaqədar mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İddiaçı əməliyyat xərclərinə görə 2500 manat məbləğində maddi zərərə uğradığını bildirsə də, həmin məbləğdə xərc çəkməsini təsdiq edən hər hansı mötəbər sübut – çek, qəbz və ya başqa sənəd təqdim etməmişdir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı isə Lənkəran rayon Mərkəzi Xəstəxanasında cavabdeh tərəfindən müalicə edilməsi zamanı əməliyyat xərcləri ilə bağlı ona vurulmuş zərərin 2500 manat olduğunu bildirərək, həmin məbləğin ödənilməsini tələb etsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim etməməklə yanaşı, apellyasiya məhkəməsinin iclasında ümumiyyətlə həmin tələblə bağlı hər hansı sübutu olmadığını bildirmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə ekspertizanın keçirilməsinin zəruri olduğunu bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əməliyyat xərci olaraq çəkdiyini iddia etdiyi məbləğlə bağlı hər hansı sübut təqdim etmədiyindən iş üzrə ekspertizanın keçirilməsi üçün hər hansı zərurət yoxdur. Bundan başqa, iddiaçı əməliyyatdan sonra xarici görkəmində yaranmış dəyişikliklə əlaqədar olaraq ona mənəvi zərər vurulduğunu bildirmiş, mənəvi zərəri 5000 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə kollegiyası bir neçə cərrahiyyə əməliyyatı keçirmiş 78 yaşındakı insanın görkəmində qarnının bir qədər şişkin olmasında ifadə olunan dəyişikliyin ona mənəvi iztirab çəkdirəcəyini ağlabatan hesab etmir. İddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması da iş materialları ilə müəyyən edilə bilmir və iddiaçının özü də bu halı sübut edə bilməmişdir. Həmçinin, bu zaman nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə iclasında əməliyyatdan öncə də qarın nahiyəsində şişkinliklər olduğunu bildirmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ona 2500 manat məbləğində maddi zərərin və 5000 manat məbləğində mənəvi zərərin vurulması halının sübut edilməməsini, yuxarıda qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-147/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar