Məhkəmə qərarları › İş №2(106)-704/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-704/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-704/2025 04.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin e-2(047)-672/2024 saylı, 19 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19000 (on doqquz min) manat pulun və 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli e-2(047)-672/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 19000 (on doqquz min) manat pulun və 147 (bir yüz qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 19147 (on doqquz min bir yüz qırx yeddi) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Laçın Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, e-2(047)-672/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Laçın Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, e-2(047)-672/2024 saylı qərardadı ilə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(047)- 672/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və apellyasiya şikayətinə müddətin üzürlü səbəbdən buraxılması barədə həmin müddətin bərpa edilməsinə dair ayrıca formada ərizə əlavə edilmədiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdehnın qeyd olunan qətnamədən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətindən və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsindən görünür ki, o, e-2(047)-672/2024 saylı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsini üzürlü hesab edərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(047)-672/2024 saylı qərardadı ilə, Laçın Rayon Məhkəməsinin e-2(047)-672/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə əlaqədar Cavabdeh tərəfindən verilmiş vəsatətin əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Cavabdeh şikayət ilə məhkəməyə müraciət edərək Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(047)-672/2024 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2(047)-672/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(047)-672/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, həmin qərardad dəyişdirilmədən qüvvəsində saxlanılması, Cavabdeh şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(047)-672/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Laçın Rayon Məhkəməsi 19 fevral 2025-ci il tarixli, e-2(047)-672/2024 saylı qərardadında qeyd etmişdir ki, Laçın Rayon Məhkəməsinin 2(047)-672/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qətnaməsinin surəti xx.xx.2024-cü il tarixdə Cavabdehnın elektron kabinetinə yerləşdirilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında verilmiş icra sənədi xx.xx.2024-cü il tarixdə icra olunması üçün Laçın rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin Cavabdeh həmin qətnamədən qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəbdən dörd aya yaxın müddət ötürməklə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Laçın Rayon Məhkəməsinin e-2(047)-672/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Laçın rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Laçın Rayon Məhkəməsinin e-2(047)-672/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. MPM-in 10-1.3.-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, qətnamənin onun lektron kabinetinə yerləşdirilmiş olmasına əsaslansa da, onun həmin dövrdə elektron kabineti mövcud olmamışdır. Halbuki “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, cavabdehin elektron kabineti xx.xx.2021-ci il tarixdən mövcud olmuşdur. Bundan əlavə, elektron kabinetin mövcud olmaması barədə cavabdehin arqumenti, qətnamənin məhz həmin kabinetə yerləşdirilməsi faktı ilə ziddiyyət təşkil edir. Odur ki, məhkəmə kollegiyası həmin dəlili əsassız sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hüquq sistemində prosessual müddətlər mühüm rol oynayır. Onlar hüquqi müəyyənliyi, sabitliyi və ədalətin effektiv icrasını təmin edən əsas prinsiplərdəndir. Prosessual müddətlərin əsas məqsədi hüquqi proseslərin mütəşəkkil şəkildə aparılmasını təmin etmək, hüquq subyektlərinin maraqlarını qorumaq və hüquq sisteminə inamı artırmaqdır. Hüquqi müəyyənlik hüququn əsas prinsiplərindən biridir və prosessual müddətlərin tətbiqi ilə bilavasitə bağlıdır. Əgər hüquqi proseslər qeyri-müəyyən müddət ərzində davam edərsə, bu, hüquqi xaosa və qeyri-sabitliyə səbəb ola bilər. Müddətlərin müəyyən edilməsi, hüquq subyektlərinə nə vaxt və necə hərəkət edəcəklərini əvvəlcədən bilməyə imkan verir. Bu, həm fiziki, həm də hüquqi şəxslərin qanuni gözləntilərini qoruyur və onların hüquqlarının müdafiəsini təmin edir. Prosessual müddətlər hüquq sisteminin əsas dayaqlarından biridir və ədalətin təmin olunmasında, hüquqi müəyyənlik və sabitlik prinsiplərinin qorunmasında və məhkəmə proseslərinin effektivliyinin artırılmasında mühüm rol oynayır. Onlar hüquqi münasibətlərin sabitliyini təmin edir, hüquqi süründürməçiliyin qarşısını alır, hüquq subyektlərinin gözləntilərini qoruyur və məhkəmə qərarlarının icrasının keyfiyyətini artırır. Bu səbəbdən, prosessual müddətlərin düzgün tətbiqi və onlara riayət olunması hər bir hüquq sistemində əsas prioritetlərdən biri olmalıdır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericlik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X1rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Laçın Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli e-2(047)-672/2024 saylı qətnaməsindən buraxılmış prosessual müddətin bərpa edilməsi ilə əlaqədər cavabdehin ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Odur ki, Cavabdeh şikayəti təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(047)-672/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(047)-672/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar