Məhkəmə qərarları › İş №2(106)-708/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-708/2024

17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-708/2024 17.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-74/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2050 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və cavabdeh Astara rayonunun Hamuşam kəndində yaşayırlar və aralarında yaxşı münasibətlər olmuşdur. Təqribən 2019cu ildə cavabdeh dükanlara borclu olduğu üçün onu sıxışdırdıqlarını bildirmişdir. Rəsmi olaraq heç bir yerdə işləməməsinə görə banklardan ona kredit verilmədiyini deyən cavabdeh iddiaçıdan ona köməklik etməsini xahiş etmiş, aldığı borcu çalışaraq hissə-hissə ona qaytaracağına dair söz vermişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq 2019-cu ildə "xxxx" ASC-nin Astara filialından 2150 manat məbləğində kredit götürərək ona borc vermişdir. Aralarında razılaşmışlar ki, həmin kreditin faizləri də daxil olmaqla ödənişləri cavabdeh hər ay çalışaraq ödəyəcəkdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçıdan aldığı borc pulun faizlərini banka ödəmədiyi üçün bank iddiaçının pensiya kartından borc faizlərini hər ay axıra qədər silmişdir. Sonradan cavabdeh borcun geri qaytarılmasına görə iddiaçının müraciətlərindən müxtəlif bəhanələrlə yayınmışdır. Ona görə də iddiaçı həmin səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Astara Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(018)-74/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim İlqar Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 1600 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(018)-74/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən hüquqi əsası olmadan qətnamə qəbul edilmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyi müəyyən edilən hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, Astara Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən 1600 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Halbuki, cavabdehin iddiaçıya borcu yoxdur. Çünki cavabdeh ondan pul almamışdır. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olmasının məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə nəzərə almamışdır. Məhkəmə hərtərəfli araşdırma aparmadan iddia tələbini təmin etmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbini təsdiq edən mötəbər sübut mövcud olmasa da, məhkəmə iddia tələbini təmin etmişdir. Cavabdeh hüququndan istifadə edərək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin faktiki hallarından görünür ki, cavabdehin hüquqları iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçı cavabdehə və qardaşına qarşı qərəzli münasibətdə olduğu üçün iddiaçı və yalançı şahid ona qarşı şər və böhtan deyərək məhkəməni aldatmışlar. MPM-in 88-ci maddəsinin tələbləri də məhkəmə tərəfindən pozularaq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan qiymət verilmişdir. Məhkəmə iş üzrə faktiki halları hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən qəbul edilən qətnamə əsasında cavabdehin hüququ kobud şəkildə pozulmuşdur. İddia ərizəsində qeyd edilən məbləğ və şərait tamamilə yalandır, həmin məbləği iddiaçıdan almasını təsdiq edən heç bir mötəbət sübut əlavə edilməmişdir, çünki o, iddiaçıdan pul almamışdır. Məhkəmə heç bir dəlil olmadan iddianı qismən təmin etmişdir. Şahid kimi məhkəmədə dindirilən X3 yalan ifadə verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, iddiaçıdan hər hansı məbləğdə borc almamışdır. Aralarında ailə mübahisəsi olduğuna görə iddiaçı bu cür tələb irəli sürmüşdür. Belə ki, iddiaçı onun əmisidir. İddiaçının qızı onun qardaşının yoldaşı olmuşdur. Lakin onların nikahı cəmi bir neçə ay çəkmişdir. Bu hadisələr təxminən keçən ilin mart ayında baş vermişdir. Bu məsələdən sonra iddiaçı ona qarşı hazırkı iddianı qaldırmışdır. Sonradan iddiaçı kürəkəni və bacısı oğlu Eldar Əhədovu da aldadaraq öz xeyrinə ifadə verməsinə nail olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 həm də onun bibisi oğludur. Onun niyə o cür ifadə verməsinin səbəbini izah edə bilmir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin bildirdikləri tamamilə əsassızdır. Belə ki, o, cavabdehə 2019-cu ildə borc vermiş, onun qızı ilə cavabdehin qardaşı isə 2022-ci ilin yanvar ayından birgə yaşamağa başlamışlar. Belə olan halda aradan bir neçə ilin keçməsi cavabdehin dediklərinin doğru olmadığını göstərir. Həmçinin, qeyd etdi ki, o, cavabdehə borc vermək üçün bankdan cəmi 1600 manat məbləğində kredit götürmüş olsa da, həmin kreditə görə ödənilən faizləri də hesablayaraq, hazırda cəmi 2050 manat məbləğində iddia tələbi irəli sürmüşdür. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuni və əsaslıdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin bildirdiklərindən göründüyü kimi, iddiaçı cavabdehə bankdan kredit götürərək borc verdiyini, cavabdeh isə iddiaçının ona hər hansı məbləğdə borc vermədiyini bildirir. İşdəki birinci instansiya məhkəməsində 28 dekabr 2023-cü il tarixli, 2(018)- 1404/2023 saylı məhkəmə baxış iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında şahid qismində dindirilən X3 çıxış edərək bildirmişdir ki, təqribən 4 il bundan qabaq Cavabdeh İddiaçı pul ehtiyacı olduğunu bildirmiş və ondan kredit götürməsini xahiş etmişdir. İddiaçı "xxxx"dan 1600 manat pul götürərək onun yanında cavabdehə vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini daşıyır. İddiaçı öz tələbinin əsası kimi qeyd etdiyi halın təsdiqi üçün MPM-in 76.2-ci maddəsində sübut növü kimi göstərilən şahid X2 ifadəsinə istinad etmiş, şahid Eldar Əhədov öz ifadəsində iddiaçının onun yanında cavabdehə 1600 manat verdiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş Eldar Əhədov iddiaçının kürəkəni və bacısı oğlu, cavabdehin isə bibisi oğludur. Göründüyü kimi, şahid qismində dindirilən şəxs tərəflərin hər ikisinin qohumudur. Bundan əlavə, iddia tələbinin həcmi 2050 manat olsa da, o, cəmi 1600 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verildiyini qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası şahid Eldar Əhədovun bildirdiklərinin işin hallarına uyğun olduğu qənaətinə gəlir. Cavabdeh iddiaçının Eldar Əhədovu aldadaraq bu cür ifadə verməsinə nail olduğunu qeyd etsə də, iddiaçının Eldar Əhədovu aldadaraq bu cür ifadə verməsini istəməsi halında onun iddia tələbində qeyd edilən 2050 manat məbləğində pulun verilməsi faktını təsdiq etməməsi cavabdehin həmin dəlilinin əsassız olduğunu göstərir. Bundan başqa, cavabdeh Cəfər X1 bibisi oğlu olmasına baxmayaraq hansı səbəbdən bu cür ifadə verməsini izah edə bilməməklə yanaşı, iddiaçının ona 1600 manat verməsi halını təkzib edən hər hansı mötəbər sübut da təqdim etməmişdir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, tərəflər arasında şifahi qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Həmin öhdəliyə əsasən, iddiaçı cavabdehə 1600 manat məbləğində borc vermişdir. Cavabdeh isə iddiaçıdan borc almamasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinin tərəflər arasında borc münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(018)-74/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1600 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(018)-74/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar